Avstriya Respublikasının təhsil
sistemi
Avstriya Respublikası
Ərazisi:
83871 km²
Əhalisi: 8404252 nəfər
Paytaxtı: Vyana
Dövlət dili: Alman dili
Pul vahidi: Avro
Təhsil sistemi
Avropa İttifaqının üzvü olan Avstriya 9 əyalətdən
ibarət federal dövlətdir. Ölkə əhalisinin
88 faizi alman dilində danışır. Odur
ki, təhsil sahəsində də alman dili aparıcı
mövqeyə sahibdir. Ölkənin cənub
və şərq əyalətlərində yaşayan etnik
azlıqların ana dillərində təhsil almaları
üçün imkanlar yaradılıb.
6-15 yaşlı uşaqlar üçün təhsil
icbari xarakter daşıyır. Əhalinin
savadlılıq səviyyəsi 98 faizdir. Ölkə
üzrə ümumi xərclərin 5,4
faizi təhsil sahəsinə ayrılır.
Orta məktəblərdə təhsil aşağı və
yuxarı pillələrə bölünür. Orta təhsil pilləsi
üzrə tədris ili sentyabr ayından
iyun ayına qədər davam edir. Tədris həftəsi
6 gün davam edir. Dərslər birnövbəlidir.
Məktəblərdə tarix, iqtisadiyyat və
coğrafiya kimi fənlərin hər hansı bir xarici dildə
tədris olunmasına imkan yaradılır. Bəzi əyalətlərdə
Beynəlxalq ikidilli məktəblərin açılması
kimi pilot layihələr həyata keçirilir.
Avstriyanın ibtidai və orta məktəblərində
qiymət və bal sistemi 1-dən 5-ə qədər
hesablanır. 1 qiyməti ən yaxşı, 5
qiyməti zəif, 4 qiyməti isə keçid qiyməti kimi
qəbul olunur. İbtidai təhsil səviyyəsində,
bir sıra seçmə kurslarda - xor və dram dərslərində
uşaqlara qiymət yazılmır. Bununla
yanaşı, əhəmiyyətlilik baxımından müəyyən
fənlərə xüsusi diqqət göstərilir. Bu
fənlər üzrə şagirdlərin əldə etdikləri
nailiyyətlər ali məktəb
seçimində təkanverici amilə çevrilir.
Dövlət məktəbləri ilə yanaşı,
özəl tədris ocaqları da fəaliyyət göstərir. Özəl məktəblər
əsasən Roma Katolik Kilsəsinin nəzarəti
altındadır. Ölkə üzrə
şagirdlərin 88 faizi dövlət məktəblərində
təhsil alır.
Orta məktəbdən sonrakı təhsil dövrünə
kollec, universitet, ixtisas institutu və akademiya təhsili daxildir.
Bir çox ölkələrdən fərqli olaraq universitetlərə və digər ali təhsil müəssisələrində oxumaq üçün xüsusi qəbul imtahanı vermək tələb edilmir. Məzunların orta məktəbi bitirdiyini təsdiq edən sənəd ali təhsil müəssisələrinə qəbul olunmağa əsas verir. Bütün universitetlərdə tədris Boloniya müqaviləsinin prinsipləri əsasında qurulub. Ali təhsilin idarə edilməsi üzrə səlahiyyət federal hökumətə məxsusdur.
Təhsil, Elm və Mədəniyyət üzrə Federal Nazirlik orta, orta pillədən sonrakı təhsil, ali təhsil və texniki peşə təhsili üzrə cavabdehdir. Əmək və İqtisadi Məsələlər üzrə Federal Nazirlik isə ilkin peşə təhsili və əsasən təlim təcrübəsi məsələlərinə nəzarət edir.
Peşə təhsili proqramlarına qadınlar daha çox maraq göstərir. Riyaziyyat, kompüter elmləri və mühəndislik kimi ixtisaslara kişilərin axını üstünlük təşkil edir. Bu sahədə mövcud olan gender müxtəlifliyini aradan qaldırmaq üçün hökumət Təhsil, Elm və Mədəniyyət İşləri üzrə Federal Nazirliyin Fəaliyyət Planına uyğun olaraq xüsusi təşəbbüs proqramı hazırlayıb. Bu proqramın əsas hədəfi məktəblərə müxtariyyətin verilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
Ölkənin təhsil sistemində texniki peşə təhsili müəssisələrinə şagirdlərin cəlb edilməsi prioritet məsələlərdən biridir. Lakin son illərdə orta məktəb məzunlarının texniki peşə müəssisələrindən daha çox universitetlərə yönləndirmək üçün müəyyən təşəbbüslər edilir və xüsusi proqramlar həyata keçirilir.
Avstriya hökuməti müasir texnologiyaların tətbiqi məsələlərinə xüsusi önəm verir. Praktiki prinsiplərin təlim kurikulumlarına yönəldilməsi müsbət nəticələr verir. Şəhər və kənd arasındakı fərqliliyi aradan qaldırmaq məqsədilə multimedia və İnternet əlaqələri daha da inkişaf etdirilir.
Məktəbəqədər
təhsil
Avstriyada məktəbəqədər təhsil 3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Məktəbəqədər təhsil müəssisələri bağçalar və körpələr evlərindən ibarətdir. Uşaqların bağçalara cəlb edilməsi icbari xarakter daşımır. Valideynlərin əksəriyyəti öz uşaqlarını 5 yaşından məktəbəqədər təhsil müəssisələrinə göndərməyə üstünlük verirlər. Uşaq bağçaları yarım gün və yaxud da tam iş günü qrafiki ilə işləyirlər.
Məktəbəqədər təhsil müəssisələrində tədris prosesi uşaqların qrup məşğələləri əsasında təşkil edilir. Uşaqların hərtərəfli formalaşması üçün fərdi inkişafa təkan verən oyun metodu əsasında tədrisə də üstünlük verilir.
Məktəbəqədər təhsil müəssisələrinin 75 faizi dövlət bağçaları olsa da, yerli özünüidarəetmə qurumları tərəfindən idarə edilir. Ölkə üzrə 5 yaşlı uşaqların 90 faizindən çoxu məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur.
İbtidai təhsil
İbtidai təhsil mərhələsində tədris prosesi əsasən alman dilində aparılır və 4 il davam edir. Alman dili ana dili olmayan uşaqlar üçün iki dildə və yaxud əlavə tədris aparıla bilər.
Bəzi məktəblərdə təhsilin beynəlxalq standartlara uyğun qurulmasına xüsusi diqqət yetirilir. Belə təhsil müəssisələrində tədrisin ingilis dilində aparılmasına üstünlük verilir.
İbtidai təhsil mərhələsində dil və əmək təlimindən başqa bütün fənlər üzrə eyni müəllim dərs keçir. İbtidai təhsildə din, coğrafiya, tarix, biologiya, alman dili, oxu, yazı, riyaziyyat, xarici dil, musiqi, toxuculuq və texniki iş, idman, yol təhlükəsizliyi kimi fənlərin tədrisi icbaridir.
İbtidai məktəblər üçün nəzərdə tutulmuş bütün dərsliklər Təhsil, Elm və Mədəniyyət üzrə Federal Nazirlik tərəfindən təsdiq edilir. Eyni fənn üzrə müxtəlif dərsliklər olduğu halda, məktəblilərə dərslikləri seçməkdə tam sərbəstlik verilir.
Orta təhsil
Avstriyada 4 illik ibtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər ümumi orta təhsil pilləsinə daxil olurlar. İcbari təhsil 9 il davam edir.
Orta təhsil pilləsi iki pilləyə: ümumi orta təhsil və akademik orta təhsil pilləsinə bölünür. Hələ orta məktəb təhsili dövründə şagirdlər davamlı təhsil və ya texniki peşə təhsili istiqamətləri üzrə ixtisaslaşırlar. Riyaziyyat, alman dili və xarici dillər üç səviyyəli proqramlar üzrə tədris olunur. Bu fənlərin öyrənilməsi uşaqlara təhsil mərhələsini gimnaziyalarda davam etdirməyə imkan yaradır.
Avstriyada klassik və real gimnaziyalar daha nüfuzlu məktəblər hesab olunur. Gimnaziyalarda tədrisin keyfiyyətinə daha çox diqqət yetirilir, müasir xarici və klassik dillər öyrədilir. Gimnaziyaların məzunları universitetlərə imtahansız qəbul edilir.
Ölkə üzrə təxminən 320 orta təhsil verən gimnaziya fəaliyyət göstərir. Bu gimnaziyalarda da təxminən 360000 şagird təhsil alır.
Kurikulumlar Təhsil, Elm və Mədəniyyət üzrə Federal Nazirliyinin təşkil etdiyi ekspertlərdən ibarət işçi qrupu tərəfindən hazırlanır. Bu işdə onlara məktəb direktorları, müəllimlər və kənar ekspertlər yaxından kömək edir, müvafiq tövsiyələr verirlər. Qeyd etdiyimiz kimi, ümumi icbari təhsil dinindən, irqindən, milliyyətindən və sosial mənşəyindən asılı olmayaraq Avstriya vətəndaşı olan bütün uşaqlara şamil edilir.
Dövlət məktəbləri ilə yanaşı, özəl orta məktəblər də fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil haqqı üçün heç bir ödəniş tələb olunmur. Federal hökumət tərəfindən uşaqların məktəbə gedib-gəlməsi üçün xüsusi nəqliyyat vasitəsi ayrılır. Şagirdlər dövlət tərəfindən dərsliklərlə də təmin olunur. Müəyyən hallarda valideynlərdən dərslik haqqının 10 faizini ödəmək tələb olunur. Orta məktəblərdə dərslər sentyabrın əvvəlində başlayır.
Orta məktəbi bitirmiş məzunlara 9 illik icbari təhsil haqqında şəhadətnamə verilir. Məktəblilərin 100 faizi icbari təhsil pilləsini tamamlamağa nail olurlar.
Dövlət və özəl məktəblərindən əlavə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müvafiq məktəblər də fəaliyyət göstərir. Belə məktəblərdə tədris digər tədris ocaqlarından fərqlənir.
Şagirdlərin təxminən 40 faizi icbari təhsil pilləsini başa vurduqdan sonra peşə məktəblərinə, eləcə də təlim və təcrübə proqramlarına daxil olurlar.
Texniki peşə
təhsili
Avstriyada texniki peşə təhsili və təlimi məktəbləri və kolleclərinin yaranması XIX əsrə təsadüf edir. Həmin dövrdən ötən müddətdə texniki peşə təhsilində ciddi dəyişiklik olunub və bu sahə bir neçə inkişaf mərhələsindən keçib.
Texniki peşə məktəblərində mühəndislik, incəsənət, geyim, turizm, biznes və ticarət, idarəetmə və xidmət sənayesi, sosial xidmətlər, kənd təsərrüfatı, səhiyyə və tibb sektoru, kosmetika, heyvanlara qulluq kimi ixtisaslar tədris olunur. İxtisasdan asılı olaraq texniki peşə məktəblərində təhsil müddəti 3-5 il arasında dəyişir.
Orta təhsili başa vuran məzunların seçdikləri peşə kolleclərində əsasən sosial işçi, müəllim hazırlığı və tibb işçilərinin təlimi sahələri üzrə tədris aparılır. Həmin kolleclərdə peşə təhsili adətən altı semestr davam edir və müəyyən peşə sahəsinə dair diplomun verilməsi ilə nəticələnir.
Ali təhsil
Avstriyada ali təhsil müəssisələri sırasına universitet, incəsənət universitetləri, kolleclər (bu təhsil müəssisələrində müəllimlər və sosial işçilər kimi mütəxəssislər hazırlanır) və digər ali məktəblər daxildir. Ali məktəblərdə tələbələrə ümumi nəzəri biliklər verilir. Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti dövründə əldə edilir.
Avstriyada bütün universitetlər dövlət tərəfindən maliyyələşdirilir. Universitet əməkdaşları və müəllimlər dövlət qulluqçusu hesab olunurlar. Universitetlər federal büdcədən maliyyələşir.
1994-cü ildən ölkədə tətbiqi elmlər universitetləri fəaliyyətə başlayıb. Bu ali təhsil müəssisələrinin fəaliyyətinə Avstriyanın elm və tədqiqat naziri tərəfindən on altı nəfər ekspertdən ibarət təşkil olunmuş müstəqil agentlik nəzarət edir. Tətbiqi elmlər universitetlərinin təhsil proqramları digər ali məktəblərin təhsil proqramlarından fərqlənir. Bu universitetlərin təhsil proqramlarında peşə təhsili ali təhsil səviyyəsində öyrənilir və əmək bazarının tələbləri daha çox nəzərə alınır.
Müəyyən olunmuş vaxt ərzində ali təhsil proqramlarını mənimsəyən Avstriya və Avropa ölkələrinin vətəndaşları üçün ali təhsil ödənişsizdir. Universitetlərdə verilən bakalavr, magistr və dokror dərəcələri ABŞ, Kanada və digər Avropa ölkələrindəki müvafiq dərəcələrə uyğundur.
Hazırda Avstriyada 22 ali təhsil müəssisəsi,
18 tətbiqi elmlər universiteti, 11 özəl universitet fəaliyyət
göstərir. 1365-ci ildə təsis olunmuş Vyana
Universiteti Avropada qədim tarixi ənənələrə
malik olan ikinci ən böyük universitet hesab olunur. Ali
təhsil müəssisələrində dərs ili 8-12
semestrdən ibarət olur. Qış semestri oktyabrın 1-dən,
yay semestri isə martın 1-dən başlayır. Hər bir
semestrin sonunda imtahan verilir. Son kursda tələbələrdən
diplom işi yazmaq tələb olunur.
Akkreditasiya Şurası tam müstəqil qərarvermə
hüququna malikdir. Bu qurum özəl universitetlərin,
akademik proqramların, akkreditasiyadan keçmiş özəl
universitetlərin yenidən akkreditasiyası və onların fəaliyyətinə
nəzarət məsələlərini həyata keçirir.
Ən məşhur ali təhsil
müəssisələrinin sırasına Vyana Universiteti,
Vyana Tibb Universiteti, Təbii Resurslar və Tətbiqi Həyat
Elmləri Universiteti, Vyana İqtisadiyyat və Biznes
Administrasiyası Universiteti,
Vyana Tətbiqi İncəsənət
Akademiyası, Vyana Musiqi Universiteti daxildir.
Avstriya ali məktəblərində kifayət qədər
əcnəbi tələbələr təhsil alır. Ölkə universitetlərində oxumaq istəyən
əcnəbilərdən alman dilini yüksək səviyyədə
bilmək, orta məktəbi bitirmək haqqında sertifikat və
sağlamlıq haqqında arayış tələb olunur.
Avstriya universitetləri
digər inkişaf etmiş ölkələrdə olduğu
kimi, ən yüksək səviyyəli elmi-tədqiqat
qurumları hesab olunur. 2004-cü ildən
universitetlərin hamısı elmi-tədqiqat işlərində
və təhsil fəaliyyətlərində muxtar status
qazanıb, tam müstəqil hüquqi qurum kimi fəaliyyət
göstərirlər.
Yaşlıların təhsili
Avstriyada XIX əsrin sonlarından tətbiq olunan
yaşlıların təhsili proqramından hər bir Avstriya
vətəndaşı yararlana bilər. Bəzi kurslar
və təlim proqramlarında xüsusi ixtisas təhsilinin
olması tələb olunur. İşləyən
yaşlı şəxslərin təhsili proqramını
seçənlər minimum səkkizillik təhsil
proqramını bitirməli və 17 yaşına
çatmış şəxs olmalıdır. Bəzi tədris ocaqları təhsil
proqramının iştirakçılarına daha əlverişli
imkan yaratmaq üçün axşam kursları da təşkil
edirlər. Yaşlıların təhsili
daha çox texniki peşə məktəbləri və
kollecləri, əmək bazarı xidməti orqanları tərəfindən
həyata keçirilir.
Ölkə üzrə yaşlıların təhsili
istiqamətində 270-ə yaxın yaşlıların təhsili
mərkəzi, 9 regional assosiasiya, 1 federal assosiasiya fəaliyyət
göstərir.
Elmi tədqiqatlar
Avstriyada elmi tədqiqatlar universitetlərdə və
qeyri-universitet sektorunda aparılır. 2010-cu ildə federal
hökumət elmi tədqiqatların maliyyələşməsinə
400 milyon avro vəsait ayırıb. Elmi-tədqiqat
müəssisələri Təhsil, Elm və Mədəniyyət
üzrə Federal Nazirliyin nəzarəti altında fəaliyyət
göstərirlər.
Ölkənin elmi tədqiqat
şəbəkəsinin lideri 1847-ci ildə
yaradılmış Avstriya Elmlər Akademiyasıdır.
Akademiyanın nəzdində 22 institut, 5 tədqiqat mərkəzi,
35 elmi komissiya, 3 tədqiqat şirkəti fəaliyyət
göstərir.
Avstriya İqtisadi Tədqiqatlar İnstitutu və Mükəmməl
Tədqiqatlar İnstitutunda iqtisadiyyat sahəsində tədqiqatlar
aparılır. 1989-cu ildə yaradılmış Kristian
Dopler Tədqiqat Assosiasiyasında fundamental tədqiqatlar vasitəsilə
əldə edilmiş biliyin sənayedə tətbiq edilməsi
məsələləri araşdırılır. Bu mərkəzin əsas məqsədi texnologiya və
iqtisadiyyat sahələrində elmi yeniliklərin
inkişafına təkan verməkdən ibarətdir.
Bu günə qədər
Nobel mükafatı almağa 16 avstriyalı alim təqdim
edilib. Onlardan 3 nəfəri bu ali
mükafata layiq görülüb.
Beynəlxalq əməkdaşlıq
Avstriya təhsil və elmi əməkdaşlıq sahəsində
beynəlxalq əlaqələrə xüsusi önəm verir. Ölkə
1948-ci ildən etibarən Avropa Yenidənqurma və
İnkişaf Bankının, 1956-cı ildən Beynəlxalq
Maliyyə Korporasiyasının, 1961-ci ildən isə Beynəlxalq
İnkişaf Assosiasiyasının üzvüdür. Bu qurumlarla əməkdaşlıq ölkədə
təhsilin, elmin inkişafına xidmət edən
islahatların dərinləşməsinə təkan verir,
insan amilinə daha həssaslıqla yanaşılmasına yol
açır. Ölkənin sosial-iqtisadi və
mədəni inkişafı, müasir texnologiyaların tətbiqi
baxımından qabaqcıl dünya təcrübəsindən
uğurla istifadə edilir, Avstriyadakı mütərəqqi
yeniliklərdən digər ölkələr bəhrələnir.
Ölkənin təhsil və elm sahəsində beynəlxalq
əlaqələri hökumətlərarası
razılığa əsaslanan Elmi və Texnoloji Əməkdaşlıq
Müqaviləsi ilə tənzimlənir. Bu baxımdan
elm və texnologiya sahəsində imzalanmış digər
müqavilələr də mühüm rol oynayır.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında
Avstriyanın Təhsil, Elm və Mədəniyyət üzrə
Federal Nazirliyinin rəsmi materiallarından istifadə olunub.
Azərbaycan
müəllimi.- 2011.- 13 dekabr.- S.12-13.