Azərbaycan
Müəllimlər İnstitutunda görüş
Azərbaycan Müəllimlər İnstitutu bu gün respublikamızın öndə gedən ali təhsil ocaqlarından biridir. Burada son illər institutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlının gərgin səyi nəticəsində ciddi yenidənqurma işləri görülmüş, təhsil sahəsində xeyli uğurlar əldə edilmişdir. Bu ali təhsil ocağında tələbələrin dünyagörüşlərinin artırılması məqsədilə mütəmadi olaraq tanınmış ziyalılar, sənət adamları ilə görüşlər keçirilib.
Belə görüşlərdən biri dekabrın 6-da institut tələbələrinin sevimli yazıçısı Elxan Elatlı ilə baş tutdu. Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Tünzalə Yusifova qonağa institutun rektoru Aqiyə Naxçıvanlının adından hədiyyə və gül dəstəsi təqdim etdi. Yazıçının ədəbi yaradıcılığı barədə danışan T.Yusifova qeyd etdi ki, ədəbiyyata 2001-ci ildən 3 ardıcıl şeir kitabı ilə gələn Elxan Elatlı sonradan öz oxucularına "Xəyanət", "Qan ləkəsi", "Bakıdan gələn xəfiyyə", "Görünməyən izlər", "Arxalı canavar", "Cəhənnəmdən gələn səs", "Ələkeçməz yaquar" və digər bir-birindən maraqlı detektiv romanlar hədiyyə etmişdir. Xüsusilə yazıçının Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi "Qisas gecəsi" romanı hər bir Azərbaycan vətəndaşının qəlbində vətənpərvər duyğular oyatmağa qadirdir.
İnstitutun Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, professor Ramil Əliyev, qonaqlardan Yayım assosiasiyasının prezidenti Yaşar Zeynalov, "Yeni nəşrlər" jurnalının redaktoru Fazil Kərimli öz çıxışlarında yazıçının ünvanına xoş sözlər söylədilər. Elxan Elatlı gələcəyin müəllimləri olacaq tələbələrə öz dəyərli məsləhətlərini verdi, onlara həyatda və seçdikləri şərəfli yolda uğurlar arzuladı. Qonaq daha sonra tələbələrin çoxsaylı suallarını cavablandırdı.
Azərbaycan müəllimi.- 2011.-
9 dekabr.- S.18.