Nəsirəddin Tusi adına gimnaziyanın 20 illik yubileyi qeyd edilib

  

Bu günlərdə Bakıdakı Muzey Mərkəzində N.Tusi adına gimnaziyanın 20 illik yubileyi keçirilib. Tədbirdə gimnaziyanın müəllim-şagird kollektivi, Təhsil Nazirliyinin, Almaniyanın, Rusiyanın, Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Südabə Manafova son illər respublikamızda aparılan təhsil islahatlarından söz açıb. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışan direktor təhsilimizin dünya təhsil sisteminə sürətlə inteqrasiya etdiyini bildirib. Tədris ocağının yaranma tarixi və fəaliyyəti haqqında iştirakçılara məlumat verən S.Manafova  qeyd edib ki, gimnaziya Azərbaycan və rus bölmələri üzrə 1991-ci ildən fəaliyyətə başlayıb. Məktəbdə ingilis və alman dilləri tədris olunur. 20 il ərzində məktəbin 19 qəbulu və 8 buraxılışı olub. Gimnaziyanı bitirən məzunlar həmişə ən yaxşı göstəricilərlə istər Azərbaycanda, istərsə də xarici ölkələrdəki universitetlərə  qəbul olmuş və öz müvəffəqiyyətli təhsilləri ilə gimnaziyanın adını ucaltmışlar. Hazırda məzunların 30 faizi müxtəlif xarici ölkələrdə təhsil alır. Gimnaziyada tədris olunan fortepiano, rəqs, üzgüçülük və kompüter dərsləri haqqında danışan direktor şagirdlərin hərtərəfli inkişafına hər cür şərait yaradıldığını nəzərə çatdırıb. Qeyd edib ki, məktəbin şagirdləri  əl işləri ilə də seçilirlər. Belə ki, gimnaziya şagirdlərinin əl işləri mütəmadi olaraq sərgilənir.

Digər çıxış edənlər gimnaziyanın 20 illik fəaliyyətini yüksək qiymətləndirərək pedaqoji kollektivə gələcək işlərində uğurlar arzulayıblar.

Sonra şagirdlər bir-birindən maraqlı nömrələrlə  çıxış ediblər. Azərbaycan, rus, ingilis, alman dillərində mahnılar oxunub, səhnəciklər göstərilib, rəqslər ifa edilib.

Şagirdlərin  klassik şairlərdən qəzəllər söyləməsi, M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasından bir neçə pərdənin səhnələşdirilməsi, dahi bəstəkarımız Ü.Hacıbəylinin məşhur "Arşın mal alan"  musiqili komediyasından ingilis dilində səhnəciklər göstərməsi xüsusi maraqla izlənilib.

Həmçinin şagirdlər fortepianoda klassik musiqi parçaları ifa ediblər. Sonda iştirakçılar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 30 dekabr.- S.13.