Ömrün kamillik çağı

  

60 yaşa bəzən belə deyirlər. Dostum, həmkarım, 90-cı illərin əvvəllərindən 10 il müddətində Təhsil Nazirliyində bir yerdə işlədiyim, adının mənasını çox erkən yaşlarından ziyalılığı, çalışdığı vəzifələrdə qüsursuz fəaliyyəti ilə doğruldan, yaxşı müəllim və nümunəvi məmur kimi təhsil ictimaiyyəti arasında, Təhsil Nazirliyində özünə hörmət və nüfuz qazanmış Kamil Məcidov artıq bu mənzilə çatıb. Biz onunla həmyaşıdıq. Adam bəzən ömrünün necə keçdiyini, artıq yaşa dolduğunu hiss etmir. Əslində Kamil müəllimin yaşının 60-a çatmasını göstərən təkcə saçlarının ağlığıdır. Qalan hər şey - sevib-seçdiyi müəllimlik sənətinə məhəbbəti, həvəsi də, öz vəzifəsinə, ona tapşırılan bütün işlərə böyük məsuliyyətlə yanaşması da, həyat enerjisi, işgüzarlığı da elə 20 il bundan əvvəl nazirlikdə birgə prosesində gördüyüm kimidir. Üstəlik peşəkarlığı, həyat təcrübəsi qat-qat artıb, kamilliyə qovuşub.

 

Kamil müəllim işinin çoxluğundan, vaxtının azlığından heç vaxt gileylənməyən, ən çətin, gərgin anlarında belə müvazinətini saxlayan, əhatəsində olan bütün insanlarla səmimi, isti münasibət qurmağı bacaran, hər hansı bir məsələ barədə məsləhət, kömək almaq üçün müraciət edən hər kəsə bacardığı köməyi əsirgəməyən insanlardandır. Mənim qənaətimə görə, bu xüsusiyyətlərinin, daşıdığı yüksək mənəvi keyfiyyətlərin əksəriyyətini o, mənsub olduğu soydan irsən alıb. Bir qismini isə 20 ildən bəri çalışdığı Təhsil Nazirliyi aparatında, buradakı səmimi, işgüzar mühitdə, habelə oxuyub öyrəndiklərindən, görüb-götürdüklərindən əxz edib.

Kamil Məcidov 1951-ci il avqustun 17-də Kürdəmir rayonunun Qağacılı kəndində, hamının həmişə hörmət edib ehtiram bəslədiyi Məcid müəllimin ailəsində dünyaya göz açıb.

Atası - respublikanın əməkdar müəllimi Məcid Məcidov sayılıb-seçilən maarif xadimlərindən idi. İkinci Dünya müharibəsində Qafqazdan Berlinədək döyüş yolu keçmişdi. Uzun illər rayonda rəhbər vəzifələrdə işləmiş, 1953-cü ildən başlayaraq 30 il Kürdəmir təhsilinə başçılıq etmişdi.

Xalq təhsilinin və maarifin inkişafında göstərdiyi xidmətlərin müqabilində "Əməkdar müəllim" fəxri adına, SSRİ-nin və Azərbaycanın "Əlaçı maarif işçisi" döş nişanlarına layiq görülmüş, 2 dəfə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdu.

Kamilin nənəsi Saray xanım körpə hələ dünyaya gəlməmişdən "oğlan olsa, ona babası Kamilin adını qoyacam..."- deyirmiş.

Nənənin arzusu həyata keçir.

...Kamil hələ uşaq yaşlarından öz sakitliyi, ciddiliyi, səmimiliyi, diqqətcilliyi, böyüklərə hörmətlə yanaşması ilə yaşıdlarından fərqlənirdi.

1958-ci il sentyabrın 1-də Kürdəmir rayonundakı Yenikənd kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Kamil məktəbdə oxuduğu illərdə bütün fənlərə eyni dərəcədə maraq göstərmiş, onlara fərq qoymamışdır. Bütün fənlərdən həmişə "əla" qiymətlər almışdır. Yuxarı siniflərdə oxuyarkən kimya, riyaziyyat, fizika fənləri üzrə respublika olimpiadalarında iştirak edib.

Hələ məktəbli olarkən ədəbiyyata, şeirə, sənətə böyük maraq göstərən Kamil məktəb dram dərnəyinin ən fəal üzvlərindən olub, ara-sıra şeirlər yazıb. Özünün dediyi kimi, bu sahədə ona hazırda AMEA-da çalışan tanınmış alim Zirəddin Xacıyevin, mərhum dil-ədəbiyyat müəllimləri Vahir Məmmədovun, Əbil Həsənovun böyük təsiri olub.

İllər qanadlı quş kimi ötüb keçdi. 1968-ci ildə qayğılı-qayğısız məktəb illəri başa çatdı.

Kamil buraxılış imtahanlarından "əla" qiymətlər alaraq orta məktəbi qızıl medalla bitirdi. Onun gələcək həyat yolunu hər kəs bir cür görürdü. Rəhmətlik anası Rəfiqə xanım oğlu Kamilin həkim olmasını istəyirdi. Yoldaşları Kamilin hüquqşünas, müəllimləri isə mühəndis peşəsini seçəcəyini güman edirdilər. Atası Məcid müəllim isə bir söz demirdi. Qoy özü qərara gəlsin - deyə düşünürdü.

Kamil isə tərəddüdsüz-filansız müəllimliyi seçdi. Ona görə ki, müəllimlik peşəsini ta uşaq yaşlarından yüksək qiymətləndirirdi. Beləliklə, Kamil Məcidov 1968-ci ildə keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsinə daxil oldu. Təhsil illərində o, riyaziyyatı, pedaqogikanı, psixologiyanı və metodikanı dərindən öyrənməklə müəllimliyin sirlərinə yiyələndi. Özünün dediyinə görə, təhsil illərində onun müəllimlik peşəsinə hazırlanmasında sevimliunudulmaz müəllimləri Əhməd Əhmədovun, Bəxtiyar Abdullayevin, Şəmistan Məmmədovun, Qardaşxan Qasımovun, Qardaşxan Orucovun, Yusif Salmanovun, Firidun Abdullayevin, Əhməd Kərimovun, Azadxan Adıgözəlovun, Zemfira Tağıyevanın və başqalarının böyük zəhməti olmuşdur.

Kamil Məcidov 1972-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Kürdəmir rayonuna getmiş, Köhnəbazar kənd orta məktəbində riyaziyyat müəllimi kimi ilk əmək fəaliyyəttinə başlamış və qısa müddət ərzində müəllim və şagirdlərin sevimlisinə çevrilmişdir.

Kamil müəllimin həmin məktəbdə vaxtaşırı keçirdiyi "riyaziyyat gecələri" pedaqojişagird kollektivinin, eləcə də valideynlərin və kənd sakinlərinin yaddaşında dərin iz buraxmışdır.

Kamil müəllim öz ailə taleyindən çox razıdır. O, 1973-cü ildə keçmiş sinif yoldaşı Lətifə xanımla ailə qurmuşdur. Söz düşəndə Kamil müəllim həmişə deyir: Lətifə xanım təkcə mənə həyat yoldaşı yox, həm də çətin anlarımın sirdaşı və yolgöstərəni olub...

Kamil müəllim Köhnəbazar kənd orta məktəbində üç il (1972-1975-ci illərdə) riyaziyyat müəllimi işləmiş, 1975-ci ilin iyununda müsabiqə yolu ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Ümumi pedaqogika kafedrasının nəzdində yaradılmış "Şagirdlərin peşəyönümü" problem laboratoriyasında kiçik elmi işçi vəzifəsinə seçilmişdir.

1977-ci ildə Moskva ətrafındakı hərbi hissədə xidmət etmiş K.Məcidov, nümunəvi xidmətinə görə hərbi hissənin fəxri fərmanlarını almışdır. Hərbi xidmətini başa vurduqdan sonra Bakıya qayıtmış və yenidən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Şagirdlərin peşəyönümü" problem laboratoriyasında öz işini davam etdirmişdir. 1988-ci ilə kimi həmin laboratoriyanın əməkdaşı olan K.Məcidov bu illər ərzində ümumtəhsil və texniki peşə məktəblərində öyrədilən bəzi fənlər üzrə proqram və dərsliklərin peşəyönümü işi üçün imkanlarını aşkara çıxarmış, şagirdlərin peşəyə istiqamətləndirilməsinin yollarını müəyyənləşdirmiş, texniki peşə məktəblərində və məktəblərarası tədris-istehsalat kombinatlarında aparılan peşəyönümü işlərinin məzmununu, forma və yollarını işləyib hazırlamışdır.

1983-1992-ci illərdə Kamil Məcidov respublika televiziyasında "Peşə, sənət yollarında" və "İstədiyiniz ixtisası seçin" verilişlərinin aparıcısı olmuşdur. Bu illərdə 150-yə yaxın veriliş hazırlamış və tamaşaçılara çatdırmışdır.

Şagirdlərin və məzunların peşələrlə tanış edilməsində və peşə seçməsində, peşəyönümü sahəsində aparılan tədqiqatların nəticələrinin tətbiqində, ümumtəhsil və texniki peşə məktəblərində qabaqcıl təcrübənin öyrənilib yayılmasında, məktəblilərin və abituriyentlərin aliorta ixtisas təhsili müəssisələri və orada kadr hazırlığı aparılan ixtisaslarla tanış edilməsində həmin verilişlərin böyük rolu olmuşdur.

Kamil Məcidov 1980-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi pedaqogika kafedrasının dissertantı olmuş, Rusiya Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar ali məktəb işçisi, pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədovun rəhbərliyi altında "Məktəblərarası tədris-istehsalat kombinatlarında şagirdlərin peşəyönümü işinin sistemi" (nəqliyyat və rabitə sahələrində) mövzusu üzrə tədqiqat aparmışdır.

Kamil müəllim respublika "Bilik" cəmiyyətinin (indi "Bilik"- Maarifçilik Cəmiyyəti adlanır) "Pedaqogikapsixologiya" bölməsinin üzvü kimi uzun illər Bakı şəhərində və respublikanın rayonlarında pedaqoji ictimaiyyət qarşısında pedaqogikanın müasir problemlərinə dair mühazirələr oxumuşdur.

1980-ci ildə "Şagirdlərin peşəyönümü" problem laboratoriyasının və laboratoriyanın əməkdaşı K.Məcidovun təşəbbüsü ilə Pedaqoji Universitetin tədris planlarına "Şagirdlərin peşəyönümü", "Orta texniki peşə məktəblərində təlim-tərbiyə işləri" adlı xüsusi kurslar daxil edilmişdir. Bu, pedaqoji ali məktəblərdə təhsil alan gələcək müəllimlərin orta məktəblərdə əmək tərbiyəsi və peşəyönümü işi aparmağa hazırlanması istiqamətində atılmış çox mühüm bir addım idi. K.Məcidov Ümumi pedaqogika kafedrasının dosenti, mərhum Əhməd Əhmədovla birgə həmin fənlərin proqram və dərs vəsaitlərini hazırlamışdır.

Bu dövrdə onun həmmüəlliflərlə birgə "Məktəblilərin peşə seçməyə hazırlanması" (1987, Ə.Sarıyevlə), "Şagird istehsalat briqadalarının fəaliyyətinin pedaqoji əsasları" (1989, M.Məmmədovla), "Texniki peşə məktəblərində təlim-tərbiyə işləri" (1992, Ə.Əhmədovla), "Məktəb islahatı və gənclərin peşə yönümü" (1987, A.Hüseynovla) adlı kitabları, metodik göstərişləri (1985, 1989) nəşr edilmiş, universitetin "Elmi əsərlər" məcmuəsində, "Azərbaycan məktəbi", "Gənc fəhlə" jurnallarında məqalələri dərc olunmuşdur.

Kamil Məcidov 1988-ci ildə peşəyönümü problemi ilə bağlı namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (hazırda pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. O, 45 elmielmi-metodik əsərin (kitab, broşüra, proqram, metodik göstəriş, məqalə və s.) müəllifidir. Qəzetlərdə təhsillə bağlı 150-dən artıq məqaləsi dərc olunmuşdur.

K.Məcidov 1988-ci ildə Bakı Politologiya İnstitutunda (hazırda AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fəaliyyət göstərən Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetini "əla" qiymətlə bitirmişdir.

1988-89-cu illərdə respublika Təhsil Nazirliyinin ali təhsil üzrə tədris-metodika kabinetində baş metodist vəzifəsində çalışan K.Məcidov 1989-cu ilin mart ayında nazirliyin nəzdində Respublika Tədris-Metodika Mərkəzində ali təhsil üzrə metodkabinetin müdiri vəzifəsinə təyin olunmuş və 1992-ci ilin iyun ayına kimi orada işləmişdir. Bu dövrdə o, ali təhsil müəssisələrində istehsalat (pedaqoji) təcrübəsinin təşkili və keçirilməsinə metodik köməklik istiqamətində əhəmiyyətli işlər görmüşdür.

1992-ci ilin iyun ayından dekabr ayına kimi nazirliyin Ali təhsil və elm idarəsində aparıcı, həmin ilin dekabr ayından 1993-cü ilin noyabr ayına kimi baş inspektor işləmişdir. 1993-cü ilin noyabr ayından nazirliyin Aliorta ixtisas təhsili şöbəsində baş mütəxəssis (sonradan baş məsləhətçi adlandırılıb) vəzifəsinə təyin olunmuşdur.

1992-1997-ci illərdə Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Əmək təlimi, tərbiyəsi və peşəyönümü" bölməsinin sədri olmuş, bu sahədə onlarca dərslik, dərs vəsaiti, metodik göstəriş və tövsiyələrin, fənn proqramlarının işıq üzü görməsinə qərar vermişdir.

1993-cü ilin fevralında Təhsil Nazirliyində Nazirlər Kabinetinin qərarı ilə Dövlət Ali Ekspert Komissiyası yaradılarkən K.Məcidov bu qurumun məsul katibi təsdiq edilmişdir.

Nazirliyin aparatında işlədiyi müddət ərzində Kamil Məcidov Dövlət Təhsil Standartlarının, ali baza təhsili proqramları və tədris planlarının hazırlanmasında yaxından iştirak etmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında "Xarici ölkələrdə alınan ali təhsil haqqında diplomların tanınması və ixtisasların ekvivalentliyinin müəyyən edilməsi" ilə bağlı fəaliyyət göstərən ekspert qrupunun üzvü, Təhsil Nazirliyi nəzdində "Fasiləsiz pedaqoji təhsil" üzrə Koordinasiya Şurasının məsul katibidir.

K.Məcidov nazirlikdə işlədiyi  illərdə elmi fəaliyyətdən də ayrılmamışdır. O, əmək tərbiyəsi və peşəyönümü, texniki peşə təhsili ilə bağlı bir sıra dissertasiyalara rəy vermiş, opponentlik etmişdir.

Kamil müəllim həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Lətifə xanım dil-ədəbiyyat müəllimidir. 40 ildən artıqdır ki, müəllimlik fəaliyyəti ilə məşğuldur. Övladları Habil, Mobil, Famil ali təhsil alıblar. Habil "Təfəkkür" Universitetində çalışır. Mobil iqtisadiyyat üzrə fəlsəfə doktorudur, Əmək və Sosial Münasibətlər Akademiyasında kafedra müdiridir. Famil Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasını rejissorluq ixtisası üzrə bitirib. "Space" radiosunda diktor işləyir. Övladlarının üçü də ailə həyatı qurub. Gəlinləri Pərvanə 266, Səbinə 6 nömrəli məktəblərdə ibtidai sinif müəllimi işləyirlər. Lalə isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşıdır. Nəvələri Nihad, Nərmin, Lətifə məktəblidirlər. Balaca Duyğunun isə 4 yaşı var. "Qərənfil" uşaq bağçasında tərbiyə alır.

Dostum, həmkarım Kamil müəllimi ömrün 60-cı mənzilinə yetişməsi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində daha böyük uğurlar arzu edirəm.

 

Nazim KAZIMOV

Azərbaycan müəllimi.- 2011.- 16 dekabr.- S.12.