"Sankt-Peterburqda fəlsəfə günləri-2011"

elmi-mədəni forumu keçirilib

  

Noyabrın 17-19-da Rusiyanın Sankt-Peterburq şəhərindəki Tavriya sarayında "Sankt-Peterburqda fəlsəfə günləri" adlı 10-cu elmi-mədəni forum keçirilmişdir. Həmin forumda dünyanın məşhur filosofları ilə yanaşı həmyerlimiz - Astara Pedaqoji Kollecinin direktoru, respublikanın əməkdar müəllimi, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, fəlsəfə doktoru, dosent Əlihəsən Həmzəyev də iştirak və çıxış etmişdir.

Sankt-Peterburqdan qayıdan Ə.Həmzəyev elmi-mədəni forum haqqında aşağıdakıları söylədi:

"Əvvəlcədən qeyd edim ki, sayca onuncu olan elmi-mədəni forum Sankt-Peterburq Dövlət Universiteti və Sankt-Peterburq Fəlsəfə Cəmiyyəti tərəfindən Sankt-Peterburq hökumətinin, Rusiya Humanitar Elmi Fondunun, MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Sankt-Peterburq Qanunvericilik Məclisinin və Fəlsəfə Cəmiyyətinin İnkişaf Fondunun dəstəyi ilə təşkil edilmişdir. Forumun əsas mövzusu "Müasir bəşəriyyətin dəyər dünyaları" idi. Bundan əlavə, forumda sırf fəlsəfi mövzularla yanaşı, həm də qloballaşma dövründə dünyanı əhatə edən problemlər, mədəniyyət və mənəviyyat məsələləri, hakimiyyətlə qarşılıqlı əlaqələr, informasiya cəmiyyətinin nəticələri və digər mühüm məsələlər barədə işgüzar müzakirələr aparılmışdır. Forumda 3 gün müddətində 20-dən çox ümumrusiya və beynəlxalq miqyaslı konfrans, 30-a yaxın "dəyirmi masa", kollokviumelmi seminar keçirilmişdir. Mən də forumun seksiyalarında iştirak edən nümayəndələr qarşısında "Qloballaşmainformasiya cəmiyyəti" mövzusunda məruzə ilə çıxış etmişəm. Məlumat verim ki, məruzəm və müzakirələrdə fəal surətdə iştirak etməyim nəticəsində məni 2012-ci ilin iyun ayında Nijni-Novqorodda keçiriləcək "Müasir dünyada fəlsəfə: dünya baxışlarının dialoqu" mövzusunda altıncı Rusiya Fəlsəfə Konqresinə dəvət etdilər. Fərəhlidir ki, Forumda daha bir azərbaycanlı alim iştirak edirdi. Bu, fəlsəfə doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı Ariz Gözəlov idi. Onun mövzusu "Qlobal təhlükəsizliyin və qlobal problemlərin nisbəti haqqında (sosial-hüquqi aspektlər)" idi. Forumda yaddaqalan ən xoş və əlamətdar hadisələrdən biriplenar iclaslardan sonra MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərovla görüşümüz oldu. Biz Aydın Cəfərova "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı Forumu" kitabını hədiyyə etdik.  Heydər  Əliyev  Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi  tərəfindən 2011-ci ildə Moskvada nəşr edilmiş bu kitab ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmişdir.

Yaddaqalan hadisələrdən biri də keçən il Astara Pedaqoji Kollecində olmuş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir qrup iştirakçısı ilə görüşümüz oldu. Fəlsəfə elmləri doktoru, professor, Rusiya Federasiyası hökumətinin nəzdində Maliyyə Akademiyasının fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Nikolayeviç Çumakov hələ də Azərbaycan təəssüratları ilə yaşadığını dilə gətirdi. Eləcə də digər iştirakçılar da bu məsələni xüsusilə vurğuladılar".

 

Azad ABDULLAYEV

Azərbaycan müəllimi.- 2011.- 3 dekabr.- S.21.