Mədəniyyətimiz tarixilik və müasirlik
kontekstində
Bu yaxınlarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, əməkdar
elm xadimi, filologiya elmləri
doktoru, professor Timuçin Əfəndiyevin "Mədəniyyətimizdə
tarixilik və
müasirlik" adlı kitabı
işıq üzü görüb.
Kitabda milli
teatrımızın, kinomuzun, musiqimizin, memarlığımızın,
muzeyşünaslığımızın inkişaf yoluna analitik nəzər salınır, həmin sahələrdəki mövcud problemlər çözələnir.
Hələ
formalaşma mərhələsini yaşayan milli kulturologiya elminin
sivilizasiyalararası inteqrasiyada
funksiyası, gələcəkdə görəcəyi işlərin istiqaməti müəyyənləşdirilir. Kitabda mədəniyyətimizlə əlaqəli
ən mühüm hadisələrin şərhi,
ən vacib məqamların təhlili öz əksini
tapmışdır.
Çox əlamətdar haldır ki,
müəllif mühakimələrində
mentalitetimizlə
bağlı bütün məsələlərə düzgün münasibəti aydın şəkildə
özündə birləşdirən Heydər Əliyev
ideyalarına əsaslanır, bu azman və əbədi mənbədən bəhrələnərək,
bizi
mədəniyyətimizin
inkişafının dönməzliyinə bir daha inandırır.
Kitabın girişində ulu öndərin
1998-ci ildə Musiqili Komediya
Teatrının yeni binasının açılışı
zamanı üzünü incəsənət adamlarına tutaraq dediyi
"Yaşasın Azərbaycan mədəniyyəti!" - ifadəsini xatırladır.
Əsərdə verilmiş hər fikirdən
möhtərəm Prezidentimiz İlham Əliyev
cənablarına mədəniyyətimizə göstərdiyi diqqətə, qayğıya görə bir
ziyalı minnətdarlığı
duyulur.
Professor Timuçin
Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik"
kitabı, sözsüz ki,
zəruriliyə köklənmiş
daxili istəyin
bəhrəsidir. Bu görkəmli alimi qələmini mənəvi dünyamızdakı problemlərin həlli yollarından bəhsə yönəldən kimi tanıyırıq. Ona
görə də əsərləri ictimai ab-havanın necəliyindən, zamanın axarındakı dəyişmələrdən asılı olmayaraq daim geniş oxucu
auditoriyasının diqqət mərkəzində olur. "Rus
dramaturgiyası və Azərbaycan teatrı", "Ukrayna və Belarus
teatrı", " XVIII əsr
rus teatrı", "C.Cabbarlı və romantik dramlar",
"Azərbaycan
dramaturgiyasında metodlar", "Azərbaycan mədəniyyəti və incəsənəti" kitabları, ölkə mətbuatında,
xarici qəzetlərdə, məcmuələrdə çap edilən saysız-hesabsız məqalələri
maraqla qarşılanmaqla yanaşı, tutarlı vəsait, zəngin mənbə kimi mütəxəssislərin
müraciət, istinad yerinə dönüb.
Bu dəfə də onun belə bir
ağır zəhmətə
qatlaşmaqda
məqsədi gənclərin
mədəniyyətimizin tarixi,
gerçək durumu və sabaha yolu baxımından məlumatlanmalarını, yetərli bilik əldə etmələrinə xidmət edən
metodik ədəbiyyatlar,
dərsliklər aləminə öz töhfəsini
vermək olub. Eyni zamanda
kitabın ayrı-ayrı bölmələrində işlədilən "Mədəniyyətimizi dünyada tanıtmaq
kimi qlobal bir vəzifə"
çağırışı
Heydər Əliyev Fondunun bu sahədəki
fəaliyyəti, üzərinə
götürdüyü və
ardıcıl olaraq həyata keçirdiyi böyük missiya ilə üst-üstə düşür. Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci
xanımı Mehriban Əliyevanın rəhbərliyi altında
maddi-mənəvi dəyərlərin qorunmasını, təbliğini daha da gücləndirmək məqsədi ilə
son illərdə buraxılmış kitablarla səsləşir.
Professor Timuçin
Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik"
əsəri irihəcmli, yetərincə geniş əhatəlidir. Haqqında söyləniləsi
fikirləri bir yazıya
sığışdırmaq qeyri-mümkündür.Ona görə də bələd olduğum və fəaliyyətimlə bağlı məsələlərə münasibət bildirməklə kifayətlənmək istəyirəm.
Birincisi, müəllif
kitabında musiqi sənətinin
eramızdan əvvəlki dördüncü-üçüncü
minilliklərdən, Qobustan qayalarındakı "Yallı" rəqsinin
ifasını xatırladan
rəsmlərdən, ibtidai musiqi aləti sayılan
qavaldaşdan başlayaraq, ən
müasir sintez
nümunələrinə qədər keçdiyi
keşməkeşli
yolun təsvirini
verir. Əsrlər boyu tarixin amansız sınaqlarına tab gətirmiş bu mətin incəsənət növünün
inkişaf
mərhələlərini
zəngin faktlar əsasında tədqiq edir. Timuçin müəllim çox
düzgün olaraq
vurğulayır ki, dəfələrlə
istilalar görmüş,
əsrlər boyu acı olaylar yaşamış xalqımız musiqisinə sevgisində tarixən heç bir qadağaya məhəl qoymamış, aləti əlindən
alınıb sındırılanda, dilinə qıfıl vurulanda belə onu ürəyində pıçıldamış, ruhunun yaddaşında qoruyub
saxlamışdır. Üstəlik,
Şərqdə aparıcı mövqedə olmuş klassik muğam-məqam
sisteminin formalaşmasında böyük rol
oynamışdır.
Müəllif Azərbaycan musiqisinin beynəlxalq aləmə
çıxışının eramızın birinci minilliyinin axırlarında baş
verdiyini yazır. Bunu ölkəmizin islam
dünyasına daxil olması ilə əlaqələndirir,
bəşəri şairimiz Nizami Gəncəvinin
əsərlərində muğam oxunması ilə bağlı səhnələrin,
həmin janrın nəzəriyyəsinə aid məlumatların verilməsini göstərir. Mülahizəsini
möhkəm etmək üçün bir neçə yüzillik sonra klassik Şərq musiqi elminin nüfuzlu simalarına çevrilmiş,
onun universal nəzəriyyəsinin
ən yüksək zirvəsini yaratmış Səfiəddin Urməvi, Əbdulqədir
Marağayi kimi
görkəmli alimlərin məhz azərbaycanlı olmalarını
xatırladır.
Bu
fəsildə müəllif
oynaq
rəqs
melodiyalarımızın,
həzin nəğmələrimizin,
yanıqlı
mahnılarımızın
yaranma
tarixindən, təkmilləşmə pillələrindən, vəhdətindən kifayət
qədər söz açaraq məntiqi
ümumiləşmə
aparır.
Aşıq musiqisini, nisbətən gənc
klassik
Avropa üslubunu səs
sənətimizin inkişaf
qolları hesab edir.
Muğamatı isə onun bu istiqamətlərindən biri və eyni zamanda ana xətti, əsas daşıyıcısı kimi qiymətləndirir: "Muğam Azərbaycan
musiqi təfəkkürünün ən
ali və parlaq yaradıcılıq təzahürüdür. Öz fəlsəfi-mənəvi dərinliyi, orijinal kompozisiyası və təkrarolunmaz intonasiya inkişafı ilə seçilən muğam Azərbaycan şifahi ənənəli professional musiqisinin irihəcmli klassik nümunəsidir".
Mövcud mənbələrə
söykənən Timuçin müəllim Azərbaycan
xalqının musiqi
mədəniyyətinin ən
sürətli
inkişafının XIV əsrdə olduğunu yazır, XIX əsri onun intibah dövrü
adlandırır. İlk bədii-musiqili
məclisin Şuşada Xarrat Qulu tərəfindən təşkil
edildiyini, sonralar həmin bəsirətli işi Mir Möhsün Nəvvabın yerinə yetirdiyini,
nəticədə Hacı Hüsü, Məşədi
İsi, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Cabbar Qaryağdıoğlu, Məşədi
Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski kimi xanəndələrin yetişib püxtələşdiyini bildirir. Azərbaycan
tarının atası Sadıqcanın muğamlarımızı daha da zənginləşdirməsini, onlara yeni pərdələr,
şöbələr gətirməsini
, Məşədi Zeynal, Şirin Axundov, Qurban Pirimov və başqa sənətkarlara ustad qayğısı göstərməsini,
şairə Xurşidbanu Natəvanın yaratdığı "Məclisi-üns"
cəmiyyətinin poeziya ilə həmahəng olaraq
musiqişünaslığımızda
oynadığı müsbət rolu qeyd edir. Müəllif səs sənətimizin inkişafında Şuşa ilə
yanaşı, Bakı və
Şamaxı məktəblərinin fəaliyyətini də qələmə alır. Bu şəhərlərdəki musiqi məclislərinin
təşkilatçıları - muğamın gözəl bilicisi Mahmud
ağanın, öz dövründə fikrinin mütərəqqiliyinə görə sayılıb-seçilən
Məşədi Məlik Mansurovun xidmətlərini yüksək qiymətləndirir.
Bunun ardınca Timuçin müəllim iyirminci yüzillikdə Azərbaycan musiqi sənətinin keçdiyi
şərəfli yolu elmi şəkildə işıqlandıraraq, onda yaşanan ən əlamətdar hadisələri izləyə-izləyə indiki səviyyəsinə qədər gəlib
çıxır, gözlərimiz
qarşısında zəngin
bir tarixin
canlı mənzərəsini
yaradır. Ölkəmizdə
dövlətin həyata keçirdiyi parlaq mədəniyyət
siyasəti nəticəsində baş verən ən
son yenilikləri, beynəlxalq aləmdə
qazanılan uğurları oxucunun diqqətinə çatdırır. "Müstəqil
Azərbaycanın musiqi mədəniyyəti xalqın
çoxəsrlik tarixinə,
irsinə layiq inamlı
yüksəlişini davam etdirir" - deyərək "Musiqi
sənəti" fəslini bitirir.
Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik"
kitabında ruhuma daha yaxın
olan ikinci mövzu isə özünün
rəhbərlik etdiyi Azərbaycan
Dövlət Mədəniyyət və
İncəsənət Universiteti
haqqında olan qeydləridir. Çünki
həmin ali
tədris müəssisəsində muğam
sənəti üzrə müəllim işləyirəm.
Oradakı sürətli inkişafın, günbəgün sayı
artan
nailiyyətlərin
bilavasitə şahidiyəm.
Hörmətli professorun təvazökarlıqla qələmə aldığı
görülən işlərin mərkəzində əslində məhz onun fədakarlığı dayanır. Yüksək
rəhbərlik səriştəsi,
təşkilatçılıq bacarığı
hesabına
yaratdığı
möhkəm nizam-intizam, böyük nüfuzu sayəsində
qurduğu sivil şərait
universitetimizi
oxumaq üçün
xarici ölkə vətəndaşlarının da can
atdığı bir mədəniyyət ocağına çevirib.
Professor
Timuçin
Əfəndiyevin milli mənliyimizə
alqış gətirən
xidmətlərindən istənilən qədər danışmaq olar. Bu məqaləni yazmaqda məqsədimiz isə
sadəcə "Mədəniyyətdə tarixilik və
müasirlik" adlı yeni
kitabı münasibəti ilə görkəmli alimi təbrik etmək, belə bir
dəyərli dərsliyə görə ona
minnətdarlığımızı
bildirməkdir.
Ruzə İBİŞOVA
Azərbaycan
müəllimi.- 2011.- 30 dekabr.- S.18.