SSRİ-nin həbsxana və düşərgələr şəhəri
Maqadana minlərlə azərbaycanlı
sürgün olunub
(Əvvəli qəzetimizin 14 və
28 yanvar tarixli nömrələrində)
Bu yerlərə sürgün edilənlər
1-2 ildən çox yaşaya bilməyiblər
Gedəcəyim
növbəti keçmiş düşərgə isə Maqadandan
500 kilometr aralı olan Seymcan qəsəbəsi
yaxınlığındakı Lazo və Kanyon-1 adlanan həbs
düşərgələrinin xarabalıqları olacaqdı.
Totalitar
rejiminin sürgün etdiyi insanları məhz Maqadanın ən
sərt havası olan Susuman, Neksikan, Yaqodnoe, Seymcan və s. kimi
yerlərinə aparmışlar. Maqadan DİN arxivindən
aldığım sorğu cavablarında belə faktlara
çox rast gəldim. Bu insanların çoxu yalnız bir
qış mövsümünü sağ qala bilmişdi. Yəni
bir ildən çox yaşaya bilməmişlər. Bu yerlərin
şaxtasından iş fəaliyyətini itirmiş insanlar
lazımsız işçı qüvvəsi olduğuna görə güllələnmişlər.
Bunlara misal olaraq iki fakt göstəririk:
Kuluyev
Şahsuvar Firidun oğlu 1905-ci il təvəllüdlü. Az.
SSR, Qubadlı rayonu, Amudux kəndi. 1938-ci il aprelin 14-də
Zaqafqaziya Hərbi Tribunalı tərəfindən Az. SSR CM-in
21, 64, 70, 73 maddələrinə əsasən 10 il müddətinə
azadlıqdan məhrum edilmişdir
Cəza
müddətini çəkmək üçün Maqadan vilayəti
ərazisinə 9 dekabr 1938-ci ildə gəlmişdir. 16 aprel
1940-cı ildə Maqadan xəstəxanasında vəfat
etmişdir və s.
Şirinov
Fərhad Mustafa oğlu. Təvəllüdü 1905-ci il. Az.
SSR, Cəbrayıl rayonu, Dağtumas kəndi...
3
iyun 1939-cu ildə cəza müddətini çəkmək
üçün Maqadan vilayəti ərazisinə gətirilmişdir.
24 noyabr 1940-cı ildə Susuman rayonundakı Çkalov
adına düşərgənin tibb məntəqəsində
vəfat etmişdir. Ölüm səbəbi: ürək
çatışmazlığı olub.
Arxivdən
aldığım cavablara əsasən deyə bilərəm
ki, Azərbaycanın aran rayonlarından buraya sürgün edilənlərin
60-70 faizi bir, ya da iki il yaşayıblar. Bu insanlar siyasi
repressiyanın qurbanları idi.
Azad olmuş dustaqlardan Vətənə
dönməyənləri də olurdu
XX əsrin
sonuncu onilliyində Susuman qəsəbəsinə şəhər
statusu verilib. 30-cu illərdə burada böyük müvəqqəti
saxlama həbsxanası və xeyli düşərgə olub. Bu
həbsxana və düşərgələr Çay-Uryax
düzənliyində kəşf olunmuş qızıl
yataqlarında işləmək üçün buranı ucuz
işçi qüvvəsi ilə təmin edirdi. Dustaqlar bu yerə
"ölüm düzənliyi" deyirmişlər. Susuman həm
də böyük nəqliyyat şosesinin və yol tikintisinin əsas
dayaq nöqtəsi idi. Belə ki, İndigirka çayı sahilində
yerləşən Üçt-Nərədən Aldan
çayı sahilindəki Xandıqaya qədər uzun bir məsafəyə
yol çəkilməli idi. Bunun üçün Stalinin
göstərişi ilə "zərbəçi
briqada"lar yaradılmışdı. Hər 10 kilometrdən
bir düşərgə salınmaqla dustaqlar tikintidə
işlədilirdilər. Bu düşərgələrdə
soyuqdan, acından və işin hədsiz dərəcədə
ağır olması səbəbindən adamlar kütləvi
şəkildə tələf olurdular. Bu gün həmin
"zona"lardan heç nə
qalmayıb.
Susumandan
25 kilometr qərbə tərəf
Neksikan qəsəbəsi yerləşirdi və buradan 15
kilometr aralıda düşərgələrin xəstəxanası
vardı. Bu xəstəxanaya xəstəlikdən, iş
rejiminin dözülməzliyinin və yaxud az qidalanmanın nəticəsində
artıq əmək qabiliyyətini itirərək
"doxodyaqi" adlandırılan dustaqlar göndərilirdi. Amma
"müalicə" üçün buraya göndərilənlər
geriyə dönmürdülər. Xatınnaxda, Berlaqda və
s. olduğu kimi, bu xəstəxananın da qəbiristanlığı
olub. Burada da əvvəlcədən hazırlanmış
tranşeylər həmin xəstəxanaya gətirilən
dustaqların cəsədləri ilə doldurulurdu. İndi bu qəbiristanlıqdan
da əsər-əlamət qalmayıb.
"Zona"ların
və məzarların kim tərəfindən, nə vaxt və
nə üçün sökülüb
dağıdılması barədə də məlumat vermək
istəyirəm. Belə ki, Stalinin ölümündən sonra
verilən amnistiyaya əsasən dustaqların xeyli hissəsi
azad edilmişdi. 1956-cı ildə isə nəinki Kalımda,
bütün SSRİ ərazisində "QULAQ"ın
tabeliyində olan dustaqlara, xüsusilə də siyasi dustaqlara
bəraət verildi. Bununla da Kalım ərazisindəki
düşərgələr və həbsxanalar, demək olar
ki, xeyli boşaldı. Azad olmuş keçmiş dustaqlar
arasında Vətənə dönməyənlər də
oldu. Bu insanlar buradakı artellərdə işləyərək
yenə qızıl axtarışına başladılar. 1970-1980-ci
illərdə bu artellərə dağlıq ərazilərdə
işləyən güclü texnika göndərildi. Bununla da
daha tez və daha çox metal emalına başlandı. "Zona"lar
bulduzerlərlə dağıdıldı, burada vaxtilə
dustaqların gizlətdikləri qızıllar aşkar edildi.
Bu
barədə yazıçı Viktor Nikolayeviç Pavlov
yazır: "Mən Çay-Uryax adlanan çayın sahilində
yerləşən böyük qızıl emalı fabrikində
oldum. Bu fabrikin fəhlələri mənə
danışdılar ki, bir dəfə gecə növbəsindən
sonra draqa (torpağı yuyaraq qızıl aşkar edən
texnika) irəlilədikcə arxada qoyduğu qum təpəciklərində
insan sümükləri və kəllələri
gördük. Sən demə, biz bütün gecəni hamı
üçün gizlin olan dustaq qəbirlərini sökərək
irəliləmişik..." (Stalinizm na Kalıme. str.118).
Ümumiyyətlə,
"zona"ların məhv edilməsinin bir neçə yolu
var. Yaşayış məntəqələrindən uzaqda
olması ilə əlaqədar kimin texnikası varsa, onlar gedib
keçmiş düşərgələrdəki barakları
söküb, dəmirini və taxtalarını gətirib
istifadə edir və ya satır. Buna isə bu gün "ərazinin
təmizlənməsi" deyirlər. Digər tərəfdən,
Xalq Daxili İşlər Komissarlığı nəzdində
olan məşhur "Dalstroy" trestinin və
"USTVİL"in (Şimal-Şərq Əmək-İslah
Düşərgələri İdarəsi) əməkdaşları
Stalinin ölümündən sonra yenə də istehsalata rəhbərlik
etmiş, sovet və partiya orqanlarında yüksək vəzifələri
tutmuşlar. Aydın məsələdir ki, onlar düşərgələrdə
törətdikləri cinayətlərin üstünü
örtməyə çalışırdılar. Ona görə
də bu vandalizmə göz yuman yerli hakimiyyət həbsxana və
düşərgələrin məhv edilməsində
çox maraqlı idi. Elə bu gün də burada o zamanlar
baş verənləri haqlı, lazımi və qanuni hesab edənlər
var.
Zıryanka qəsəbəsini də
dustaqlar tikiblər
Zıryanka
qəsəbəsi də bir çox qəsəbələr
kimi, Kalım çayının sahilləri boyunca
salınmış düşərgələrdən biri idi. Hələ
"Dalstroy"un var gücü ilə işlədiyi
dövrdə bura çay gəmiçiliyinin kiçik bir
limanı olub. Odunla işləyən gəmilər buradakı
mədənlərə lazım olan hər şeyi-texnika,
geyim, qida məhsulları və əlbəttə, ucuz
işçi qüvvəsi olan dustaqları daşıyırdılar.
Ust-Srednekandan başlayaraq Kalım çayı boyunca hər
10 kilometrdən bir buraya göndərilmiş dustaqlardan ibarət
kiçik düşərgələr fəaliyyət göstərirdi.
Bu düşərgələrin məqsədi çay boyunca hərəkət
edən gəmiləri odunla təchiz etməkdən ibarət
idi. Kalım çayı gəmiçilik idarəsinin baş
iqamətgahı da elə burada-Zıryankada yerləşirdi. İdarənin
rəisi isə admiral olub. Əgər kiçik düşərgələrin
hansısa lazım olduğu qədər odun verməsəydi,
bu admiral heç kimdən və heç nədən çəkinmədən
həmin düşərgənin dustaqlarının hər on və
ya hər beş nəfərindən birinin güllələnməsinə
əmr vermək gücünə malik idi. Sonra onların
ölüm aktlarında hansısa bir xəstəliyin adı
yazılır, güllələnmiş dustağın vəfatı
barədə qohumlarına bir "qara kağız"
göndərilirdi. Sovet rejimində Beriyanın rəhbərlik
etdiyi "QULAQ"ın (Düşərgələr üzrə
Dövlət idarəsi) daxili qanunları belə idi. Ümumiyyətlə,
buradakı idarə rəhbərləri külli-ixtiyar sahibləri
imiş.
O
zaman Zıryankadan 63 kilometrlik məsafədə geoloqlar
kömür yataqları kəşf ediblər. Oraya xeyli dustaq
göndərilib və yeni bir düşərgə
yaranıbdır. Bura yeraltı mədən oldugundan dustaqlar
kömürü əl arabası ilə
daşıyırlarmış. Bu gün də burada
kömür, az miqdarda olsa da, hasil edilir, amma
müasir texnika ilə.
...Səyahətə
çıxdıgım gəminin göyərtəsində əyləşib
hər iki sahilə heyranlıqla baxırdım. Çılpaq
və sərt qayaları əhatə etmiş
yaşıllıqlar göz oxşayırdı.İnanmaq olmur
ki, bu yerlərdə ilin doqquz ayı şaxtanın sazagı mənfi
40, 50, bəzən də 60 dərəcəyə
çatır.Bu yerlərin yaşıl təbiəti, həqiqətən,
heyranedicidir. Bələdçim mənə o zaman Kalım
çayı sahillərində salınmış düşərgələrin
yerini göstərirdi.Yerini ona görə deyirəm ki, bu
günə o düşərgələrdən heç nə
saxlanılmayıbdır.
Zıryanka
qəsəbəsi ilə üz-üzə, Kalım
çayının sağ sahilində daha bir qəsəbənin
xarabalıqları var. Bu qəsəbə də dustaqlar tərəfindən
tikilmişdi.Sonradan onlar burada yaşamaq məcburiyyətində
qalıblar.Qəsəbə xüsusi köçürülənlərin
qəsəbəsi idi.Yəni həbs müddəti başa
çatanda azad edilən, lakin bu vilayətdən
çıxması qadağan olunan dustaqların qəsəbəsi.
Belə dustaqların harada yaşamasını rəhbərlik
təyin edirdi. Maqadandan 500 kilometr məsafədə yerləşən
Seymcan, Yaqodnoye və s. qəsəbələr kimi,
Zıryankada yayda isti olur. Dustaqlar kartof və kələm əkib-becərərək
burada kənd təsərrüfatını inkişaf etdiriblər.
İstixanalar tikərək pomidor və xiyar da yetişdiriblər.
Beləliklə, bu qəsəbə
yaxın qəsəbələri, hətta bəzən
düşərgələri də tərəvəzlə təmin
edirmiş. Stalinin ölümündən sonra amnistiya fərmanı
bu insanlara tam azadlıq verdi (qatı cinayətkarlardan
başqa). Onların bəziləri öz vətənlərinə,
bəziləri qismən böyük qəsəbələrə,
bəziləri də Maqadana köçdülər. Beləliklə,
qəsəbə tamamilə boşaldı. Sonra yerli hakimiyyətin
burada kənd təsərrüfatını bərpa etmək cəhdi
baş tutmadı. Qəsəbədən bu günümüzə
yalnız uçuq-sökük yaşayış evləri və
leysan yağışlarının torpağını yuyub
hamarladığı qəbiristanlıq qalmışdır. Bu
torpağın altında isə o zaman siyasi baxışı
başqa olan sovet vətəndaşlarının
qalıqları çürüməkdədir. Bu insanlar, sadəcə
olaraq, qəddar rejimin "QULAQ" adlı dəyirmanından
sağ çıxmayanlardır.
Keçmiş
dustaqların bəziləri isə, sadəcə olaraq,
Kalımın sağ sahilindən sol sahilinə keçərək
Zıryanka qəsəbəsində məskunlaşmış,
ailə qurmuş və həmişəlik burada
yaşamışlar. Bu sadə Şimal adamlarına məni
çox mehribanlıqla qarşıladıqlarına görə
minnətdarlığımı bildirirəm.
"Vaskovun evi"
1935-ci
ildə Maqadanda ilk daş binaların tikintisinə
başlanıldı. Bunlar poçtun binası, sərhəd
qoşunlarına məxsus bina və 1 nömrəli həbsxana
idi. Həmin həbsxana binası tarixin yaddaşına onun ilk
rəisinin adı ilə "Vaskovun evi" kimi həkk olunub.
Bu, zirzəmisində neçə-neçə insanın əzab
verilərək güllələndiyi həmin məşhur həbsxana
idi.
Keçmiş
Maqadan dustaqlarından olan rəssam N.Biletovun düşərgə
xatirələrindən:
"...Bir
gün bizim "47-ci kilometr" adlanan düşərgəyə
çox da böyük olmayan "NKVD" dəstəsi gəldi.
Onlar bizə nəzarət edən əsgərləri də,
gözətçi "vışka"sında duran əsgərləri
də öz adamları ilə əvəz etdilər. Düşərgə
rəisini də harasa göndərdilər. Ertəsi gün
bizi işə aparmadılar. Bu gözlənilməz istirahətə
çox sevindik, nəhayət ki, paltar və çəkmələrimizi
yaxşıca qurudacağıq. Amma sevincimiz çox çəkmədi.
Gecə bizi sanki həyəcan siqnalı varmış kimi
ayağa qaldırıb baraklardan həyətə qovdular (təxminən
min nəfərə yaxın idik). Cərgəyə
düzüb sıra ilə saydılar, sonra isə hər on nəfərdən
birini ayrıca cərgəyə düzdülər. Bu bəxti
gətirməyənləri guya yaponların tərəfinə
keçmək üçün silahlı üsyan
hazırladıqlarına görə təqsirli bilib
apardılar. Elə həmin gecə onların
hamısını düşərgənin kənarında
güllələdilər. O gündən düşərgənin
idarəsi əsl zindana çevrildi. Heç nə başa
düşmək olmurdu. İstənilən vaxt gəlib kimisə
aparırdılar-ağqvardiyaçıları, Vətəndaş
müharibəsi qəhrəmanlarını,
partiyaçıları, din xadimlərini, kolxoz və sovxoz
direktorlarını, kimi olsa. Onlar bir daha baraka
qayıtmırdılar. Düşərgə idarəsindən
isə gecə-gündüz dəhşətli fəryad səsləri
gəlirdi. Sanki orada insan dərisi soyurdular...".
(Ardı var)
Binnət ƏSGƏROV
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.21.