Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

  

NDU-nun Heydər Əliyev Universitetinin 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş 152-ci məşğələsi  keçirilib.

Tədbirdən öncə çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli Dünya Azərbaycanlılarının  Həmrəylik Gününün tarixi əhəmiyyəti haqqında danışıb. Vurğulanıb ki, bu günün qeyd olunması qərarı 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev tərəfindən qəbul olunub, 1993-cü ildən etibarən isə  ölkə miqyasında qeyd olunmağa başlanıb. Milli mənəvi özünəqayıdışın, birliyin, azərbaycançılığın rəmzi olan bayramın 20 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edən rektor səmimi və xoş arzularını bildirib.

Fəlsəfə və politologiya kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov çıxış edərək ulu öndərin səyi nəticəsində azərbaycançılıq, dövlətçilik ideyalarının təbliği, vətənpərvərlik ruhunun möhkəmlənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Sonra Yeni Azərbaycan Partiyası  sıralarına daxil olan bir qrup tələbəyə üzvlük vəsiqələri təqdim olunub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevanın rəhbərliyi altında xalq çalğı alətləri kafedrasının Həmrəylik gününə həsr olunmuş hesabat xarakterli konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Uvertüra", Vasif Adıgözəlovun "Xoşum gəlir", Tofiq Quliyevin "Bəxtəvər oldum", Fikrət Əmirovun "Oxatanların rəqsi", "İnnabı" rəqsi  və digər əsərlər məharətlə ifa olunub.

 

***

 

Naxçıvan Müəllimlər İnstitutunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirilmişdir. Əvvəlcə institutun rektoru, professor Oruc Həsənli kollektivi bayram münasibəti ilə təbrik etmişdir. Sonra tədbirin aparıcıları bu əlamətdar günün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin və yekdilliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışlar. Qeyd olunmuşdur ki Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan parlamenti tərəfindən 1991-ci il dekabrın 16-da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Dünya azərbaycanlılarının milli birlik və həmrəylik günü kimi qeyd olunan bu bayramın qayəsi artıq həm bütün dünyada yaşayan soydaşlarımızın düşüncəsinə hakim kəsilib, həm də Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızın sosial-iqtisadi maraqlarının müdafiəsi, beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlarının qorunması üçün  gördüyü tədbirlərdən danışan aparıcılar qeyd etmişlər ki, ümummilli liderin  dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın  azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi və güclü diasporamızın yaradılması siyasətini ölkə başçısı İlham Əliyev uğurla davam etdirir. 

Sonra tədbirin bədii hissəsi başlanmışdır.İnstitutun tələbələrindən ibarət yaradılmış şən və hazırcavablar klubunun yumoristik səhnəcikləri, vətənimizə həsr olunmuş şeirlər, mahnılar tədbir iştirakçılarında əsl bayram əhvali-ruhiyyəsi yaratmışdır.

 

***

 

Naxçıvan Özəl Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin  təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü  elan edilməsi ən yeni tariximizin  mühüm siyasi hadisələrindən biri olmuşdur. Ümummilli mənafelərimizin  həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən  bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. O da vurğulandı ki, böyük öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyev  azərbaycançılıq ideyasını, milli  ideologiyamızı qətiyyətlə, böyük uzaqgörənliklə inkişaf etdirir, onun daha səmərəli olması üçün  təsirli tədbirlər həyata keçirir. Hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Prezident İlham Əliyevin həmvətənlərimizə və bütün soydaşlarımıza  ünvanladığı müraciətləri bu yöndə işlərin daha da gücləndiriləcəyinə, yeni vüsət alacağına, potensialdan maksimum yararlanmağa yönəldilir.

Sonra  tərbiyə işləri üzrə prorektor Əli Yusifov mövzu ilə bağlı çıxış etmiş, tələbələr Vətənimizə, yurdumuza həsr olunmuş şeirləri bədii qiraət etmiş, onların ifasında mahnılar səsləndirilmişdir.

 

***

 

Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic qonaqları salamladıqdan sonra deyib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərə hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Digər çıxış edən natiq - ANS şirkətlər qrupunun informasiya şöbəsinin müxbiri Qənirə Ataşova rektora dərin təşəkkürünü bildirib ki, bu təhsil ocağı ilə tanış olmağı çoxdan arzu edirdim. Bu təhsil müəssisəsinin ildən-ilə artan reytinqi məni valeh edir. Təhsil müəssisəsi Türkiyə-Azərbaycan qardaşlığının bariz numunəsidir. Sonra Q.Ataşova 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasında ümummilli lider Heydər Əliyevin rolundan bəhs edib. Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova bu bayramın həm Azərbaycanda, həm də dünya ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunduğunu bildirib. Qeyd edib ki, uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılıb və ardıcıl olaraq həyata keçirilib: "Son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir".

Sonra universitetin tələbələrindən ibarət rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılar səsləndirilib. Tədbirin sonunda il ərzində müxtəlif yarışlarda, olimpiadalarda fərqlənən tələbələrə hədiyyələr verilib.

 

***

 

Bakının Bakıxanov qəsəbəsindəki 96 nömrəli tam orta məktəbdə  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə "Gəlin, həmrəy olaq" adlı tədbir keçirildi.

Məktəbin yuxarı sinif şagirdlərinin əllərində üçrəngli bayrağımız səhnəyə gətirildikdən sonra onların ifasında Dövlət himni səsləndi. Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əvvəlcə tədbir iştirakçıları  Həmrəylik Gününə həsr olunmuş rəsm sərgisinə baxdılar. Burada onlar müstəqil Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini əks etdirən fotostendlərlə də tanış oldular. Qonaqlara Azərbaycanın bölgələrindəki adət və ənənələr haqqında geniş məlumat verildi.

Tədbir iştirakçılarını salamlayan və bayram münasibətilə təbrik edən gecənin aparıcıları bu günün yaranma tarixindən danışdılar. Onlar ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarına daim sadiq qalacaqlarını bildirdilər.

Çıxış edənlər belə tədbirlərin təhsil ocaqlarında keçirilməsini müsbət qiymətləndirdilər.

Məktəbin direktoru Əminə Hüseynova Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbriklərini çatdırdı.

Sonra şagirdlərin hazırladıqları film nümayiş olundu.

 

***

 

Dekabrın  26-də Bakıdakı 1 nömrəli  tam orta məktəbin akt zalında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü  münasibətilə tədbir keçirildi.

Bayram tədbirində şagirdlərin  ifasında Dövlət himni səsləndirildi. Üçrəngli bayrağımız səhnəyə gətirildi. Tədbir iştirakçıları müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsini  bir dəqiqəlik sükutla yad etdilər. Aparıcılar mərasimi açaraq ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar. Bildirildi ki, 31 dekabr tariximizin ən şərəfli günü kimi dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən yüksək səviyyədə qeyd edilərək  həmrəylik nümayiş etdirilir. 

Sonra təbrik nitqi ilə çıxış edən məktəbin direktoru Elida Rzayeva azərbaycanlılar arasında milli birliyin yaranmasında həmrəylik gününün böyük rol oynadığını vurğulayaraq onun təsis olunmasını ümummilli lider Heydər Əliyevin böyük tarixi xidməti kimi dəyərləndirdi.  Bildirildi ki, təhsil ocağının şagirdlərinin böyük həvəslə hazırladıqları bu bayram tədbiri də Həmrəylik Gününə bir töhfədir. 

Şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər,  ifalar, milli rəqslər və mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş film nümayiş olundu.

  

 

Azərbaycan müəllimi.- 2011.- 30 dekabr.- S.17.