Əkbər Əsgər oğlu Ənnağıyev

  

Əkbər Əsgər oğlu Ənnağıyev 1911-ci ildə Naxçıvanda anadan olub.

Valideynləri muzdlu fəhlə işləyib. Onu 1924-cü ilədək valideynləri himayə edib. 1925-ci ildən maddi çətinlikləri dəf etmək üçün işləyib. Əmək fəaliyyətinə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Naxçıvan Vilayət Komitəsində kuryer kimi başlayıb.

O, 1927-1930-cu illərdə Zaqafqaziya Dəmiryolu Fabrik-Zavod Şagirdliyi Məktəbində təhsil alıb. 1930-cu ildə ÜİK(b)P sıralarına daxil olub, çilingər sexində təlimatçı işləyib. 1931-ci ildə Kiyev artilleriya məktəbinə qəbul olunub.

1932-ci ildə Zaqafqaziya Fabrik-Zavod Şagirdliyi Məktəbinə rəis müavini vəzifəsinə təyin edilib. İstehsalatda çalışa-çalışa fəhlə fakültəsində təhsilini davam etdirib. 1932-ci ilin noyabrında Yol Nəqliyyatı Texnikumunda təhsil almaq məqsədilə Bakıdan Tbilisiyə gedib.

Əkbər Ənnağıyev 1933-cü ildən 1938-ci ilə qədər Xalq Daxili İşlər Komissarlığı orqanlarında işləyib. 1938-ci ilin martında xəstəliklə əlaqədar Xalq Daxili İşlər Komissarlığı orqanlarından xaric olunub.

1938-ci ilin aprelindən dekabrına qədər Zaqafqaziya Dəmiryolu Bakı sərnişin stansiyasının partiya bürosunun katibi vəzifəsində çalışıb, sonrakı bir ildə isə Zaqafqaziya Dəmiryolunun Bakı bölməsinin Siyasi şöbəsinin rəisi olub. 1939-cu ilin dekabrından 1940-cı ilin aprelinə qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) Nəqliyyat şöbəsinin müdiri, 1940-cı ilin aprelindən sentyabrına qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1940-cı ildə Azərbaycan Kommunist Partiyası tərəfindən Moskva Ali Partiya Məktəbinə oxumağa göndərilib.

İkinci Dünya müharibəsində iştirak edib, 1941-ci ilin iyununda ordu sıralarına çağırılıb. 1941-ci ilin oktyabrına qədər Xalq Daxili İşlər Komissarlığının Qərb Hərbi Dairəsində, sonra isə Zaqafqaziya cəbhəsindəki Xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. Ordudan tərxis edildikdən sonra - 1941-ci ilin oktyabrından 1942-ci ilin yanvarına qədər AKP MK-nın Nəqliyyat şöbəsinin müdiri, 1942-ci ilin yanvarından 1943-cü ilin yanvarına qədər isə Zaqafqaziya Dəmiryolunun Bakı bölməsinin Siyasi şöbəsinin rəisi olub.

1943-cü ilin yanvarında Təbrizə işə göndərilən Əkbər Ənnağıyev Siyasi şöbə rəisi kimi çalışıb. İrandan qayıtdıqdan sonra 1943-cü ilin oktyabrından 1944-cü ilin mayına qədər Kirovabad (indiki Gəncə) şəhərində Azərbaycan Kommunist Partiyası Şəhər Komitəsində sənaye və nəqliyyat üzrə katib müavini vəzifəsində çalışıb. 1944-cü ildə yenidən İrana - Tehran şəhərinə göndərilib, 1946-cı ilin mayına qədər 50 nömrəli Hərbi-istismar bölməsinin (HİB) Siyasi şöbəsinə rəhbərlik edib.

1946-1949-cu illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Bakı Şəhər Dzerjinski Rayon Komitəsinin birinci katibi olub. Sonra Azərbaycan Dəmiryolu Siyasi şöbəsinin rəisi vəzifəsinə təyin olunubTbilisi Dəmiryolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Bakı filialında təhsil alıb.

1947-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. Samur-Dəvəçi kanalının inşasında fəaliyyətinə görə "Şərəf nişanı" ordeni ilə təltif edilib.

1954-1959-cu illərdə SSRİ Nazirlər Soveti yanında Əmək Ehtiyatları Baş İdarəsinin rəisi, 1959-1961-ci illərdə Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri vəzifələrində işləyib. Öz işinə hər zaman ciddi münasibət göstərən Əkbər Ənnağıyev bu sahənin inkişafı yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün səy bacarığını əsirgəməyib.

1963-cü ildə Azərbaycan SSR kommunal təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülüb.

Əkbər Ənnağıyev 1967-ci ildə vəfat edib.

 

Azərbaycan müəllimi.- 2011.- 9 dekabr.- S.16.