Naxçıvan Dövlət Universitetində elmi konfrans

  

Naxçıvan Dövlət Universitetində xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqın böyük dayağı" adlı elmi konfrans keçirildi. Tədbiri giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açaraq görkəmli yazıçı, tanınmış ictimai-siyasi xadim Mirzə İbrahimovun bədii irsi, ədəbiyyatşünaslıq fəaliyyəti barədə ətraflı məlumat verdi, Prezident İlham Əliyevin xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında 19 iyul 2011-ci il tarixli sərəncamını Azərbaycan ədəbiyyatına, elmi-ictimai fikrinə verilən yüksək qiymət kimi dəyərləndirdi. Qeyd olundu ki, sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən, şəxsiyyətə pərəstiş dövründən sonrakı milli ədəbiyyatın banilərindən biri olan Mirzə İbrahimov "Gələcək gün", "Böyük dayaq", "Həyat"  kimi mükəmməl bədii nəsr nümunələrinin, dəyərli elmi-ədəbi əsərlərin müəllifidir. 1945-ci ildən akademik kimi fəaliyyət göstərən xalq yazıçısı Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktor kimi dilçilik və ədəbiyyatşünaslıq elminin yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi müasir Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin inkişafında böyük rol oynamışdır. Mirzə İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin sədri, SSRİ Ali Sovetinin deputatı və SSRİ xalq deputatı kimi ictimai-siyasi fəaliyyətində də ideoloji təzyiqlərə baxmayaraq milli mənafeyə xidmət etmiş, bir çox dövlət mükafatları, fəxri adlarla təltif olunmuşdur.

Tədbirin əsas təşkilatçılarından olan Rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Hüseyn Adıgözəlov "Mirzə İbrahimov dühasının işığı" mövzusunda məruzə edərək yazıçının XX əsr Azərbaycan və çoxmillətli sovet ədəbiyyatının parlaq nümayəndəsi kimi milli ideologiyamızın formalaşması uğrunda apardığı mübarizələrdən bəhs etdi. Qeyd olundu ki, süni surətdə sovetləşmə siyasəti aparıldığı bir dövrdə milli mənəvi dəyərləri qoruyan və təbliğ edən Mirzə İbrahimov da mənəvi repressiyalara məruz qalmış, "millətçi", "xalq düşməni" damğası ilə 1958-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılmışdır. Bütün bunlara baxmayaraq, görkəmli ədib keçmiş sovetlər dövründə də, milli müstəqillik hərəkatı dövründə də Azərbaycançılıq ideologiyası, milli azadlıq uğrunda fəal mübarizə aparmışdır. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir.

Jurnalistikadünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid "Mirzə İbrahimovun həyat və yaradıcılığının Naxçıvan dövrü" adlı məruzəsində xalq yazıçısının 1933-35-ci illərdə Naxçıvan Sovet Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat" qəzeti və Naxçıvan Maşın Traktor Stansiyasının orqanı "Sürət" qəzetlərinin redaktoru kimi yaradıcı nəslin formalaşmasında böyük rol oynadığını, ədəbi gəncliyə rəhbərlik etdiyini, mövzusu Naxçıvan həyatından götürülmüş məşhur "Həyat" pyesini məhz burada qələmə aldığını, "Nəhənglər ölkəsi" və "Həyat naminə" kitablarını fəaliyyətinin Naxçıvan dövründə çapdan çıxardığını bildirdi.

Rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrdən  Günay Babayeva "Mirzə İbrahimovmilli dilimiz",  Nərgiz Əliyeva "Mirzə İbrahimovrus ədəbiyyatı" mövzusunda məruzə edərək onun ana dilinin qorunması, Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafındakı xidmətləri barədə məlumat verdilər.

Tədbirin sonunda tələbələrin ifasında rus və Azərbaycan dillərində yazıçının əsərlərindən parçalar səsləndirildi.

Konfransda xalq yazıçısı Mirzə İbrahimova həsr olunmuş film-slaydkitab sərgisi nümayiş etdirilmişdir. 

 

Mehriban SULTAN

Azərbaycan müəllimi.- 2011.- 9 dekabr.- S.11.