Elektron tədris resurslarının
qiymətləndirilməsi
şurasının yaradılması
Əmrində dəyişikliklərin
edilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Elektron tədris resurslarının qiymətləndirilməsi
şurası əmrində edilən dəyişikliklərin nəzərə
alınması məqsədi ilə
ƏMR
EDİRƏM:
Nazirliyin 1421 nömrəli, 21 dekabr 2009-cu il tarixli Əmri ilə təsdiq edilmiş "Elektron tədris resurslarının qiymətləndirilməsi şurasının yaradılması barədə" Əmrində edilən dəyişikliklər nəzərə alınsın
1. Qiymətləndirməyə təqdim olunmuş elektron tədris resurslarının təhsil sisteminin tələbləri baxımından təhsil müəssisələrində real tədris prosesində sınaqdan keçirilməsi üçün aprobasiyası təşkil edilsin.
2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov):
2.1. Elektron tədris resurslarının real tədris prosesində sınaqdan keçirilməsi və qiymətləndirilməsi üçün təhsil müəssisələrini və aprobasiya prosesinin icraçılarının müəyyən edilməsi üçün müvafiq tədbirlər görsün.
2.2. Bütün aprobasiya iştirakçılarının fəaliyyətinin koordinasiyasını təmin etsin. Aprobasiya iştirakçılarını aprobasiyanın keçirilməsi üçün lazım olan tədris-metodiki vəsaitlər və zəruri tədris proqramları ilə təmin etsin.
2.3. Aprobasiya olunacaq elektron tədris resurslarının siyahısını, aprobasiyanın mərhələlərini, müddətini müəyyən etsin və aprobasiya olunan məhsul haqqında yekun rəyin hazırlanmasını təmin etsin.
3. Elektron tədris resurslarının aprobasiyasının təşkili haqqında Əsasnamə təsdiq edilsin (1 saylı Əlavə).
4. Elektron tədris resurslarının aprobasiyasının metodikası təsdiq edilsin (2 saylı Əlavə).
5. Elektron tədris resurslarının aprobasiyası haqqında icraçının yekun hesabatının ümumi forması təsdiq edilsin (3 saylı Əlavə).
6. Elektron tədris resurslarının təhvil-təslim aktının forması təsdiq edilsin (4 saylı Əlavə).
7. Elektron tədris resurslarının mümkün formatları təsdiq edilsin (5 saylı Əlavə).
8. Elektron tədris resurslarının istifadəsi haqqında Lisenziya Razılaşmasının nümunəvi forması təsdiq edilsin (6 saylı Əlavə).
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını və Təhsil Nazirliyinin rəsmi İnternet saytında yerləşdirilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
14 dekabr 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
23 dekabr.- S.3.