Təhsil Nazirliyində
mükafatlandırılma mərasimi
Dekabrın 29-da Təhsil Nazirliyində
ötən ilin yekunlarına əsasən uşaq-gənclər
idman və şahmat məktəbləri, idmançılar, məşqçi-müəllimlər
arasında keçirilən respublika müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi olub.
Təhsil
naziri Misir Mərdanov mərasimi giriş sözü ilə
açaraq bədən tərbiyəsi və idmanın
inkişafını dövlətimiz üçün
mühüm əhəmiyyət kəsb edən məsələlərdən
biri kimi səciyyələndirib, qazanılan möhtəşəm
uğurların ölkəmizdə idmançılara göstərilən
qayğının nəticəsi olduğunu bildirib. Nazir
ümummilli lider Heydər Əliyevin idman sahəsinin
inkişafına həmişə diqqət və qayğı
ilə yanaşdığını, bu ənənənin
hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğulayıb.
2011-ci
ilin Azərbaycanın idman həyatında bir çox
uğurlarla yadda qaldığını qeyd edən Misir Mərdanov
bu nailiyyətlərin qazanılmasında Təhsil Nazirliyi
sistemində fəaliyyət göstərən idman və
şahmat məktəbləri yetirmələrinin xüsusi rolu
olduğunu bildirib. Nazir idmanın şahmat və futbol növlərinin
daha da inkişaf etdirilməsi üçün ölkə
Prezidentinin sərəncamları ilə təsdiq olunmuş
Dövlət Proqramlarının icrası istiqamətində
görülmüş işlərdən söhbət
açaraq 2011-ci ildə Ağcabədi, Quba, Xaçmaz və
Ucarda şahmat məktəbləri üçün yeni
binaların istifadəyə verildiyini nəzərə
çatdırıb.
Cari ildə
Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
qaydada bütün şahmat məktəblərinin müxtəlif
mebel dəstləri, kompüter, kompüter avadanlıqları,
texniki tədris vasitələri, digər zəruri
avadanlıqlar və əyani vəsaitlərlə təmin
edildiyini söyləyən nazir ümumtəhsil məktəblərində
şahmatın tədris olunması istiqamətində həyata
keçirilən tədbirlərdən söz açıb.
Misir Mərdanov bildirib ki, 2011-ci ildə də şahmat məktəblərinin
yetirmələri respublika birincilik və
çempionatlarında 14-ü qızıl, 11-i
gümüş və 13-ü bürünc olmaqla 38 medal,
Avropa, dünya birinciliklərində və
çempionatlarında isə 5-i qızıl, 3-ü
gümüş, 2-i bürünc olmaqla 10 medal qazanıblar.
Təhsil
naziri respublika və beynəlxalq yarışlarda yüksək
nəticələr göstərən idmançıların,
onların təmsil etdikləri məktəblərin
adlarını sadalayıb və bu uğurların davamlı
olacağına inamını ifadə edib. Təhsil sistemində
fəaliyyət göstərən uşaq-gənclər idman və
şahmat məktəblərinin, həmin məktəblərdə
çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini
qiymətləndirmək, istedadlı idmançıları
aşkar etmək və onları rəğbətləndirmək
məqsədilə ənənəvi olaraq hər il
keçirilən respublika müsabiqəsində 159 idman məktəbinin
iştirak etdiyini nəzərə çatdıran nazir qalibləri
təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra 12
nominasiya üzrə keçirilmiş respublika müsabiqəsi
qaliblərinə diplom və hədiyyələr təqdim
olunub.
Mərasimdə
gənclər və idman nazirinin müavini İsmayıl
İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədr müavini Aynur
Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti Faiq Həsənov, millət vəkili Rauf Əliyev,
millət vəkili Ülvi Quliyev, təhsil sistemində fəaliyyət
göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin
rəhbərləri, məşqçi-müəllimlər və
idmançılar iştirak ediblər.
Azərbaycan
müəllimi.- 2011.- 30 dekabr.- S.3.