Argentina Respublikasının təhsil
sistemi
Argentina Respublikası
Ərazisi: 2766890 km²
Əhalisi: 40091359 nəfər
Paytaxtı: Buenos-Ayres
Dövlət dili: İspan dili
Pul vahidi: Argentina pesosu
Təhsil sistemi
Cənubi Amerikada yerləşən Argentina 23 əyalətdən
və muxtar statusa malik Buenos-Ayres şəhərindən ibarətdir. Şəhər
və əyalətlərin öz konstitusiyası olsa da,
ölkədə federal idarəetmə sistemi tətbiq edilir.
Argentinada I-IX siniflərdə şagirlərin təhsilə
cəlb olunması icbari xarakter daşıyır. Təhsilin
bütün səviyyələri hamı üçün
pulsuzdur və əhalinin 97 faizi savadlıdır.
Latın Amerikası ölkələri arasında
Argentina təhsil və savadlılıq səviyyəsinin ən
yüksək göstəriciyə malik olması ilə
seçilir.
Ölkənin təhsil sistemi məktəbəqədər,
ibtidai, orta, texniki peşə və ali təhsil
pillələrindən ibarətdir.
Orta təhsil
müəssisələrində şagirdlər ali
məktəblərə, kolleclərə daxil olmaq
üçün hazırlaşır və yaxud da texniki
peşə təhsili alırlar. Texniki peşə
təhsilinin müddəti üç ilə qədər davam
edir. X-XII siniflər orta təhsilin
yuxarı sinifləri hesab olunur.
Özəl orta məktəblərə də kifayət
qədər ehtiyac duyulur. Dini təhsil dövlət
təhsilindən ayrı olsa da, bəzi bölgələrdə
kilsə orta məktəb təhsilinə təsir göstərir.
Dövlət təhsil müəssisələri ilə
yanaşı, təhsilin bütün səviyyələri
üzrə özəl tədris ocaqları-uşaq
bağçaları, orta məktəb, gimnaziya və
universitetlər də fəaliyyət göstərir. Dövlət
məktəblərində bütün səviyyələr
üzrə təhsil ödənişsiz əsaslarla həyata
keçirilir.
Ölkədə lisenziya verilmiş 85 universitet fəaliyyət
göstərir. Kordoba Universiteti, La-Plata Universiteti, Rozario Milli Universiteti
və Milli Texnologiya Universiteti ən məşhur ali məktəblər sırasındadırlar.
2006-cı ildə Argentinanın ali məktəblərində
1,5 milyon tələbə təhsil
alıb.
Ən böyük ali
məktəb Buenos-Ayres Universiteti hesab olunur. Ən qədim ali məktəb isə Sidroba universitetidir. Bu universitet 1613-cü ildə ispanlar tərəfindən
təsis olunub.
Universitetlərin nəzdində təxminən 70-ə
yaxın institut fəaliyyət göstərir. Onlar milli,
dövlət və özəl institutlara bölünür.
Məktəbəqədər təhsil
Argentinada uşaqlar 4 yaşından məktəbəqədər
təhsil müəssisələrinə cəlb olunur. Lakin bu, icbari
xarakter daşımır.
I sinfə
daxil olmazdan əvvəl uşaqların məktəbəqədər
təhsil müəssisələrində fəaliyyət göstərən
hazırlıq qruplarına cəlb olunması daha
geniş vüsət alıb. Məktəbəqədər
müəssisələrdə 5 yaşlı uşaqların təhsili
icbaridir.
İbtidai təhsilə
hazırlıq üzrə tədris proqramlarında
uşaqların ümumi inkişafı əsas istiqamətlərdən
birini təşkil edir.
Orta təhsil
Argentinada orta təhsil müəssisələrinin
formalaşması XV əsrə təsadüf edir. Bu dövrdə
1000 nəfərdən artıq əhalisi olan hər bir şəhər
və ya kənddə ibtidai məktəblərin fəaliyyətə
başlaması təmin edilirdi. 1883-cü ildə 6-13
yaşlı uşaqların yalnız 30 faizi məktəblərə cəlb
olunmuşdusa, 1914-cü ildə bu göstərici 50, 1931-ci ildə
isə 75 faiz təşkil edirdi.
Argentinada orta təhsil ibtidai və ümumi təhsil pilləsinə
bölünür. Ümumi təhsil pilləsi iki mərhələdən
ibarətdir. Birinci mərhələ VII-IX,
ikinci mərhələ isə X-XII sinifləri əhatə
edir. Ölkədə orta təhsil I-IX
siniflərdə icbari və ödənişsiz əsaslarla
aparılır. X-XII siniflərdə isə
tam orta təhsil verilir. Bu təhsil mərhələsi məktəblərin
statusundan asılı olaraq ödənişli və ya ödənişsiz
ola bilər. X-XII siniflərdə
şagirdlərə texniki peşənin müxtəlif sahələri
də öyrədilir. Argentinada orta məktəblər
dövlət (ödənişsiz), özəl və dini təhsil
müəssisələrinə ayrılır. Məktəblərin hamısında tədris səviyyəsi,
demək olar ki, eynidir.
1993-cü ildə aparılan islahatlardan sonra əsas təhsil
bazası 9 ilə çatdırıldı və əsas
ümumi təhsil adlandırıldı. Əsas
ümumi təhsil məktəblərində tədris olunan fənlər
bütün təhsil müəssisələri
üçün eynidir. Polimodal adlandırılan tam orta
məktəbdə şagirdlərin təbiət elmləri,
ekologiya və təşkilat, humanitar və ictimai elmlər,dizayn, rabitə, mal və xidmət sənayesi
sahələri üzrə ixtisaslaşması əsas
götürülür.
Bəzi əyalətlərdə isə I-VI siniflər əsas
orta təhsil dövrü kimi qəbul olunub. Bundan sonra
VII-VIII siniflərdə Polimodal mərhələdə oxuyan
şagirdlərə natamam orta təhsil haqqında diplom
verilir. Bu diplom vasitəsilə məzunlar
texniki peşə məktəblərində təhsillərini
davam etdirə bilərlər. Tam orta təhsil pilləsini
başa vuran məzunlar isə ali təhsil
müəssisələrinə qəbul olmaq imkanı
qazanırlar.
Ali təhsil
Argentinada
ilk ali məktəb olan Kordoba Milli
Universitetinin əsası 1613-cü ildə qoyulub. 1966-cı ildən etibarən milli universitetlər
Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin idarəçiliyi
altında fəaliyyət göstərir.
Ali məktəblərə ümumi imtahan sistemi vasitəsilə
qəbul yoxdur.
Universitetlərə qəbul hər bir təhsil
müəssisəsinin özü tərəfindən
aparılır. Bununla belə, qəbul
imtahanlarının keçirilməsi üçün
müvafiq meyarlar və vahid qiymətləndirmə mexanizmi tətbiq
olunur. Bəzən ali məktəblərə
qəbul imtahanları olmadan, orta məktəbin yüksək
qiymətlərlə bitirildiyini təsdiq edən sənəd əsasında
aparılır.
Ölkədə
ali təhsil 3 mərhələyə
bölünür. İxtisaslardan asılı olaraq ali təhsil müddəti 3-6 il arasında dəyişir.
Bir sıra əlavə xərclər istisna olmaqla ali təhsil ödənişsizdir.
Ölkə üzrə 39 dövlət universiteti və
46 özəl universitet fəaliyyət göstərir. Ali təhsil
müəssisələri arasında Buenos-Ayres Universiteti ən
yaxşılarından biri hesab edilir. Universitet
birbaşa dövlət tərəfindən maliyyələşdirilir
və yüksək təhsil keyfiyyəti ilə seçilir.
2004-cü ildə bu ali məktəbdə
308000 tələbə təhsil alıb.
Dövlət
ali məktəblərində təhsil
ödənişsiz əsaslarla həyata keçirilsə də,
tələbələrin yalnız 10 faizdən bir az çox
hissəsi təqaüdlə təmin olunur. Tələbələrin
əksəriyyəti zəruri xərclərini ödəmək
üçün işləyirlər.
Ən
böyük dövlət universitetlərindən Milli
Texnologiya Universiteti, Kordoba Milli Universiteti, La-Plata Universiteti,
Rozario Universiteti, Şimal-Şərqi Universitet, Tukuman
Universiteti, Santa-Fe Universiteti, Lomas de Samora və Mendosa Universitetinin adlarını sadalamaq
olar.
Ən
yaxşı özəl ali məktəblər
sırasına El-Salvador, Belqrano, Maymonides, Palermo, San Andres və
Turkuato-di-Telya universitetləri daxildir. Özəl ali məktəblərin əksəriyyəti
katolik kilsəsinə məxsusdur.
Argentinada
ali təhsil müəssisələri Elm, Texnologiya və
Produktiv İnnovasiya Nazirliyinin nəzarəti altında fəaliyyət
göstərir. Elm, Texnologiya və Produktiv
İnnovasiya Nazirliyi isə 2007-ci ildən fəaliyyət
göstərir.
Dövlət və özəl universitetlər
arasında əməkdaşlıq, dərəcə və
diplomların tanınması kimi məsələlər
CİN-Universitetlərarasi Milli Şura tərəfindən tənzimlənir. 2006-cı ilin statistik məlumatlarına
görə, ümumi dövlət xərclərinin 17 faizi ali təhsil sahəsinə sərf olunur.
1995-ci ildə "Ali təhsil haqqında" qanun qəbul
edilib. Bu qanunun əsas üstünlükləri
sırasında Universitetləri Qiymətləndirmə və
Akkreditasiyası üzrə Müstəqil Milli
Şurasının (CONEAU) yaradılması, institutlara muxtariyyət
hüququnun verilməsi və təhsil investisiyalarına
qoyulmuş qadağaların ləğvi özünəməxsus
yer tutur.
Universitet təhsili üç pillədən-bakalavriat,
magistratura və doktorantura təhsil səviyyələrindən
ibarətdir.
Universitetlərdə iqtisadiyyatın inkişafını nəzərə
alan və bazarın tələblərinə
uyğun elmi tədqiqat işləri də aparılır. Universitetlərdə tədris milli tədris nümunəsinə
uyğun olaraq ispan dilində aparılır.
Peşə təhsili
Argentinada orta texniki peşə təhsilini 2 və ya 3
illik kurslar vasitəsilə əldə etmək
mümkündür. Belə peşə kursları dar çərçivədə
ixtisaslaşmaya imkan verir. Bu kursların
diplomları əmək fəaliyyəti ilə müstəqil
məşğul olmağa dövlət lisenziyası vermir.
İşləyənlər texniki peşə təhsili
məktəblərində gecə də təhsil ala bilərlər.
Ölkədə Milli Texniki universitetlərin nəzdində
də peşə məktəbləri şəbəkəsi fəaliyyət
göstərir. Həmin məktəblərin diplomu ilə
daha praktiki peşələrdə çalışmaq və əmək
bazarına daxil olmaq mümkündür.
Elmi tədqiqatlar
Argentinada universitetlər əsas tədqiqat işlərinin
aparıldığı təhsil müəssisələri
hesab olunur. Elmi tədqiqat işləri tibb, nüvə
fizikası, biotexnologiya, nanotexnologiya, səma və raket
texnologiyası, o cümlədən əsas iqtisadi sahələrlə
əlaqədar olan bir sıra istiqamətləri daha çox əhatə
edir. Hökumətin qərarı ilə 1958-ci il fevralın 5-də təsis olunmuş Milli Elm
və Texniki Tədqiqat Şurası-CONICET bütün ali təhsil
müəssisələrində elmi tədqiqat işlərini
istiqamətləndirir və əlaqələndirir. CONICET müstəqil şura tərəfindən idarə
olunur, Argentina və digər ölkələrdən olan 8500 tədqiqatçı
üçün təqaüd proqramları ayırır.
Ölkədə 5 elmlər akademiyası fəaliyyət
göstərir. Bu sıraya 1909-cu ildə yaradılmış Kənd Təsərrüfatı
və Baytarlıq Elmləri Akademiyası, 1874-cü ildə
yaradılmış Dəqiq, Fiziki və Təbiət Elmləri
Akademiyası, 1822-ci ildə yaradılmış Tibb Elmləri
Akademiyası, 1869-cu ildə yaradılmış Kordoba Milli
Elmlər Akademiyası və 1935-ci ildə
yaradılmış Buenos-Ayres Akademiyası daxildir. Kənd təsərrüfatı, tibb, sənaye, elmi
və texniki tədqiqat fəaliyyəti ilə məşğul
olan çoxsaylı institutlar da vardır.
Argentina dünyaya bir sıra görkəmli həkimlər,
alimlər və ixtiraçılar bəxş edib. Tədqiqatçılar
ürək və xərçəng xəstəliklərinin
müalicəsi sahəsində müxtəlif forma və
üsulların hazırlanması sahəsində xeyli nailiyyətlər
qazanıblar.
Alimlərdən Dominqo Liota 1969-cu ildə kəşf
etdiyi ilk süni ürəyi insana köçürüb. 5 alim-Karlos Saavedra Lamas,
Adolfo Perez Eskkvel, Bernardo Hussey, Luis Federiko Leloyr və Sezar
Milste elmin müxtəlif sahələri üzrə Nobel
mükafatına layiq görülüblər.
Təhsilin idarə olunması
Argentinanın
Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyi ölkənin
təhsil siyasətinin həyata keçirilməsinə əsas
məsul orqandır. Elm, Texnologiya və Produktiv
İnnovasiya Nazirliyinin əsas məsləhət orqanı Elm
və Texnologiya üzrə Federal Şura hesab olunur.
1996-cı ildə yaradılmış Elm və Texnologiya
üzrə Federal Şura ilə yanaşı, CICYT, CNEA, INTA,
INA, ANLIS, CRUP və İNPİ təşkilatları kimi digər
məsləhət şuraları da fəaliyyət göstərir.
1993-cü ildə Argentinada genişmiqyaslı təhsil
islahatlarına başlanıldı. Bu islahatlar nəticəsində
mərkəzi hökumət tərəfindən idarə olunan
bir sıra institutlar yerli idarəetmə orqanlarının
tabeliyinə verildi. Bu islahatlar sayəsində
institutların idarə edilməsinin səmərəli təşkilinə
və ali təhsilin keyfiyyətinin yüksəldilməsinə
nail olundu.
1993-cü
il islahatları əsas (məktəbəqədər
və ibtidai) və orta təhsil sisteminin də yeniləşməsi
ilə nəticələndi. 7 illik icbari təhsil
10 illik icbari təhsillə əvəz edildi. Yeni sistemə əsasən, 5 yaşından etibarən
birillik erkən uşaqlıq təhsilinin ardınca 3 illik
ibtidai və daha sonra isə orta təhsil mərhələsinin
yuxarı dövrü gəlir. 1 illik məktəbəqədər
təhsil də icbari təhsil dövrünə daxildir.
Beynəlxalq əməkdaşlıq
Argentinanın təhsil
və elm sahəsində beynəlxalq əməkdaşlığının
əsas istiqamətləri fəza, nüvə enerjisindən
dinc məqsədlərlə istifadə, kənd təsərrüfatı,
tibb və ətraf mühit kimi sahələri əhatə
edir.
Dünya Bankının 240 milyon dollar məbləğində
maliyyə dəstəyi ilə təhsil sahəsində bir
sıra struktur dəyişiklikləri aparılıb. Bütün
bu maliyyə vəsaiti Ali Təhsil üzrə İslahat
Proqramının icrasına yönəldilib. Elmi əməkdaşlıq həmçinin
institutlar, laboratoriyalar və Elmi Texniki Tədqiqat
Şurasının tədqiqatçıları tərəfindən
davam etdirilir.
Argentina təhsil və elm üzrə dünya
arenasındakı nüfuzunu və yüksək reytinqini
qorumaq məqsədilə Təlim Xidməti üzrə
Latın Amerikası Mərkəzinin CLAYSS 4 Proqramının fəal
iştirakçısıdır. Təsadüfi deyil ki, hər il dünyanın müxtəlif ölkələrindən
on minlərlə tələbə yüksək səviyyəli
ali təhsil almaq üçün məhz Argentinanı
seçir.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında
Argentinanın Elm, Texnologiya və Produktiv İnnovasiya
Nazirliyinin və Elmi Texniki Tədqiqat Şurasının rəsmi
materiallarından istifadə olunub.
Azərbaycan
müəllimi.- 2011.- 2 dekabr.- S.12-13.