Təhsil alanlara vətən və dil
sevgisinin aşılanmasında
Heydər
Əliyev irsindən istifadə
Azərbaycan Respublikasının
dövlət müstəqilliyi qazanmasında, onun
elminin, mədəniyyətinin yüksəlməsində,
dilimizin hərtərəfli
inkişafında və zənginləşməsində
qüdrətli dövlət başçısı, uzaqgörən
siyasətçi, müdrik insan Heydər Əliyevin misilsiz
xidmətləri vardır. Ulu öndərin
olduqca zəngin, dəyərli, bugünkü və gələcək nəsillər
üçün həddindən artıq əhəmiyyətli
olan irsini öyrənmək
və öyrətmək üçün
müntəzəm iş
aparılmalıdır.
Bu
baxımdan təhsil müəssisələrində müxtəlif
fənlərin tədrisi zamanı Heydər Əliyev irsinin
öyrədilməsi ilə şagird və tələbələrdə
Vətənə, millətə, dövlətçiliyimizə,
dilimizə və mənəviyyat xəzinəmizə
böyük məhəbbət və coşqun sevgi hissləri
aşılamaq mümkündür.
Azərbaycan
dilinin ali və orta məktəblərdə tədrisi məsələsi
heç bir zaman indiki qədər diqqət mərkəzində
olmamış və yüksək dəyərləndirilməmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən
biri də ana dilimizin dövlət dili kimi hakimliyini təmin
etməsi, onun tədrisinin təkmilləşdirilməsi
üçün əvəzsiz xidmət göstərməsi və dünyada tanıtmasıdır.
Bütün
bunlar ölkə Prezidentinin imzaladığı müvafiq
qanun, fərman və sərəncamlarda öz əksini
tapmışdır.
Dünya
azərbaycanlılarının I qurultayının Bakıda
çağırılması, Heydər Əliyevin müxtəlif
beynəlxalq tədbirlərdə ana dilimizdəki
çıxışları, Azərbaycan dilinin dünya
arenasına çıxarılması, onun nüfuz dairəsinin
genişlənməsi və tərəqqisi üçün
ulu rəhbərin böyük xidmətləri
danılmazdır.
Dilimizin
inkişafı sahəsində dövlət rəhbərinin
gördüyü işlərin və onun dəyərli
çıxışlarının tədris prosesində hər
hansı bir mövzu ilə əlaqəli öyrədilməsi
imkanları olduqca genişdir. Tədris proqramlarında "Dil
və Azərbaycan dili haqqında", "Azərbaycan dilinin
ana dili kimi istifadə olunduğu ölkələr",
"Azərbaycan xalqının böyük şəxsiyyətləri
ana dili haqqında", "Azərbaycan dili tədrisi elminin
keçdiyi inkişaf yolu", "Azərbaycan dilinin türk
dilləri arasında yeri" və s. onlarla mövzunun tədrisində
nəinki imkan, hətta zərurət yaranır ki, Heydər
Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, tərəqqisi
istiqamətində göstərdiyi xidmətlər təhsil
alanlara çatdırılsın.
Bu
metodik göstərişlər proqramlarda verilməsə də,
azərbaycanlı olan, Vətənini, millətini, dilini,
ağsaqqalını, rəhbərini sevən hər bir müəllim
bu işi heç bir göstəriş gözləmədən
şagird və tələbələrə
çatdırmağı özünün vətənpərvərlik
və şərəfli vəzifə borcu hesab etməlidir.
Müstəqil
Azərbaycanımızın rəsmi dövlət dili olan, əsrlərin
çətin sınağından keçərək
inkişaf edən, müasir dünyamızın ən qüdrətli,
zəngin, coğrafi baxımdan daha çox ərazilərdə
yayılan Azərbaycan dilinin qayğısını çəkmək,
onu qoruyub yaşatmaq hər birimizin müqəddəs vətəndaşlıq
borcudur. Biz bu borcu təkcə dil
haqqında dövlət qanunlarını öyrənmək, dilin qrammatik
qayda-qanunlarını öyrəncilərə
çatdırmaqla kifayətlənə bilmərik.
Bizim
əsas vəzifələrimizdən biri də onu sevdirməyi
bacarmaqdır. Heç şübhə
yoxdur ki, öz dilini sevməyi bacarmayan vətəndaş onun
sevdirilməsi haqqında düşünə də bilməz.
Dili sevdirməyin isə ən gözəl
üsulu və yolu o dildə aydın, anlaşıqlı, ifadəli,
rabitəli nitqinlə başqalarına nümunə
olmağı bacarmaqdır. Axı dili sevmək
elə xalqı, Vətəni sevməkdir. Zərdabinin qeyd etdiyi kimi,
"İnsanın şərəfinin bir
dəlili də nitqdir. Lazımdır ki, hər kəs elə danışsın, elə
yazsın ki, onu mümkün mərtəbədə avam da başa
düşsün".
Belə
ki, aydın, anlaşıqlı, kamil nitqi ilə nümunə
olmağı bacarmaq təlimdə dili sevdirməyin əsasını
təşkil edir. Bu baxımdan ana dili dərslərində
ümummilli liderimiz Heydər Əliyevin nitqindəki
aydınlığı, konkretliyi, rabitəliliyi, sərbəstliyi,
şirinliyi, bir sözlə natiqliyi bariz nümunə kimi tədrisə
cəlb etmək olar.
Bu
keyfiyyəti öyrəncilərə həm xatırlatma, həm
də əyani və texniki vasitələrin köməyi ilə
aşılamaq imkanları genişdir.
Dil dərslərində əsas
tələblərdən biri də Azərbaycan
dilinin lüğət tərkibinin
saflığını, təmizliyini və milliliyini
qorumaqdır. Tədrisdə bu
mövzuda söhbətlər gedərkən
dilimizin sadiq keşikçisi olan Heydər
Əliyevin Azərbaycan dilinin
saflığı, zənginliyi, gözəlliyi
haqqındakı fikirləri, hikmətli deyimləri
xatırladılır, onlar müxtəlif
növ təhlillərə cəlb edilirlər.
Azərbaycan
dili dərslərində nəinki ümumi bəhslərin, hətta
istənilən hər hansı bir konkret mövzunun tədrisində
ulu öndər Heydər Əliyev irsindən istifadə etmək
imkanları mövcuddur. Bu imkanlardan bəzi məqamlara diqqət
yetirək.
Ana
dili dərsliklərində linqvistik təhlillər
aparılması üçün geniş imkanlar vardır. Belə təhlillərə Heydər Əliyevin məruzə
və çıxışlarından seçilmiş
nümunələri cəlb etmək təlim üçün
böyük əhəmiyyət kəsb edir. Öyrəncilərdə yüksək insani keyfiyyətlər, humanist
hisslər aşılamaq üçün
"Bizim müstəqilliyimizi heç kəs sarsıda bilməz",
"Heç bir vətəndaş
ictimai-siyasi həyata biganə
qalmamalıdır", "Azərbaycan xalqı dərin mənəviyyata
malik qəhrəman xalqdır" tipli cümlələr üzərində iş aparılır. Həmin cümlələr
leksik, fonetik, morfoloji və ya sintaktik təhlil edilir.
Dövlət
rəhbərinin nitqindən seçilmiş "Azərbaycan
gəncləri Azərbaycanın gələcəyidir"
(müxtəsər cümlə); "Biz Bakı şəhəri
- ölkəmizin paytaxtı ilə haqlı olaraq fəxr
edirik" (əlavəsi olan cümlə); "Ordu ölkəmizin,
millətimizin, dövlətimizin müstəqilliyinin
dayağıdır" (həmcins xəbərlər); "Qəhrəman
Azərbaycan əsgəri, müqəddəs Azərbaycan
torpaqlarının, müstəqil Azərbaycan
Respublikasının müdafiəsi yolunda irəli"
(xitablı cümlə) və s. kimi nümunələr
müxtəlif məqsədlərlə təhlilə cəlb
olunur.
Tabeli
mürəkkəb cümlələr tədris edilərkən
aşağıdakı tipli cümlələrdən istifadə
olunması dərsin maraqlı keçməsini təmin etməklə
bərabər, öyrəncilərin fəallığını
da artırır. Yaxşı olar ki, onlar Heydər
Əliyevin nitq və
çıxışlarında cümlələri, dil vahidlərini özləri müstəqil
seçməyi bacarsınlar.
1. Kim ki öz biliyindən,
bacarığından artıq iddialar edir, o, həmişə
məğlub olur (mübtəda budaq cümləsi).
2. Xalqımız bilməlidir ki, biz
özümüzü qorumalıyıq, qüdrətimizi, qəhrəmanlığımızı
göstərməliyik (tamamlıq budaq cümləsi).
3. Bizim qüdrətli, möhkəm
ordumuz olmalıdır ki, müstəqil Azərbaycan dövləti
daim qüdrətli olsun (məqsəd budaq cümləli tabeli
mürəkkəb cümlə).
4. Əgər hər hansı ölkənin
xalqları öz hüquqlarını anlayır və
onları qoruya bilirsə, o zaman ən kiçik dövlət
belə ən böyük məmləkət qədər
güclü olur (zərflik budaq cümləsi) və s.
Ana
dili dərslərində böyük Vətənimizə, ana
dilimizə və onun müdrik rəhbərinə məhəbbət
hissinin aşılanması yollarından biri də inşa
yazıların aparılmasıdır. Bu məqsədlə
aşağıdakı inşa mövzularından istifadə
etmək olar:
"Heydər
Əliyev və Azərbaycan", "Heydər Əliyev siyasəti
beynəlxalq aləmdə", "Heydər Əliyevin
müdrikliyi Azərbaycanın azadlıq və müstəqilliyinin
qarantıdır", "Heydər Əliyev Azərbaycan
dilinin ən etibarlı keşikçisi idi",
"Respublikamızın tərəqqisi müdrik rəhbərin
adı ilə bağlıdır", "Biz Azərbaycan dili
ilə fəxr edirik", "Qoy, dünya tanısın ana
dilimi" və s.
Öyrənciləri
"Heydər Əliyev muzeyi"nə aparıb, oradakı rəngarəng
eksponatlarla, dövlət sənədləri, haqqında
yazılımış kitablarla tanış etdikdən sonra
onların təəssüratları ilə bağlı
şifahi və yazılı inşalar aparılması da
faydalıdır.
Azərbaycan
dili dərslərində ulu öndərin
çıxışlarından istifadə etməklə
doğma Vətənimizə - müstəqil Azərbaycan Respublikasına və dilimizə məhəbbət
hissləri aşılamaq imkanları genişdir. Bu
imkanların bir qismini tezis şəklində həmkarlarımıza
və oxucularımıza təqdim edirik.
* Vətənpərvərlik
hissləri aşılaya bilən cümlə və mətnlərdən
tədrisdə istifadə edilməsi;
* Azərbaycan
Respublikası və onun Prezidenti ilə bağlı
fotoalbomlar, dərs vəsaitləri və ədəbiyyatlarından
dərslərdə istifadə olunması;
* Vətənə,
ana dilimizə, onun rəhbərinə və insanlara məhəbbət
hissi aşılamaq üçün bədii gecələr,
disput, viktorina və ya digər tədbirlərin təşkili;
* Məktəbdə
ulu rəhbərin fəaliyyəti ilə bağlı
müasir, zəngin Azərbaycan dili kabinetlərinin
yaradılması;
*
Texniki vasitələrin geniş imkanları və köməyi
ilə Heydər Əliyevlə bağlı sinifdənxaric tədbirlərin
keçirilməsi;
* Azərbaycan
dili dərslərinin Heydər Əliyev irsi vasitəsilə
canlandırılması və maraqlı olmasını təmin etmək;
*
Yaradıcı insanların münsiflər heyətinə
qatılması ilə Azərbaycan dilinə və doğma Vətənə,
ulu öndərə aid müsabiqə və olimpiadaların
keçirilməsi;
* Məktəblərdə,
ali təhsil müəssisələrində görkəmli
alim, dövlət xadimləri, şair, yazıçı,
dilçi və hərbiçilərlə görüşlərin
təşkili;
*
İKT vasitəsilə çiçəklənən
respublikamızın, dilimizin, ədəbiyyatımızın
uğurlu nailiyyətlərini, gözəl mədəniyyət
nümunələrini yayınlamaq və s.
Elbəyi MAQSUDOV
Azərbaycan müəllimi.- 2011.-
9 dekabr.- S.10.