Təhsil naziri Azərbaycan Milli Valideyn-Müəllim

Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb

 

Dekabrın 7-də təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) İdarə Heyətinin üzvləri ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının son illər təhsilin inkişafı və valideyn-müəllim münasibətlərinin səmərəli təşkilində gördüyü işləri qeyd edib. Misir Mərdanov əsas məqsədi valideynlərlə müəllimlərin sıx əməkdaşlığının və faydalı ünsiyyət mühitinin yaradılmasından ibarət olan bu təşkilatın qeyd olunan istiqamətdə həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirib. Nazir bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, təhsilin keyfiyyətinin artırılmasında, müəllim və məktəbin nüfuzunun yüksəldilməsində Valideyn-Müəllim Assosiasiyasının (VMA) üzərinə mühüm vəzifələr düşür.

Sonra təhsil naziri VMA-nın fəaliyyətinin daha səmərəli təşkil olunmasının önəminə diqqət çəkib və bununla bağlı dünya ölkələrinin təcrübəsindən bəhrələnməyin məqsədəuyğunluğunu bildirib. VMA-nın fəaliyyətinin möhkəmləndirilməsini və genişləndirilməsini mühüm məsələlərdən biri kimi dəyərləndirən Misir Mərdanov görülmüş işlərlə bağlı təbliğat işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Nazir bu qurumun gördüyü işlərə lazımi dəstək göstəriləcəyini vurğulayaraq bir sıra cari məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova bu görüş və göstərilən dəstək üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Son illər VMA-nın üzvlərinin sayının artdığını deyən T.Şərifova cari ildə Bakı şəhəri üzrə 100-ə yaxın orta məktəb və məktəbəqədər tərbiyə müəssisəsinin məhz bu məsələ ilə bağlı müraciət etdiyini vurğulayıb. Valideynlərin mərkəzləşdirilmiş buraxılış imtahanlarında iştirakının səmərəli nəticələrindən söz açan T.Şərifova rəhbəri olduğu qurumun bir sıra layihələrdə iştirakı və keçirdikləri tədbirlər barədə məlumat verib.

 Daha sonra icraçı direktor öz çıxışında VMA-nın filiallarının yaradılması, valideyn məsuliyyətinin artırılması üzrə mexanizmin hazırlanması, müəllimlərin ünsiyyət və təcrübə mübadiləsinin aparılması üçün Azərbaycanda Müəllimlər Evinin təşkili təşəbbüsü ilə çıxış edib, digər bu kimi məsələlərə toxunub. T.Şərifova həmçinin qarşılaşdıqları bəzi problem və çətinlikləri diqqətə çatdırıb.

Görüşdə iştirak edən Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvlərindən Bakı şəhəri 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, 291 nömrəli "Araz" Ekologiya liseyinin direktoru Südabə Mikayılova, Bakı şəhəri 18 nömrəli tam orta məktəbin direktoru Vaqif Hüseynov, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin direktoru Vəfa Məmmədova, Bakı şəhəri Bağça-məktəb-lisey kompleksinin direktor müavini Kəmalə Bədəlova, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin valideyni Rafiq Ramazanov və Bakı şəhəri 152 nömrəli tam orta məktəbin direktoru Gülarə Verdiyeva valideynlərlə müəllim və məktəbin daha səmərəli fəaliyyətinin təşkili, valideynlər arasında maarifləndirmə işinin aparılması, müəllimin cəmiyyətdə nüfuzunun artırılması, habelə bu kimi məsələlərlə bağlı təkliflərini bildiriblər.

Sonda Valideyn-Müəllim Assosiasiyasının mətbuat orqanının fəaliyyət göstərməsi, ictimaiyyətin mövcud istiqamətdə görülmüş işlərə dair məlumatlandırılması üçün təbliğat işinin və valideyn-müəllim-məktəb əməkdaşlığının gücləndirilməsi qərara alınıb.

  

Azərbaycan müəllimi.- 2011.- 9 dekabr.- S.6.