Braziliya Federativ Respublikasının təhsil
sistemi
Braziliya Federativ Respublikası
Ərazisi: 8514876 kv. km
Əhalisi: 185 milyon nəfər
Paytaxtı: Braziliya
Dövlət dili: Portuqal dili
Pul vahidi: Real
Təhsil sistemi
Cənubi
Amerikanın şərqində yerləşən Braziliya
dünyanın ən böyük ölkələrindən
biridir. XX əsr Braziliyada həyatın digər sahələrində
olduğu kimi, təhsil sektorunda da ciddi dəyişiklik
dövrü hesab olunur.
Ölkə
təhsili əsas, orta və ali təhsil səviyyəsinə
bölünür. Təhsil sisteminin əsas məqsədi
bazar iqtisadiyyatı şəraitində uğur
qazanmağı bacaran kadrlar yetişdirmək və yüksək
səviyyəli ali təhsilli mütəxəssislər
hazırlamaqdan ibarətdir. Ölkə təhsili federal
hökumət və yerli idarəetmə orqanlarının nəzarəti
altındadır.
Məktəbəqədər
təhsil müəssisələrinə 2-6 yaş arasında
olan uşaqlar cəlb edilir. Tam orta təhsil ibtidai (I-IV siniflər),
əsas (V-VIII siniflər) və orta (IX-XI siniflər) təhsil
pillələrini əhatə edir. İbtidai məktəblərin
əksəriyyəti bələdiyyələr və ya
ştatlar tərəfindən maliyyələşdirilir. Təhsil
6 yaşından 14 yaşına (I-VIII siniflər) qədər
hamı üçün icbari və ödənişsizdir.
Ali təhsil
5 il, magistr və doktor dərəcə proqramları isə
2,5 il davam edir. Ölkədə ilk universitetlər Rio de Janeyro
şəhərində təsis olunub. Minas Geras (1927), Porto
Alegre (1934) və Sao Paulo (1934) universiteti Braziliyanın ən
qocaman ali məktəbləri hesab olunurlar. Ali təhsil 2 hissədən
ibarətdir: universitet təhsili və universitetdən
sonrakı təhsil mərhələsi. Dövlətə məxsus
ali məktəblərdə təhsil ödənişsiz əsaslarla
həyata keçirilir. Bəzən bakalavr və magistr təhsili
proqramlarının ingilis və Braziliya dillərində tədrisinə
təsadüf etmək mümkündür.
Texniki
peşə təhsili verən ali peşə məktəblərinə
və texniki təhsil verən müəssisələrə də
tələbat böyükdür. Belə tədris ocaqları əsasən
istehsalat sahələri və digər müvafiq müəssisələrlə
sıx əməkdaşlıq edir.
Müxtəlif
yaşda olan insanlar üçün yaşlıların təhsili
proqramları nəzərdə tutulub. Yaşlıların təhsili
proqramlarına daha çox müxtəlif səbəblərdən
əsas təhsil pilləsini başa vura bilməyən şəxslər
maraq göstərirlər. Davamlı təhsil proqramları isə
işləyən və ali təhsil almaq istəyən, o
cümlədən texniki bilik və bacarıqlarını
artırmaq istəyənlər üçün nəzərdə
tutulub.
Braziliya
Elm və Texnologiya Nazirliyi planlaşdırma, əlaqələndirmə,
elm və texnologiyaya bağlı dövlət siyasətini həyata
keçirir. Beynəlxalq əməkdaşlıq məsələlərinə
xüsusi önəm verən Braziliya Avropa İttifaqı,
Avropa Komissiyası və digər beynəlxalq qurumlarla
qarşılıqlı əlaqələri inkişaf etdirməkdədir.
Həmçinin ayrı-ayrı ölkələrlə ikitərəfli
təhsil əlaqələri daha da möhkəmləndirilir,
elmi-tədqiqat sahələrində birgə layihələr
reallaşdırılır.
Ölkənin
təhsil sahəsində qazandığı uğurların nəticəsidir
ki, çoxsaylı əcnəbi tələbələr bir
sıra sahələr üzrə yüksək ixtisas almaq
üçün Braziliya universitetlərini seçirlər.
Məktəbəqədər təhsil
Braziliyada
məktəbəqədər təhsilin əsas məqsədi
uşaqların fiziki-psixoloji, intellektual və sosial
inkişafını təmin etməkdən ibarətdir. 2
yaşlı uşaqlar üçün gündəlik
qayğı mərkəzləri, 2-3 yaşlı uşaqlar
üçün uşaq bağçaları, 4-6 yaş
arası uşaqlar üçün məktəbəqədər
təhsil müəssisələri fəaliyyət göstərir.
Son illər
bir sıra erkən uşaqlığa qayğı və təhsilin
keyfiyyətinin yaxşılaşdırılması
proqramları qəbul edilib. Bütün bunlar məktəbəqədər
təhsilin müasir tələblər səviyyəsinə
qaldırılması və uşaqların məktəbə
hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir.
Orta təhsil
Ölkədə
tam orta təhsil ibtidai (I-IV siniflər), əsas (V-VIII siniflər)
və orta (IX-XI siniflər) təhsil pillələrini əhatə
edir. İbtidai məktəblərin əksəriyyəti bələdiyyələr
və ya ştatlar tərəfindən maliyyələşdirilir.
Təhsil 6-14 yaşlı uşaqlar (I-VIII siniflər)
üçün icbari və ödənişsizdir. Braziliyada
kurikulum islahatlarına 2006-cı ildən başlanılıb.
Kommunal, dərslik
və məktəbli forması üçün lazım olan xərclər
bələdiyyələr tərəfindən ödənilir.
Müəllimlərin təyinatı məsələlərinə
də bələdiyyələr cavabdehlik daşıyır. Tədris
ili fevralda başlayır və noyabrda başa çatır. Təlim
Braziliya və portuqal dillərində aparılır.
İngilis, ispan və fransız dilləri isə xarici dil kimi
tədris olunur. Müəllimlərin dərs yükü
gündə 4, həftədə 22 saata qədər ola bilər.
Orta təhsil
proqramında tarix, coğrafiya, riyaziyyat, fizika, kimya və
biologiya fənləri tədris olunur. Son illər fəlsəfə
və sosiologiya fənləri də orta məktəb
proqramlarına daxil edilib.
Bəzi
orta məktəblərdə kənd təsərrüfatı
sahəsində peşə təhsili proqramları tədris
olunur. Tədris proqramları regionlardan və şagirdlərin
qabiliyyətindən asılı olaraq dəyişə bilər.
Texniki peşə təhsili
Braziliyada
gənclərin iş həyatına hazırlanması
üçün peşə və texniki peşə təhsilinin
inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Orta təhsillə
peşə və texniki peşə təhsili arasında
inteqrasiyanın genişləndirilməsi üçün əhəmiyyətli
addımlar atılır.
Peşə
və texniki peşə təhsilinin əhəmiyyət və
səmərəliliyini təkmilləşdirmək məqsədilə
YUNESKO təhsil işçilərinin, eləcə də
texniki işçi heyətin bilik və
bacarıqlarının artırılmasına yaxından dəstək
verir. 1997-ci ildən etibarən YUNESKO ilə bu sahədə əməkdaşlıq
edilir.
Texniki
peşə təhsili verən tədris ocaqlarında ehtiyac
duyulan bütün sahələr üzrə mütəxəssislər
hazırlanır. Çoxsaylı peşə tədrisi müəssisələri
açıq rəqabət şəraitində
nüfuzlarını qoruyub saxlamağa çalışır
və ya digər qurumlarla birləşirlər. Son illər
texniki peşə təhsili müəssisələrindən
31 Federal İnstitut, 75 yerli özünüidarəetmə
orqanları nəzdində fəaliyyət göstərən Tədris
Birliyi, 39 kənd təsərrüfatı üzrə texniki məktəb,
7 federal texniki məktəb, 8 digər müvafiq tədris
ocağı universitetlərə birləşib. Texniki ali məktəblərdə
magistr və fəlsəfə doktoru dərəcələri
almaq mümkündür.
Ali təhsil
Braziliyada
ali təhsil kursu 5 il, magistr və doktor dərəcə
proqramları isə 2,5 il davam edir. Ölkədə ilk
universitetlər Rio-de Janeyro şəhərində təsis
olunub. Minas Geras (1927), Porto Alegre (1934) və Sao Paulo (1934)
universitetləri Braziliyanın ən qocaman ali məktəbləri
hesab olunurlar. Ali təhsil 2 hissədən ibarətdir:
universitet təhsili və universitetdən sonrakı təhsil mərhələsi.
Dövlətə məxsus ali məktəblərdə təhsil
ödənişsiz əsaslarla həyata keçirilir. Bəzən
bakalavr və magistr təhsili proqramlarının ingilis və
Braziliya dillərində tədrisinə təsadüf etmək
mümkündür.
Texniki
peşə təhsili verən ali məktəblərə də
tələbat böyükdür. Belə tədris ocaqları əsasən
istehsalat sahələri və digər müvafiq müəssisələrlə
sıx əməkdaşlıq edir.
XX əsrin
birinci yarısında Braziliyada özəl və dövlət
əsaslı təhsil müəssisələri federal
institutlara çevrildilər. Ölkənin ali təhsil müəssisələrində
1,5 milyon nəfər təhsil alır. Tələbələrin
əksəriyyəti özəl ali məktəblərdə təhsil
alırlar. Braziliya universitetlərinin 52 faizi dövlət
universitetləridir. Ölkə üzrə ümumilikdə,
2000-dən çox ali təhsil müəssisəsi fəaliyyət
göstərir.
Bir qayda
olaraq özəl təhsil müəssisələrində daha
çox əmək bazarının tələbatına
uyğun mütəxəssislər hazırlanır. Dövlət
təhsil müəssisələrində isə əsasən,
elmi-tədqiqat sahələrinə maraq göstərənlər
oxuyurlar.
Əsas
özəl təhsil müəssisələri sırasına
Rio-de Janeyro Universiteti, Sao Paulo Katolik Universiteti, Kampinas
Universiteti daxildir. Sao Paulo Universitetinin nəzdində 40
institut, kollec və məktəblər fəaliyyət göstərir.
Onu da qeyd
edək ki, Braziliya ali təhsil müəssisələrinə
daxil olmaq istəyən əcnəbilər Celpe-Bras
imtahanını verməlidirlər.
Elmi tədqiqatlar
Braziliyada
elmi və texnoloji tədqiqatlar əsasən dövlət
universitetləri və tədqiqat institutlarında həyata
keçirilir. Tədqiqat işlərinin 73 faizi dövlət tərəfindən
maliyyələşdirilir.
Ölkənin
ən məşhur tədqiqat müəssisələri
sırasına Osvaldo Kruz İnstitutu, Butantan İnstitutu, Aerofəza
Texniki Mərkəzi, Braziliya Kənd Təsərrüfatı
Tədqiqi Korporasiyası, Fəza Tədqiqatı üzrə
Milli institutlar daxildir. Bunlarla yanaşı, Dənizçilik Mərkəzi,
Nüvə Enerjisi Mərkəzi, Texniki və Enerji
İnstitutu, Braziliya Araşdırmalar İnstitutu fəaliyyət
göstərir.
Tibb,
mühəndislik və kompüter elmləri, sosial və tətbiqi
elmlər, bioloji elmlər, kənd təsərrüfatı,
incəsənət və dilçilik elmləri aparılan
elmi tədqiqat işlərinin əsas istiqamətlərindəndir.
Elmi tədqiqat işlərinə göstərilən diqqətin
nəticəsidir ki, 3000-dən çox əcnəbi sırf
elmi tədqiqat işləri ilə məşğul olur.
Yaşlıların təhsili və
davamlı təhsil
Braziliyada
yaşlıların təhsili müxtəlif yaş
qruplarında olan yaşlılar üçün nəzərdə
tutulub. Müəyyən səbəblərdən əsas təhsil
pilləsini başa vurmayan şəxslər də
yaşlıların təhsili kurslarının xidmətlərindən
yararlana bilərlər.
Davamlı
təhsil proqramları isə işləyən,
ixtisasını artırmaq, karyera pilləsində yüksəlmək,
daha üstün dərəcə əldə etmək istəyən
şəxslər üçün nəzərdə tutulub.
Davamlı təhsil insanlara öz texniki bilik və bacarıqlarını
artırmağa və qloballaşan dünyanın tələbləri
səviyyəsinə yüksəlməyə imkan yaradır.
Hazırda hətta ölkənin kənd yerlərində
yaşayan yaşlı əhalinin savadlılıq səviyyəsinin
yüksəldilməsi üçün müəyyən tədris
proqramları həyata keçirilir.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında
Braziliya Elm və Texnologiya Nazirliyinin rəsmi
materiallarından istifadə
olunub.
Azərbaycan
müəllimi.- 2011.- 16 dekabr.- S.8-9.