Təhsil Nazirliyində mətbuat konfransı

 

Yanvarın 28-də Təhsil Nazirliyində 2-ci Respublika muğam müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirildi.

Konfransı giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə ölkəmizdə 2-ci Respublika Muğam Festivalı başlanır. Bununla əlaqədar olaraq muğam müsabiqəsi keçirilir. Bu müsabiqə üçün sənədlər yanvarın 29-dan fevralın 20-dək Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecində qəbul olunacaq. Bildirildi ki, fevralın 21-dən 25-dək münsiflər heyəti tərəfindən iki mərhələdə seçim turu aparılacaq, müsabiqənin nəticələri fevralın 25-də açıqlanacaq. Qaliblər mükafatlandırılacaq və onlar martda keçiriləcək 2-ci Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanacaqlar.

Sonra tədbirdə cıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bildirdi ki, bu festivalın keçirilməsinin ən əsas məqsədi yeni istedadlı gənclərin üzə çıxarılmasıdır. 18 yaşından 35 yaşınadək gənclər muğam müsabiqəsində iştirak etmək üçün sənədlərini təqdim edə bilərlər. Respublika müsabiqəsində qalib gəlmiş 3 nəfər Beynəlxalq Muğam Festivalında iştirak edəcək.

Mətbuat konfransının sonunda jurnalistləri maraqlandıran suallara cavablar verildi.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 4 fevral.- S.4.