Ümumtəhsil məktəblərində
"Şahmat" fənninin tədrisi
barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 5 may 2009-cu il tarixli, 260
nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"2009-2014-cü illərdə Azərbaycanda şahmatın
inkişaf etdirilməsi Dövlət Proqramı" ölkəmizdə
bu qədim idman növünün kütləviliyinin təmin
olunması, şahmat müəssisələri şəbəkəsinin
getdikcə genişləndirilməsi və onların
maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə
yüksək peşəkarlıq səviyyəsinə malik
mütəxəssis korpusunun formalaşdırılması,
beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi
kimi nüfuzunun artırılması üçün
böyük imkanlar açmışdır.
Hazırda
respublikamızın təhsil sistemində fəaliyyət
göstərən 66 uşaq-gənclər şahmat məktəbinə
35 mindən artıq məktəbli cəlb edilmişdir.
Dövlət Proqramının təsdiqindən ötən
müddət ərzində həmin məktəblər Təhsil
Nazirliyi tərəfindən müvafiq mebel, elektron şahmat
saatları və şahmat fiqurları, nümayiş lövhələri, televizor,
kompüter və digər zəruri vəsaitlərlə təmin
olunmuşdur.
2010-cu ildə uşaq-gənclər
şahmat məktəblərinin yetirmələri respublika
yarışlarında 28, Avropa və dünya birinciliklərində
15, müxtəlif beynəlxalq turnirlərdə 62 medal, 2011-ci
ilin oktyabr ayınadək isə Avropa və dünya çempionatlarında
11 medal qazanmışlar.
2010-2011-ci illərdə 18 nəfər idman
ustalığına namizəd, 3 nəfər idman ustası
hazırlanmışdır. Təsadüfi deyil ki, ölkə
üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 14
nəfər beynəlxalq dərəcəli idman ustasından
7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə
daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u
bilavasitə şahmat məktəblərinin yetirmələridir.
Hər il ayrı-ayrı yaş qrupları üzrə
keçirilən respublika birinciliklərində mükafata
layiq yerlərin, Avropa və dünya miqyaslı
yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz
şahmat məktəblərinin yetirmələri
qazanmışlar.
Bütün bunlarla yanaşı, Dövlət Proqramına
uyğun olaraq,
ümumtəhsil məktəb şagirdləri arasında
şahmatın geniş təbliğ edilməsi,
mədəni səviyyənin yüksəlməsində mühüm rol oynayan bu idman
növünə onların meyil və
marağının gücləndirilməsi məqsədilə Beynəlxalq
Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında imzalanmış birgə memorandumda şahmatın ümumtəhsil məktəblərində
tədris fənləri sırasına daxil
edilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar
həmin fənnin tədris proqramının, müvafiq
dərslik, dərs vəsaiti və metodik
tövsiyələrin hazırlanması, 2012-ci ildən başlayaraq pilot layihə
olaraq hər rayon və
şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində
şahmat dərslərinin tədris
olunması qərara alınmışdır. Bu barədə qərar qəbul
edilərkən şahmatın zehni fəaliyyəti,
yaddaş və intellekti
inkişaf etdirməsi, şagirdlərdə
problem həlletmə, qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi
mənəvi keyfiyyətləri formalaşdırması, sağlam həyat tərzi keçirmələrinə
zəmin yaratması, habelə dünyanın bir
çox ölkələrində
şahmatın bir fənn kimi
artıq məktəblərdə tədris olunması və
digər arqumentlər əsas tutulmuşdur.
Qeyd olunanları nəzərə
alaraq
ƏMR EDİRƏM:
1. 2011-2012-ci dərs ilinin ikinci yarımilində
rayon və şəhərlər üzrə
seçilmiş pilot
məktəblərin II siniflərində Təhsil Nazirliyinin 4 iyul 2011-ci il tarixli, 1207 nömrəli
əmri ilə təsdiq olunmuş
ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planlarına dair "Qeydlər"in 7-ci bəndində nəzərdə
tutulan saat hesabına
dərs cədvəlinə daxil edilməklə
həftədə bir saat
"Şahmat" fənni tədris edilsin.
2. "Şahmat"
fənninin tədris proqramı, pilot məktəblərin
və həmin fənn üzrə müəllimlərin
siyahıları təsdiq edilsin (əlavə
olunur).
3. "Şahmat"
fənnini tədris edəcək müəllimlər üçün zonalar
üzrə cari ilin dekabr ayında 2 günlük
təlim kursu təşkil edilsin
(təlim kursları keçiriləcək rayon
və şəhərlərin siyahısı əlavə olunur).
4. Pilot
məktəblərin fənn üzrə müvafiq
avadanlıq və ləvazimatlarla təminatı
"2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət
Proqramı" çərçivəsində həyata keçirilsin.
5. İqtisadiyyat
şöbəsi (Ş.Əliyev) təlim kurslarının təşkili
və pilot məktəblərin şahmat siniflərinin avadanlıqlarla təmin
edilməsi ilə bağlı xərclərin ödənilməsini
"2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət
Proqramı"nın maliyyə təminatı üzrə nəzərdə tutulan
vəsait hesabına həyata keçirsin.
6. Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması, Tərbiyə
və məktəbdənkənar müəssisələr
şöbələri (F.Qədirov, A.İbrahimov)
tərəfindən "Şahmat" fənninin
tədrisinin nəticələri dərs ilinin
sonunda təhlil edilsin
və rəhbərliyə məlumat hazırlansın.
7. Kənd
rayonları üzrə ümumi təhsil,
Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması, Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbələri (A.Əhmədov,
F.Qədirov, A.İbrahimov) şahmat
fənninin tədrisi ilə bağlı rayon
(şəhər) təhsil şöbələrinə (idarələrinə)
lazımi köməklik göstərsinlər.
8. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan
müəllimi" qəzetində dərc etdirsin.
9. Ümumi
şöbə (X.Fərəcov)
bu əmrin əlavələrlə
birlikdə çoxaldılaraq yerlərə göndərilməsini
təmin etsin.
10. Əmrin icrasına nəzarəti
öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
29 dekabr 2011-ci il
Azərbaycan müəllimi.- 2011.- 30 dekabr.- S.5.