4 nömrəli Bakı Peşə Liseyində

KNAUF Resurs Mərkəzinin açılışı oldu

 

Dekabrın 5-də 4 nömrəli Bakı Peşə Liseyində KNAUF Resurs Mərkəzinin açılışı oldu.

Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir  Budaqov,Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) icraçı direktoru Florian Şröder, MDB üzrə KNAUF Akademiyasının rəhbəri Andrey Bıkov, "KNAUF Marketinq Baku" MMC-nin baş direktoru Samir Quliyev, Almaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər müvəkkili Peter Zigler, KNAUF şirkətlər qrupunun Almaniya, Rusiya və Gürcüstandakı  mərkəzlərinin rəhbərləri və başqaları iştirak edirdilər.

Məlumat üçün bildirək ki, KNAUF Resurs Mərkəzi 2010-cu il dekabrın 8-də Təhsil Nazirliyi ilə KNAUF şirkətlər qrupu arasında imzalanmış Niyyət Protokolu əsasında yaradılıb. Mərkəzin yaradılmasının əsas məqsədi inşaat sahəsi üzrə ölkəmizin əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması, dünyanın qabaqcıl peşə hazırlığı təcrübəsindən geniş istifadə edilməsi, məzunların daxili və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılması, ölkəmizin tikinti sektorunun ixtisaslı kadrlarla təmin olunmasından ibarətdir. Hazırda 4 nömrəli Bakı Peşə Liseyində KNAUF texnologiyaları üzrə kadrların hazırlanmasına başlanılıb.

MDB ölkələrində KNAUF şirkətinin 14 tədris mərkəzi fəaliyyət göstərir. Rusiya, Ukrayna, Qazaxıstan, Moldova və Belarusdakı tədris mərkəzlərində 37000 mütəxəssis hazırlanıb.

Təhsil naziri Misir Mərdanov 4 nömrəli Bakı Peşə Liseyində KNAUF Resurs Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib bu münasibətlə hamını təbrik etdi. Sonra nazir Misir Mərdanov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, MDB üzrə KNAUF Akademiyasının rəhbəri Andrey Bıkov və digər qonaqlar resurs mərkəzi ilə ətraflı tanış oldular. Ən müasir avadanlıqlarla təchiz edilmiş emalatxana və nəzəri təlim  otağında olan qonaqlar həmçinin burada şagirdlər üçün yaradılan şəraitlə maraqlandılar.

"KNAUF Marketinq Baku" MMC-nin baş direktoru Samir Quliyev təmsil etdiyi şirkətin ölkəmizdə gördüyü işlər, həyata keçirdiyi layihələr barədə təhsil naziri Misir Mərdanova və qonaqlara geniş məlumat verdi, açılışı olan resurs mərkəzinin əsas məqsəd və məramından danışdı. Qeyd olundu ki, gələcəkdə Bakı və respublikanın digər rayon və şəhərlərində fəaliyyət göstərən ilk peşə- ixtisas təhsili müəssisələrində də belə mərkəzlərin yaradılması nəzərdə tutulur.

Resurs Mərkəzi ilə ətraflı tanış olan nazir Misir Mərdanov burada gənclərin seçdikləri ixtisasa uyğun təhsil almaları və istehsalat təcrübəsi keçmələri üçün yaradılan şəraitdən razı qaldığını, görülən işlərin qaneedici olduğunu söylədi.

Təhsil  naziri    qonaqlar  daha  sonra  4 nömrəli  Bakı  Peşə  Liseyinin  digər  tədris  otaqlarında,   idman   zalı      kitabxanada   oldular.

Sonra peşə təhsili müəssisəsinin akt zalında MDB üzrə KNAUF Akademiyasının rəhbəri Andrey Bıkov "MDB üzrə KNAUF şirkətlər qrupunun MDB ölkələrinin təhsilin idarəetmə təşkilatları və təhsil müəssisələri ilə əməkdaşlığı" mövzusunda məruzə- təqdimatla çıxış etdi. Təqdimatda KNAUF şirkətinin ayrı-ayrı ölkələrdə fəaliyyəti, təhsillə bağlı gördüyü işlər və digər məsələlər barədə ətraflı məlumat verildi.

Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək peşə təhsilinin inkişafının dövlət siyasətində prioritet məsələlərdən biri olduğunu bildirdi. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində görülən işlər barədə məlumat verən təhsil naziri son illər peşə təhsilinin inkişafı istiqamətində müəyyən addımların atıldığını qeyd etdi,  bir sıra xarici təşkilatların, şirkətlərin bu sahədə müxtəlif layihələrin həyata keçirilməsində maraqlı olmalarını təqdirəlayiq hal kimi dəyərləndirdi.

Nazir texniki peşə təhsilinin ölkədə sosial-iqtisadi infrastrukturun qurulmasında müstəsna əhəmiyyət kəsb etdiyini söyləyərək qarşıda duran həlli vacib məsələlərə də toxundu. Çıxışının sonunda təhsil naziri Misir Mərdanov ən müasir avadanlıqlarla təchiz olunmuş belə bir resurs mərkəzinin açılmasının peşəkar fəhlə kadrların hazırlanmasında əhəmiyyətli rol oynayacağına ümid etdiyini deyərək peşə təhsilinin inkişafı ilə bağlı beynəlxalq təşkilatlar və şirkətlərlə işgüzar əməkdaşlıqdan məmnunluq duyduğunu, gələcəkdə də bu cür işlərin davam etdirilməsinin səmərəli olacağını bildirdi.

 

Samirə KƏRİMOVA

Azərbaycan müəllimi.- 2011.- 9 dekabr.- S.7.