Bir peşə liseyi kontekstində
real inkişaf tendensiyaları
TƏLƏBƏ
ANDI
"Mən, 18 nömrəli Bakı
Peşə Liseyinin tələbə adını
qazanmış yeniyetmə gənc kimi üzərimə
düşən bütün məsuliyyəti dərk edərək
AND İÇİRƏM: Azərbaycan Respublikasının vətəndaşı
olmaqla ölkənin ən ali qanunu - Konstitusiyasına əsaslanaraq,
öz hüquq və vəzifələrimi dərk edərək,
dövlət və dövlətçiliyə daim sadiq qalmaqla
vətən torpaqlarının müdafiəsi və
qorunmasına hər an hazır olacaq, bunun üçün var
qüvvəmi əsirgəməyəcəyəm. Təhsil
qanunvericiliyinin tələblərinə əməl edəcək,
ilk peşə - ixtisas təhsilinə lazımı səviyyədə
yiyələnəcəyəm. Təhsil aldığım tədris
müəssisəsinin daxili intizam qaydalarına riayət edəcək,
pedaqoji kollektivin bütün üzvlərinə, eləcə
də tələbə həmkarlarıma hörmətlə
yanaşacaq, Azərbaycan gəncliyinin adını uca
tutacağam. Elmi biliklərə mükəmməl yiyələnmək,
ixtisaslı mütəxəssis adını qazanmaq, mənə
göstərilən etimadı doğrultmaq üçün
potensial imkanlarımdan səmərəli istifadə edəcəyəm".
MÜƏLLİM ANDI
"Mən, Azərbaycan
Respublikasının ali qanunu - Konstitusiya
aktına əsaslanaraq, 18 nömrəli Bakı Peşə
Liseyinin müəllimi kimi, bütün məsuliyyətimlə
AND İÇİRƏM: MÜƏLLİM adını daim
uca tutmaqla təlim-tərbiyə işini təhsil
qanunvericiliyinin tələbləri çərçivəsində
həyata keçirəcək, həmkarlarımın, o
cümlədən təhsilalanlar və onların valideynlərinin
şərəf və ləyaqətinə hörmətlə
yanaşacağam. Mümkün neqativ hallara qarşı
prinsipial mövqe göstərəcək,
qarşılıqlı münasibətlərdə zəruri
dözümlülük və səbir nümayiş etdirəcəyəm.
Lisey tələbələrinin elmi biliklərə mükəmməl
yiyələnməsi, eləcə də gənclərin əsl
vətəndaş ruhunda tərbiyələnməsi
üçün var qüvvəmi əsirgəməyəcək,
potensial imkanlarımdan səmərəli istifadə edəcək,
təhsil islahatları sahəsində həyata keçirilən
bütün tədbirləri dəstəkləyəcək,
elmi biliklərimi daim artıracağam. İlk peşə -
ixtisas təhsilinin dinamik inkişafı istiqamətində
üzərimə düşən məsuliyyəti tam şəkildə
dərk etməklə mənə göstərilən
etimadı doğruldacaq, qanunvericilikdə müəllim
üçün nəzərdə tutulmuş vəzifə
funksiyalarını tələb olunan səviyyədə yerinə
yetirəcəyəm".
Bəllidir ki, ölkə iqtisadiyyatının dinamik
inkişafı üçün ən zəruri əhəmiyyət
kəsb edən sahələrdən biri, aparıcı ekspertlərin
qəti qənaətinə görə isə ən
başlıcası, ilk peşə-ixtisas təhsilidir. Müxtəlif ölkələrin
inkişaf xronologiyasına nəzər saldıqda
açıq-aşkar görmək olur ki, İkinci Dünya
müharibəsindən sonra qısa zaman kəsiyində
Almaniya iqtisadiyyatının sürətlə yüksəlməsi,
Yaponiya kimi qüdrətli bir dövlətin baş verən
texnoloji inkişaf proseslərini daim qabaqlaması məhz elə
ilk peşə - ixtisas təhsili sahəsinin hesabına baş
vermişdir. Cənubi Koreyada əmək fəaliyyəti
ilə məşğul olanların böyük əksəriyyətinin
texniki peşə təhsili sektorunun hazırladığı
kadrlar olduğu da danılmaz faktdır. Fransa
və Avstraliya kimi bir sıra ölkələrdə yeni
avadanlıq və müasir texnika ilə daha çox təchizat
məhz elə həmin sektorun təhsil müəssisələrinin
payına düşür. Skandinaviya ölkələrində
ilk peşə-ixtisasına yiyələnən gənclərin
əmək bazarında daha tez iş yeri tapmaları da dəqiq
faktlara istinadən real statistikanın əsasını təşkil
edir. Məhz elə bu kateqoriyadan olan kadr
potensialı ölkə inkişafının təminatçısı
rolunu öz üzərinə götürür, onlar
iqtisadı strukturların - işəgötürənlərin
daim maraq dairəsində saxlanılır.
Ötən
əsrin 90-cı illərinə, daha dəqiq desək əbədi
müstəqillik əldə etdiyimiz dövrədək ölkəmizin
texniki peşə təhsili sisteminin keçdiyi tarixi yol, o
cümlədən 70-80-ci illərdə bu təhsil pilləsinin
durmadan inkişaf etdirilməsi, müəyyən müddətdən
sonra bəzi obyektiv və subyektiv səbəblər
ucbatından onun real tənəzzülə uğraması,
iqtisadi strukturlarla qarşılıqlı əlaqələrin
pozulması, bir sözlə, peşə təhsilinin
enişli-yoxuşlu yolları barədə çox söhbətlər
açılıb, xronoloji qaydada həmin sahə üzrə
tarixi inkişaf bir çox mütəxəssislər tərəfindən
ciddi təhlil edilib, bu barədə ictimaiyyət
lazımınca məlumatlandırılıb.
Mübaliğəsiz
demək olar ki, Azərbaycanın ilk peşə-ixtisas təhsili
sistemində ciddi islahatların aparılması, onun müasir
inkişaf mərhələsinə qədəm qoyması, təhsil
sisteminin digər sahələrində olduğu kimi, ilk peşə-ixtisas
təhsili pilləsi üzrə də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Azərbaycan Respublikasında texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci
illər)" sənədini imzaladığı dövrə
təsadüf etmişdir. Bu sənəddə
dinamik inkişaf etdirilən iqtisadi sektorun ixtisaslı
işçi kadrlarına olan real tələbatının
ödənilməsi prosesinin əsas strateji inkişaf istiqamətləri
müəyyənləşdirilmişdir. Gözlənilən
nəticələr elmi əsaslarla proqnozlaşdırılaraq
illər üzrə dəqiq tədbirlər planı təsdiqlənmişdir.
Proqram qəbul edildikdən dərhal sonra onun icrası üzrə
fəaliyyətə başlanılmış, ötən 4 il ərzində nəzərəçarpacaq dərəcədə
pozitiv nəticələr əldə edilmişdir.
Aydın məsələdir ki, ümumi sistem üzrə
müsbət tendensiyalara uyğun əldə olunan nailiyyətlər
bu pillənin tədris müəssisələrində,
başqa sözlə, aşağılarda aparılan məqsədyönlü
fəaliyyətlə birbaşa xarakterizə olunur. Məhz elə bu
nöqteyi-nəzərdən 5 strateji inkişaf istiqamətini
(maddi-texniki bazanın möhkəmləndirilməsi; yeni
iqtisadi münasibətlərin formalaşdırılması və
idarəetmənin optimallaşdırılması; məzmunun
müasir tələblər səviyyəsində yeniləşdirilməsi;
sistem üçün kadr hazırlığı işinin təkmilləşdirilməsi;
ilk peşə-ixtisas təhsilinin ictimai statusunun yüksəldilməsi)
özündə cəmləşdirən texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramında nəzərdə
tutulmuş işlərin bir tədris müəssisəsi - 18
nömrəli Bakı Peşə Liseyi kontekstində konkret
faktlara istinadən şərhi ictimaiyyət arasında daha dəqiq
təsəvvür yaratmağa imkan verər. Fürsətdən
istifadə edərək ünvanımızı (8-ci mikrorayon,
H.Hüseynov küç, 17A) xatırladır, bu materialda
göstərilən faktlarla əyani tanışlıq
üçün oxucularımızın hər birini liseyimizə
dəvət edirik.
Heç kimə sirr deyil ki, fəaliyyət
üçün lazımı şərait - baza olmayan yerdə
effektiv işdən, pozitiv nəticələrdən söhbət
belə gedə bilməz. Bu baxımdan ölkə
başçımızın "İlk peşə - ixtisas təhsili
müəssisələrinin əsaslı təmirinin təmin
edilməsi ilə əlaqədar əlavə tədbirlər
barədə" 15.09.2010-cu il tarixində
imzaladığı sərəncam kollektivimizin bütün
üzvləri, eləcə də 1500 nəfərə
yaxın tələbə və onların valideynləri
üçün tarixi əhəmiyyət kəsb etmişdir.
Ən azından ona görə ki, məhz elə bu sərəncama
uyğun liseyimizdə əsaslı təmir işləri
aparılmış, son 50 il ərzində ilk dəfə olaraq
liseyin tədris korpusu ən müasir tələblər səviyyəsində
yenidən qurulmuş, tədris emalatxanası, yeməkxana, həyətyanı
sahə normal vəziyyətə gətirilmiş, təchizat
problemləri lazımınca həll olunmuşdur. Bir sözlə, tam məsuliyyətlə qeyd edilməlidir
ki, bu gün liseyimiz yüksək səviyyəli tədris
müəssisələri sırasına daxildir.
Konkret faktlara müraciət edək. Liseydə müvafiq
proqramlarla təchiz edilmiş 2 kompüter sinfi, 1 tədris mərkəzi
açılmış, fizika və kimya kabineti
quraşdırılmış, tam funksiyalı 25 ümumtəhsil
və ixtisas fənn kabineti yaradılmışdır. Konfrans zalı tikilərək ən müasir
avadanlıqlarla gücləndirilmişdir. İstilik
sistemi üçün yeni qazanxana
quraşdırılmış, müşahidə sistemləri
qoşulmuşdur. Nəzəri biliklərin
öyrədilməsi məqsədilə xeyli sayda yeni dəzgah
və cihazlar, eləcə də yanğından mühafizə
avadanlıqları alınmışdır. Liseyin
bütün mal və materialları, inventarları, o cümlədən
parta, stol, stul, yazı lövhələri
tam şəkildə yeniləri ilə əvəz
olunmuşdur. İş otaqları normal fəaliyyət
üçün zəruri mebel və texniki avadanlıqlarla təchiz
edilmişdir. Kitabxana fondu 3 mindən
artıq dərslik və müxtəlif ədəbiyyatlarla
möhkəmləndirilmişdir. Əgər 2 il bundan öncə lisey üzrə 80 tələbəyə
1 kompüter düşürdüsə, bu gün həmin nisbət
20/1 həddindədir. Pedaqoji Şuranın
bütün iclasları İKT-nin tətbiqi ilə təqdimatlar
formasında keçirilir. İş
otaqlarında və əksər tədris kabinetlərində
hamı üçün İnternetə qoşulma imkanı
yaradılmışdır. Dərslərdə
tədris materialının təqdimatı əsas etibarı
ilə proyektorlar və noutbuklardan istifadə yolu ilə həyata
keçirilir. Tələbələrin əyani vəsaitlərdən
istifadəsi üçün zəruri şərait var.
Yeniyetmələrimiz ümummilli lider Heydər Əliyevin,
Milli Qəhrəmanımız Mübariz İbrahimovun, eləcə
də şəhidlərimizin əziz xatirəsinə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə, Heydər
Əliyev Fonduna həsr olunmuş guşələrdən bəhrələnirlər.
Gənc nəslin milli ruhda tərbiyələnməsi məqsədilə
narkomaniyaya qarşı mübarizə, immun
çatışmazlığı, erkən ailə
qurmanın fəsadları, gənclər siyasəti, dövlət
atributlarımız, ali qanunumuz -
Konstitusiya, hüquq və vəzifələr kimi stendlərə
daha çox üstünlük verilmişdir.
Liseyə
dövlət büdcəsindən ayrılan illik maliyyə vəsaitinin
həcmi 500 minə yaxın AZN-dir (ötən il bu rəqəm
406216 AZN həcmində olmuşdur) ki, bu da hər tələbəyə
xərclənən maliyyə vəsaitinin min manata yaxın AZN
həcmində olduğundan xəbər verir. Həmin göstərici
bütün təhsil pillələri üzrə ali təhsildən sonra (2100 AZN) ikinci səviyyə
deməkdir. Yeni iqtisadi münasibətlərin
formalaşdırıldığı və idarəetmənin
optimallaşdırıldığı bir dövrdə biz
növbəti illər üçün davamlı inkişaf,
üstün maliyyələşmə, təchizat və təminatın
elmi planlaşdırılması məqsədi ilə Təhsil
Nazirliyinin mütəxəssisləri tərəfindən təklif
edilən "1+3" modeli üzrə əsaslandırılmış
proqnozlaşdırmaya uyğun sifarişlərin əvvəlcədən
müəyyənləşdirilməsi mexanizminin tətbiqini
reallaşdırırıq. Bunun
üçün sərf olunacaq maliyyə vəsaitini dəqiq
məqsəd və gözlənilən nəticələri
açıqlamaqla hesablayır, xarici ölkələrdə
daha çox istifadə olunan əlavə gəlir gətirmə
mənbələri barədə məlumatlardan səmərəli
istifadə edirik.
Məlumdur ki, yalnız büdcə ayırmalarına
istiqamətlənmə halları günü-gündən arxa
plana çəkilir. Əgər ötən tədris ilində
liseyin əlavə gəlirləri 13863 AZN həcmində
olmuşdusa, bu ilin proqnozu 41 min AZN-dən artıq bir məbləği
təşkil edir.
Biz yaxşı başa düşürük ki, dövlət
sifarişi üzrə daha çox qəbul planına yiyələnmək,
başqa sözlə, daha çox dövlət
ayırmaları əldə etmək üçün
sağlam rəqabət mühiti yarandığı bir halda
biznes strukturlarının, eləcə də işəgötürən
təşkilatların maraqlarının peşəyə
yönəldilməsini günbəgün gücləndirməliyik. Real göstərici ondan ibarətdir
ki, qarşılıqlı maraqlar çərçivəsində
hazırda tərəfimizdən 60-a yaxın müəssisə
("Diplomat" Azərbaycan-Amerika birgə müəssisəsi,
Bakı "Elektriktökmə" ASC, "Royal" bank,
"SİLK VOY Avia şirkəti" MMC-nin, "SOY
CATEKİNQ", "Həyat hotel", "Paşa
İnşaat" MMC, Bakı rabitə tikinti təchizat MMC,
"Səma - 3" MTK, "LAND MARK" hotel və sair) təşkilat,
səhmdar cəmiyyətlər, hüquqi şəxs statuslu
kiçik müəssisələrlə ikitərəfli
müqavilələr imzalanmış, peşədə
marağı olan baza müəssisələrinin - biznes
strukturlarının sayı ötən ilə nisbətdə
5 dəfə artmışdır. "Azərbaycan
HOSPİTALİTİ CJSC"-in Bakıda fəaliyyət
göstərən argentinalı mütəxəssisi cənab
Karlos Martin Repetto aidiyyəti üzrə istehsalat təlimi
ustaları və ixtisas müəllimlərinin iştirakı
ilə tələbələrimizlə vaxtaşırı təlimatlandırma
işlərini aparır, o öz bilik və bacarıqları
barədə təhsilalanlarla bölüşür, onlara zəruri
tövsiyələrini verir. Bu günlərdə cənab
K.M.Repettonun liseydə "Master Klass"-nın
keçirilməsi üçün tərəfimizdən
lazımi təşkilati işlər aparılır. Artıq bizim 25 nəfər tələbəmiz
"Paşa İnşaat" MMC-də təşkil
olunmuş müsabiqə prosedurundan keçmiş, işlə
təminat üçün müsbət rəylər
alınmışdır. Azərbaycan Tacirlər
və Sahibkarlar Palatası, eləcə də "Buta
Palas"-ın rəhbərliyi ilə hazırda aparılan
danışıqlar məzunlarımızın həmin obyektlərdə
işlə təminatına zəmanət verir. Təkcə
bir faktı qeyd etmək kifayətdir ki, ötənilki
buraxılışımızın 50 faizi 8 dövlət və
41 qeyri-dövlət müəssisəsində konkret iş
yerləri ilə təmin olunmuş, 64 nəfər gənc isə
hərbi xidmətə getmişdir.
Məlum olduğu kimi, idarəetmənin təkmilləşdirilməsi
və optimallaşdırılması prosesi həyata
keçirilərkən bütün dünyada qəbul
edilmiş modelə üstünlük verilir. Adətən
belə proseslər, vertikal mexanizmlərin horizontal idarəetmə
prinsipləri ilə əvəzlənməsi, başqa sözlə,
bir çox menecment funksiyalarının alt strukturlara
ötürülməsi ilə müşayiət olunur.
İlk addım kimi funksiyaları qəbul edəcək
strukturlarda çalışan iş
icraçılarının hazırlığı
aparılır. Bununla paralel şəkildə
kollektiv qərarçıxarma formasına keçid təmin
edilir. İdarəetmə prosesi
iştirakçılarının funksional vəzifələri
korrektə olunur, struktur bölmələrin fəaliyyət
dairəsinə qarşıya qoyulmuş əsas məqsədlər
çərçivəsində yenidən baxılır.
18
nömrəli Bakı Peşə Liseyində iş prioritet
istiqamətlərə uyğun fəaliyyətin tənzimlənməsi
və həyata keçirilməsi üzrə əvvəlcədən
təsdiq olunmuş İllik Fəaliyyət Planına uyğun
qurulur. Burada əsas məqsədlər, tədbirlər,
müddətlər və konkret icraçılar və strukturlar
göstərilməklə yanaşı, həmçinin də
gözlənilən nəticələrin proqnozu şərh
edilir.
Müəssisədaxili
idarəetmənin təkmilləşdirilməsi və bu zaman
demokratik yanaşmaların əsas götürülməsi
üçün liseyimizin ali orqanı -
Pedaqoji Şurasının işi köklü dərəcədə
təkmilləşdirilmişdir. Burada müzakirə
olunan məsələlərin spektri genişləndirilmiş,
onların müasir tələblər çərçivəsində
formalaşdırılması prinsipi əsas kimi
götürülmüşdür. Şuranın illik
iş planına 100-ə yaxın ən aktual məsələlərin
müzakirəsi salınmışdır. Yeni tədris ili başlayandan hal - hazıradək liseyin 3
Pedaqoji Şura iclasında 36 konkret məsələ müzakirə
olunmuş, çıxarılan qərarların real icrası
təmin edilmişdir. Lisey üzrə daxili idarəetmənin
funksional strukturu hazırlanmış, geniş müzakirə
olunaraq təsdiq edilmişdir.
Bu məqamda bir məsələyə xüsusi diqqət
yetirək. İdarəetmə prosesinə təhsilalanlar və
onların valideynlərinin aktiv cəlb olunma prinsipi prioritet
istiqamət kimi "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda öz əksini
tapmışdır. Bu postulat, ilk növbədə,
"Tələbə parlamenti" və "Valideyn-müəllim"
Birliyinin formalaşdırılması kimi ön plana çəkilir.
Liseydə yaratdığımız hər iki
qurumun üzvləri Pedaqoji Şuranın iclaslarında
iştirak edir, konkret halda qərarlar çıxarılmazdan əvvəl
onların rəy və təklifləri dinlənilir. Yeri
gəlmişkən bir məqamı da qeyd edək ki, liseydə
Tələbə Parlamentini - təhsilalanların
özünüidarə orqanını ona görə
yaratmışıq ki, onlar təhsil mühitini qiymətləndirə
bilsin, şəxsi fikirlərini çəkinmədən
söyləsin, idarəetmə prosesinə qoşulsun,
qrupdakı həmkarlarını da bu işlərə aktiv cəlb
etsin.
İlk
peşə-ixtisas təhsilinin dövlət standartlarında da
qeyd olunduğu kimi, tədris prosesi əsas etibarı ilə 4 əsas
blokda cəmləşdirilmişdir: ümumtəhsil fənləri,
peşə-ixtisas fənləri, İKT və istehsalat təlimi,
təcrübəsi. Təbii ki, bütün
bunların reallaşdırılmasında tədris müəssisəsi
üzrə ən azından 2 struktur - dərs hissəsi və
istehsalat təcrübəsi ilə bağlı bölmə fəaliyyət
göstərir. Onların əlaqəli işinin təmin
edilməsi qarşıya məqsəd kimi qoyulduğundan biz, ən
sadə sözlə desək, həmin kateqoriyadan olan əməkdaşlarımızın
iş otaqlarını belə birləşdirmişik. Bu heç də texniki yerdəyişmə məqsədilə
olunmamışdır. İndi artıq
liseyimizdə istehsalat təlimi ustalarının uzun illərdən
bəri müəllim korpusundan - tədris prosesindən, demək
olar ki, kənar qalma tendensiyası tam şəkildə aradan
qaldırılıb. İstehsalat təlimi
ustalarımız qrup tələbələrini auditoriyalara
salmaq stereotipini özlərindən uzaqlaşdıraraq tədris
və istehsalat proseslərinin əsl iştirakçılarına
çevriliblər.
Apardığımız monitorinq müşahidələr
belə qənaətə gəlməyə əsas
vermişdir ki, bir çox hallarda ümumtəhsil fənn
müəllimlərinin dərs hissəsində və ixtisas təlimi
reallaşdırılan istehsalat təlimi ustalarının
struktur bölməsində həyata keçirilən işlər
zamanı biri digərindən xəbərsiz proseslər, eyni məqsədlərə
yönəldilmiş fəaliyyətin pozulma halları baş
verir. Bu özünü məzmunun
reallaşdırılması prosesində daha qabarıq şəkildə
göstərir. Əlaqəli fəaliyyətin təminatı
baxımından biz funksiyaları daha da dəqiqləşdirdik,
əsas məqsədlərə nail olmaq üçün yeni
məsuliyyətlər, iş modelləri müəyyənləşdirdik.
Hesabatlılıq, məsuliyyətlərin
bölüşdürülməsi, öyrədənlər
üçün məlumat sistemlərinin yaradılması və
inkişafın monitorinqini müəssisədaxili idarəetmənin
optimallaşdırılması məqsədilə əsas
prinsiplər kimi qəbul etdik. Məhz bu
cür yanaşma nəticəsində idarəetmə
strukturlarının təkmilləşdirilməsi işi daha
uğurla getdi, daha demokratik və şəffaf mühit
yarandı. Əlaqəlilik təmin olundu.
Təcrübə göstərir ki, fənn metodbirləşmələri
metodiki şuralar və onların nəzdində fəaliyyət
göstərən ümumtəhsil (humanitar, texniki, təbiət
elmləri və ixtisas fənn bloku) və ixtisaslaşma
üzrə komissiyalar forması ilə əvəz edildiyi təqdirdə
keyfiyyətin idarə olunması xeyli optimallaşır. Həmin
strukturların Pedaqoji Şura ilə əlaqəli fəaliyyəti
daha çox səmərə verir. Bununla əlaqədar
liseyin Metodiki Şurasının da fəaliyyəti xeyli dərəcədə
təkmilləşdirilmişdir. Şuranın
illik Fəaliyyət planı hazırlanıb təsdiq
edilmiş, humanitar, təbiət, dəqiq elmlər, İKT və
ixtisas fənlərini əhatə edən 4 metodiki komissiya
yaradılmışdır. Əsas fəaliyyət Təhsil
Nazirliyinin mütəxəssislərinin Avropa
İttifaqının Texniki Yardım Proqramı (TACİS)
çərçivəsində İttifaqın maliyyə dəstəyi
ilə Britaniya Şurasının (BC) rəhbərlik etdiyi
konsorsiumla birlikdə hazırladıqları "Azərbaycan
Respublikasında ilkin peşə təhsili və təlimi
üzrə modul hazırlamaq üçün təlimat" və
təhsilalanların öyrənmə paketi kimi geniş məzmunlu
materiallara istiqamətlənmişdir. Adıçəkilən
komissiyaların işi birbaşa məzmun islahatlarına -
kurikulum və modul seqmentinin prosesə tətbiqinə yönəldilmişdir.
Məzmun islahatlarının aparılması istiqamətində
fəaliyyət İnkişaf Proqramının ana xəttini təşkil
edir. Artıq respublikada bir sıra peşə
ixtisasları üzrə ilk dəfə olaraq yeni dərsliklərin
yazılması, modul seqmenti əsasında tədris
materiallarının hazırlanması, ixtisaslar üzrə tədris
vəsaitlərinin çap olunaraq istifadəyə verilməsi
obyektiv reallıqdır. Fikrimizcə, milli
dərsliklərin hazırlanması istiqamətində
qarşıya qoyulmuş vəzifələrin əhəmiyyətindən
geniş danışmaq artıqdır. Qeyd
edilməlidir ki, liseydə hazırlığı həyata
keçirilən bəzi ixtisaslar üzrə
yazılmış 8 dərsliyin 5 müəllifi elə bizim
liseyin əməkdaşlarıdır. Bu tədris
ilində 2 yeni dərsliyin də bizim mütəxəssislər
tərəfindən hazırlanması işinə artıq
başlanmışdır.
Məzmunla
bağlı danışarkən bir məntiqi sual meydana
çıxır: Məzmunu kim müəyyənləşdirir,
bunun üçün hansı fəaliyyət həyata
keçirilməlidir? Etiraf edək ki, əvvəlki
məzmun sistemli deyildi. Burada əsas meyar
kimi yalnız bilik səviyyəsi
götürülürdü, bacarıqlar yaddan
çıxarılırdı, həddindən artıq
yüklənmə müşayiət olunurdu. Məzmunun yeniləşdirilməsi, ayrı-ayrı
ixtisaslar üçün modul seqmentinin tətbiqi ilə
müasir kurikulum variantlarının hazırlanması, tamamilə
haqlı olaraq, ilk peşə-ixtisas təhsilinin son illərdəki
nailiyyətlərindən hesab edilə bilər. Bu gün biz, "Nəyi öyrədirik?",
"Necə öyrədirik?", "Necə qiymətləndiririk?
və "Kim öyrədir?" kimi
sualların cavablandırılması ilə əsas məqsədlərə
çatmaq niyyətindəyik. İşimizi də
məhz elə bunların əsas hədəf kimi
götürülməsi istiqamətində qururuq. Əgər əvvəllər təhsilalanın
biliyinə formal şəkildə qiymət
yazılırdısa, artıq müasir mərhələdə
yeni qiymətləndirmə modeli üzrə həmin tələb
köklü şəkildə dəyişdirilmişdir. Belə ki, bu gün müəllimin fərdi fikrinə
əsaslanan biliyə qiymət vermə tələbi təhsilalanın
inkişaf nailiyyətinin qiymətləndirilməsi modeli ilə
əvəz olunmuşdur. Yəni, liseydaxili
qiymətləndirmə prosesi "təhsilalan hansı səviyyədə
idi və hansı səviyyəyə qalxdı" kimi
sualları cavablandırır, inkişaf dinamikasının izlənilməsi
postulatı əsas kimi ön plana çəkilir. Auditoriyada olan müəllim tərəfindən
biliyin qiymətləndirilməsi üzrə yeni mexanizmlərə
keçidlə bağlı aparılan işlərdən bizim
lisey də kənarda qalmamışdır. Bu tədris ilindən etibarən ilk dəfə olaraq
2 tədris qrupunda biliyin qiymətləndirilməsinin yeni
mexanizmlərinin tətbiqinə eksperiment qaydasında
başlanılmışdır. Artıq
diaqnostik, formativ qiymətləndirmə mərhələsi
yekunlaşdırılmış, summativ qiymətləndirmənin
reallaşdırılması üçün zəruri vəsaitlər
(testlər, tapşırıq variantları)
hazırlanmışdır.
Bütün
hallarda bu və ya digər bir yeni mexanizmin həyata keçirilməsindən
əvvəl biz xüsusi treninqlərin təşkili,
öyrədənlərin öyrədilməsi sisteminin tətbiqinə
xüsusi diqqət yetiririk. Təkcə bir faktı qeyd etmək
kifayətdir ki, son il yarım ərzində müxtəlif təhsil
mütəxəssislərinin, o cümlədən xarici
ekspertlərin dəvət olunması ilə 30 nəfər
müəllim və 17 istehsalat təlimi ustası
üçün 50-yə yaxın treninq və öyrədici
seminarlar təşkil edilmişdir. Həmin
müddət ərzində əməkdaşlarımız 1 dəfə
Yaponiyada, 2 dəfə isə Türkiyə Respublikasında təlim
səfərlərində olmuşlar.
Son dövrlərdə müəllim və mühəndis-pedaqoji
işçilərin mütəmadi qaydada yeni biliklərə
yiyələnməsi müasir texnologiyaların proseslərə
tətbiqi baxımından xeyli dərəcədə
aktuallaşmışdır. Kollektivimizin 15 nəfər pedaqoji
kadrı ötən bir il ərzində
xüsusi təşkil olunmuş ixtisasartırma kurslarında
peşəkarlıq səviyyələrini yüksəltmişdir.
Ən əsası ondan ibarət olmuşdur ki,
biz nümayəndələrimizi həmin kurslara göndərməzdən
xeyli əvvəl onlar üçün individual tələbat
materialları hazırlayaraq təminatçı tərəfə
konkret sifariş formasında təqdim edirik. İxtisasartırma təhsilindən sonra tələbatın
ödənilmə səviyyəsini müəssisə daxilində
qiymətləndiririk. Əldə olunan nəticələrin
dinlənilməsi, qazanılmış yeni biliklərin digərlərinə
ötürülməsi işinə xüsusi önəm
veririk.
Bir anlıq ötən əsrin sonlarında - 1998-ci ildə Azərbaycanın təhsil sistemində baş verən prosesləri yada salaq. Həmin tarixi dövrdə ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə mütəxəssislər qrupu tərəfindən təhsil sahəsində İslahatlar Proqramı hazırlandı. Əsas etibarı ilə ümumi orta təhsil pilləsini əhatə edən bu genişmiqyaslı sənəd dahi şəxsiyyətin imzaladığı sərəncamla həyata vəsiqə qazandı. Dünya Bankının uzunmüddətli maliyyə dəstəyi üçün rəsmi razılıq alındı. Bu zaman peşəkar ekspertlərin ehtiyat etdiyi gözlənilən yeganə risk yerlərin-müəllimlərimizin təklif olunan islahatlara getmək arzusunun aşağı səviyyəsi ilə bağlı idi. Qısa bir müddət keçdikdən sonra gözlənilən həmin risk, şükürlər olsun ki, özünü doğrultmadı. Demə, Azərbaycan müəllimi məzmun islahatlarını səbirsizliklə gözləyirmiş. Artıq bu gün tam məsuliyyətlə demək olar ki, liseyimizin bütün pedaqoji kadr korpusu aparılan məzmun islahatlarının aktiv iştirakçılarına çevrilmişdir. Onlar götürülən bu strateji kursun müvəffəqiyyətinə tam şəkildə inanırlar. Bu isə pozitiv nəticələrin alınmasına real təminatdır. Düşünürük ki, nə üçün bizim təhsilalanlar hər il respublika üzrə keçirilən bilik yarışlarına - fənn olimpiadalarına, müsabiqələrə qoşulmasın, peşədəki ümumtəhsil fənn müəllimləri "Ən yaxşı müəllim" müsabiqəsinə qatılmasın, müxtəlif peşələr üzrə istedadlı tələbələr üzə çıxarılmasın, onların yaradıcılıq potensialı inkişaf etdirilməsin? Bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün tərəfimizdən gündəlik qaydada məqsədyönlü işlər aparılır. Əminik ki, məsələlərə həmin aspektlərdə yanaşma müəssisədaxili keyfiyyət göstəricilərinin xeyli dərəcədə yüksəldilməsinə də öz müsbət təsirini göstərməlidir.
Liseydə ümumtəhsil fənlərini tədris edən pedaqoji kadr heyəti ümumi təhsil sahəsində aparılan məzmun islahatları prosesində - dərslik və dərs vəsaitlərinin hazırlanması, kurikulum modeli üzrə yeni layihələrin işlənilməsi, müasir təlim metodlarının formalaşdırılması və sair bu kimi proseslərdə yaxından iştirak edirlər. Daha dəqiq desək, həmin kontingent ümumi təhsildə gedən bu proseslərdən kənarda qalmır, IX-XI sinif müəllimləri üçün təşkil olunan müvafiq treninqlərə cəlb edilirlər. Hər bir pedaqoji işçiyə yeniliklər - baş verənlər dərhal çatdırılır, onların ümumi proseslərə aktiv qatılması təmin olunur. Ümumtəhsil müəllimlərimizin fəaliyyətinin qiymətləndirilməsində əsas meyar kimi götürdüyümüz kriteriyalardan biri də tələbələrin mərkəzləşdirilmiş test imtahanlarında əldə etdikləri nəticələrdir. Bu sahədə aparılmış analitik təhlillər göstərir ki, 2008-2009-cu tədris ilində həmin imtahanlardan müvəffəqiyyətlə keçmiş və attestat almış kontingent 35 faiz, 2009-2010-cu tədris ilində 44 faiz olmuşdursa, sonuncu tədris ilinin yekunları 60 faizi ötmüşdür. Bu halda yüksələn xətt tendensiyası izləndiyinə baxmayaraq, növbəti illərdə bu göstəricinin daha da qaldırılması müəllim heyəti qarşısında bir vəzifə kimi qoyulmuşdur.
(Ardı növbəti
sayımızda)
Rəhim
AĞAMALIYEV
Azərbaycan müəllimi.- 2011.-
23 dekabr.- S.12-13.