Tofiq İsmayıl oğlu
Hacıyev
Tofiq İsmayıl oğlu
Hacıyev 1936-cı ildə Cəbrayıl rayonunun
Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib.
1953-cü ildə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə
diplomu ilə bitirib və
dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib.
1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX
əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Onun "Sabir: qaynaqlar və sələflər"
(1980), "Şeirimiz, nəsrimiz, ədəbi
dilimiz" (1990), "Dədə Qorqud: dilimiz,
düşüncəmiz" (1999) kitabları işıq üzü görüb.
"Azərbaycan sovet ədəbiyyatı"
(1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif
kimi iştirak edib.
Eyni zamanda "Azərbaycan ədəbi dili tarixi" (2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi" (1977), "Azərbaycan dili tarixi" (1983, Kamil Vəliyevlə birgə), "Azərbaycan dili" (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. Klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi işıq üzü görüb, "Satira dili" (1975), "Yazıçı dili və ideya-bədii təhlil" (1979), "Molla Nəsrəddin"in dili və üslubu" (1983), "Füzuli: dil sənətkarlığı" (1994) kitabları çap olunub. Orta məktəblər üçün "Türk dili" (IX sinif, 1994, Əsgər Quliyev, Nizami Cəfərovla birgə), "Türk dili" (X-XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri də nəşr edilib.
O, mərhum professor Hadı Mirzəzadənin "Tarixi Qrammatika" dərsliyini yenidən çapa hazırlayarkən kitabda olmayan "Zərf" və "Ədat" bəhslərini yazıb. Ümumiyyətlə, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı sahəsində də çox iş görüb, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirib. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr edib. Kayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) və Ankarada (1996) keçirilmiş elmi konfranslarda məruzələr oxuyub.
Onun elmi yaradıcılığında "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatlar mühüm yer tutur. Tofiq Hacıyevin Kamil Vəliyevlə 1975-ci və 1976-cı illərdə Azərbaycan Dövlət Universitetində respublika səviyyəsində təşkil etdikləri "Dədə Qorqud" seminarı Azərbaycan qorqudşünaslığında bir dirçəliş yaratdı. Birinci seminarın materialları ADU-nun "Elmi əsərləri"nin (dil və ədəbiyyat seriyası) 1976-cı il 4-cü nömrəsində çap olunub (ikinci seminarın materialları isə həmin jurnalın müxtəlif nömrələrində dərc edilib). Bu tədqiqat onun "Dədə Qorqud"la bağlı gələcək axtarışlarında ilk addımı idi. "Azərbaycan ədəbi dili tarixi" (1976) kitabında "Kitabi-Dədə Qorqud"dakı hadisələrin, obrazların tarixi, abidənin dili, poetikası, etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil verib.
Professor Tofiq Hacıyev ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif kimi iştirak edib.
1993-cü ilin yayından payızına qədər Azərbaycan Respublikasının xalq maarifi naziri işləyib. Bu dövrdə orta ümumtəhsil məktəbləri üçün "Azərbaycan dili" dərsliklərinin tərtibi və redaktəsində səmərəli əmək sərf edib, müstəqil Azərbaycan maarifinin inkişafı naminə bir sıra layihələrin ideyasını irəli sürüb.
Lakin nazirliklərin yenidən birləşdirilməsi ilə əlaqədar olaraq BDU-nun türkologiya kafedrasına rəhbərliyə qayıdıb. Atatürk adına Dil Qurumunun həqiqi üzvü seçilən görkəmli professor Türkiyə Respublikasının "Ləyaqət" ordeni ilə təltif olunub.
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, əməkdar elm
xadimi Tofiq Hacıyev elmi-pedaqoji yaradıcılığını bu gün də uğurla davam etdirir.
Azərbaycan müəllimi.- 2011.-
2 dekabr.- S.17.