Zamanı qabaqlayan alim
Elm yanğısı onun
qəlbinin ehtirası idi
Rusiyada 300 illiyi böyük
təntənə ilə qeyd olunan dünya səviyyəli
birinci rus alim-təbiətşünası,
ensiklopediyaçı, kimyaçı, fizik
Mixail Vasilyeviç Lomonosov vaxtilə fiziki-kimyaya
indiki dövrün tərifinə
çox oxşayan
anlayış verib və fiziki-kimyəvi tədqiqatların
geniş proqramını işləyib. Lomonosov həmçinin
astronomiya, cihaz nəzəriyyəçisi,
coğrafiyaçı, metallurq, geoloq, şair, rəssam, tarixçi olub, müasir rus dilinin əsasını qoyub.
Rusiya təhsil sisteminin,
elm və iqtisadiyyatının
inkişafına dair bir
sıra layihələr hazırlayıb.
Kəndli
balası
Mixail Lomonosov 1711-ci il
noyabrın 19-da Rusiya
imperiyasının şimalında, Arxengelsk
vilayətində o dövrün elm və ədəbiyyat mərkəzləri
sayılan Moskva və Sankt-Peterburqdan
uzaqda şimali Dvina çayının mənsəbində
yerləşən Mişanin kəndində
(indiki Lomonosov kəndi)
balıqçı ailəsində doğulub.
Lomonosovun doğulduğu
və boya-başa çatdığı
bölgədə elm və tədris
müəssisələri yox idi, yerli əhali əsasən
heyvandarlıq, balıqçılıq, ovçuluqla
məşğul idi. Balaca
Mixaili də bu cür həyat gözləyirdi... Lakin Mixail Lomonosovun
uşaqlıqdan təbiət qanunlarının dərk edilməsinə dərindən
diqqət kəsilməsi, yaradıcılığa hədsiz maraq göstərməsi onun
gələcək həyat yolunun xeyli fərqli məcrada davam
etməsinə yol açdı. Lomonosovun doğulduğu sərt
iqlimli ərazidə güclülər qalib
gəlir, zəiflər geri çəkilirdi.
Həyat şəraiti Mixail Lomonosovu da
qaçılmazlıqla üz-üzə qoymuşdu.
O, kiçik yaşlardan
iribədənli, güclü və inadkar təsiri bağışlayırdı. Kiçik yaşlarından anası Yelena İvanovnaya kömək etməli oldu, sonra isə ailə təsərrüfatının
idarə olunmasında atasının ən yaxın köməkçisi
idi. Tale onun üzünə
gülmədi. Hələ 9 yaşında ikən anası vəfat
etmişdi. Atası ikinci
dəfə evləndi. Ögey ana Mişanı sevmirdi. Ola bilsin ki, balaca
Mişanın inadkarlığı və sərbəstliyi onu qıcıqlandırırdı. Lakin atası Vasili Dorofeyeviç təsərrüfat
işlərinin idarə olunmasında
Mixailə ciddi yanaşırdı.
O, fərasətli oğlunun savad dalınca
getməsinə çox
çalışırdı. Lomonosov oxumağı tez
öyrəndi. Onun səsi çox güclü, tələffüzü
çox aydın idi.
Kənddəki ruhani ata
dəfələrlə Mixailə yerli kilsədə
ayinləri oxumağı
tapşırmışdı. Özündən
yaşlı olan yeniyetmələr Lomonosova layiq
olmadığı yeri tutan
adam kimi baxır və
ona həsəd aparardılar. Mixailin xətti çox kobud idi, dərhal hiss olunurdu ki,
bu əllər balta və
avara daha çox öyrəşib. Smotritskinin
"Slavyan qrammatikası" və Maqnitskinin "Hesab"
kitabları onun ilk oxuduğu kitablar olub. Bir dəfə oxuduğu bu dərslikləri
Lomonosov əzbərdən bilirdi
və bütün həyatı boyu yaddaşına həkk etmişdi.
Sonralar qeyd edirdi ki, bu
kitablar onun "alimliyinin darvazası" olublar. Yaşına
görə iri cüssəli və hündürboy olan Mixaili
valideynləri tezliklə evləndirmək qərarına gəlirlər.
Taleyüklü qaçış...
Lakin
Mixailin öz planları vardı. O, Moskva kimi böyük bir
şəhərin varlığından xəbərdar idi. Və
burada elm, savada yiyələnmək olardı. Onu evdən
xoşluqla buraxmadılar. Qaçmaq lazım gəldi.
Qaçmaq üçün ən əlverişli zaman
seçdi ki, onu olduqca sərt, şaxtalı gündə
axtarıb tapmaq və evə qaytarmaq tamamilə
mümkünsüz olsun. Yolda donmaq riski çox böyük
idi. O, ən ağlagəlməz addım atmalı oldu.
Özünü Moskvaya balıq daşıyan xizəkçi
arabasına çatdırdı. Və bir neçə həftədən
sonra Lomonosov artıq Moskvada idi. Lakin pulsuz və
tanışsız, Moskva kimi yad bir şəhərdə yer
tapmaq asandırmı? Nə qədər iradə, cəsarət,
özünə inam və canatma lazımdır ki, qarşıya qoyduğun məqsədə
çatasan...
Birinci gecə
Mixail balıqçı dükanında gecələdi.
İkinci gün səhərdən onu ümidsizlik
bürüdü. O, dizi üstə düşərək
ağlayır və dualar edirdi, bundan sonra nə etmək və
haraya üz tutmağı aydınlaşdıra bilmirdi. Bu an təsadüfən
Lomonosov mağazaya balıq almağa gələn yerlilərindən
biri ilə rastlaşır. Mixailin Moskvaya gəlişinin səbəbini öyrənən bu adam
tanışları vasitəsi ilə onu Rusiyada yeganə ali məktəb
olan Slavyan-yunan-latın Akademiyasına qəbul etdirir. Onu yalnız ona görə qəbul
edirlər ki, Mixail özünü keşiş oğlu kimi qələmə
vermişdi. Kəndlilərə və sənətkarlara bu təhsil
müəssisəsində oxumaq qadağan idi. Lakin bu
yalanın üstü açılır və yalnız Mixailin biliklərinə və
fərasətinə heyran
olan arxiepiskop Feofan
Prokopoviçin dəstəyi nəticəsində o, akademiyada
təhsilini davam etdirə bilib.
Yaşamaq isə xeyli çətin idi. Akademiyanın tələbələri
ildə 10 rubl alırdı. Sonralar Lomonosov bu barədə
yazırdı:"...danışılması mümkün
olmayan kasıbçılıq: gündə 3 qəpik pul xərcləyirdim.
Bu yalnız çörəklə kvas içməyə
çatırdı, bundan əlavə, yeməyə,
kağıza, geyim şeylərinə və s. böyük
ehtiyacım olsa da buna heç cür imkan yox idi. Bu ehtiyaclar
içərisində 5 il yaşadım, hər çətinliyə
dözdüm, lakin elm öyrənməyi
dayandırmadım".
Lomonosov daim aclıqdan əziyyət çəkirdi. Qənaət etdiyi
pulları yalnız kitablara xərcləyərdi. O, səyləri
və əldə etdiyi uğurları ilə müəllimlərini təəccübləndirməkdə
davam edirdi. O, təkcə Moskvada deyil, Kiyevdə,
Sankt-Peterburqda təhsil almışdı. Bir neçə
müddətdən sonra ən istedadlı tələbələri
kimya və dağ-mədən işini öyrənmək
üçün Almaniyaya göndərdilər. Onların
arasında Lomonosov da vardı. Rus elmində terminologiyanın əsasını
qoyan Lomonosov hazırda işlənən bir çox elmi
sözlərin çoxunu ədəbiyyata
daxil edib. Məsələn, fizika, termometr, düstur,
porşen, elastiklik, sferik, atmosfer, barometr, şüanın sınması,
maqnit qütbü və s.
Onu o dövrün
ən görkəmli alimi hesab edirdilər. Lomonosov kimya, fizika,
riyaziyyat, mexanika sahəsində ciddi tədqiqat işləri
ilə məşğul olurdu. Onun fizika və astronomiya sahəsində
işləri bütün Avropada maraqla izlənirdi və onu ən
yüksək səviyyədə qəbul edirdilər.
Moskva Universitetinin banisi
Avropadan
qayıdan Lomonosov olduqca rəngarəng elmi tədqiqatları
ilə akademiyanın fəaliyyətində başlıca rol
oynamağa başlayır. 1742-cı ildən Peterburq Elmlər
Akademiyasında işləyən Lomonosov bir-birinin ardınca
elmi məqalələr dərc etdirir, kimya və fizika sahəsində
mühüm kəşflər edir. 1748-ci ildə Rusiyada ilk
kimya kabineti yaradır. Kimyəvi tədqiqatlar
üçün tələb olunan bir çox cihaz və
avadanlıqları Lomonosov özü düzəldib. Venera
planetinin hərəkətini izləyir, elektrik hadisəsini tədqiq
edir, şimal dəniz yolunu işləyib hazırlayır.
Lomonosovun
adı artıq elmi dairələrdə hamıya tanış idi. İlk rus alimi kimi onu bir
neçə xarici elmlər akademiyasının fəxri
üzvü seçirlər. Rusiya elmi məhz Lomonosovun
timsalında Avropada tanınmağa başlayır. Rusiya Elmlər Akademiyasında isə
vəziyyət olduqca mürəkkəb idi. Bütün
işlərə imperatorluğun elm məsələləri
üzrə katibi alman Şumaxer nəzarət edirdi. O, rus alimlərinin
inkişafına və onların elmi fəaliyyətinə
imkan vermir, yalnız xarici alimləri dəstəkləyirdi.
Lomonosov saray məmuru ilə gərgin mübarizəyə
başlayır. Şumaxeri tezliklə təhsilə və elmə
ayrılan pulların sovrulmasında və dövlət
büdcəsinin israfçılığında ittiham edirlər.
Lakin imperatriça Yekaterinanın şəxsi həkimi
Lestokun müdaxiləsi ilə Şumaxer vəzifəsində
qalır. Lomonosov isə mübarizəsini davam etdirir.
Şumaxer son günlərinə qədər Lomonosova ziyan
vurmaqda davam edib. Lakin o, Lomonosova
qalib gələ bilməyib. Yekaterinanın favoritlərindən
hesab olunan qraf İvan Şuvalov tezliklə Lomonosovu öz himayəsinə
götürdü. Şuvalov
elmi, incəsənəti, poeziyanı sevir və Lomonosovun kimya
sahəsində işləri ilə maraqlanırdı. Məhz
qraf İ.Şuvalovun köməyi ilə 1775-ci ildə
Lomonosovun təşəbbüsü və onun layihəsi əsasında
Moskva Universitetinin əsası qoyulur. Universitet təkcə zadəganlar
üçün deyil, Lomonosovun öz təbirincə desək,
"elmi qabiliyyətli bütün şəxslər
üçün" nəzərdə tutulmuşdu.
Qeyri-adi dahiliyinin gücü ona tezliklə dünya şöhrəti
qazandırmışdı. Onun kəşflərinin əksəriyyəti
elmi dairələrdə deyildiyi kimi, "zamanı
qabaqlayırdı". Məsələn, təcrübələr
aparmaqla maddə kütləsinin saxlanması qanununu kəşf
etmişdi. O sübut etmişdir ki, təbiətdə heç
bir şey itmir və birdən-birə heç nədən əmələ
gəlmir, yalnız bir şəkildən başqa şəklə
keçir. 1760-cı ildə alman alimi Eylerə bu barədə
məlumat vermişdi. Lomonosov öz kəşfi barədə
Rusiya İmperator Akademiyasının təntənəli
iclasında açıqlama vermişdi. Bu barədə
sonralar elmi məqalə də
yazmışdı. Fransız alimi Lavuazye isə 29 il sonra eyni
qanunu bir daha sübut etmişdi, lakin qanun bu vaxta qədər
Lomonosovun deyil, fransız alimin şərəfinə
adlanır.
Mixail Lomonosov
ensiklopedik insan
olduğundan məşğul olduğu elm sahələri
üzrə ciddi tədqiqatlar apara bilib. Böyük rus şairi
Aleksandr Puşkin onun haqqında yazırdı:
"Özünün böyük iradəsini və yüksək
dərketmə qabiliyyətini ortaya qoyaraq Lomonosov təhsilin
bütün sahələrini əhatə edə bildi. Elm
yanğısı onun qəlbinin ehtirası idi".
Milli elmin təəssübkeşi
Lomonosov
yazırdı:"mən ölümdən qüssələnmirəm,
yaşadım, səbr etdim və mən bilirəm ki, haqqımda vətən
oğulları təəssüflənəcəklər".
Onu daha çox başladığı işlərin taleyi
narahat edirdi. Hərdənbir ona elə gəlirdi ki, bütün işləri puça
çıxıb. Lomonosov imperatriça II Yekaterinanın səylərindən
narahat idi. Bilirdi ki, onun
başladığı milli rus elminin inkişaf etdirilməsi
işləri təhlükə altındadır. Qeyd edək
ki, Yekaterina Rusiyada milli alimlərin deyil, Qərb alimlərinin
işləməsinə daha prioritet əhəmiyyət verilməsi
barədə göstəriş vermişdi.
Lomonosov bir alim olaraq vətən
qarşısında borcunu çox aydın hiss edirdi.
Özü hələ sağlığında bu barədə
yazırdı: "Mən həvəslə susar və tam
sakitlik içində yaşayardım. Lakin ədalət tərəfindən
mühakimə olunaraq cəzalandırılmaqdan, məni istedaddan və elm yolunda səylərimdən məhrum etməmiş və həyatımda
ən qiymətli olan elmi biliklərin vətənimdə yayılması
üçün bütün maneələri aşmaqda mənə
səbr, cəsarət, nəcib inadkarlıq vermiş
Tanrıdan qorxurdum". Lomonosov şair kimi
sağlığında məşhurlaşmışdı. Bəşəriyyət
tarixi ərzində ən böyük alimlərdən biri kimi
tanınan Lomonosov ölümündən qabaq yazırdı:
"Yalnız ona təəssüflənirəm ki, vətənimin
xeyiri, elmin inkişafı və akademiyanın şöhrəti
üçün görmək istədiklərimi başa
çatdıra bilmədim".
"Bizim ilk universitetimiz"
Lomonosov
Rusiyanın inkişafında böyük rol oynamış bir çox elmi, texniki və mədəni
təşəbbüslərin təşkilatçısı
olmuşdur. 1758-ci ildə Coğrafiya Departamenti, Tarix
İnstitutu, Universitet və Elmlər Akademiyası tabeliyindəki
gimnaziyanın fəaliyyətinə rəhbərlik ona həvalə
olunmuşdu. Hakimiyyət dəyişikliyi və II
Yekaterinanın imperiyanın başına keçməsindən
sonra Lomonosovun başı üzərində qara buludlar
dolaşıb. Düşmənləri böhtan ataraq Lomonosovu
Yekaterinanın gözündən salmağa başlayıblar.
İmperatriça onların tərəfində olub. O, hətta
Lomonosovun akademiyadan kənarlaşdırılmasına dair sərəncam
da imzalamışdı. Lakin qraf Qriqori Orlovun
havadarlığı sayəsində Yekaterina öz
mövqeyini dəyişmişdi. O, Lomonosovu şəxsən
ziyarət edərək onunla nahar etmişdi. Bu fakt Lomonosovu
düşmənlərinin sonrakı hücumlarından xilas
etmişdi. Yekaterina Lomonosovun istefası barədə
yazmış olduğu və Senata göndərdiyi əmri geri
götürməli olub. Hətta onun əməkhaqqının
2 min rubla qədər artırılmasına göstəriş
verilmişdi. Ona qədər alim cəmi 300 rubl alırdı.
O, 1765-ci il aprelin 15-də vəfat edib.
Elmin bütün sahələrinə
aid bir sıra
ilk qiymətli elmi tədqiqat əsərləri yazmış
Lomonosov irsinə ən düzgün qiyməti böyük rus
şairi Aleksandr Sergeyeviç Puşkin verib. O, çox haqlı deyib ki,
"Lomonosov özü bizim ilk universitetimiz olmuşdur". Lomonosovun elm və təhsil sahəsində
bir sıra fikirləri olduqca müasirdir. Lomonosov milli təhsilin
beynəlmiləlləşməsi kimi olduqca müasir ideyanın müəllifi
idi. Onun ən böyük arzusu Rusiyanı savadlılar ölkəsinə
çevirmək və xalq arasından görkəmli alimlərin
yetişdirilməsi idi.
Hazırladı: Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2011.-
9 dekabr.- S.15.