"Şöhrət"
ordenli muğam
ustası Mənsum İbrahimov Azərbaycan Müəllimlər
İnstitutunun qonağı oldu
Dekabrın 22-də Azərbaycan Müəllimlər
İnstitutunda "Şöhrət" ordenli muğam
ustası Mənsum İbrahimovla görüş keçirildi.
Tədbir Mənsum İbrahimovun həyat və yaradıcılığını
əks etdirən filmin nümayişi ilə başlandı.
AMİ-nin rektoru, millət vəkili,
professor A.Naxçıvanlı tədbir
iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan
muğamlarını zaman-zaman yaşadanlar, onu bu
günümüzə qədər gətirənlər
böyük hörmətə, şərəf və
şöhrətə layiqdirlər. Son illər məhz Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
ardıcıl və məqsədyönlü fəaliyyəti
nəticəsində Azərbaycan muğamı dünya musiqi xəzinəsinin
incisinə çevrilmişdir. Heydər Əliyev Fondunun
2005-ci ildə həyata keçirdiyi "Azərbaycan
muğamları" layihəsi çərçivəsində
24 virtuoz muğam ustadının ifaları toplanmış
"Qarabağ xanəndələri" albomu böyük
maraqla qarşılanan dəyərli bir iş olmuşdur. Bu
musiqi albomunda yer almış Qarabağ torpağının
yetirməsi Mənsum İbrahimov bu gün bizim
qonağımızdır.
Vurğulandı ki, Mənsum
İbrahimovun özünəməxsus ifa tərzi var. Biz
üzünü görmədən də səsindən,
avazından onu tanıyırıq. Çünki artıq onun
mənəviyyatı muğamlaşıb. Muğam onun taleyidir,
dünyaya baxışıdır. Müğənninin
"Rast"ına, "Şur"una, "Qarabağ şikəstəsi"nə
dönə-dönə qulaq asmaqdan doymuruq. Mənsum
İbrahimov gözəl xanəndə olmaqla yanaşı, həm
də opera teatrının solistidir. O, təkcə Məcnunu
yox, "Aşıq Qərib"də Qəribi və "Gəlin
qayası"nda Camalı da yüksək səviyyədə
oynayır. Mənsum İbrahimovun səsi çoxdan ölkəmizin
sərhədlərini aşmışdır. O, xarici ölkələrdə
muğam, xalq və bəstəkar mahnıları ilə
yanaşı, "Leyli və Məcnun" operasının da
təbliğində, sevilməsində böyük xidmətlər
göstərmişdir. O, bu gün həm də
sayılıb-seçilən pedaqoqlardan biridir, istedadlı tələbələri
var.
Qeyd edildi ki, Mənsum İbrahimovun əməyi
həmişə dövlətimiz tərəfindən yüksək
qiymətləndirilib. O, 1998-ci ildə "Azərbaycan
Respublikasının əməkdar artisti", 2005-ci ildə
"Xalq artisti" fəxri adlarına layiq görülüb.
Prezident mükafatçısıdır. 2010-cu ildə isə
Azərbaycan Respublikası Prezidenti tərəfindən
"Şöhrət" ordeni ilə təltif olunub.
Görüşdə Mənsum
İbrahimov səmimi qarşılanmaya görə institutun rəhbərliyinə
və tədbir iştirakçılarına minnətdarlığını
bildirdi. O, özü də pedaqoq olduğuna görə Müəllimlər
İnstitutunda olmağının onun üçün
xüsusi bir məna kəsb etdiyini vurğuladı.
Mənsum İbrahimov könül
oxşayan mahnılarından və muğamlarından ifa etdi və
eyni zamanda tələbələrin çoxsaylı
suallarını cavablandırdı.
Tədbirdə muğam ustası ilə
yanaşı onun tələbələrindən əməkdar
artist Təyyar Bayramov, Arzu Əliyeva, Günay İmamverdiyeva
da öz məlahətli səsləri ilə
çıxış etdilər.
Azərbaycan
müəllimi.- 2011.- 30 dekabr.- S.13.