Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Dünya şöhrətli müdrik siyasətçi, qüdrətli dövlət xadimi, böyük mütəfəkkir Heydər Əliyevin 2011-ci il mayın 10-da anadan olmasının 88-ci ildönümü tamam olur.

Ulu öndər Heydər Əliyevin adı bəşər tarixində müstəsna xidmətlər göstərmiş sayılıb-seçilən ən məşhur və nüfuzlu şəxsiyyətlərlə bir sırada çəkilir. Azərbaycanın xalqımıza şərəf və başucalığı gətirən müasir tarixinin zəfər salnaməsinin yaradılmasında böyük rəhbərimizin ölçüyəgəlməz xidmətləri danılmaz və unudulmaz həqiqətdir. O, nəsillərin yaddaşında dövlət müstəqilliyimizin, milli mənəvi və bəşəri dəyərlərə, xalqa, dövlətçiliyə sadiqliyin, azərbaycançılıq məfkurəsinin rəmzi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, Azərbaycanı beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət olaraq əbədiyyət qazanmışdır.

İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun parlaq gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın hiss olunmaqdadır. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilməli və bəhrələnməli məktəb kimi  qəbul edilir.

Tarix ulu öndərə şərəfli həyat və fəaliyyətinin bütün dövrlərində möhtəşəm quruculuq, sosial-iqtisadi  inkişaf və ictimai-siyasi sabitliyin təminatçısı olmaq səadətini bəxş etmişdir. Ümummilli liderimizin Azərbaycanda siyasi hakimiyyətə yüksəlişinin hər iki dövrü məhz tarixi zərurətdən irəli gələn həmin xoşməramlı missiyalara parlaq sübutdur.

Təhsilə, təhsil işçilərinə müntəzəm diqqət və qayğı  Azərbaycana rəhbərlik etdiyi bütün illərdə ulu öndərin çoxsahəli və genişmiqyaslı fəaliyyətində prioritet istiqamət olmuşdur. Müstəqillik dövründə ölkəmizdə novator və innovativ ruhlu təhsil siyasəti ilə müşayiət olunan  islahatlara başlanması, inkişafyönümlü Dövlət proqramlarının qəbul edilməsi, ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə pulsuz təmin olunması bilavasitə ümummilli liderimizin adı ilə bağlıdır.

Bu gün hər bir Azərbaycan vətəndaşının, dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlının qəlbində Heydər Əliyev işığının sönməz zərrəsi şölələnir. Heydər Əliyev yolunu özünə həyat idealı seçmiş indiki nəsil, ilk növbədə, təhsil işçiləri gələcəyimiz hesab edilən müasir gənclərin ümummilli liderimizin nümunəsində tərbiyə olunmasını, onun zəngin irsinin dərindən öyrənilməsini təmin etməli, bu şərəfli işin yerinə yetirilməsinə Vətən və xalq qarşısında müqəddəs vəzifə kimi münasibət bəsləməlidirlər.

Qeyd edilənlərin tarixi zərurət olduğunu nəzərə alaraq 

 

ƏMR EDİRƏM:

 

1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, texniki peşə, aliorta ixtisas təhsili müəssisələrinin, Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrinin rəhbərləri 2011-ci  il fevral ayından başlayaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə xüsusi tədbirlər müəyyənləşdirib həyata keçirilməsini təmin etsinlər.

2. Respublikanın ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin zəngin  həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilsin. Müsabiqənin məktəb və rayon (şəhər) mərhələləri aprel ayının 10-dək yekunlaşdırılsın.

3. İnşa müsabiqəsinin yekun mərhələsi Təhsil Nazirliyinin müəyyən etdiyi vaxtda Bakı şəhərində keçirilsin.

4. Müsabiqənin yekun mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:

4.1. Ümumtəhsil məktəbləri üzrə  - hər rayon və şəhərdən 1 (bir) nəfər.

4.2. Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələri üzrə - 5 (beş) nəfər.

4.3. İlk peşə-ixtisas təhsili müəssisələri üzrə - 10 (on) nəfər.

5. Naxçıvan Muxtar Respublikasında bu əmrdə qeyd olunan tədbirlərin müəyyən edilən müddətlərdə Naxçıvan MR Təhsil Nazirliyi və digər aidiyyəti təhsil müəssisələri tərəfindən  müstəqil yerinə yetirilib yekunlaşdırılması məqsədəuyğun hesab edilsin.

6. İlk peşə-ixtisas təhsili müəssisələri və Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələri şagirdlərinin inşa yazılarının nəzərdən keçirilərək yekun mərhələdə iştirak üçün qaliblərin müəyyənləşdirilməsi işinin təşkili Təhsil Nazirliyi Aparatının rəhbəri İ.Pirməmmədova həvalə olunsun.

7. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) inşa yazı müsabiqəsinin yekun mərhələsinin səmərəli təşkili, başa çatdırılması, qaliblərin müəyyənləşdirilməsi məqsədilə lazımi tədbirlər görsün, ən yaxşı inşaların toplu şəklində nəşr olunması üçün  İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) birgə təkliflər hazırlasınlar.

8. Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Elm şöbəsi (G.Hüseynova)  2011-ci ilin fevralından etibarən ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin elm, təhsil və iqtisadiyyatın inkişafı sahəsində genişmiqyaslı fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans, "dəyirmi masa" və seminarların keçirilməsi üzrə  lazımi tədbirlər görsünlər.

9. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) 2011-ci ilin fevral-aprel aylarında ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsi və sərgisinin, habelə müxtəlif növlər üzrə idman  turnirlərinin keçirilməsini təmin etsin.

10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

11. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

25 yanvar 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 4 fevral.- S.4.