Unudulmaz ustad
Unudulmaz müəllimim Nəsir İmanquliyev haqqında yazının hazırlanması mənə tapşırılanda 1978-1983-cü illərə təsadüf edən tələbəlik illərimi sanki yenidən yaşadım.
O illər ömrümə qızıl naxışlarla işlənən illərdi... Düz bir qərinə əvvələ - 33 ilin xatirələrinə bürünmüşəm bu gün...
... Tənəffüs bitir, zəng içəri vurulur. Nəsir müəllim jurnalda lazımi qeydləri aparıb növbəti mühazirəsinə başlayır. Onun geyimi və xarici görkəmi kimi, nitqi və davranışı da səliqəli, sadə idi.
Üzündəki dinclik, heç vaxt əskilməyən nurlu təbəssüm bizə də sirayət edərdi. Dərs zamanı yanındakı tələbədən nə isə soruşana, özünü unudub diqqətini dərsdən yayındırana Nəsir müəllimin irad tutduğunu, acıqlandığını bir dəfə belə görmədik. Biz onun baxışlarındakı sükutdan utanardıq. Nəsir müəllimin tələbələrinə ən böyük tənbehi elə o sükutla baxmağı idi.
Unudulmaz müəllimimiz Nəsir İmanquliyev söylədiyi mühazirələrlə fikrimizi elə cəlb edərdi ki, hamımız ona diqqət kəsilərdik.
Dekabrın 22-də Müəllimlər Müəllimi Nəsir (Nəsrulla) Əsəd oğlu İmanquliyevin 100 illik yubileyidir. Kim nə cür düşünürsə-düşünsün, amma mən o qənaətdəyəm ki, siz o saf ürəklə, bizə tanıtdırdığınız o mərdanə ürəklə 100 il yaşamağa qadir idiniz, Nəsir müəllim...
Şirməmməd Hüseynov,
BDU-nun jurnalistika fakültəsinin
professoru
Nəsir
İmanquliyev mənim üçün həm yüksək əxlaqi-mənəvi
keyfiyyətli, hərtərəfli savadlı, təcrübəli
jurnalist-müəllim, sonralar həm də səmimi və
xeyirxah həmkar, qayğıkeş dost, böyük qardaş
olmuşdur. 1945-ci ildə Azərbaycan Dövlət
Universitetində filologiya fakültəsində jurnalistika
şöbəsi yaradıldı. Mən də elə həmin
il bu şöbəyə daxil oldum. O vaxt
fakültədə respublikanın ən tanınmış
adlı-sanlı alim-müəllimləri dərs deyirdi. Məmməd
Arif, Mir Cəlal Paşayev, Əli Sultanlı, Mikayıl Rəfili,
Həmid Araslı, Məmmədhüseyn Təhmasib, Cəfər
Xəndan, Məmmədağa Şirəliyev, Hadi Mirzəzadə,
Həbib Səmədzadə, Feyzulla Qasımzadə və b.
1946-cı ildə fakültədə jurnalistikanın nəzəriyyə
və təcrübə kafedrası yaradıldı. Kafedranın müdiri 30-cu illərdə Moskvada
Dövlət Jurnalistika İnstitutunu bitirmiş, zəngin
elmi-nəzəri və təcrübi hazırlığı
olan Həsən Şahgəldiyev təyin edildi. Həsən müəllim respublikanın
tanınmış jurnalist və rəhbər mətbuat
işçilərini tədris işinə cəlb etdi. Bunların sırasında respublikanın ən
nüfuzlu rəsmi "Kommunist" qəzeti redaktorunun birinci
müavini Nəsir İmanquliyev də vardı. Nəsir müəllimlə dördillik tələbə-müəllim
münasibətlərimiz yaddan çıxmadı.
Nəsir müəllim Azərbaycan jurnalistika
kadrlarının bir neçə nəslinin xeyirxah, səmimi,
qayğıkeş müəllimi olmuşdur.
Əgər bu gün universitetin jurnalistika fakültəsində
işgüzar atmosfer, tələbkarlıq və
düzlük, xeyirxahlıq və səmimiyyət varsa, bu
keyfiyyətləri yaradan və miras qoyanlardan biri də məhz
Nəsir İmanquliyev olmuşdur".
Şamil Şahməmmədov,
AzərTAc-ın sabiq baş direktoru,
"Şöhrət" ordenli, əməkdar
jurnalist
Adətən, sevimli müəllimin haqqında xatirə
yazanda dəfələrlə götür-qoy etməli olursan,
onun təkrarsız məziyyətlərini ən dəqiq
cizgilərlə təsvir etməyə
çalışırsan, hamının yaxşı
tanıdığı bir şəxsin obrazını
özünə layiq ifadələrlə canlandırmaq istəyirsən. Əgər ustadın
özü müqtədir qələm sahibi, tələbkar
redaktor olubsa, məsuliyyət hissin qat-qat artır: hər
cümləni yazanda neçə dəfə
ölçüb-biçirsən, sanki zabitəli müəllim
qarşısında imtahan verirsən.
Mətbuatımızın görkəmli şəxsiyyəti,
jurnalistlərimizin neçə-neçə nəslinin müəllimi,
bir çox həmkarımızın, o cümlədən mənim
həyat və peşə taleyimin uğurlu məcraya yönəlməsinin
səbəbkarı, qəzetçilikdə mükəmməl
bir məktəbin yaradıcısı olmuş Nəsir
İmanquliyevə hər dəfə dərin minnətdarlıq
hissləri keçirirəm.
Nəsir
müəllim haqqında yazdığım xatirələrdə
bir məqamı əvvəllər də
vurğulamışam: unudulmaz ustadımız Azərbaycan mətbuatının
tamhüquqlu klassiki adına layiqdir.
"Bakı"
axşam qəzeti Azərbaycan mətbuatının tarixində
parlaq iz qoyan yeni ruhlu, o dövrün digər nəşrlərindən
əsaslı şəkildə fərqlənən, rəsmiyyətçiliyə
meyl etməyən, "palaz-palaz" məqalələr əvəzinə
daha çox xəbər, reportaj, müsahibə janrlarına
üstünlük verən, paytaxtın həyatını, əhalinin
qayğılarını rəngarəng formalarla
işıqlandıran, yaranışından oxucuların rəğbətini
qazanan bir orqana çevrildi. Bütün bu
keyfiyyətlər redaksiyanın "sükanı"
arxasında zəngin təcrübəli, yüksək
zövqlü, iradəli və cəsarətli bir jurnalistin
durduğunu göstərirdi. Ən
mühüm rəsmi hadisələr "Səhər qəzetlərində"
rubrikası altında bir cümlə ilə oxucuya
çatdırılırdı. "Bakı"nın hər nömrəsi əldən-ələ
gəzirdi, axşama yaxın onu almaq üçün qəzet
köşklərinin qarşısında uzun növbələr
düzülürdü.
1958-ci il yanvarın 10-da qəzetin ilk nömrəsi mətbəədən
redaksiyaya gətiriləndə gənc kollektivdə əsl
bayram növrağı hökm sürürdü, heç kim
evə getmək istəmirdi. Hamıdan çox
sevinən isə Nəsir müəllim idi.
Redaktorumuzun həm tələbkar, həm də
qayğıkeş münasibəti sayəsində sağlam və
səriştəli bir kollektiv formalaşdı. Təcrübəli
işçilərlə gənc jurnalistlərin birgə
işi qəzetin səviyyəsinin günbəgün yüksəlməsinə
kömək edirdi. Nəsir müəllimin
hər birimizə xeyirxahlıqla, öz övladı kimi
yanaşması sayəsində redaksiya bizim üçün
doğma evə çevrildi. Redaktorumuz rəsmiyyətçilikdən,
inzibatçılıqdan uzaq bir adam idi. Redaksiyanın əmrlər dəftərində
"töhmət verilsin", "işdən azad olunsun"
sözlərinə rast gəlmək mümkün deyildi.
Əlbəttə, intizamı pozan, vəzifəsinin
öhdəsindən gəlməyən işçilər də
olurdu. Bu zaman
Nəsir müəllim "aspirin metodu"na
əl atırdı: günahkarı yaxşıca danlayıb
"tərlədir", sonra isə adəti üzrə
fikrini tamamlayırdı: "Get, başını
aşağı sal, bir də belə iş görmə". Bu geniş qəlbli insanın kimisə işdən
çıxarması yadıma gəlmir.
Nəsir müəllimin işçilərə qayğısı
haqqında saatlarla danışmaq olar. Ancaq mənə etdiyi
yaxşılıqları xüsusi fərqləndirmək istəyirəm.
Birgə işlədiyimiz illərdə o, imkan
yarandıqca gəncləri irəli çəkirdi. Mənim
barəmdə isə bu xeyirxahlığı dörd dəfə
edib: əvvəlcə tələbə vaxtımda işə
götürüb, beş il ədəbi
işçi (müxbir) olmuşam, sonra məni şöbə
müdiri, məsul katib, nəhayət, redaktor müavini vəzifəsinə
layiq görübdür. Beşincisi də var. Mən
"Kommunist" qəzetində redaktor müavini təyin
olunanda Nəsir müəllim əsl böyüklük ərki
ilə məndən incidi. Hətta yolasalma mərasimində
uzaqgörənliklə dedi: "Onsuz da yenə bura
qayıdacaqsan".
Bu sözlərin dərin mənasını düz bir
ildən sonra anladım. Qəflətən məni Bakı Komitəsinə
dəvət edib doğma "Bakı"-"Baku" qəzetlərinə
redaktor təyin etdilər. Həm də bildirdilər ki,
Nəsir müəllim pensiyaya çıxmaq barədə ərizə
yazıb və öz yerinə sizi məsləhət görüb.
Mən
üç il ərzində müəllimimin
yolunu davam etdirdim, sonra 12 il AzərTAc-da işlədim. Hər iki vəzifədə çalışarkən
ağsaqqalımla ünsiyyətim davam edirdi. Onun zəngin təcrübəsi, xeyirxah məsləhətləri
müstəqil işdə mənə böyük dayaq oldu.
Nəsir
müəllim bu gün doğmalarının nəcib əməllərində,
yetişdirmələrinin və xeyirxahlıq etdiyi
saysız-hesabsız insanların xoş xatirələrində,
pərvəriş verdiyi və otuz il rəhbərlik etdiyi
"Bakı"-"Baku" qəzetlərinin heç vaxt
solmayan səhifələrində yaşayır.
Cahangir Məmmədli,
BDU-nun jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının müdiri
-
Auditoriyamıza uca boylu, qamətli, cüssəli bir müəllim
daxil oldu. Mənim adım Nəsir müəllimdir - dedi. - Nəsir
İmanquliyev. Mən sizə "Jurnalistikaya giriş" fənnini
deyəcəm...
Sonralar çox sevdiyimiz, auditoriyaya girəndə sakit
olub qulaq kəsildiyimiz Nəsir müəllimlə ilk
tanışlığımız belə başladı. Və müəllimlərimizlə
yavaş-yavaş tanışlıqlardan sonra içimdəki
kənd nostalgiyası yoxa çıxdı, yad adamlar
doğmalaşmağa başladı və biz hamımız bu
böyük şəhərə öyrəşə bildik.
Tələbə həyatının pulsuzluq deyilən
maraqlı bir cəhəti var. Nəsir müəllim bu həyatı
çox yaxşı duyurdu və maddi kömək
üçün bizə tez-tez xəbər
yazdırırdı. "Bakı" qəzetində dərc
olunan bu xəbərlərə - ilk imzalarımıza görə
qürur duyurduq. Bu xəbərlərin qonorar
kağızını alanda isə özümüzdə
peşənin gücünü hiss edirdik.
Nəsir İmanquliyev son dərəcə milli ziyalı
idi. Bu mənada onu XX əsrin əvvəlləri Azərbaycan
milli intibahının nümayəndələri ilə
müqayisə etmək olar. Tədris elədiyi
fənləri H.Zərdabidən, C.Məmmədquluzadədən,
Ö.F.Nemanzadədən gətirdiyi misallarla paralelləşdirib
müasir günlərin milli ziyalı obrazını
tamamlayırdı. Bədii ədəbiyyatın
milli mənəvi dəyərlərə bağlı nümunələrini
"Bakı" qəzetində ləngitmədən dərc
etdirirdi.
Nəsir İmanquliyev klassik müəllim keyfiyyətində
olan bir ziyalı idi. Səliqəli müəllim geyimindən
tutmuş aydın nitqinə, tədris etdiyi fənlərdən
tutmuş elmə münasibətinə, klassikaya məhəbbətdən
tutmuş müasir düşüncəyə hörmət məqamlarınadək
hər şeydə müəllim nümunəsi göstərirdi.
Bu mənada onun tələbələrinin bəxti
gətirmişdi. O tələbələrin bir çoxu
indi yaşlı nəslin, xeyli hissəsi yeni dövrün
söz adamlarıdır. Onu dəqiq bilirəm
ki, Nəsir müəllimin tələbəsi olmuş
jurnalistlər öz peşəsinə heç vaxt
etinasızlıq etməyəcəklər. Çünki onların hər birinin qəlbində
Nəsir İmanquliyevin klassik ənənələrdən
yoğrulmuş müəllim sözü, müəllim həqiqəti
var.
Dağbəyi İsmayılov,
AzərTAc-ın baş direktorunun
müavini, əməkdar jurnalist
Adı, soyadı milli mətbuatımızın salnaməsinə
qızıl hərflərlə yazılmış novator
redaktor, böyük bir jurnalist ordusu yetişdirmiş
müdrik müəllim, tanınmış ictimai xadim Nəsir
Əsədulla oğlu İmanquliyevin 100 illiyi tamam olur. Jurnalistikamızın
yarım əsrdən çox bir dövrünə mənsub
olan yazarlar nəslinin nümayəndələrindən biri
kimi Nəsir müəllimdən qəzetçiliyin həm nəzəri,
həm də praktiki sirlərinə yiyələnmək
xoşbəxtliyi mənə də nəsib olub. Nəsir
müəllim Bakı Dövlət Universitetində beş il müəllimim, "Bakı" və
"Baku" qəzetlərinin redaksiyasında
çalışdığım uzun illər ərzində isə
ustadım olub. İşimlə, peşəmlə
bağlı həyatda az-çox nəyə nail olmuşamsa,
hamısı üçün Nəsir müəllimə minnətdaram.
Nəsir
müəllim xatirimdə qətiyyətli, dönməz, mərd
və sərt adam kimi yaşayır. Kimliyindən asılı olmayaraq sözü üzə
şax deyərdi. Günahı olan, səhv iş tutan
redaksiya əməkdaşını özü qədərincə
danlayar, tənbeh edər, cəzalandırar, ancaq ayağa verməzdi.
Heç zaman kin saxlamazdı, küsdürdüyünü,
danladığını az sonra yanına
çağırıb çox mülayim tərzdə
könlünü alar, dəyərli ağsaqqal tövsiyələrini
verərdi.
Nəsir müəllim, adətən, tərcümələrini
mənimlə oxuyardı. Belə məqamların
birində qapı açıldı. İş
yoldaşlarımızdan biri içəri daxil olub digər həmkarımız
haqqında çuğulluq elədi. O vaxtadək Nəsir
müəllimi belə qəzəblənən görməmişdim.
Həmin əməkdaşa dediyi acı sözləri
bir batman balla da yemək olmazdı.
Nəsir
müəllimi başqalarından fərqləndirən cəhətlərdən biri də
sözünü bu cür qətiyyətlə deməsi, haqqı
nahaqqa verməməsi, həmişə, hər yerdə ədalətli
olması, ağsaqqal mövqeyində dayanması idi. Məhz
bu amillərə görə idi ki, Nəsir müəllim təməlini
qoyduğu şəhər qəzetlərinin 30 il
fasiləsiz redaktoru işlədi, hər gün bir-birindən
maraqlı iki qəzet buraxdı. Zənnimcə,
Azərbaycan milli mətbuatı tarixində belə bir
şans, belə bir xoşbəxtlik hələ heç bir
redaktora nəsib olmayıb.
"Bakı" və "Baku" milli mətbuatımızın
tarixində yeganə qəzetlərdir ki, Nəsir müəllimdən
sonra da onlara kənardan redaktor təyin olunmamış, bu mətbu
nəşrlərə ustadımızın öz yetirmələri
rəhbərlik etmişlər. Nəsir müəllimin
ənənələrini Şamil Şahməmmədov da,
estafeti ondan qəbul edən Ağa Hüseynov da layiqincə
davam etdirmişlər. Bu faktın
özü bir daha sübut edir ki, Nəsir müəllim
"Bakı" evini elə təməl üzərində
ucaltmışdır ki, yaşadıqca öz memarının
adını, amalını və məramını
yaşadacaqdır.
Doğru deyiblər ki, hər şey vaxta baxsa da, vaxt
heç nəyə baxmır. Unudulmaz müəllimim
- ustadım Nəsir İmanquliyevin ömrü xatirələrimizdə,
düşüncələrimizdə yaşayır. Zaman
bizi 1998-ci ilin 6 mart günündən - unudulmaz müəllimimizin
dünyasını dəyişdiyi gündən
uzaqlaşdırdıqca Nəsir İmanquliyevin
böyüklüyünü, müdrikliyini, kamilliyini,
mahirliyini, alicənablığını,
ağsaqqallığını daha aydın görür və
hiss edirik.
Nəsir müəllim mənim sənət-ömür
yolumun yol göstərəni olub. Bəlkə, bu da
taleyin qismətidir ki, Nəsir müəllim
dünyasını dəyişəndən sonra da mənim
başqa bir yolumun üstündə dayanıb. Şəhid oğlumun uyuduğu ikinci Şəhidlər
xiyabanına aparan yol məhz Nəsir müəllimin məzarının
önündən keçir. Hər dəfə bu ziyarətgaha
gedərkən Nəsir müəllimin məzarı
önündə ayaq saxlayır, xatirəsini ehtiramla anıb
deyirəm:
- Yerin
behişt, ruhun şad olsun, Ustad!
Hazırladı: Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2011.-
16 dekabr.- S.4-5.