Fənn
kurikulumlarının tətbiqinə dair seminar
2011-2012-ci dərs ilində artıq ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi başa çatır. Bununla bağlı Şirvan Şəhər Təhsil Şöbəsinin metodkabineti bir sıra işlər həyata keçirmişdir. Belə ki, bütün ibtidai sinif müəllimlərinin xüsusi hazırlıq kurslarından keçməsi təmin olunmuş və onlar müvafiq sertifikatlar almışlar. Lakin bu, işin hamısı deyil.Təbii ki, birhəftəlik kursda müəllim yalnız əsas müddəaları və parametrləri öyrənə bilər. Onun əsas yaradıcılığı isə praktik təcrübədə meydana çıxır. Bu isə müəllimdən daha çox zəhmət, əzmkarlıq və öz üzərində çalışmaq tələb edir. Müəllim hər an özünü qiymətləndirməli və yoxlamalıdır.
Yeni dərs ilinin başlanmasından iki ay vaxt keçir. Bu müddət ərzində metodkabinet şəhərin ümumtəhsil məktəblərində təhsil işçilərinin sentyabr konfransı, eləcə də bölmə iclaslarında qəbul olunmuş qərarların, həyata keçirilməsi habelə metodiki işin qoyuluşu vəziyyətinin monitorinqini apardı. Monitorinq göstərdi ki, ibtidai siniflərdə hələ də müəyyən çətinliklər qalmaqdadır. Cari dərs ilində I sinfi götürən müəllim hələ də ənənəvi qaydadan yaxa qurtara bilmir. Daha sonra illik planlaşmanın tərtibi, qiymətləndirmə vasitələrinin hazırlanması zamanı, habelə texnologiya, təsviri incəsənət, musiqi və xüsusi ilə fiziki tərbiyə fənləri üzrə kiçik summativ qiymətləndirmənin aparılmasında çətinliklər yaranır.
Metodkabinet monitorinqin nəticələrini ümumiləşdirərək məktəblilərin payız tətilində olmasından istifadə edib ibtidai sinif müəllimləri, həmin siniflərdə dərs deyən informatika və xarici dil müəllimləri ilə seminar keçirdi. Noyabrın 14-16 tarixlərində keçirilən seminarda müəllimləri maraqlandıran suallara aydınlıq gətirildi, yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı metodiki tövsiyələr verildi, qiymətləndirmə vasitələri nümunələri hazırlandı, "kurikulum.az" saytında yerləşdirilimiş dərslər mümayiş etdirdi. Eyni zamanda "Kurikulum" jurnalında çap olunmuş bir sıra elmi məqalələr oxundu, jurnalda dərs nümunələrinin gündəlik planlaşmada əksi müzakirə olundu.
2011-ci ilin əvvəlindən Şirvan şəhərində 3 istinad nöqtəsi fəaliyyət göstərir. Xüsusi hazırlıq kursu keçmiş 25 nəfər təlimçi həmin istinad nöqtələrində müəllimlərin maariflənməsi ilə məşğul olur. Artıq 2012-2013-cü tədris ilində V siniflərdə fənn kurikulumları tətbiq olunacaq. Bununla bağlı Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən fənn müəllimlərinin siyahısı hazırlanıb. Həmin müəllimlərin maariflənməsi istiqamətində ciddi işlərin görülməsi planlaşdırılmışdır. Belə ki, fənn müəllimlərinə bir ibtidai sinif müəlliminin hami təyin olunması, onların ibtidai siniflərdə dərs dinləməsi, normativ sənədlərlə tanış olması, müəllim üçün vəsaitdən istifadə edilməsi, ümumiyyətlə dərsliklərlə işləmə xüsusiyyətlərinin öyrənilməsini təmin etmək nəzərdə tutulmuşdur.
Yalnız fasiləsiz maariflənmə işləri aparmaqla biz fənn kurikulumlarının tətbiqində müəllimlərin keyfiyyətli tədrisinə, onların dünyagörüşünün artırılmasına nail ola bilərik.
E.HƏSƏNOV
Azərbaycan müəllimi.- 2011.-
3 dekabr.- S.20.