Təhsil Nazirliyinin Kollegiyasında ötən
ilin yekunları və bu il qarşıda duran vəzifələr
müzakirə olunub
Xəbər
verdiyimiz kimi, yanvarın 27-də Təhsil Nazirliyində geniş kollegiya iclası
keçirilib.
Kollegiya
üzvləri ilə yanaşı, Prezident
Administrasiyasından, Nazirlər Kabinetindən, digər
dövlət qurumlarından, YAP-dan nümayəndələrin,
millət vəkillərinin, Təhsil Nazirliyi Aparatının
məsul işçilərinin, nazirliyin struktur bölmə rəhbərlərinin,
ali məktəb rektorlarının, orta ixtisas, ilk peşə-ixtisas,
bilavasitə nazirliyə tabe olan ümumtəhsil müəssisələrinin
direktorlarının, rayon, şəhər təhsil
şöbə müdirlərinin, tanınmış
ziyalıların və bəzi qeyri-hökumət təşkilatları
təmsilçilərinin iştirak etdikləri iclasda
"2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda
duran vəzifələr" mövzusunda məsələ
müzakirə edilib.
Azərbaycan
Respublikasının təhsil naziri, kollegiyanın sədri Misir Mərdanov iclası
açıb iştirakçıları salamladıqdan sonra
"2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda
duran vəzifələr" mövzusunda geniş məruzə-təqdimatla
çıxış etdi.
Əvvəlki
illərdə olduğu kimi, 2010-cu ildə də ölkədə
təhsilin Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin birbaşa diqqət və
qayğısı altında olduğunu qeyd edən nazir
geniş faktik materiallar, dərin təhlillər və
müqayisələr əsasında hazırlanmış təqdimatında
öncə Nazirlər Kabinetinin bu il yanvarın 14-də
keçirilmiş iclasında söylənilmiş bəzi
fikirləri, ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində
ötən il qazanılmış uğurları əks etdirən
fakt və rəqəmləri diqqətə
çatdırdı. Bildirdi ki, ümumi daxili məhsul 5 faiz, əhalinin pul gəlirləri
12,3 faiz artmış, yoxsulluğun səviyyəsi daha da
aşağı düşərək 9,1 faiz təşkil etmişdir. Ölkə
iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuş, 51 milyon
ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir.
BMT-nin
2010-cu il üzrə İnsan İnkişafı Hesabatından
bəzi rəqəmləri də misal gətirən nazir qeyd
etdi ki, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə
irəliləyərək 169 ölkə arasında 101-ci yerdən
67-ci yerə yüksəlmiş, ölkəmiz "orta insan
inkişafı" qrupundan "yüksək insan
inkişafı" qrupuna daxil
olmuşdur. Nazir bu irəliləyişdə təhsilin də
xüsusi çəkisi olduğunu söylədi və bildirdi
ki, hesabata əsasən hazırda Azərbaycanda əhalinin
savadlılıq səviyyəsi 99,5 faiz təşkil edir.
Sonra
təqdimatda ölkə Prezidentinin təhsilə
qayğısını əks etdirən faktlar və rəqəmlərə
dair slaydlar nümayiş olundu. Nazir qeyd etdi ki, Azərbaycan
Prezidenti və onun xanımı Mehriban Əliyeva 2010-cu il ərzində
16 yeni inşa olunmuş, əsaslı təmir edilmiş təhsil
müəssisəsində olmuş, müəllim və təhsilalanlarla
görüşmüşdür. Səfər edilmiş müəssisələrin
siyahısını iclas iştirakçılarının
diqqətinə çatdıran nazir bunu Azərbaycan tarixində
misli olmayan hadisə kimi dəyərləndirdi.
Nazir
bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən
ötən il ərzində təhsillə bağlı 37 sərəncam
və 2 fərman imzalanmışdır.
"Ən
yaxşı müəllim" və "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqələrinin
qaliblərinin mükafatlandırılması haqqındakı
Prezident sərəncamları
üzərində bir qədər geniş dayanan nazir həmin
sərəncamlara əsasən 50 məktəbə və 100
müəllimə pul mükafatlarının verildiyini qeyd
etdi, müsabiqənin bəzi yekunlarından söz açaraq
qaliblərin bölgələr üzrə paylanmasını
göstərən cədvəlləri nümayiş etdirdi. Təhsil
ocaqları və müəllimləri bu yüksək
yarışmada fəallıq göstərən, heç
iştirak etməyən və iştirak edib qaliblər
sırasına düşməyən şəhər və
rayonların adları çəkildi, bəzi müqayisələr
aparıldı.
Nazir
təqdimatında 2010-cu ildə Prezidentin sərəncamları
ilə 411 təhsil işçisinin müxtəlif orden və
medallara, fəxri adlara layiq görüldüyünü qeyd
edib, bunu da ölkə
başçısının təhsilimizə
qayğısının nəticəsi kimi dəyərləndirdi.
Qeyd olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyətində
də təhsilin inkişafı əsas prioritetlərdən
olmuş və 2010-cu ildə hökumət tərəfindən
təhsillə bağlı 32 qərar imzalanmışdır.
Həmin qərarlardan 28-i "Təhsil haqqında" Qanunun
icrası ilə bağlıdır. Nazir bu sənədlərin
yüzlərlə mütəxəssis və təhsil
ekspertinin zəhməti hesabına başa gəldiyini qeyd etdi.
Daha
sonra nazir dövlət büdcəsindən təhsilə
ayırmaları, təhsil büdcəsinin son üç ildəki
inkişaf dinamikasını əks etdirən slaydlara diqqəti
yönəldərək hər il dövlət büdcəsindən
təhsilə ayrılan xərclərin, investisiyaların
artdığını bildirdi. Qeyd etdi ki, 2010-cu ildə təhsilə
ayrılan xərclər 1,276 milyard manat təşkil etmiş,
2011-ci ildə isə təhsilə 1,338 milyard manat vəsait
ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2010-cu
ildəkindən 61,3 milyon manat çoxdur. İnvestisiyaların
həcmi və Prezidentin Ehtiyat Fondundan ayrılan xərclər
2010-cu ildə 80,4 milyon manat təşkil etmişdir. 2011-ci ildə
investisiyaların həcmi 86,3 milyon manat nəzərdə
tutulmuşdur.
Məruzə-təqdimatında
təhsil naziri 2010-cu ildə həyata keçirilən
dövlət proqramları və layihələr üzərində
ətraflı dayanaraq qeyd etdi ki, son illər Azərbaycan elmi
surətdə əsaslandırılmış və cənab
Prezident tərəfindən təsdiq olunmuş proqramlarla idarə
olunur. Beynəlxalq qurumların da qeyd etdiyi kimi, bu, ölkəmizin
inkişafını təmin edir. Təhsillə bağlı
bu gün 16 dövlət proqramının olduğunu deyən
nazir, həmin proqramların adlarını iclas
iştirakçılarına təqdim etdi.
Sonra
təhsil naziri hər bir təhsil pilləsi üzrə
görülmüş işlər barədə məlumat
verdi. Öncə məktəbəqədər təhsilə
dair son 3 ilin statistikası diqqətə
çatdırıldı. Qeyd olundu ki, 2009-2010-cu tədris
ilində dövlət məktəbəqədər təhsil
müəssisələrinin sayı 1607, burada tərbiyə
olunanların sayı isə 103342 nəfər olmuşdur. Bu
müəssisələrdə 13408 pedaqoji işçi
çalışmışdır. 2010-2011-ci tədris ilində
isə məktəbəqədər müəssisələrin
sayı bir qədər artaraq 1624 olmuş, uşaqların
sayı isə müəssisələrdə olduğundan daha
çox artaraq 107954 təşkil etmişdir. Ölkə
üzrə məktəbəqədər təhsillə əhatə
səviyyəsi 16,5 faizdir. Bununla belə, nazir özəl
bağçalarda artımın da çox olduğunu söylədi.
Nümayiş olunan cədvəldən göründü ki, bu
müəssisələrin sayı bu il ötən ildəkindən
üç dəfədən çox artaraq 5-ə
qarşı 21 olmuş, uşaqların da sayında müvafiq
artım (275-ə qarşı 1005) qeydə
alınmışdır. Bu sahədə dövlət
başçısı tərəfindən təsdiq
olunmuş proqram çərçivəsində 2010-cu ildə
görülmüş işlər haqqında məlumat verən
nazir bildirdi ki, ötən il ərzində 3 yeni uşaq
bağçası tikilib istifadəyə verilmiş, 7 müəssisə
əsaslı təmir olunmuş, 31 müəssisədə
cari təmir işləri aparılmış, 151 müəssisə
avadanlıqlarla təmin edilmişdir. Ötən il tikilmiş
və əsaslı təmir olunmuş uşaq
bağçalarından fotogörüntülər kollegiya
iştirakçılarına təqdim olundu.
2010-cu
ildə məktəbəqədər müəssisələrin
təlim vəsaitləri ilə təminatı sahəsində
də addımlar atıldığı və 53 adda təlim vəsaiti
hazırlanaraq müəssisələrə
çatdırıldığı, YUNİSEF-in dəstəyi
ilə beynəlxalq məsləhətçi cəlb olunmaqla məktəbəqədər
təhsilin müasir tələblərə cavab verən yeni
kurikulumlarının hazırlanmasına
başlandığını, respublika üzrə 5
yaşlı uşaqların məktəbəqədər təhsilə
cəlb olunması üzrə məlumat bankının
yaradıldığı qeyd olundu.
Bakı
şəhərində 5 yaşlıların məktəbəqədər
təhsilə cəlbinin 2006-2011-ci illər üzrə
artımını əks etdirən cədvəl, məktəbəqədər
təhsil müəssisələri, ölkə üzrə
yaşayış məntəqələri, məktəbəqədər
yaşlı uşaqlar və məktəbəqədər təhsilə
cəlb olunanlarla bağlı aparılmış təhlilin nəticələri,
bu sahədə mövcud problemlər və 2011-ci ildə
görüləcək işlər iclas
iştirakçılarına təqdim olundu. Bildirildi ki, hazırda ölkə üzrə bu
sahədə 477 yeni təhsil müəssisəsinin
inşasına, 863 müəssisənin əsaslı təmiri,
bərpası və gücləndirilməsinə ehtiyac var.
Sonra
ümumi təhsil pilləsi üzrə görülmüş
və görüləsi işlər, mövcud problemlər
haqqında slaydlar vasitəsi ilə kollegiya
iştirakçılarına məlumat verildi. Nazir öncə
bu pilə üzrə təhsil müəssisələri
haqqında məlumatı əks etdirən cədvəli təqdim
etdi. Bildirdi ki, hazırda ölkədəki 4522 dövlət
ümumtəhsil müəssisəsində 1321091 şagird
oxuyur, həmin müəssisələrdə pedaqoji heyət
üzvlərinin sayı 159461 nəfərdir. Müəllimlərin
sayının əvvəlki illərlə müqayisəsinə
diqqəti çəkən nazir son 3 ildə (2008-2009-cu dərs
ilində - 163.226; 2009-2010-da - 160161; 2010-2011 - 159461) pedaqoji heyətin
sayının azalmasına nail olunduğunu söylədi. Eyni
zamanda nazir son 1 ildə birinci siniflərə gedən
şagirdlərin sayının təxminən 1500 nəfər
artdığını dedi.
Kollegiyada
gətirilən faktlardan göründü ki, ötən il məktəblərin
infrastrukturu da inkişaf edib. 2010-cu ildə 21996 yerlik 61 məktəb
binası, 11 məktəb üçün 1578 yerlik əlavə
korpuslar tikilib, 15 məktəb əsaslı təmir olunub. 356
məktəbdə cari təmir işləri aparılıb,
6980 yerlik 25 məktəb binasının tikintisinə
başlanıb.
Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun xidmətlərini xüsusi qeyd edən nazir
Fond tərəfindən 2010-cu ildə 1100 yerlik 2 yeni məktəbin
tikildiyini, Gürcüstanda azərbaycanlılar yaşayan
bölgələrdə 3 məktəb binasının əsaslı
təmir və bərpa edildiyini söylədi. Yeni tikilmiş
məktəblərin siyahıları və onlardan
fotogörüntülər nümayiş etdirildi.
Ümumtəhsil
məktəblərinin avadanlıqla təminatına toxunan
nazir 66 rayon üzrə 266 məktəbə 27414 parta, 2315
yazı lövhəsi, 4313 müəllim masası, 7662 müəllim
stolu verildiyini, 115 məktəbin kimya, 114 məktəbin isə
fizika laboratoriyaları ilə təmin edildiyini söylədi.
Eyni zamanda diqqəti bu sahədə mövcud olan problemlərə
də yönəldərək bildirdi ki, aparılan
araşdırmalara əsasən ölkə üzrə qəzalı
vəziyyətdə olan 262 məktəb üçün bina
tikilməsinə, 872 məktəbin əsaslı təmirə
ehtiyacı var. Ümumi təhsil sahəsində 2011-ci ildə
görüləcək işlər diqqətə
çatdırıldı.
Təhsil
naziri təqdimatında kurikulum islahatı ilə bağlı
məlumat verərək bildirdi ki, artıq 2010-2011-ci dərs
ilində I-III siniflərdə tədris yeni fənn
kurikulumları üzrə aparılır, digər siniflərdə
isə bu işə növbəti
illərdən başlanacaq. Bu sahədə müvafiq işlər
aparılır. Ötən il monitorinq və qiymətləndirmə
sahəsində xeyli iş görülüb. Nazirlər
Kabineti müvafiq konsepsiyanı, təsdiq edib, kurikulum tətbiq
olunan aşağı siniflərdə ciddi iş
aparılır. Nazir keçən il XI siniflərlə
yanaşı, IX siniflərdə də buraxılış
imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirildiyini, əvvəllər
ictimaiyyət tərəfindən yaxşı qəbul edilməyən
bu işin hazırda müsbət
qarşılandığını söylədi və ötənilki
buraxılış imtahanlarının nəticələri, fənlər
üzrə imtahan suallarının sayında edilmiş yeniliklərlə
iclas iştirakçılarını tanış etdi. Beynəlxalq
qiymətləndirmə üzrə aparılmış işləri
diqqətə çatdıraraq hələlik ölkəmizin
3 beynəlxalq qiymətləndirmə proqramında iştirak
etdiyini söylədi.
Kollegiyada
2010-cu ildə ali məktəblərə qəbulun nəticələri
barədə söz açıldı. Qəbul
imtahanlarında 0-100, 100-200, 200-300, 300-500, 500-700 bal toplayan
abituriyentlərin 2003-2010-cu illər üzrə faiz şəklində
ifadə olunmuş nəticələrini əks edirən
diaqramlar nümayiş olundu, onların illər üzrə
müqayisəsi aparıldı, aşağı bal
toplayanların sayının getdikcə azaldığı, əlaçıların
göstəricilərinin isə əksinə,
artdığı, 600-dən yuxarı bal toplayanların əvvəlki
ilə nisbətən, təxminən, 2 dəfə çox
olduğu vurğulandı.
İstedadlı
şagirdlərlə işlə bağlı həyata
keçirilən tədbirlərə toxunan nazir bildirdi ki,
2010-2011-ci dərs ilində Gəncə, Mingəçevir,
Sumqayıt, Şirvan şəhərləri və Quba,
Ağdaş, Şəki, Lənkəran rayonlarının
seçilmiş məktəblərinin bazasında istedadlı
şagirdlər üçün lisey sinfi təşkil
edilmişdir. Kollegiya iştirakçılarına
"Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)" üzrə
görülmüş digər işləri, o cümlədən
istedadların seçimi, müsabiqələrin təşkili
ilə bağlı həyata keçirilmiş tədbirləri,
onların nəticələrini, istedadlı məktəblilərin
dünya olimpiadalarında qazandığı uğurları əks
etdirən slaydlar da nümayiş olundu və təhlil edildi.
Nazir
Təhsil Nazirliyi sistemində həyata keçirilməkdə
olan De-institutlaşdırma proqramının 2010-cu ildə icra
vəziyyəti və proqram üzrə 2011-ci ildə
görüləcək işlər barədə məlumat verərək
bildirdi ki, Nazirlər Kabinetinin
13 yanvar 2010-cu il tarixli 5 nömrəli qərarı ilə
Təhsil Nazirliyi nəzdində De-institutlaşma və Uşaqların
Müdafiəsi İdarəsi yaradılmış, internat-məktəblərdə
təhsil alan, tərbiyə olunan uşaqların bioloji ailələrinə
qaytarılması istiqamətində ciddi nəticələr əldə
olunmuş, bir sıra digər dövlət qurumları və
beynəlxalq təşkilatlarla birgə layihələrin həyata
keçirilməsinə başlanmışdır.
Nazir
proqram çərçivəsində dövlət uşaq
müəssisələrində təlim-tərbiyə alan
uşaqlar haqqında dəqiq məlumatların
toplanmasını, uşaq "qaynar xətt" xidmətini
bu sahədə atılan ən uğurlu addımlardan
saydı, proqram və layihələr üzrə işlərin
2011-ci ildə də davam etdiriləcəyini söylədi.
Misir
Mərdanov dərslik siyasətini nazirliyin fəaliyyətində
ən mühüm istiqamətlərdən biri olduğunu
söyləyərək, ölkədə 1,5 milyona yaxın
şagirdin pulsuz dərsliklərlə təmin edilməsini Azərbaycan
Prezidentinin təhsilalanlara göstərdiyi qayğının ən
bariz ifadəsi kimi dəyərləndirdi. Dərsliklərin
hazırlanması və nəşrinə dair statistik rəqəmlər
diqqətə çatdırılaraq bu sahədə
ardıcıl iş getdiyi, dərsliklərin hər il təkmilləşdirildiyi
bildirildi.
Təqdimatda
ümumtəhsil məktəblərinin kadr təminatı məsələsinə
də toxunuldu, ucqar yerlərdə kadrların
çatışmaması, paytaxtda və bir sıra şəhərlərdə
isə əksinə, onların sıxlığı qeyd
edildi, ötən il Bakı şəhəri məktəblərində
vakant yerlərə müəllimlərin işə qəbulunun
yeni qaydasının tətbiq olunduğu, nəticədə
288 müəllimin işə qəbul edildiyi diqqətə
çatdırıldı, məktəb direktorlarının
işə qəbul üçün də müsabiqələrin
təşkilinə başlandığı qeyd edildi. Nazir məlumat verdi ki, 2010-cu ildə
ucqar kənd məktəblərinə həvəsləndirmə
tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr
göndərilmişdir.
Sonra
məktəbdənkənar təhsil sahəsi ilə
bağlı statistik rəqəmlər, həyata keçirilən
tədbirlər haqqında məlumatlar və yeni tikilmiş və
təmir olunmuş müəssisələrdən
fotogörüntülər kollegiya iştirakçılarının
diqqətinə təqdim olundu. Nazir bir qürur doğuran
faktı xüsusi qeyd edərək bildirdi ki, 1 yanvar 2011-ci il
tarixinə orta reytinq göstəricilərinə görə
Azərbaycan dünyanın ən güclü 10 şahmat ölkəsi siyahısına daxil
olmuş və 5-ci yerdədir. O, bu çox böyük
uğurda təhsil işçilərinin də əməyi
olduğunu vurğuladı. Ölkədə şahmat məktəbləri
tikintisinin statistikası, yeni şahmat məktəblərinin
şəkilləri nümayiş olundu.
Təhsil
sisteminin informasiyalaşdırılmasından da təqdimatında
söz açan nazir 2010-cu ildə bu sahədə
görülən işləri diqqətə
çatdıraraq bildirdi ki, "Elektron məktəb" layihəsinə
ötən il daha 4 təhsil müəssisəsi
qoşulmuş, layihədə iştirak edən 20 məktəbə
300 yeni kompüter, 336 ədəd netbuk verilmişdir.
Müvafiq proqramın icrası nəticəsində 64680 nəfər
müəllim təlim kurslarından keçmişdir. Sonra
nazir kompüter-şagird nisbəti, müəssisələrin
İnternet bağlantısı, kadrların İKT
hazırlığı sahələrində 2005-ci ilədək
və 2005-2007, 2008-2009, 2009-2010-cu illərdəki vəziyyəti
əks etdirən diaqrama dair slayda diqqəti yönəldib,
2005-ci ildə kompüter-şagird nisbətinin 1:1000 olduğu
halda, 2010-cu ildə bu nisbətin 1:20-yə
çatdırıldığını söylədi.
Kollegiya
iclasında təhsilin idarə
olunmasının məlumat sistemləri haqqında da məlumat
verən nazir hazırda nazirliyin TİMS bazasında 1,4 milyon
şagird və 200 mindən artıq məktəb heyəti barədə
məlumat toplandığını, onların ilbəil yeniləşdiyini,
dəqiqləşdirildiyini dedi.
Sonra
ilk peşə-ixtisas, orta ixtisas təhsili müəssisələri
haqqında statistik məlumat, hər iki sahədə ötən
il görülən və bu il üçün
planlaşdırılan işlər kollegiya
iştirakçılarının diqqətinə
çatdırıldı.
Təqdimatın
ali təhsildən bəhs edən hissəsində nazir öncə
bu sistemdəki müəssisələr haqqında məlumat
verdi, sonra iki istiqamətdə - "Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanunundan irəli gələn
vəzifələr və "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın icrası ilə
bağlı görülmüş və görüləcək
işlərə diqqəti cəlb etdi. Azərbaycan
Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il
tarixli fərmanının icrası istiqamətində
görülən işləri xüsusilə qeyd edən nazir
bu məqsədlə bir neçə sənədin
hazırlanaraq hökumət tərəfindən təsdiq
olunduğunu, 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan
Respublikası ərazisində fəaliyyət göstərən
dövlət və özəl ali təhsil müəssisələrində
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin
dövlət sifarişi əsasında həyata
keçirildiyini, 51 ali təhsil müəssisəsindən
35-nin dövlət sifarişinin yerinə yetirilməsində
iştirak etdiyini, bu məsələnin müxtəlif dövlət
qurumlarının və ali məktəblərin
iştirakı ilə bir neçə dəfə müzakirə
olunduğunu, ali məktəblərə bakalavr pilləsi
üzrə qəbul olunan 27612 tələbədən 9788 nəfərinin
(35,4%) hazırda dövlət sifarişi ilə, 17824 nəfərinin
isə (66,6%) ödənişli əsaslarla təhsil
aldığını diqqətə çatdırdı,
dövlət sifarişi əsasında tələbə qəbulunun
ali məktəblər üzrə paylanmasını göstərən
cədvəllər nümayiş etdirildi, ali təhsil sahəsində
görülmüş işlər, mövcud problemlər qeyd
olundu, problemlərin aradan qaldırılması
üçün təkliflər səsləndirildi,
görüləcək digər işlər diqqətə
çatdırıldı.
Məruzə-təqdimatının
beynəlxalq əlaqələr, xaricdə təhsil
bölümlərində kollegiya sədri ölkəmizin 16
beynəlxalq təşkilatla sıx əməkdaşlıq əlaqələri
saxladığını, 2010-cu ildə bir sıra ölkələrlə təhsil sahəsində əməkdaşlıq
haqqında saziş layihələrin
hazırlandığını, bir sıra xarici ölkələrə
səfərlər edildiyini qeyd etdi, Azərbaycanın ali məktəblərində
təhsil alan əcnəbi tələbələrin 1971, 1979-cu
illər və son 12 ildə say dinamikasını, onların
ölkələr üzrə bölgüsünü,
2010-2011-ci tədris ilində xaricdə dövlət xətti
ilə təhsil alan azərbaycanlı gənclərin ölkələr
üzrə sayını, ixtisas sahələri üzrə statistikasını
və s. əks etdirən diaqramlar nümayiş olundu.
Diaqramlardan aydın oldu ki, hazırda ölkəmizdə 6173 əcnəbi
tələbə oxuyur, dövlət xətti ilə xaricdə
789, o cümlədən proqram çərçivəsində
583 nəfər gənc təhsil alır, onların 114 nəfəri
artıq məzundur.
Təhsil
naziri kollegiyada 2010-cu ildə əlavə
təhsil, ali məktəb elmi sahələrində
görülmüş işlər və 2011-ci ildə
qarşıda duran vəzifələr barədə də ətraflı
məlumat verdi, müvafiq statistik rəqəmlər gətirərək
qeyd etdi ki, son illər alimlərimizin nüfuzlu xarici jurnallarda
dərc olunan məqalələrinin sayı artıb.
Təqdimatın
sonunda 2010-cu ildə nazirliyə daxil olan sənədlər
haqqında da söz açıldı, onların daxil
olduğu təşkilat və rayonlar üzrə
bölgüsünü əks etdirən cədvəllər
nümayiş olundu. Bildirildi ki, il ərzində nazirliyə
51552 sənəd daxil olmuş, 7251 nəfər vətəndaş
qəbul edilmişdir.
Təhsil
nazirinin diqqətlə dinlənilən təqdimatından sonra
mövzu ilə bağlı müzakirə aparıldı.
İclasda
ilk söz alan YAP sədrinin müavini-icra katibi Əli Əhmədov təhsil
naziri Misir Mərdanovun təqdimatını yüksək qiymətləndirib,
hesabatda ötən il ölkəmizdə təhsil sahəsində
əldə olunan nailiyyətlər haqqında geniş
informasiya verildiyini bildirdi. Təhsilin Azərbaycanın
davamlı inkişafının kökündə dayanan
çox əhəmiyyətli amillərdən olduğunu
söyləyən icra katibi onun Azərbaycan Prezidenti cənab
İlham Əliyevin diqqət və qayğısı sayəsində
ölkəmizin strateji inkişafının vacib istiqamətlərindən
birinə çevrildiyini, son illər təhsilin infrastrukturunun
yeniləşdirilməsindən tutmuş səviyyəsinin yüksəlməsinədək
bütün sahələrdə doğrudan da diqqətəlayiq
nəticələr əldə edildiyini vurğuladı. Ə.Əhmədov
Təhsil Nazirliyinin fəaliyyəti sayəsində Azərbaycan
cəmiyyətində təhsilə müasir yanaşma meyillərinin
özünü daha ciddi göstərməkdə olduğunu
xüsusi qeyd etdi. Bildirdi ki, təhsilin səviyyəsinin
yüksəlməsi, şagirdlərin yaxşı təhsil
alması məktəbin, digər təhsil qurumlarının fəaliyyətinin
keyfiyyətindən nə dərəcədə
asılıdırsa, bir o dərəcədə də
bütövlükdə cəmiyyətin təhsilə
sağlam, düzgün və müasir münasibəti ilə
əlaqədardır. Yalnız müəllimlərlə
valideynlərin birgə fəaliyyət göstərməsi nəticəsində
təhsil sahəsində lazımi səviyyəni əldə
etmək mümkündür. Millət vəkili dövlətin
ayırdığı vəsaitlər hesabına və
böyük zəhmət nəticəsində xarici ölkələrdə
təhsil almış gənclərin ölkəmizdə
işlə təmin olunması, onların biliyindən,
savadından, ümumi mədəni səviyyəsindən Azərbaycanın
inkişafı üçün istifadə edilməsinə
diqqətin artırılmasına böyük ehtiyac
duyulduğunu qeyd edərək, bu istiqamətdə atılan
addımları, xüsusilə də xaricdə təhsil alan gənclərin
işlə təmin olunması üçün dövlət
proqramının və ayrıca qurumun yaradılması
ideyasını dəstəklədiyini söylədi.
Çıxışının
sonunda ölkədə təhsil islahatlarının geniş
proqram əsasında uğurla həyata keçirildiyini deyən
Ə.Əhmədov bir neçə ildən sonra təhsilin keyfiyyətinin daha da
yüksələcəyinə, Azərbaycan məktəblərində
təhsil alan gənclərin ölkəmizin
inkişafını təmin edən vətəndaşlar kimi
yetişəcəyinə əmin olduğunu bildirdi.
Azərbaycan
Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova iclasda
çıxış edərək artıq bir neçə dəfədir
ki, təhsil nazirinin təqdimatı ilə keçirilən
kollegiya iclaslarında iştirak etdiyini, həmin iclasların hər
birində də təhsil sahəsində Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan dövləti tərəfindən
yeridilən siyasət, bu siyasətin icrası və icra
prosesində əldə olunan uğur və nailiyyətlər,
eləcə də problemlər barədə çox dərin,
faktlara söykənən, aydın və şəffaf məlumatlar
aldığını söylədi. Dedi ki, Azərbaycan təhsilində bu
gün sürətlə inkişaf getdiyini bu kollegiya
iclasında da əyani şəkildə gördük. Azərbaycan
Prezidentinin, dövlətin bu sahəyə diqqət və
qayğısı özünün səmərəli və
faydalı nəticələrini verir. Təhsil sahəsində
görülən işlərin gənc nəslin savadlı,
bilikli, yüksək səviyyədə təhsil almaqla Azərbaycanın
inkişafına xidmət göstərən vətəndaşlar
kimi formalaşmasına gətirib
çıxardığını, bütün bunların bir
millət vəkili kimi onu sevindirdiyini deyən vitse-spiker,
ötən il keçirilmiş parlament seçkiləri ərəfəsində
yerlərdə seçicilərlə keçirdiyi çoxsaylı
görüşlərində onların təhsilimizin
mövcud durumu haqqında çox gözəl fikirlər
söyləmələrini xatırlatdı və bunları təhsilimizdəki
uğurlara verilən yüksək qiymət kimi dəyərləndirdi.
B.Muradova diqqətə çatdırdı ki, Azərbaycan
parlamenti həyatın bütün istiqamətlərində, o
cümlədən təhsil sahəsində problemlərin həllinə
rəvac verən qanunvericilik bazasının möhkəmləndirilməsi
yönündə məqsədyönlü fəaliyyət
göstərir. O, kollegiya iştirakçılarını əmin
etdi ki, təhsilin problemləri, gündəlik fəaliyyəti
hər bir millət vəkilinin diqqət mərkəzindədir.
Onlar
həmin problemlərin həllini vətəndaşlardan
heç də az istəmirlər və əgər Milli Məclisin
iclasında, bu və ya digər tədbirlərdə təhsillə
bağlı müəyyən nöqsanlar, iradlar səslənirsə,
bütün bunları obyektiv tənqid, nöqsanların aradan
qaldırılmasına istək kimi qəbul etmək
lazımdır.
O,
iclas iştirakçılarının nəzərinə
çatdırdı ki, Milli Məclisin builki planına elm siyasəti
və ali təhsil haqqında qanunların qəbul olunması
daxil edilib.
Çıxışının
sonunda B.Muradova təhsilimizdə böyük inkişaf
getdiyini bir daha vurğulayaraq görülən bütün
işlərin, habelə kollegiyada səsləndirilən
faktların ictimaiyyətə doğru, düzgün
çatdırılmasını zəruri
saydığını bildirdi və əhatəli məruzə-təqdimatına
görə təhsil naziri Misir Mərdanova təşəkkür
etdi.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
millət vəkili Səttar
Mehbalıyev də çıxışında ölkə
Prezidenti İlham Əliyevin qayğısı nəticəsində
təhsilimizdə böyük uğurlar əldə edildiyini
söylədi. Bildirdi ki, təhsilin bütün sahələrində
qazanılan uğurlar onun düzgün istiqamətdə
inkişaf etdiyini göstərir.
Təhsilin
hüquqi bazasının, məzmununun, proqram-metodik təminatının
yeniləşdirilməsi istiqamətində aparılan işləri
xüsusilə yüksək dəyərləndirən
Konfederasiya sədri Sovetlər Birliyi tərkibində olduğu
dövrlərdə Azərbaycanın özünün
qanunvericilik sənədlərinin olmadığı, dərsliklərin,
proqramların rus dilindən tərcümə olunduğuna diqqəti
yönəldərək bütün bünların müstəqilliyimizin
ilk illərində Təhsil Nazirliyi qarşısında
böyük problemlər yaratdığını, lakin
nazirliyin çox ağır və vaxt aparan bu işin öhdəsindən
layiqincə gəldiyini, son illər müstəqil
respublikamızda təhsil qanunvericiliyinin
formalaşdırılması sahəsində çox
böyük işlər görüldüyünü bildirdi.
S.Mehbalıyev
başçılıq etdiyi qurumun təhsilin inkişafı
yönündə atılan addımlarda, təhsil
işçilərinin əməyinin
stimullaşdırılmasında, onları, habelə
şagirdləri, tələbələri həvəsləndirmək,
daha yaxşı oxumağa sövq etmək üçün
keçirilən tədbirlərdə, müsabiqə və
olimpiadalarda yaxından iştirak etdiyini diqqətə
çatdırdı və bundan sonra da belə işlərə
fəal dəstək verəcəklərinə iclas
iştirakçılarını əmin etdi.
Kollegiya
iclasında çıxış edən Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə diqqəti
istedadlı gənclərə, xarici ölkələrdə təhsil
almış məzunlara dövlət səviyyəsində
xüsusi qayğı göstərilməsinin vacibliyinə
yönəldərək bu məqsədlə xüsusi
proqramın hazırlanmasını zəruri saydı.
M.Abbaszadə
yüksək oxumaq həvəsi ilə məktəbə gələn
uşaqların bu həvəslərinin bütün təhsil
illəri boyu saxlanması üçün orta məktəblərdə
qiymətləndirmə prosedurlarını təkmilləşdirməyin
zəruriliyini qeyd etdi. Bu baxımdan o, beynəlxalq qiymətləndirmə
prosedurlarında ölkəmizin iştirakını çox
vacib saydı və Təhsil Nazirliyinin bu istiqamətdə
atdığı addımları təqdir etdi. Komissiya sədri
eyni zamanda ölkəmizdə ümumi qiymətləndirmə
prosedurlarında əsas götürülən
kriteriyaların beynəlxalq qiymətləndirmə üzrə kriteriyalara
uyğunlaşdırılmasını zəruri hesab etdi və
bildirdi ki, biz proqramlarımızı və təhsilin məzmununu
milli saxlamaqla müasirləşdirməliyik.
***
Kollegiya iclasını yekunlaşdıran təhsil naziri Misir Mərdanov iştirakçılara təşəkkür edərək əldə olunan uğurlarda təkcə Təhsil Nazirliyinin deyil, başda cənab Prezident İlham Əliyev olmaqla hamının, bütün ölkə ictimaiyyətinin böyük əməyi olduğunu bildirdi.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.- 4 fevral.- S.2-3.