"Gənc
Proqramçılar Məktəbi" yenidən fəaliyyətə
başladı
Ölkəmizdə
informatika və İKT-nin elmi-nəzəri əsaslarının,
müxtəlif problemlərinin, onların həlli
yollarının araşdırılması, inkişaf
perspektivləri və meyillərinin müəyyən edilməsi,
o cümlədən informatika elminin inkişafında dəyərli
töhfələrini verən AMEA İnformasiya
Texnologiyaları İnstitutunda İT ixtisasları üzrə
peşəkar mütəxəssis hazırlığı məsələlərinə
xüsusi önəm verilir. Gənc nəslin yeni cəmiyyətin
tələblərinə uyğun olaraq formalaşması, yeni
biliklərin əldə edilməsi, bir sözlə, milli kadr
hazırlığı siyasətinin uğurla həyata
keçirilməsi istiqamətində məqsədyönlü
işlər aparılır.
İnstitutda
İT dünyasının aparıcı qüvvələrindən
hesab olunan gənc proqramçılar ordusunun yetişdirilməsi
məsələlərinə də xüsusi diqqət
yetirilir. Proqramlaşdırma, proqramlaşdırma dilləri ilə
bağlı tədrisin aparılması, ölkədə
proqram istehsalı, milli İKT məhsullarının
hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi,
ümumiyyətlə proqram sənayesinin inkişaf etdirilməsi
sahəsində kompleks işlərin həyata keçirilməsi,
bu işlərə dəstək verilməsi institutun
başlıca hədəflərindəndir. Bu məqsədlə
İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya
Mərkəzinin nəzdində İnfoMAS İctimai Birliyi
(İnformasiya Texnologiyaları Mütəxəssisləri
Assosiasiyası) ilə birgə bu sahənin inkişafı məqsədlərinə
xidmət edən "Gənc Proqramçılar Məktəbi"
yaradılıb. Mərkəzin rəhbəri Bakı Dövlət
Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi, Təhsil
Nazirliyi Elmi-Metodik Şurasının "İnformatika və
kompüter texnologiyası" bölməsinin sədri, beynəlxalq
informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri
Ramin Mahmudzadədir.
Qeyd etmək
lazımdır ki, Ramin Mahmudzadə hələ 1970-ci illərin
əvvəlində məktəblilər üçün ilk
proqramlaşdırma sinifləri yaradıb (Bakı şəhəri
164 və 134 nömrəli orta məktəblərdə).
80-ci illərdə isə indiki Bakı Dövlət
Universitetində "Gənc Proqramçılar Məktəbi"
yaradıb və 5 il həmin məktəbin işinə rəhbərlik
edib.
Alim və
yüksək ixtisaslı proqramçıların rəhbərliyi
ilə proqramlaşdırma üzrə yeni biliklərin tədrisi,
bilik və savadın təkmilləşdirilməsi, informatika
elminə maraq və həvəs göstərən gənclərlə,
həmfikirlərlə birgə öyrənmək və
yaradıcı işlə məşğul olmaq, mütəxəssislərlə
real interaktiv ünsiyyətin qurulması, o cümlədən
Azərbaycanın beynəlxalq müsabiqələrdə
layiqli təmsil olunması üçün peşəkar
proqramçıların yetişdirilməsi "Gənc
Proqramçılar Məktəbi"nin əsas hədəflərindəndir.
"Gənc
Proqramçılar Məktəbi"nə qəbul V-VIII
siniflərdən başlayır. Lakin yuxarı sinif şagirdləri
və tələbələrin də müraciət etməsinə
məhdudiyyət qoyulmayıb.
Bu
gün əmək bazarında böyük tələbatın
olduğu və daha çox dəyər verilən
proqramçılıq peşəsinin incəliklərinə
bələd olmaq üçün bu sahənin mənimsənilməsinə
kiçik yaşlarından başlamaq lazımdır. Adətən
valideyn və uşaqlar peşə seçimi haqqında
yuxarı siniflərdə düşünməyə
başlayırlar. Proqramçılıq peşəsi ilə
tanışlıq, alqoritmik təfəkkürün inkişaf
etdirilməsinə 12-13 yaşlarından başlamaq daha məqsədəuyğundur.
Mütəxəssislər proqramçılığın təkcə
İT sahəsində deyil, istənilən sferada səmərəli nəticələrin,
uğurun əldə edilməsində mühüm rol
oynadığını bildirirlər. Belə ki, bu sahədə
əldə edilən bilik və bacarıq düzgün və
operativ qərarların qəbulu baxımından mühüm əhəmiyyət
kəsb edir.
Məktəbdə
şagirdlərin hazırlığı üçün hər
cür şərait yaradılıb. Dərs otaqları
qabaqcıl informasiya texnologiyaları, e-lövhə və s. zəruri
texniki avadanlıqlarla təchiz olunub, o cümlədən
İnternetə yüksək sürətli
çıxış imkanları təmin olunub.
Əsas
devizi "Proqramlaşdırmanı öyrənmək
üçün proqramlaşdırmaq lazımdır" olan
məktəbə qəbul isə seçim əsasında
aparılır. Gələcəyin proqramçısı, ilk
növbədə, məntiqi və riyazi təfəkkür
qabiliyyətinə malik olmalıdır ki, ilkin mərhələdə
də məhz bu bacarıqlar yoxlanılır. İlkin qruplara qəbul olunmaq
üçün informatika və proqramlaşdırma sahəsində
biliklər tələb olunmur. Tədris kursu çərçivəsində
şagirdlərə proqram təminatlarını evdə
quraşdırmaq üçün əlavə materiallar da
verilir. Məlumat üçün bildirək ki, hazırda məktəbdə
C++, Java, Piton proqramlaşdırma dillərinin tədrisi
üçün qrup yığılır.
Ülviyyə
RZAYEVA
Azərbaycan
müəllimi.- 2011.- 30 dekabr.- S.9.