"Peşə
seçiminə dəstək sistemi"
layihəsinin təqdimatı oldu
Dekabrın 15-də Təhsil Nazirliyində "Peşə seçiminə dəstək sistemi" layihəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri və layihəni təqdim edən Türkiyə Respublikasının "Kavrakoğlu" şirkətinin nümayəndələri-şirkətin təsisçisi Füsun Kavrakoğlu, vitse-prezidenti Asuman Kuzuoğlu, icraçı direktorları Dilek Bağdatıoğlu, Zeki Gün və digər qonaqlar iştirak edirdilər. Tədbirdə öncə Asuman Kuzuoğlu "Peşə seçiminə dəstək sistemi" (PSDS) layihəsi haqqında təqdimatı iştirakçıların diqqətinə çatdırdı. Verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd ibtidai və orta məktəb şagirdlərinə peşə seçimlərində kömək olaraq təhsillərini hansı istiqamətdə davam etdirmələrinin uyğun olacağını, iş və peşə əldə etmək istəyən yeniyetmələr və ya təhsildən kənarda qalan şəxslərin peşə əldə etmələrinə yol göstərmək, bu məqsədlər istiqamətində şəxslərin tədris müəssisələrini və peşələri tanıya bilmələri üçün şərait yaratmaq, onlayn qeydiyyat vasitəsilə müxtəlif hesabatların daha tez zaman ərzində və avtomatlaşdırılmış şəkildə hazırlanmasıdır.
PSDS-nin əsas hədəfi gəncləri qabiliyyətləri, maraq sahələri və fərdi seçimlərinə uyğun təhsilə yönəltmək, peşə təhsili ilə əlaqədar mənfi fikirlərin silinərək təhsilli işçi qüvvəsinin yaradılmasına kömək etmək, ölkə daxilindəki təhsil müəssisələrinin tanıdılması, əldə edilən statistik məlumatın köməyi ilə məşğulluq imkanlarının inkişaf etdirilməsidir.
Məruzəçi təqdimatında e-hökümət üzrə başlanmış işlərin bir hissəsi olan PSDS ilə bağlı bir sıra məsələlərdən bəhs etdi, layihənin həyata keçirilməsindən gözlənilən nəticələri və Azərbaycanda bu sistemin istifadəyə keçid müddətini diqqətə çatdırdı. Sonra təqdimatla bağlı müzakirə aparıldı. Geniş fikir mübadiləsi şəraitində keçən müzakirədə bir sıra maraqlı təkliflər səsləndi.
Layihənin əhəmiyyətindən söz açan təhsil naziri Misir Mərdanov onun mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasının, bu məqsədlə müxtəlif maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu vurğuladı. Nazir "Peşə seçiminə dəstək sistemi" layihəsinin gələcəkdə böyük fayda verəcəyinə əmin olduğunu söylədi.
Tədbirdə şirkətin vitse-prezidenti Asuman Kuzuoğlu "Təhsildə texnoloji dəyişiklik" mövzusunda da təqdimat etdi.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2011.-
16 dekabr.- S.3.