Yeni Zelandiyanın təhsil sistemi
Yeni
Zelandiya
Ərazisi:
268680 kv.km.
Əhalisi: 4,42 milyon nəfər
Paytaxtı: Vellinqton şəhəri
Dövlət dili: Maori və ingilis
Pul vahidi:
Yeni Zelandiya dolları
Təhsil sistemi
Yeni Zelandiya Sakit okeanın cənub-qərbində yerləşən
çoxsaylı adalardan ibarət ölkədir. Təhsil
sistemi müasir tələblər səviyyəsində
inkişaf edən ölkədə olduqca keyfiyyətli və
etibarlı bir təhsil mühiti yaradılıb.
Məktəbəqədər təhsil
könüllülük prinsipinə əsaslansa da, 6-16
yaşlı uşaqlar ödənişsiz və icbari təhsilə
cəlb olunur.
Ölkədə ibtidai, ümumi orta və tam
orta təhsil verən məktəblər fəaliyyət
göstərir. Tam orta təhsil müddəti 13 il davam edir.
Tədris
ili ibtidai, orta və politexnik təhsil müəssisələrində
(texniki peşə təhsili müəssisələri) bir
qayda olaraq, yanvarın sonundan dekabrın ortalarına qədər davam edir. Universitetlərdə isə fevralın sonundan
noyabrın ortalarına qədər tədris aparılır.
Yeni Zelandiyanın kollec və universitetləri beynəlxalq
arenada kifayət qədər tanınır. Odur ki, ölkənin
kollec və universitetlərinə əcnəbi tələbələrin
qəbul göstəricisi ilbəil yüksəlir.
Ölkədə təhsil sisteminin formalaşmasına
Böyük Britaniyanın təhsil modeli də təsir
göstərib. İstənilən ali məktəbə
daxil olmaq üçün ingilis dilini bilmək əsas şərtlərdən
biri kimi irəli sürülür.
Məktəbəqədər təhsil
Yeni Zelandiyada ötən əsrin ortalarında məktəbəqədər
təhsil pilləsində əsaslı islahatlar
aparılıb. Bu dövrdən etibarən hökumət
Oyun mərkəzləri və Müstəqil Bağça
Assosiasiyalarına əlavə maliyyə vəsaiti
ayırır, uşaqların məktəbə
hazırlığına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, XX əsrin ikinci
yarısından ölkənin məktəbəqədər təhsil
müəssisələri şəbəkəsi daha da
genişlənib.
Öz uşaqlarına evdə təhsil vermək istəyən
valideynlərə də müvafiq qaydalar çərçivəsində
imkanlar yaradılır. Uşaqlar 5 yaşları tamam olduqdan sonra məktəbə gedirlər.
Uşaqlar məktəbə getməzdən əvvəl,
erkən uşaqlıq təhsillərini oyun mərkəzlərində
(anadan olandan məktəb illərinə qədər), uşaq
bağçalarında, uşaq mərkəzlərində və
ya erkən uşaqlıq mərkəzlərində təhsil
ala bilərlər. Erkən uşaqlıq dövrünə
dair kurikulum məktəbə daxil olma yaşına qədər
uşaqlara göstərilən qayğı və təhsilin
bütün elementlərini özündə təcəssüm
etdirir.
Orta təhsil
Yeni
Zelandiyada tam orta təhsil 13 il davam edir. Odur ki, digər ölkələrdə orta təhsil
haqqında verilmiş sənədlərlə Yeni Zelandiya
universitetlərinə qəbul olmaq mümkün deyil. Bu
ölkənin ali təhsil müəssisələrində
oxumaq üçün orta təhsili Yeni Zelandiyada almaq zəruridir.
5 yaşı tamam olmuş uşaqlar orta məktəbə
qəbul edilirlər. Məktəblər dövlət və
özəl məktəblər olaraq iki hissəyə
ayrılır. Özəl məktəblərin
maliyyə xərclərinin 25 faizi dövlət tərəfindən
ödənilir.
1990-cı
ildən etibarən orta məktəblərdə kurikulum sahəsində
inkişafyönümlü dəyişikliklər
baş verir. Tədris proqramları müasir
dövrün tələblərinə
uyğunlaşdırılır, orta məktəb şagirdlərinin
hərtərəfli yetişdirilməsi yönündə
müvafiq addımlar atılır. Orta məktəblərin
yuxarı siniflərində texniki peşə təhsilinə də
yiyələnmək mümkündür.
Texniki peşə təhsili
Yeni Zelandiyada texniki və peşə təhsili orta məktəbin
yuxarı sinfindən tədris olunur. Ölkədə
politexnik institut adlandırılan 20 Texnologiya İnstitutu fəaliyyət
göstərir.
Təlim institutlarında və universitetlərdə də
texniki peşə təhsilinə dair proqramlar tədris olunur. Universitetlərdə
təşkil edilən kurslarda fizioterapiya,
üzümçülük və digər sahələrdə
texniki peşə təhsili verilir.
Bunlarla yanaşı, bir sıra tədris ocaqlarında da
qısamüddətli peşə kursları fəaliyyət
göstərir. Universitetlərdə təşkil edilən
müvafiq peşə kurslarında dərslər ilin müxtəlif
vaxtlarında başlaya bilər.
Ali təhsil
Qeyd etdiyimiz kimi Yeni Zelandiyada təhsilin keyfiyyəti
olduqca yüksəkdir. Ölkədə fəaliyyət göstərən ali məktəblərdə demək olar ki,
bütün ixtisaslara yiyələnmək mümkündür.
Yeni
Zelandiyada Oklənd Texnologiya Universiteti, Texnologiya Mərkəzi
İnstitutu, Linkoln Universiteti, Otaqo Universiteti, Vaikato Universiteti,
Velinqton Viktoriya Universiteti, Təsviri İncəsənət və
Dizayn Vaytklif Kolleci, Santerbori Universiteti və digər ali məktəblər
fəaliyyət göstərir. Bu tədris
ocaqlarında sənət, sənətşünaslıq
(Linkoln Universiteti istisna olmaqla), elm və kommersiyanın (ticarətin)
müxtəlif istiqamətləri, eləcə də digər
sahələr üzrə təhsil təklif edilir.
Ölkədə ümumi təhsil xərclərinin 81
faizi dövlət tərəfindən maliyyələşdirilir. Odur ki,
dövlət məktəblərində təhsil haqqı rəmzi
xarakter daşıyır. Dövlət məktəblərində
təhsil almaq üçün il ərzində
50 dollar tələb olunur.
Özəl
ali məktəblərdə təhsil almaq
üçün il ərzində 4000 ABŞ dolları həcmində
təhsil haqqı müəyyənləşdirilib. Bundan əlavə,
tələbələr ali təhsildə əldə
etdikləri nailiyyətlərə görə təqaüd ala
bilərlər.
Yeni
Zelandiyanın ali təhsil sistemi öz
strukturuna görə bakalavriat və magistratura səviyyələrinə
bölünür. Universitetlərin böyük əksəriyyətində
bakalavr dərəcəsinə yiyələnmək
üçün minimum 3 il təhsil almaq tələb
edilir. Fərqlənmə bakalavr dərəcəsini almaq
üçün isə daha bir il artıq
oxumaq lazımdır.
Bəzi
sahələr üzrə bakalavr dərəcəsi
proqramları 4 il davam edir. Məsələn,
mühəndislik və digər uyğun ixtisaslar bu sıraya
daxildir. Universitetlərin əksəriyyətində
iyun ayında və yaxud da ilin axırlarında (oktyabr-noyabr
aylarında) dərslərin mənimsənilmə səviyyəsini
müəyyənləşdirmək üçün imtahan
keçirilir. Ali məktəblərin əksəriyyətində
dərs ili iki semestrə
bölünür. Birinci semestr fevralda, ikinci
semestr isə iyulda başlayır.
Magistr dərəcəsini 2 illik proqramlar vasitəsi ilə
almaq mümkündür. Bu təhsil pilləsində akademik fənləri
öyrənməklə yanaşı, tələbələrdən
ixtisas sahəsində araşdırma (tədqiqat işi)
aparmaq da tələb olunur.
Doktorantura pilləsində təhsil müddəti bir
qayda olaraq 3 ildir. Məzunlar kursu bitirdikdən sonra tədqiqat
və ya dissertasiya işini müdafiə edirlər.
Əcnəbi tələbələr ölkədəki
lisey, kollec, texniki məktəb və universitetlərdə təhsil
almaq, dil kurslarında oxumaq imkanlarına sahibdirlər. Ali təhsil səviyyəsinin
yüksək olması və universitetlərin zəngin
maddi-texniki bazasının mövcudluğu Yeni Zelandiyaya əcnəbi
tələbə axınının artmasına yol
açır.
Yeni Zelandiyada yaradılmış ilk universitet Otaqo
Universitetidir.
Bu universitet 1869-cu ildə təsis edilib. Bu
ali məktəbdə oxumaq istəyənlər
IELTS və ya TOEFL imtahanlarından keçməlidirlər.
Abituriyentlər üçün bütün universitetlərə
qəbul şərtləri və tələblərin səviyyəsi
eynidir. Buna baxmayaraq, daha nüfuzlu ixtisas üzrə təhsil
almaq üçün tələblər artırıla, qəbul
olanların sayı isə məhdudlaşdırıla bilər.
Bəzi ixtisaslara (məsələn, incəsənət
sahəsinə) qəbuldan əvvəl xüsusi seçim turu
keçirilir.
Yaşlıların təhsili
Digər inkişaf etmiş ölkələrdə
olduğu kimi, Yeni Zelandiyada da yaşlıların təhsilinə
xüsusi diqqət yetirilir. Yaşlıların təhsili
əsasən, əlavə və orta-ixtisas təhsil sahələri
üzrə həyata keçirilir.
Əhalinin savadlılıq səviyyəsi yüksək
olan Yeni Zelandiyada yaşlıların təhsili sahəsində
həyata keçirilən davamlı işlər bu göstəricinin
daha da yaxşılaşmasına imkan verir. 2001-ci ildən
ölkədə Yaşlıların Savadlılıq
Strategiyası qəbul edilib. Bu,
yaşlı insanların təhsilə, əlavə tədris
kurslarına cəlb olunma səviyyəsinin daha da artmasına
səbəb olub.
Yaşlıların Savadlılıq Strategiyası
insanların cəmiyyətin bütün sahələrində
fəal iştirak etməsi baxımından mühüm əhəmiyyət
kəsb edir. Bu sənəd, eyni zamanda müxtəlif peşələr
üzrə çalışan mütəxəssislərin
bazar iqtisadiyyatının tələblərinə uyğun
olaraq yenidən hazırlanmasına və müvafiq biliklərinin
artırılmasına yol açır.
Elmi tədqiqatlar
Ölkədə
fəaliyyət göstərən bütün ali
məktəblərdə elmi tədqiqatlara xüsusi diqqət
yetirilir və hər il bu məqsədlərlə yüz
milyonlarla dollar vəsait xərclənir. Təhsil
prosesində əsasən tətbiqi istiqamətə
üstünlük verilir. Qeyd etdiyimiz kimi,
istənilən təhsil pilləsində oxuyan tələbələrin
tədqiqat mövzuları üzərində
çalışmasına imkan yaradılır. Odur ki, ali məktəb tələbələrinin
böyük əksəriyyəti bakalavr və magistr təhsilindən
sonra doktorantura pilləsinə üz tutur.
Yeni Zelandiyada müstəqil elmi-tədqiqat mərkəzlərinin
fəaliyyətinə də geniş yer verilir. Bu baxımdan
tam müstəqil fəaliyyət göstərən IRANZ
assosiasiyası daha məşhurdur. Bu qurum yüksək
nüfuzu sayəsində digər çoxsaylı müstəqil
tədqiqat təşkilatları üçün müsbət
iş mühitinin yaradılması məsələlərini də
həll edir, lazım gəldikdə onların
maraqlarını da müdafiə edir.
Ölkədə fəaliyyət göstərən 6000-dən
çox fəal elmi tədqiqatçının təxminən
yarısı dünyanın inkişaf etmiş ölkələrinin
tədqiqat mərkəzləri və alimləri ilə əməkdaşlıq
edir. Elmin inkişafına, tədqiqatla məşğul
olan alimlərə yaradılan münbit şəraitin nəticəsidir
ki, Yeni Zelandiyanın bir sıra elm adamları Nobel
mükafatına layiq görülüb.
Beynəlxalq əməkdaşlıq
Yeni Zelandiya elm və təhsil
sahəsində beynəlxalq əməkdaşlığı
genişləndirmək məqsədi ilə inkişaf
etmiş ölkələrlə müqavilələr
imzalayır. Elm və İnnovasiya Nazirliyi
bu məsələləri daim diqqət mərkəzində
saxlayır, dünyada elmin və təhsilin inkişaf
tendensiyasına uyğun olaraq prioritet fəaliyyət istiqamətlərini
müəyyənləşdirir.
Tələbə, müəllim və elm
adamlarının mübadiləsi istiqamətində də
olduqca çevik siyasət yürüdülür. Təsadüfi
deyil ki, ölkə əcnəbi tələbələrin
sayının inkişaf dinamikasına görə öncül
yerlərdən birini tutur.
Əcnəbi tələbələr Yeni Zelandiyanın hər
hansı təhsil proqramına qəbul olunmaq üçün
minimum qəbul şərtlərini yerinə yetirməlidirlər. Əcnəbi
tələbələr təhsil proqramlarına başlamazdan ən
azı iki ay əvvəl müvafiq tədris müəssisəsinə
ərizə təqdim etməli və qeydiyyatdan keçməlidirlər.
IELTS və ya TOEFL imtahanında uğur qazananlar universitet,
kollec və institutların tələbəsi hesab olunurlar.
Tailand,
Braziliya, İspaniya, Koreya, Venesuela, Çili, Argentina, Almaniya,
Çin, Tayvan və Yaponiya kimi ölkələrin gəncləri
də Yeni Zelandiyanın təhsil müəssisələrinə
üz tuturlar. Bu, digər ölkələrlə müqayisədə
Yeni Zelandiyada təhsil almaq üçün daha əlverişli
mühitin yaradılmasından irəli gəlir.
Universitetlərin əksəriyyətində əcnəbi tələbələr üçün müxtəlif təqaüd proqramları təklif edilir. Sevindirici haldır ki, Yeni Zelandiyanin təhsil müəssisələrində azərbaycanlı tələbələr də təhsil alır, Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti fəaliyyət göstərir.
Bəşarət
MƏMMƏDOV,
Dilrubə
BAYRAMOVA
Yazının
hazırlanmasında Yeni Zelandiyanın Elm və
İnnovasiya Nazirliyinin rəsmi
materiallarından istifadə olunub.
Azərbaycan müəllimi.- 2011.-
23 dekabr.- S.8-9.