Təhsil Nazirliyində
görüş
Dekabrın
19-da təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk
Respublikasının Doğu Akdəniz Universitetinin rektoru
Abdullah Öztoprak ilə görüşüb.
Görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu da iştirak edib.
Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən söz açıb. Təhsil naziri Doğu Akdəniz Universitetinin Azərbaycandakı ali təhsil müəssisələri ilə əlaqələrinin yaradılması, birgə elmi konfransların keçirilməsi, təhsil işçilərindən ibarət nümayəndə heyətinin qeyd olunan universitetlə tanışlıq üçün həmin ölkəyə səfər etməsinin önəmli olduğunu vurğulayıb. Birgə əlaqələrin inkişafında orta məktəblər arasındakı münasibətlərin də əhəmiyyətli olacağına inamını ifadə edən Misir Mərdanov iki ölkə arasında "Qardaşlaşmış məktəblər" layihəsinin reallaşdırılmasının mümkünlüyünə diqqət çəkib.
Azərbaycanda ali məktəb rəhbərləri ilə keçirdiyi görüşlər haqqında söz açan Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak rəhbəri olduğu ali təhsil ocağı barədə ətraflı məlumat verib. Qonaq qeyd edib ki, Doğu Akdəniz Universitetində təhsil alan azərbaycanlı tələbələr tədris uğurları ilə fərqlənir.
A.Öztoprak Doğu Akdəniz Universitetinin tarixi, tədris olunan ixtisaslar barədə danışıb, habelə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Müəllim və tələbə mübadiləsində maraqlı olduqlarını bildirən rektor universitetin beynəlxalq səviyyədə tanınan ixtisaslarının "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə müvafiq siyahıya əlavə edilməsi məsələsinə toxunub.
Təhsil naziri Misir Mərdanov ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib, Şimali Kipr Türk Respublikasında 1000-ə yaxın azərbaycanlı tələbənin müxtəlif ixtisaslara yiyələnməsini müsbət hal kimi dəyərləndirib. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün atılacaq addımları diqqətə çatdıran nazir yaxın gələcəkdə təhsil sahəsindəki əməkdaşlığın öz bəhrələrini verəcəyini bildirib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan müəllimi.-
2011.- 23 dekabr.- S.3.