Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa müsabiqəsinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə Azərbaycan bəstəkarlarının əsərlərinin və xalq mahnılarının, rəqslərinin öyrənilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, tələbə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, xüsusi istedada malik gəncləri üzə çıxarmaq, ifa mədəniyyətini yüksəltmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

 1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Bakı şəhərində yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa müsabiqəsi" keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) və Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.

4. Ümumi şöbə (H.Məmmədova) əmr və əlavələrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını,  əmr və əsasnamənin nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

26 yanvar 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 4 fevral.- S.4.