Naxçıvan
rəssamlıq məktəbinə daha bir töhfə
Bu günlərdə Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Naxçıvan Dövlət Universitetinin müəllimi, gənc və istedadlı rəssam Həbibə Allahverdiyevanın fərdi sərgisi keçirilib.
Giriş sözü ilə çıxış edən Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva qeyd edib ki, rəssamın sərgisinin bu salonda təşkil olunması, əslində realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərli məktəbinin davam etdirilməsi deməkdir. O, gənc rəssamın natürmort, portret, kompozisiya janrlarına daha çox üstünlük verdiyini qeyd edib. Bununla belə, onun müraciət etdiyi bütün janrlarda gözəl əsərlər yaratdığını da vurğulayıb və gələcək yaradıcılığında rəssama müvəffəqiyyətlər arzulayıb.
Mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək qeyd edib ki, bu gün belə bir sərginin təşkil olunmasının 3 mühüm cəhəti var. Birincisi, Həbibə Allahverdiyevanın sərgisinin sərgi salonunda açılması mədəni mühitimizdə bir hadisədir. İkincisi, bu, Naxçıvan Dövlət Universiteti rəssamlıq məktəbinin mühüm bir göstəricisidir. Üçüncüsü isə, bu sərgi artıq Həbibə Allahverdiyevanın rəssamlıq məktəbinə qoşulduğunun müjdəçisidir. Akademik gənc rəssamı hələ tələbəlik illərindən tanıdığını və onun sərgilərinin keçirildiyini xatırladıb.
Naxçıvan rəssamlıq məktəbində universitetin rəssamlıq məktəbinin xüsusi yeri olduğunu qeyd edən rektor həm də deyib ki, əgər yaradıcılıqda fərqli deyilsənsə, kiminsə kölgəsisənsə, deməli özünü tapmamısan. Həbibə Allahverdiyeva isə artıq özünü tapıb.
Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, Azərbaycan Rəssamlar Birliyinin üzvü Əli Səfərli, rəssamın atası Rəşad Allahverdiyev çıxış edərək ona yaradıcılığında uğurlar arzulayıblar. Sonda isə rəssam ona yaradılan şəraitə və fəaliyyətinə verilən dəyərə görə öz minnətdarlığını bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Məmməd BABAYEV
Azərbaycan müəllimi.- 2011.-
2 dekabr.- S.16.