Bir
peşə liseyi kontekstində real inkişaf tendensiyaları
(Əvvəli
qəzetimizin 50-ci sayında)
Bəzi hallarda ilk peşə-ixtisas təhsili
müəssisələrində genişprofilli kadr
hazırlığına ikili münasibət səsləndirildiyinin
şahidi oluruq. Bizim liseydə 6 istiqamət
üzrə - inşaat, kompüter texnikası,
mühasibatlıq, avtomobil təmiri, ictimai iaşə və
ticarət sahələri üzrə peşə klassifikatoruna
uyğun kadr hazırlığı həyata keçirilir.
Bütün dünyada birmənalı qəbul
olunur ki, peşə ixtisas təhsili ölkənin əmək
bazarının tələbatının çevik şəkildə
təminatçısı rolunu oynamalıdır. Belə olan təqdirdə, əgər bu və ya digər
ixtisasa real tələbat varsa, bunun üçün müvafiq
baza yaradıla bilirsə, niyə də həmin sahələr
üzrə kadr hazırlığı həyata keçirilməsin?
Məgər hamı hüquqşünas və ya
həkim olmalıdır? Bəs kiçik səviyyədən
olan əsl iş icraçılarının qısamüddətli
tədris proqramları çərçivəsində
hazırlığını kim və
harada həyata keçirməlidir? Diqqət yetirin: bu ilin yay
aylarında bizim qəbul komissiyasına 320 qəbul (onlardan 5
qrupda 100 nəfər ödənişli əsaslarla) yerinə
qarşı 814 nəfər müraciət etmişdir.
Onların arasında valideynlərin iştirakı ilə test
imtahanları keçirdik. Bilik səviyyəsinə
uyğun aparılmış seçimin nəticəsində
500 nəfərə yaxın yeniyetmə sənədlərini
geri götürmək məcburiyyətində qaldı. Deməli, həmin sayda gənclərimiz ilk peşə-ixtisasına
yiyələnmə imkanından məhrum oldu. Digər
bir tərəfdən isə artıq biz yeni tədris ili üçün qəbul planlarının
formalaşdırılması məqsədilə əmək
bazarını öyrənirik. Əgər bu halda tələbat
istiqamətləri dəyişərsə, onda təminatçı
tərəf kimi biz mütləq çevik qaydada tədris
bazasını təkmilləşdirməli, kadr
potensialını formalaşdırmalı, yeni ixtisas
hazırlığına doğru əməli addımlar
atmalıyıq. Məgər dünya ölkələrinin təcrübəsi
məhz elə bu modelə üstünlük vermirmi?
Qəbul üçün bizə müraciət
edənlər arasında apardığımız sorğu nəticələrinin
təhlili də bəzi məqamlardan xəbər verir.
"Bizi hansı mənbədən tanıdınız"
sualına müraciət edənlərin 26 faizi vaxtilə bu tədris
müəssisəsini bitirənlərin məlumatından, 21
faizi KİV-dən, 20 faizi peşəyönümü üzrə
iş aparılmış ümumtəhsil məktəblərindən,
18 faizi İnternetdən, 13 faizi liseyin yaşayış yeri
üzrə ünvanda yerləşdiyindən və müasir tədris
bazası olduğundan, cəmi 2 faizi isə təsadüf nəticəsində
bizim liseyə gəldiklərini bildirmişlər.
Göründüyü kimi, bu təhsil pilləsindəki
ixtisaslara real maraq var. Həmin maraq isə təbii ki, gələcəkdə
əmək bazarında məhz elə konkret ixtisas üzrə
iş yeri tapılma faktoru ilə səciyyələnir. Digər
maraqlı nəticə ondan ibarətdir ki, ötən tədris
ili ərzində tərəfimizdən həyata keçirilən
bir sıra institusional tədbirlər öz obyektiv nəticəsini
verir, texniki peşə təhsilinə olan sosial tələbat
"kortəbii diplom almaq məqsədindən, peşəyə-ixtisasa
yiyələnməyə" doğru istiqamətlənir.
Bu məqamda bir əsas məsələyə
də toxunmaq vacibdir. Artıq sübuta yetirilmişdir ki,
bütün hallarda ictimai statusun qaldırılması prosesi
yalnız "sadədən mürəkkəbə
doğru" olan yüksələn xətt fəlsəfi
prinsipinə uyğun aparıldıqda müsbət nəticə
əldə edilir. Bu mənada biz, ilk növbədə,
bütün ictimaiyyətə çatdırırıq ki,
müasir təhsil sisteminin ilk peşə-ixtisas təhsili pilləsində
köhnə "PTU" məfhumu leksikondan belə
çıxarılmışdır. Uzun illərdən bəri
olan "texpeşə" (proftex), artıq ixtisas statusu alaraq
ilk peşə-ixtisas təhsilinə çevrilmiş, təhsilin
ixtisas verilən 3 səviyyəsinin birinci pilləsində qeyd
olunmuşdur. Yeni təhsil qanunvericiliyində göstərildiyi
kimi, 18 nömrəli Bakı Peşə Liseyində də
müxtəlif sənətlər və peşələr
üzrə ixtisaslı işçi kadrları
hazırlanır, fəhlə yox! Bizim müəssisədə
təhsilə yiyələnən gənclər tələbə
təqaüdü alır, onlar da ali və orta ixtisas təhsilində
olduğu kimi tələbə biletinə malikdirlər. Məzunlarımız
işəgötürən təşkilatlarda ixtisas təhsili
səviyyəsi üzrə ilk peşə-ixtisas təhsili pilləsinin
məzunu kimi, demək olar ki, kiçik səviyyəli mütəxəssis
kimi qəbul edilirlər. İlk baxışdan son dərəcə
sadə görünən belə yanaşmada ictimai statusun
qaldırılması prinsipinin köklü əsası durur.
Bir çoxları belə
düşünür ki, əgər biz - ilk peşə-ixtisas
təhsilinin iş icraçıları, əsas prinsip kimi
inkişafetdirici tədris mühitinin yaradılmasını bəyan
ediriksə, belə halda tərbiyə konsepsiyasının zəruri
müddəaları arxa plana çəkilə bilər. Bu
cür fikirlərlə qəti razılaşmaq olmaz. Məlum
olduğu kimi, təlim və tərbiyə prosesinin vəhdəti
təhsil qanunvericiliyində öz əksini
tapmışdır. Təlimlə tərbiyəni bir zəncirin
əsas həlqələri kimi xarakterizə etsək heç
də yanılmarıq.
İlk peşə-ixtisas təhsili sistemində
təhsil alanların aşağı səviyyəsi
stereotipinin aradan qaldırılması məhz elə tərbiyə
konsepsiyasının lazımı səviyyədə
reallaşdırılması ilə birbaşa
bağlıdır. Aydın məsələdir ki, burada hərbi
vətənpərvərlik, fiziki tərbiyə, psixoloji xidmət
strukturlarının müasir tələblər səviyyəsində
fəaliyyəti son dərəcə vacibdir. "Müəllim
- tələbə" münasibətlərinin düzgün
tənzimlənməsi üzrə tərəfimizdən
hazırlanmış tövsiyələr daim diqqət mərkəzində
saxlanılır. Valideynlərlə qurulan təmaslar gedən
proseslərdə onların birbaşa iştirakının təminatına
istiqamətləndirilir. Bu mənada lisey üzrə
yaradılmış və 30 nəfər üzvü olan
"Valideyn - müəllim" Birliyinin fəaliyyəti son dərəcə
müsbət effekt verir. Tələbələrin valideynlərinin
fikirləri öyrənilir, onlar "açıq dərs"lərə
dəvət edilir, konkret hallarda
qarşılaşdığımız konkret problemin həlli
ilə əlaqədar yeniyetmə gənc ilə birgə
iş aparılır.
Bu gün liseydə 43 nəfər valideyn
himayəsindən məhrum olmuş yeniyetmə təhsil
alır. Onlarla aparılan iş "İnsan Hüquqları
klinikası" ilə əlaqələndirilir. Klinikanın
mütəxəssisləri mütəmadi qaydada liseyə dəvət
olunur, həmin tələbələrlə treninqlər
keçirilir. Hər tədris ilinin başlanğıcında
bu kateqoriyadan olan tələbələrimizə müvafiq tədris
ləvazimatları, zəruri geyim əşyaları, lazımi
kitab və dərsliklər paylanılır, onların bir hissəsi
yataqxana ilə təchiz olunurlar. Tam məsuliyyətlə demək
olar ki, əgər biz - 18 nömrəli Bakı Peşə
Liseyinin bütün əməkdaşları, səylərimiz
və gərgin əməyimizlə uşağını
vaxtilə atmış anaya qarşı uzun illərdən bəri
ürəyində nifrət hisslərini yaşadan bir yeniyetmədə
ana məhəbbətinə inam oyada biliriksə, anası
azadlıqdan məhrum olmuş bir gənci onunla
görüşdürməyə nail oluruqsa, ciddi xəstəlik
tapmış bir tələbənin tam
sağaldılmasını öz imkanlarımızla təmin
ediriksə, bir nəfər belə təhsilalanı sağlam
həyata qaytarmağı bacarırıqsa, deməli, müstəqil
həyata yeni qədəm qoymağa hazırlaşanları
düzgün yola istiqamətləndiririk. Bu mənada, bir
müəllim kimi biz özümüzü xoşbəxt
sayırıq. Mətni Pedaqoji Şurada bəyənilmiş
"Müəllim andı" içirik. Tələbələrimiz
isə mətni Tələbə Parlamenti tərəfindən
qəbul olunmuş "Tələbə andı" içirlər.
Onlar dərslərə vahid tələbə formasında gəlirlər.
Psixoloji xidmət sahəsində
atdığımız real addımlar daha önəmli hesab
oluna bilər. Belə ki, liseyin psixoloji xidmət strukturu Azərbaycan
Psixoloqlar Assosiasiyası və Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
psixologiya şöbəsi, eləcə də Azərbaycan
Müəllimlər İnstitutunun psixologiya kafedrasının əməkdaşları
ilə əlaqəli iş aparır. Əsas məqsədimiz
ondan ibarətdir ki, pedaqoji kadr heyətinin psixologiya elmi sahəsində
biliklərini daha da dərinləşdirək, tələbələr
üçün psixoloji xidmət lazımi səviyyədə
qurulsun. Bütün təhsil alanların və pedaqoji heyətin
temperament tipləri AYZENK sorğusunun tətbiqi ilə
aparılmış, nəticələr geniş təhlil
olunmuşdur. Uşaq hüquqları klinikası, Uşaq və
gənclərin sosial reabilitasiya Mərkəzi, SOS uşaq kəndləri
Assosiasiyasının Gənclərin güvənc şəbəkəsinin
liseydə həyata keçirdikləri layihədə 40 nəfərə
yaxın tələbəmiz iştirak etmişlər. Bu
gün 15 nəfər tələbə, valideyn himayəsindən
məhrum olmuş yeniyetmələr də daxil olmaqla, GRBS
MMC-nin xətti ilə liderlik bacarıqları təliminə və
ingilis dili kurslarına cəlb edilmişlər. Psixoloqlar
Assosiasiyasının prezidenti xanım E.Mirzəyeva tərəfindən
müəllimlərimizlə xüsusi treninqlər
keçirilmişdir. Artıq onların hər biri
üçün müvafiq psixoqrammalar tərtib olunmuş, nəticələr
üzrə strateji fəaliyyətin perspektivləri müəyyənləşdirilmişdir.
Fikrimizcə, liseyin ən əhəmiyyətli
göstəricilərindən biri davamiyyətin monitorinqi ilə
bağlıdır. Böyük nailiyyət kimi xüsusi
vurğulanmalıdır ki, lisey üzrə təhsilalanların
gündəlik davamiyyət göstəriciləri 92 - 94 faizdən
aşağı düşmür. Davamiyyətin monitorinqi
İKT-nin tətbiqi ilə iki kompüter proqramı çərçivəsində
aparılır. Biz hər an konkret tələbə, qrup və
ümumi lisey üzrə 4 kateqoriyada (dərsə gəlməyənlər,
dərsdən yayınanlar, dərsə gecikənlər və
üzrlü səbəbdən dərs buraxanlar) gündəlik,
həftəlik, aylıq, rüblük, yarımillik və illik
məlumatları əldə etmək imkanı
yaratmışıq. Ədalət naminə qeyd
olunmalıdır ki, bu səviyyənin daim saxlanılması
işində valideynlərimizin də rolu az deyil. Artıq bu
gün valideynlər birmənalı şəkildə başa
düşürlər ki, bizim liseydə üzrsüz səbəbdən
dərs buraxma barədə mövcud reqlamentlərin şərtlərinə
dəqiq əməl olunur. Buna sadə bir misal göstərək.
Yeni dərs ilində heç bir üzrlü səbəb
olmadan həddindən artıq dərs buraxmış müxtəlif
kursların 16 nəfər tələbəsi Pedaqoji Şurada
müvafiq müzakirələrdən sonra liseydən xaric
edilmiş, onlar barəsində dərhal aidiyyəti üzrə
rayon hərbi komissarlıqlarına məlumatlar göndərilmişdir.
Liseydə "Qaynar xətt" xidməti
(əlaqə tel.: 408-13-90 ) fəaliyyət göstərir. Bu
xidmətə edilən müraciətlərin dərhal təhlili
aparılır, müvafiq qərarlar qəbul olunur, verilən
təkliflər əksər hallarda nəzərə
alınır. İnternet saytımız (www.18bpl.com, E-mail: BPL.18@mail.ru)
açılmışdır.
Liseyin ən yaxın zamanda akkreditasiyadan
keçirilməsi üçün tərəfimizdən Təhsil
Nazirliyinə rəsmi xahiş məktubu göndərilmiş
və buna müsbət cavab almışıq. Əminik ki,
növbəti ilin may ayına planlaşdırılan
akkreditasiya prosesinin yekununda biz həm əldə etdiyimiz nəticələrin
layiqli qiymətini ala biləcək, həm də
çatışmazlıqlarımız barədə daha dəqiq
məlumatlanacağıq.
Gördüyümüz işlər,
əldə etdiyimiz nailiyyətlər haqqında çox
danışmaq, daha çox məlumatlar vermək
mümkündür. Lakin bütün sadaladıqlarımız
və konkret faktlara istinadən əldə olunmuş nəticələrimiz,
eləcə də inkişaf tendensiyalarının şərhi
oxucularda belə təəssürat yaratmasın ki, 18 nömrəli
Bakı Peşə Liseyində heç bir problem yoxdur və
biz artıq hər şeyə nail olmuşuq. Əsla bu belə
deyil! Təbii ki, bizim də hələ öz müsbət həllini
gözləyən problemlərimiz var. Belə ki, liseyin əsas
korpusunda və həyətyanı sahəsində hələ
də 7 qaçqın ailəsi yaşayır. Bu səbəbdən
400 kv. metr sahədə fəaliyyət göstərə biləcək
auditoriyalarımız qaçqın və məcburi
köçkün ailələrinin istifadəsindədir. 1300
kv. metr həyətyanı sahədən məqsədi üzrə
istifadə etmək imkanlarımız məhduddur. Lisey
üçün idman meydançasının qurulmasına
real imkanlar hələ də açılmır. İnternat-məktəbləri
bitirdikdən sonra təhsilini davam etdirmək üçün
sənədləri liseyə göndərilmiş bəzi gənclərin
aylarla axtarışı gözlənilən nəticəni
vermir, onların bir qismi daim dərslərdən
yayınırlar. Mülki müdafiə və yanğından
mühafizə avadanlıqlarına olan real tələbat hələ
də tamlıqla ödənilməmişdir. İstehsalat təlimi
ustalarına olan kadr tələbatının ödənilməsində
yaranmış problemlər öz həllini hələ də
lazımınca tapmamışdır. "Kompüter
texnikasının sazlayıcısı" ixtisası üzrə
istehsalat təliminin keçirilmə obyektlərinin müəyyənləşdirilməsində
xeyli çətinliklərlə üzləşirik. Bu məsələdə
bir sıra müəssisələrin maliyyə şərtlərini
ortaya atması həmin problemin həllinin uzanması ilə nəticələnir.
Tam orta təhsil bazasında qeyri-üzvi kimyanı
yaxşı mənimsəməyən, yaxud da xarici dilin ilk
anlayışlarını belə vaxtında öyrənməyən
- mənimsəməyən bir gəncə tədris
planlarımızda bu elm sahələrinin davamı kimi nəzərdə
tutulmuş üzvi kimya və ya xarici dil materiallarının
aşılanması xeyli dərəcədə çətinliklər
yaradır. Təbii ki, belə vəziyyət keyfiyyət
göstəricilərinə də öz mənfi təsirini
göstərir. Bu və ya buna bənzər problemlər var.
Lakin biz onların aradan qaldırılması üzrə
gündəlik iş aparırıq, perspektiv fəaliyyət
üçün strateji istiqamətləri müəyyənləşdiririk.
Gələcəyə nəzər
baxımından perspektiv üçün bir sıra əhəmiyyətli
məsələlərin həllini qarşımıza əsas
məqsəd kimi qoymuşuq. Belə ki, ağırlıq mərkəzinin
təhsilalan olduğu əsas götürülməklə məzmun
islahatlarının davam etdirilməsi, zərurət yaranan təqdirdə
müvafiq korrektə planlarının realizəsi ilə qiymətləndirmədə
yeni mexanizmlərin tətbiqi coğrafiyasının genişləndirilməsi
və bütün qruplarda bacarıqların qiymətləndirilməsinə
tamlıqla keçid, milli dərsliklərin işlənib
hazırlanması prosesinin davam etdirilməsi, attestat
alanların sayının çoxaldılması, əmək
bazarının tələbatı öyrənilərək
kadr hazırlığı prosesinin çevik strukturunun
yaradılması, Təhsil Nazirliyi ilə "KNAUF"
şirkətlər qrupu arasında imzalanmış memorandum
çərçivəsinin icrası, inkişafetdirici
mühitlə bağlı layihələrə aktiv qoşulma,
işəgötürənlərlə
qarşılıqlı əlaqələrin daim gücləndirilməsi,
demokratik idarəetmə metodlarının qorunub
saxlanılması, kollektiv qərarçıxarma modelinə
daha çox üstünlük verilməsi, əlavə gəlir
gətirmə mənbələrinin artırılması,
davamlı inkişaf üzrə təminatın
reallaşdırılması və sair bu səpgili istiqamətlər
tərəfimizdən gələcək illərdə strateji fəaliyyətimizin
əsası kimi qəbul edilmişdir. Bütün bunlar, ilk
növbədə, İnkişaf Proqramının
lazımınca icrasına yerlərdə, konkret halda isə 18
nömrəli Bakı Peşə Liseyində nail olma vəzifələrinin
məsuliyyətindən irəli gəlir.
Birmənalı şəkildə
aydındır ki, ilk peşə-ixtisas təhsili sisteminin
inkişaf etdirilməsi üzrə ümumi respublika
miqyasında aparılan məqsədyönlü işlər
bu istiqamətdə gedən proseslər, həmçinin də
müəssisələrarası sağlam rəqabət
üçün geniş şərait yaradır.
Biz yaxşı başa düşürük ki,
artıq dövlət sifarişi üçün iddia
yalnız müasir məzmunu təmin edən, əmək
bazarının tələbatını ödəyə bilən
müəssisələr tərəfindən qaldırıla
bilər. O tədris müəssisəsi ki, müasir tələblərə
cavab verəcək, ölkə
başçımız cənab İlham Əliyevin sözləri
ilə desək, "Təbii sərvətlərimiz insan
kapitalına çevriləcək", onda büdcə vəsaitləri
də məhz elə həmin istiqamətə yönəldiləcəkdir.
Rəhim
AĞAMALIYEV,
18
nömrəli Bakı Peşə Liseyinin direktoru
Azərbaycan
müəllimi.- 2011.- 30 dekabr.- S.19.