Ulu öndərin xatirəsinə ehtiram
Dekabrın 12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti, müdavimlər və tələbələr iştirak edirdilər. Öncə iştirakçılar ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan institutun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmlənməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda əvəzsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, dahi lider hələ 1969-cu ildə ilk dəfə hakimiyyətə gələndən sonra ölkəmizdə bütün sahələrdə sürətli dönüş yarandı. Həmin dövrdən başlayaraq respublikamızda bir çox sənaye müəssisələri, zavod və fabriklər tikildi, aqrar sahə sürətlə inkişaf etdirildi, yeni ali məktəblər, həmçinin aktual sahələr üzrə ixtisaslar və fakültələr yaradıldı. Çox keçmədi ki, Azərbaycan keçmiş Sovetlər Birliyinin aparıcı respublikalarından birinə çevrildi. Ümummilli lider bununla yanaşı Azərbaycanın gələcək intellektual kapitalının formalaşması istiqamətində də bir sıra ciddi layihələr həyata keçirdi. Müqayisə üçün qeyd edim ki, əgər 1969-cu ildə SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə təhsil almaq üçün Azərbaycandan hər il 50-yə qədər gənc göndərilirdisə, bu göstərici 1980-ci illərin əvvəllərində 1000-dən çox idi. Azərbaycanın ali məktəblərinin yuxarı kurslarından, həmçinin aspirantura və doktoranturaya göndərilənləri də nəzərə alsaq, hər il 1500-ə qədər gənc respublikamızdan kənara ölkənin intellektual potensialının güclənməsi məqsədi ilə göndərilir və onlar üçün müvafiq şərait yaradılırdı.
Elmə, təhsilə daim xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev Azərbaycanın ən qabaqcıl ali təhsil ocaqlarının yubileylərinin dövlət səviyyəsində keçirilməsi, həmçinin təhsil müəssisələrinin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirmişdir. Gələcəkdə informasiya cəmiyyətinin inkişafını müəyyənləşdirərək ulu öndər BDU-da tətbiqi riyaziyyat və kibernetika fakültəsini yaratdı ki, bu fakültənin məzunları da hazırda informasiya cəmiyyətində yaşayan ölkəmiz üçün əvəzsiz xidmət göstərirlər.
Ümummilli lider Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın ən böyük müstəqillik arzusunu həyata keçirdiyini, ölkəmizin müstəqilliyini əbədi etdiyini vurğulayan professor Asəf Zamanov xalqımızın təkidli tələbi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsini, xalqı ağır bəlalardan xilas edərək, çox güclü və müstəqil dövlət qurduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, əsası ümummilli lider tərəfindən qoyulmuş quruculuq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan 15 ölkə sırasında özünə layiqli yer tutması, iqtisadi inkişaf sürətinə görə dünyanın lider ölkələri sırasında olması məhz bu uğurlu siyasətin nəticəsidir. Nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var, ulu öndərimiz Heydər Əliyevin xatirəsi daim yaşayacaqdır.
Digər çıxış edənlər görkəmli siyasi xadim Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən, xilaskarlıq missiyasından danışdılar.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
16 dekabr.- S.6.