Azərbaycan ilə Gürcüstanın təhsil sahəsində əməkdaşlığı genişlənir

 

Fevralın 1-də təhsil naziri Misir Mərdanov Gürcüstan Prezidentinin anası, Beynəlxalq Qara dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan təhsil naziri Azərbaycanla Gürcüstan arasında təşəkkül tapmış tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrindən bəhs edib. Misir Mərdanov Azərbaycan və Gürcüstan prezidentlərinin şəxsi münasibətlərinin ölkələrimiz arasındakı hərtərəfli əməkdaşlığa olduqca müsbət təsir göstərdiyini vurğulayıb.

Digər istiqamətlərdə olduğu kimi, ölkələrimiz arasında təhsil sahəsində də qarşılıqlı əlaqələrin inkişafının əhəmiyyəti barədə fikirlərini bildirən Beynəlxalq Qara dəniz Universitetinin prorektoru, professor Giuli  Alasaniya  bu münasibətlərin gələcəkdə  daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu  bildirib.  Qonaq  deyib ki, Azərbaycanın  təhsil  müəssisələri  ilə  tanışlıq    ali  məktəblər arasında  əlaqələrin inkişafı yollarının müzakirəsi onları maraqlandıran  məsələlərdəndir.

Azərbaycanın Gürcüstanda təhsilin inkişafına hər zaman kömək etdiyini bildirən Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva rəhbərlik etdiyi muzeydə Azərbaycan dilində olan yeni kitablara ehtiyac duyulduğunu nəzərə çatdırıb.

Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun Gürcüstanda tədris ocaqlarının təmirində, dərslik və əlavə vəsaitlərlə təminatında yaxından iştirak etdiyini söyləyən təhsil naziri Misir Mərdanov Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə lazım olan kitabların göndərilməsi üçün müvafiq addımların atılacağını deyib. Nazir təhsil sahəsindəki qarşılıqlı əlaqələrimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. Misir Mərdanov ölkəmizin bir sıra ali və orta təhsil müəssisələri ilə tanışlığın Azərbaycanın təhsil sistemi haqqında qonaqlarda xoş təəssürat yaradacağına inamını ifadə edib.

  

 

Azərbaycan müəllimi.- 2011.- 4 fevral.- S.4.