Tanınmış riyaziyyatçı alim

şair Hamlet İsaxanlı ilə görüş

  

Dekabrın 13-də Bakıdakı 264 nömrəli tam orta məktəbdə Azərbaycanın çağdaş riyaziyyat məktəbinin tanınmış nümayəndəsi, fizika-riyaziyyat elmləri doktoru, professor, ölkəmizdə ilk ingilisdilli Xəzər Universitetinin təsisçisi, istedadlı şair Hamlet İsaxanlı ilə görüş keçirilmişdir. İlk baxışdan  bir-biri ilə o qədər də  uyuşmayan iki fəaliyyət sahəsini - riyaziyyat və poeziyanı özünə həyat yolu seçmiş, hər iki sahə üzrə kamil yaradıcılıq nümunələri ortaya qoymuş alim-şairlə canlı təmasdan faydalanmaq üçün tədbirdə məktəbin müəllim və şagirdləri ilə yanaşı, çoxlu qonaq, o cümlədən Xəzər Universitetinin rektoru Con Rayder, İctimai Əlaqələr üzrə Departamentinin rəhbəri Əlövsət Əmirbəyli, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdirləri Pənah İmanov, Əbülfət Piriyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov, idarənin metodmərkəzinin Xətai-Suraxanı metodik bölməsinin müdiri Firduz Əhmədov, Xətai rayonunda yerləşən bir sıra ümumtəhsil müəssisələrinin rəhbərləri və b. iştirak edirdilər.

Görüş məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Cabbarovanın, H.İsaxanlının fəlsəfi-lirik bir şeirini ifa etməsi ilə başladı. Məktəbin direktoru Sevda Qocayeva qonaqları salamlayıb onları öz təhsil ocaqlarında görməsindən məmnunluq duyduğunu bildirdi və tədbirin məramı, proqramı haqqında məlumat verdi. Qeyd etdi ki, cari ilin dekabr ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın ümumtəhsil müəssisələrində "riyaziyyat aylığı" elan olunub. Aylıq çərçivəsində digər təhsil ocaqlarında olduğu kimi, 264 nömrəli tam orta məktəbdə də indiyədək çoxlu "açıq dərs", müxtəlif mövzularda tədbirlər keçirilib. İdarənin təklifi ilə aylıq ərzində təşkil olunacaq tədbirlərin sırasına riyaziyyatçı alimlərlə görüşlərin də daxil edildiyini vurğulayan direktor, riyazipoetik təfəkkürünün işığına yığışdıqları Hamlet İsaxanlının Azərbaycan riyaziyyat elminə böyük töhfələr vermiş alim, incə rübablı şairilk özəl ali məktəblərdən birinin yaradıcısı kimi tanındığını bildirdi. S.Qocayeva alim-şairlə görüşün hər bir iştirakçının yaddaşına yazılacağına, şagirdlərin tərbiyəsinə güclü təsir edəcək bir hadisəyə çevriləcəyinə əmin olduğunu söylədi.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov da qonaqları rayon rəhbərliyi adından salamlayıb belə görüşlərin böyük tərbiyəvi əhəmiyyət daşıdığını dedi və tədbirin təşkilatçılarına minnətdarlığını çatdırdı.

P.İmanov çıxışında Azərbaycan dövlətinin təhsilə göstərdiyi qayğıdan, rayonda təhsil sahəsində əldə olunan uğurlardan danışaraq bildirdi ki, məzunların ali məktəblərə qəbulolma faizinə və bir sıra digər göstəricilərə görə Xətai rayonu nəinki paytaxt, habelə ölkə üzrə ən öndə gedən rayonlardan biridir. Ali məktəblərə qəbul imtahanlarında topladıqları yüksək ballara görə bu il Prezident təqaüdünə layiq görülən 102 gəncdən 10-u Xətai rayonundandır. Builki qəbul imtahanlarında ən yüksək - 700 bal toplamış 4 abituriyentdən 2-si bu rayonun orta məktəblərini bitirib.

Sonra görüşdə Hamlet İsaxanlının həyat və fəaliyyətindən bəhs edən "Bizim Hamlet" adlı qısametrajlı film nümayiş olundu. Filmdə H.İsaxanlının həm riyaziyyatçı alim, həm şair, həm də təhsil təşkilatçısı kimi fəaliyyətindən söz açıldı. Bildirildi ki, H.İsaxanlı 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 1970-73-cü illərdə MDU-nun aspiranturasında oxuyub, riyaziyyatın ən müasir sahələri, xüsusən də çoxparametrli spektral nəzəriyyə üzrə tədqiqatlar aparıb, riyaziyyata dair çoxlu sayda elmi əsərin müəllifidir.

Görüşün ən maraqlı anları isə təbii ki, Hamlet İsaxanlının çıxışı oldu. Öncə dəvət üçün məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə təşəkkür edən H.İsaxanlı həyat yolundan, çoxşaxəli elmi, bədii yaradıcılığının bəzi məqamlarından, Xəzər Universitetinin yaradılması yönündəki fəaliyyətindən, riyaziyyat sahəsində apardığı tədqiqat işlərindən, bədii yaradıcılığın xüsusiyyətlərindən danışdı, qloballaşan dünyada riyaziyyatın yerirolu, riyaziyyatın tətbiq sahələri, riyaziyyatla poeziyanın əlaqəsi, yaradıcılıq prosesinin bəzi mühüm məqamları, yaradıcılıq sevincis. kimi məsələlər barədə öz fikir və qənaətlərini görüş iştirakçıları ilə bölüşdü.

Görüşdə məktəbin istedadlı şagirdləri H.İsaxanlının şeirlərindən ibarət kompozisiya nümayiş etdirdilər.

Sonra professor Hamlet İsaxanlı görüş iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırdı.

Görüşdə daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov çıxış edərək məktəbin çağırışına sayğı ilə yanaşıb görüşə gəldiyinə görə Hamlet İsaxanlıya təşəkkürünü bildirdi. Tədbirin maraqlı olduğunu söyləyərək onu hazırlayanlara minnətdarlıq etdi, belə görüşlərin məktəblilərin tərbiyəsində dərin iz buraxdığını vurğuladı.

Hamlet İsaxanlı görüşün sonunda öz şeirlərini oxudu.

 

Yusif ƏLİYEV

Azərbaycan müəllimi.- 2011.- 23 dekabr.- S.11.