Azərbaycan Texniki Universitetinin
tələbələri
ABŞ-ın Berkli Kaliforniya
Universitetində təhsil ala biləcəklər
Son
illər Azərbaycan dövlətinin və ölkə
başçısı cənab İlham Əliyevin daim diqqət
mərkəzində olan sahələrdən biri də təhsilin
səviyyəsinin artırılması, kadrların peşə
hazırlığının optimal yüksəldilməsidir. Bu
ölkəmizin genişlənən beynəlxalq əməkdaşlıq
istiqamətlərindən biri olan və əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş tələbə mübadiləsində
mühüm rol oynayır.
Son illər bu istiqamətdə bir sıra addımlar atılmış, xüsusən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" müvafiq sərəncamı gənclərimizin xaricdə təhsil alması, ölkənin elmi-texniki potensialının möhkəmlənməsi prosesində yaxından iştirak etməsi, ən müasir modern texnologiyalara birbaşa çıxışını təmin etmək məqsədini reallaşdırmağa geniş imkan yaratmışdır. Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" öz növbəsində istedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasına təkan vermişdir.
Müasir dövr regionda şəksiz iqtisadi lider kimi tanınan, inkişaf templərinə görə ən optimist proqnozları belə üstələyən Azərbaycanda xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarına mükəmməl yiyələnmiş yüksək hazırlıqlı mütəxəssislərə artan tələbatın ödənilməsini zərurətə çevirmişdir. Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni inkişaf mərhələsində olduğu bir zamanda dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması prioritet məsələlərdən biridir. Ölkəmizdə texniki kadrların hazırlanması sahəsində zəngin təcrübəsi, dünyanın bır sıra nüfuzlu universitetləri ilə geniş beynəlxalq əməkdaşlıq əlaqələri olan Azərbaycan Texniki Universitetinin təkcə ABŞ-da deyil, bütövlükdə dünyada ən aktual elmi problemlərin tədqiqi sahəsində yüksək göstəriciləri ilə seçilən Berkli Kaliforniya Universiteti ilə bu il sentyabrın 22-də imzaladığı müqavilə bu baxımdan olduqca böyük əhəmiyyət kəsb edir.
Müqavilənin bağlanması təşəbbüsü bu ilin mayında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Texniki Universitetinin rəhbər işçiləri və əməkdaşlarından ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinə səfəri zamanı irəli sürülmüşdür.
Mayın 21-də universitetdə keçirilən görüşdə Azərbaycan Respublikası tərəfindən rabitə və informasiya texnologiyaları naziri, AMEA-nin həqiqi üzvü, professor Əli Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, RİTN-in əməkdaşları İspəndiyar Əliyev, Ayaz Bayramov, AzTU-nun dosenti Şahnaz Şahbazova və Berkli Kaliforniya Universiteti tərəfindən dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadə, Berkli Kaliforniya Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-kansleri Ron Qronski və universitetin elektrik mühəndisliyi və kompüter bilikləri fakültəsinin dekanı, professor Şankar Sastry arasında dünyanın perspektivli gələcəyi, qitələr, xalqlar və dövlətlər arasında əməkdaşlığın və ünsiyyətin daha da yaxşılaşdırılmasında, habelə qarşılıqlı anlaşmanın ali prinsiplərinə müvafiq olaraq münasibətlərin elm və təhsil sahəsində hərtərəfli inkişafi üçün danışıqlar, faydalı və konstruktiv məcrada müzakirələr aparılmışdır. Həmin danışıqlar sentyabrın 22-də Berkli Kaliforniya Universiteti ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Texniki Universiteti arasında üçtərəfli müqavilənin imzalanması ilə nəticələnmişdir.
Müqavilədə universitetlər arasında fakültə tədqiqatçıları, elmi dərəcəli magistr və tələbələrin təhsili, mədəniyyət və elm mübadiləsinin artırılması üçün formal münasibətlərin yaradılması nəzərdə tutulmuşdur. Bütün xərclər göndərən universitetlər tərəfindən ödəniləcəkdir. Müqavilə 5 il müddətinə bağlanmışdır. Müqaviləyə əsasən mübadilə olunan tələbə iki semestr müddətinə göndərilə bilər. Magistrlər, doktorantlar, gənc alimlər, müəllim - professor heyəti və tədqiqatçı - vizitorların Berkli Kaliforniya Universitetində ixtisaslaşmaları Azərbaycanın beynəlxalq səviyyədə təhsil və elm sahələrində yaratdığı əməkdaşlıq tellərində, ələlxüsus da tələbə mübadiləsi prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan Texniki Universiteti Berkli Kaliforniya Universitetinin rəsmi saytında qeyd olunmuş yeganə Cənubi Qafqaz universitetidir.
Şahnaz ŞAHBAZOVA
Azərbaycan müəllimi.-
2011.- 9 dekabr.- S.21.