"Ankara məktəbi" məktəb-liseyində
fizika aylığına yekun vuruldu
Dekabrın 2-də Bakıdakı "Ankara məktəbi" məktəb-liseyində fizika fənnindən keçirilən fizika aylığına yekun vuruldu. Liseyin fizika müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Samirə Məşədibəyovanın təşkilatçılığı ilə keçən tədbirdə tədris ocağının müəllim-şagird kollektivi iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Səmayə Eynullayeva iştirakçıları salamlayaraq qeyd etdi ki, liseydə ənənəvi olaraq müxtəlif fənlərin aylıqları təşkil olunur. Bu da həmin fənlərə olan marağı artırmaq, istedadlı şagirdləri aşkara çıxarmağa və tədrisin keyfiyyətini yüksəltməyə xidmət edir. S.Eynullayeva bildirdi ki, fizika aylığı ərzində divar qəzetləri, xüsusi bülletenlər buraxılmış, fizika gecəsi keçirilmiş, fizika laboratoriyasında təcrübələr aparılmış, fənnin tədrisi vəziyyəti yoxlanılmışdır. Məktəb-liseyin fizika müəllimləri Tamara Həsənova IX sinifdə "Maqnit induksiya maqnit sahəsinin qüvvə xarakteristikasıdır", Əsmər Məmmədova IX sinifdə "Maqnit sahəsinin yüklü zərrəciyə təsiri", "Lorens qüvvəsi", Nina Qolubeva VIII sinifdə "Mexanizmlərin faydalı iş əmsalı", Samirə Məşədibəyova isə VII sinifdə "Təcil. Düzxətli bərabərtəcilli hərəkətdə sürət" mövzularında "açıq dərs"lər keçirmişlər. Belə tədbirlərin keçirilməsinin şagirdlərdə xüsusi maraq oyatdığını bildirən S.Eynullayeva tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirdi.
Sonra məktəb-liseyin rus bölməsinin VII və IX sinif şagirdləri tərəfindən hazırlanan "Ətalətin mühakiməsi" adlı kiçik tamaşa iştirakçılara təqdim edildi. Şagirdlər ətalət hadisəsinin xeyirli və zərərli cəhətlərini maraqlı səhnəciklərlə tamaşaçılara çatdırdılar.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
9 dekabr.- S.9.