Zaqafqaziyada ilk
pedaqoji elmlər doktoru
Adəti
idi, hər gunorta bir stəkan çay içib, ağır, ləngərli
yerişlə institutdan çıxıb Xəzər sahilinə
yollanardı. Hər dəfə də yolunun
sağındakı qaramtıl-qəhvəyi divarlı
binanın yanından ötəndə ürəyindən elə
bil daş asılardı. Yadına Müşfiq düşərdi, Hacı Kərim
Sanılını xatırlardı, Çobanzadəni yad edərdi.
Qəlb ağrısı ilə sahilə yetişərdi. Bir xeyli gəzişərdi, evdən çıxandan
buraya gələnə kimi gördüyü hadisələrin,
şahidi-iştirakçısı olduğu əhvalatların,
bir də qanlı-qadalı illərin
ağrı-acısını, əzab və əsəbini mavi
dalğaların mehinə verərdi, unudardı xırda
umu-küsüləri, kinə çevirməzdi. Sonra həmişə
əyləşdiyi yerə gələrdi. Əl ağacına
dayaqlanıb üfüqlə dənizin qovuşduğu
nöqtəyə - Nargin adasına tərəf baxırdı.
"Orada, deyilənə görə, çoxlu ilanlar yuva
salmışdır. Bəlkə Müşfiqi də orada
güllələyiblər? Bəlkə Hacı Kərim də
orada öldürülüb?". Müşfiqi sonuncu dəfə
evdə qarşılamışdı. Mikayıl Müşfiq:
- Əhməd müəllim, - demişdi. - Sən pedaqoqsan. Mənim
şeirlərimin tərbiyəvi dəyəri haqqında bir rəy
yaz...
Müşfiqin qaynar baxışlarının
lap dərinliyindən bir kədər işarırdı,
qorxulu bir həyat eşqi oxunurdu. Rəy yazdı. Sonralar əlyazmasını
evdəkilər, deyəsən, yandırdılar. Rəyin sədası
sonra çıxdı. Bir dəfə hərbi
komissarlığa çağırıb 2-3 saat ləngitdilər.
Alim kimi bronda olduğu üçün əsgər getməyəcəkdi.
Amma işə çatan tək institutun xüsusi şöbəsindən
gəldilər: - Niyə işdə olmamısan? Proqul eləmisən!
(O illər belə halda işdən çıxarardılar).
Hərbi
komissarlığa getdiyini söylədi. İnanmadılar. -
Get, arayış gətir, - dedilər. Getdi. Olduğu
şöbədə bir neçə saat əvvəl onunla
danışan hərbçi bu dəfə başını da
qaldırmadı. Arayış
barədə heç eşitmək istəmədi. Çarəsiz
qalıb rayon hərbi komissarının qapısını
döydü. Mayor rütbəli şəxs ayağa duranda,
düzü, heyrətdə qaldı.
- Əhməd
müəllim, necəsiniz?
Hal-əhval
sorğusuna yarıkönül cavab verdi. Deyəsən, hərbi komissar onun
çıxılmaz vəziyyətdə olduğunu başa
düşüb, gəlişinin məqsədini soruşdu.
Az sonra Azərbaycan Pedaqoji İnstitutunun
dosenti Əhməd Yusif oğlu Seyidov bir neçə saat əvvəl,
doğrudan da, hərbi komissarlıqda olduğu haqqında
arayışı alıb qapıdan çıxanda: - Əhməd
müəllim, bəs məni tanımadınız - sualı
onu otağa dönməyə məcbur elədi. Hərbi
komissar bu dəfə onu qucaqlayıb: - Siz Lənkəranda
maarif şöbə müdiri işləyəndə məni
məktəbə qəbul edibsiniz, sonra oxumağa göndərmisiniz,
- dedi. - Bütün uğurlarım üçün Sizə
minnətdaram.
Dağ
boyda kişi bir uşaq kövrəkliyi ilə
qapıdan çıxmışdı. Bir
neçə gün sonra komissarlığa yollanıb
keçmiş şagirdi ilə görüşmək istədi.
Öyrəndi ki, onu vəzifədən
çıxarıb döyüşən orduya göndəriblər.
Səbəb, yəqin ki, həmin arayış
olmuşdu.
Yaddaşında
Hacı Kərim Sanılı ilə birgə
hazırladığı dərsliklə bağlı əhvalatlar
çözələnərdi... Doktorluq
dissertasiyasını müdafiə edəndə Moskvadakı
erməni və rus alimlərin məkrli oyunlarını yada
salanda ovqatı pisləşərdi. Beləcə bir
saatlıq fasilədə uşaqlıq, gənclik illərindən
bu yana hadisələr, əhvalatlar kino
lenti kimi yaddaşından ötüb keçərdi. Hər dəfə də anasını xatırlayan
kimi ovunardı. Ağzı yaşmaqlı, hörüyünün
birini ağ, birini qara hörmüş,
Yusifin yadigarını min bir əzabla böyüdüb
oxutmuş analı dünyanın kövrək xatirələr
axarına düşəndə büsbütün xələcanlı
hisslərdən silkinib çıxar, kafedraya xoş
duyğular, şirin istəklər qoynunda dönərdi.
Kafedrada çox iş gözlərdi onu:
aspirantlardan zaçot götürərdi, birinin əsərini
oxuyardı, o birinin işsiz yoldaşına məktəblərdən
birində hələlik yarım stavka dərs tapardı...
...Hər
gün Azərbaycan Pedaqoji İnstitutunun binasından
ağır, ləngərli yerişlə çəlikli bir kişi çıxardı. Nahar
fasiləsində bir stəkan çayla kifayətlənərdi.
Sahilə yollanardı. Sahilin
yaşıllığı gözlərinə qida verərdi,
ilin bütün çağlarında beləcə sahildə
durub dənizlə, onun gözəlliyi,
ümmanlığı, saflığı ilə üz-üzə
dayanar, ötənləri yada salıb düşünər,
yaşadığı illəri ədalət və həqiqət
tərəzisində çəkib özü-özünə
hesabat verərdi: "Necə yaşamışam?..".
Ömürdən səhifələr
Ötən yüzilliyin sonunda qədim Qazax
mahalının Aslanbəyli kəndi hər gün
yaxın-uzaq mənzilli müsafirlərlə dolu olardı. Dövrünün
böyük təriqət başçılarından Seyid
Nigarinin şagirdi olan Hacı Mahmud Əfəndinin türbəsi
bir ucu Şəmkir, bir ucu Borçalının - böyük
bir ərazinin ziyarətğahı idi. Yusif
Seyid Nigari nəslindən idi. Öz yerlisi Xədicə xanımla ailə
qurmuşdu. 1892-ci il mart ayının 31-də,
Novruz bayramından on gün keçmiş Əhməd
dünyaya gəldi.
...Əhməd Yusif oğlu Seyidov Qori Müəllimlər
Seminariyasını bitirəndən sonra doğma yurda
döndü.
Aslanbəylidə ilk oğlan və qız məktəbi
təşkil etdi (Aslanbəylidə ilk məktəb ata evinin
otaqlarından birində açılmışdı). 1917-ci ildə Şıxlı sakini Rəşid bəy
Müftiyevlə Kəmərlidə dördsinifli məktəb
açdı. Bir il sonra onun
sorağı Qaymaqlıdan gəldi.
Qazax
Müəllimlər Seminariyası fəaliyyətə
başlayanda Əhməd Yusif oğlunun sevinci aşıb
daşırdı: müəllimi Firudin bəy Köçərli
indi yaxında idi, Azərbaycan Cümhuriyyətinə daha
çox müəllim lazım idi. Lakin... Sovet
hakimiyyətinin ilk günlərində ermənilərin
fitvası ilə Firudin bəy Gəncədə
öldürüldü, Badsəba xanım başsız
qaldı, fəqət seminariya fəaliyyətdən
qalmadı. Yetirmələri Azərbaycanda
maarif nurunu yaydılar.
Əhməd Seyidov 1920-1921-ci illərdə Qazax qəzasında
məktəb inspektoru, 1921-1925-ci illərdə isə Kosalar və
Xanlıqlar kəndlərində məktəb direktoru vəzifəsində
çalışdı. 1925-ci ildə o, Lənkəran Rayon Xalq
Maarif Şöbəsinə müdir göndərildi. Qədim yurdda dünyəvi təhsil ocaqlarına
dövrün açıqgözlü, mübariz, tərəqqipərvər
ziyalıları toplandılar. Neçə-neçə
məktəb açıldı, sahibsiz zəkalı
uşaqlar dövlət hesabına tədris ocaqlarına
göndərildilər. Əhməd Yusif
oğlu xeyirxah əməlləri ilə insanlar
üçün doğmalaşırdı.
Ali məktəblər açılmış, Azərbaycan
Dövlət Universitetinin şöbələri
çoxalmışdı. Həyatın
dialektikası başqa şey diqtə edirdi. Əhməd
müəllim ali təhsil almaq
üçün Bakıya gəldi. Xalq Maarif
Komissarlığında inspektor işlədi, dəmiryol məktəblərində
təlim-tərbiyə işlərinin təşkilinə rəhbərlik
etdi, həm də ali təhsil aldı. Şərqşünaslıq şöbəsini bitirən
Əhməd Seyidov Azərbaycan Pedaqoji İnstitutunda laborant
işlədi, sonra müəllim ştatına keçirildi.
1931-1935-ci illərdə Azərbaycan Elmi-Tədqiqat
Pedaqogika İnstitutunun (indiki Azərbaycan Təhsil Problemləri
İnstitutunun) aspiranturasını bitirdi.
...Həyat
professoru dəfələrlə imtahana çəkmişdir:
o, yıxılıb zədə almış, uzun müddət
müalicə olunmuş, övlad dağı
görmüşdü. Bütün bunlarla
yanaşı, yaş özünü göstərir, professorun
sayəsində müdafiə edənlərin bəzilərinin
ədaları pedaqoqun qəlbini yaralayırdı. Ali məktəbin o vaxtkı rəhbərliyi Azərbaycan
pedaqoji elminin özül daşlarını qoyanlardan Ə.Seyidova,
A.Abaszadəyə soyuq münasibətləri ilə kimlərdənsə
"sağ ol" qazanmaq istəyirdi. Əhməd Yusif
oğlu ərizə verib təqaüdə çıxdı,
kafedrada məsləhətçi saxlanıldı...
Kənd onu çəkirdi. Qocaman alim 1977-ci ildə
rayona döndü, doğma kənd onu məhəbbətlə
qarşıladı. Günlər ötdü və o,
dünyaya göz açdığı torpaqda bir payız
günü dünyasını dəyişdi...
"Alim qələmlə
öyünər..."
Azərbaycan müəllimləri qurultaylarının
tarixini araşdıranlar belə bir faktı aşkara
çıxarıblar ki, uzun zaman bizdə professional pedaqoq
olmayıb. XX
əsrin əvvəllərində, 1920-ci illərdə bu fəndən dərs
demək üçün Türkiyədən Fikrət Xəlil
dəvət edilib.
Otuzuncu
illərdə respublikada pedaqoji elmin inkişafını təmin
etmək, ümumtəhsil və ali məktəblərdə
pedaqoji fəaliyyətin elmi əsaslarını işləyib
hazırlamaq məqsədilə Məktəblər
İnstitutu yaradıldı. Sonradan bu müəssisənin
adı dəyişdirildi, Pedaqogika İnstitutu
adlandırıldı. Elmi-tədqiqat
müəssisəsinin ilk aspirantlarından biri Əhməd
Yusif oğlu Seyidov oldu. Elə aspirantura illərində
elmi-pedaqoji məqalələri ilə mətbuatda diqqəti cəlb
edən Ə.Seyidov APİ-nin (indiki ADPU-nun) pedaqogika və
psixologiya kafedrasına müdir seçildi, bir qərinə
müddətində həmin kafedraya rəhbərlik etdi.
İllər boyu həyatını xalqın
ağrı-acısı ilə bağlayan alim
ömrünü vətənpərvərlik hissi, vətəndaşlıq
duyğuları ilə yaşadı. Aspirant
götürəndə, mövzu tapşıranda xalqın
sabahını, xalqın mənəvi sərvətini
düşündü.
İllər
ötdükcə pedaqoq alim elmdə qəribə bir
axını müşahidə edərək yazırdı: Biz
hansı səbəbdənsə bəzən mütərəqqi
pedaqoji ideyaların mənbəyini Avropada axtarır və bu
sahədə yaxşı nə varsa Avropaya aid edir, Şərqə
isə göz yumuruq.
O, milli zəmini,
tarixi dəyərləri yüksək qiymətləndirirdi.
Əhməd Yusif oğlu namizədlik dissertasiyasından
başlayaraq mütərəqqi pedaqoji ideyaların mənbəyini
Azərbaycan folklorunda araşdırmış, klassik ədəbi
irsimizin görkəmli nümayəndələrinin zəngin ədəbi-bədii
irsini bu kriteriyalarla tədqiq etmişdir.
Bu cəhətlər dərhal dövrün böyük
pedaqoqlarının diqqətini cəlb etmişdir. Belə ki, 1947-ci ildə
müdafiə olunmuş doktorluq dissertasiyasının birinci opponenti
akademik E.Medınski Azərbaycan pedaqoji fikir tarixinə həsr
olunmuş bu əsəri "bir başlanğıc" kimi
qiymətləndirərək yazırdı: "...Bu cür
elmi işlər pedaqogika tarixini zənginləşdirmək
üçün çox şey verir, yeni məsələlər
qaldırır, hətta pedaqoji sahədə
çalışan təcrübəli işçilərin
belə görüş dairəsini genişləndirir".
Əhməd Seyidovun "XIX əsrdə Azərbaycanda
pedaqoji fikrin əsas nümayəndələri" adlı əsəri
"Xalqın qabaqcıl oğullarının tərəqqipərvər
pedaqoji fikirlərini bütün SSRİ-də tanıtmaq
üçün gözəl bir təşəbbüs"
(M.Muradxanov) kimi dəyərləndirilmişdi.
Ə.Seyidov, - professor H.Əhmədovun qeyd etdiyi kimi, - Azərbaycanda
məktəb və pedaqoji fikir tariximizin tədqiqi sahəsində
tam bir məktəb yaratmışdır.
Dərin fəlsəfi-bədii dəyərə,
etik-estetik məziyyətlərə malik, rəngarəng
formalı, ensiklopedik məzmunlu folklor didaktik-pedaqoji motivləri
ilə nəsil-nəsil gəncliyin təlim-tərbiyəsində
istifadə olunmuşdur. Bunu ilk dəfə bir pedaqoq alim intuisiyası ilə Əhməd
müəllim duyub köklü iş görmüşdür. Belə ki, folklorumuzun pedaqoji fikir tarixi qaynağı
kimi tədqiq olunmasında da Əhməd Seyidov, sözün həqiqi
mənasında, layiqli əmək sərf etmişdir.
Görkəmli alimin irsində xalq pedaqogikasının
ayrı-ayrı məsələləri ilə bağlı
mülahizələr xüsusi yer tutur. Xalq tarixin, həm
də bütün maddi və mənəvi sərvətlərin
yaradıcısı, dəyərləndiricisi və
qoruyucusudur. Millət həm də xalq həyatı
kimi təbii, dinamik bir mexanizmə əsaslanan, özünəxas
təbii-fəlsəfi prinsipləri, beşikdən qəbirəcən
uzanan təhsil strukturlu bir konsepsiyanın həm tərtibçisi,
həm də icraçısıdır, ən səbirli, ən
qüdrətli müəllimdir. "Xalqın
tərbiyə sahəsində tarix boyu irəli
sürdüyü fikir və ideyaların bir qismi adət və
ənənələrində, etnoqrafik və tarixi sənədlərdə,
xüsusilə folklor materiallarında ifadə
olunmuşdur" (Ə.Həşimov).
Pedaqoji elmimizin müdrik ağsaqqalı bu cəhəti
ilk dəfə duyub dərk etmiş, çoxjanrlı və zəngin
şifahi ədəbiyyatımıza pedaqoji ideyaların
başlıca qaynağı kimi qiymət vermişdir. Fəlsəfi, elmi-publisistik
üslub çalarlarını ustalıqla əlaqələndirib
orijinal elmi-pedaqoji yazı üslubunda dəyərli əsərlər
yazmış xeyirxah alim göstərirdi: "...bizim mədəniyyət
tariximizin ümumi mənzərəsində gənc nəslin təlim
və tərbiyə məsələləri görkəmli yer
tutmuş və tutmaqdadır. Atalar sözü,
zərb-məsəllər, nağıllar, xalqımızın
bütün folklor materialı buna parlaq misaldır. Xalq yaradıcılığı Azərbaycanda
pedaqoji fikrin ilk carçısı olmuşdur. Nağıllar, atalar sözü və s. digər
xalqlarda olduğu kimi, Azərbaycan xalqının da, hər
şeydən əvvəl, ilk pedaqoji məhsulu
olmuşdur".
Görünür,
məhz buna görədir ki, Əhməd Seyidov
özünün bütün fəaliyyətində, gündəlik
həyatında, uşaqlarla münasibətlərində
şifahi xalq ədəbiyyatından, onun fəlsəfi-ekspressiv
məzmunlu aforistik janrlarından - atalar sözlərindən,
bayatı və lətifələrdən məqamında, ustalıqla
istifadə etmişdir.
Vaxtilə Əhməd Seyidovun aspirantları olmuş mərhum
alimlər Bəxtiyar Abdullayev, Həmzə Əliyev, Yusif
Talıbov və başqalarının yaddaşlarında
onlarca belə fakt-xatirə yaşayırdı. Bunları dinləyib
özlüyündə saf-çürük edəndə
insanı heyrət bürüyürdü: "İlahi,
insanda da bu qədər güclü yaddaş, möhkəm
hafizə olarmış?!". Məsələnin
başqa bir tərəfi var: bu söhbət və xatirələrdə
söylənilən lətifələr, atalar sözləri və
məsəllərin çoxu orijinaldır, indiyə qədər
heç bir topluda əksini tapmamışdır. Bu gün "atalar demiş" ifadəsindən
sonra işlənən incilər kimi, "Seyidov demiş"
ifadəsi də pedaqoji ictimaiyyət arasında kütləviləşmişdir.
Bir qədər cəsarətlə desək,
Seyidovun söylədikləri folklorlaşmaqda, beləcə
yaddaşlardan yaddaşlara köçürülərək
el ədəbiyyatına qovuşmaqdadır.
Mərhum
folklorşünas professor M.Həkimov bu cəhəti dəqiq
müəyyənləşdirərək yazırdı:
"Bu müdrik alim həm də zəngin şifahi xalq ədəbiyyatımızın
ensiklopedik bilicisi idi.
O,
"Koroğlu", "Qurbani", "Abbas və Gülgəz
Pəri", "Şah İsmayıl", "Novruz və Qəndab",
"Əsli və Kərəm", "Şahsənəm və
Qərib", "Xan Tahir", "Əmrah", "Abdulla
və Cahan", "Valeh və Zərnigar", "Lətif
şah" kimi dastanlarımızı, Xəstə Qasım,
Sarı Aşıq, Aşıq Alı, Aşıq Ələsgər,
Şəmkirli Aşıq Hüseyn, Çoban Əfqan,
Şair Mirzə Səməd, Aşıq Hüseyn
Bozalqanlı, Şair Ağacan, Aşıq Şenlik, Şair Nəbi,
Şeyda Əziz və başqa el sənətkarlarımızın
çoxlu şeirlərini bilirdi. Qaçaq Kərəm,
İncəli İsmayıl, Qaçaq Nəbi, Qatır Məmməd,
Qaçaq Tanrıverdi kimi el qəhrəmanlarından
böyük maraqla söhbətlər edirdi. Bu
müdrik alimi yaxından tanıyanlar yaxşı bilirlər
ki, o, söhbətinə əvvəl-əvvəl mütləq
ustadnamələr, bayatılar, lətifələr, atalar
sözü və məsəllərlə
başlayırdı". Seyidovla nə bir
kafedrada çalışmış, nə yol yoldaşı
olmuşuq. Ancaq əsərlərindən bəhrələnmişəm.
Bu gün onun haqqında keçmiş
aspirantlarının, tələbələrinin,
xeyirxahlığını görmüş yüzlərlə
azərbaycanlının yaddaşında neçə-neçə
xatirə uyuyur. Bu xatirələrdən
"dərin zəkalı və xeyirxah qəlbli, sağlam,
enerjili, sözübütöv alim" (A.Eminov) boylanır.
Professor Ə.Seyidovun
yetirmələrindən olan, yaxud onun məsləhətlərini
eşitmiş, tanınmış pedaqoq və metodist alimlərdən
N.Kazımov, Ə.Həşimov, H.Əhmədov, Y.Talıbov,
A.Kərimov, B.Əhmədov, H.Əliyev, Y.Kərimov, Ə.Əfəndizadə,
psixoloq Ə.Əlizadə, filoloq M.Həkimov və başqalarının
Əhməd müəllimlə bağlı xatirə-söhbətlərində
oxşar, bənzər fikirlərlə
qarşılaşdıq: Seyidov fitrətən pedaqoq idi,
böyük tərbiyəçi idi, hər bir hərəkəti,
sözü-söhbəti, əməli ilə tərbiyənin
fövqündə dururdu, danışığı el sənəti
ilə cilalanmış bir hikmət boxçası idi...
Ə.Seyidov
Azərbaycan pedaqoji fikrinin yorulmaz tədqiqatçısı,
müdrik alim, xalq hikmətlərinin mahir bilicisi, həqiqət
və nəsihət şərbətini zarafat və yumora
qarışdırıb dinləyicisinə ustalıqla
içirməyi bacaran görkəmli tarixi şəxsiyyətlərdən
idi...
Dosent Həmzə
Əliyevin xatirələrində böyük alim-insanın
portretini tamamlayan cizgilər az deyil: "Ə.Seyidovun
şəxsiyyəti ilə ilk əyani
tanışlığım 1946-cı ilin sentyabr ayında
APİ-nin (indiki ADPU-nun) hazırlıq şöbəsində
oxuyarkən olmuşdur. Həmin dövrdə o,
institutun direktoru idi. İnstitutda çox
böyük intizam var idi. Bu intizamın
yaranmasında Ə.Seyidovun gözəl təşkilatçılıq,
yüksək işgüzarlıq qabiliyyətinin, ciddi tələbkarlığının
birləşməsi öz faydalı səmərəsini
vermişdir. "Seyidov gəlir" dedikdə
hamı - tələbə də, müəllim də
özünü yığışdırmalı idi.
...Professor
ucaboylu, qəddi-qamətli, enli
alınlı, qalın dodaqlı, iti baxışlı, zəhmli
bir insan idi. Ehmal-ehmal danışır,
sözünün, danışığının mənasını
dinləyiciyə, müsahibinə daha dəqiq
çatdırmaq üçün üz, əl işarələrindən
məharətlə istifadə edərdi".
Ürək sözlərindən sətirlər
"...Professor
Ə.Y.Seyidov daha uzun ömür sürə bilərdi. O,
qüdrətli qoca idi. Öz
qocalığını idarə edə bilirdi. Ağır fikirləri özündən
uzaqlaşdırmağı bacarırdı; deyəsən o,
uğursuzluqları "unuda bilir", ağıllı şəkildə
əsəb sistemini ağır yükdən xilas edirdi. Təbiətən kinli olmayan professor xeyirxahlıq
nümunəsi idi. Bu cizgi onu əhatə
edənlərin davranışına müsbət təsir etməklə
qalmırdı, bütövlükdə pedaqogika kafedrası əməkdaşları
arasında şəxsiyyətlərarası münasibətləri
tənzimləyirdi.
Professor işdə fasilə vaxtı nahar eləməz,
bir stəkan çayla ötüşərdi. Görünür,
bu onun rejim qaydası idi və ciddi əməl edirdi. Hər günorta dənizsahili parka çıxıb
gəzişərdi. ...Konflikt situasiyaları yaratmaz,
haqlı da olsa belə hallardan sonra kin saxlamazdı", -
Kabardin-Balkar Dövlət Universiteti pedaqogika və psixologiya
kafedrasının dosenti Məryəm Qurtuyevanın xatirələrində
bir-birilə bağlı, bir-birindən dəyərli o qədər
epizod və motivlər var ki: "Professorun gözəl bir
xasiyyəti vardı: klassikləri oxuyarkən müəyyən
ideyaları adamların mühakiməsinə verərdi. Bu ideyanı həyatla, əhatəsində olduğu
adamların əxlaqı ilə bağlayar, elə bil bu
ideyalarda öz münasibətinin doğruluğunu
yoxlayardı. Söhbətlərində klassiklərə
tez-tez müraciət edərdi.
Əhməd Yusif oğlunun dövründə
açıq mühazirələr, dissertasiya müzakirələri
çox xoşuma gəlirdi. Aspiranturanı bitirib
Nalçikə qayıdandan sonra burada belə iclas və
mühazirələrin olmaması boşluğunu bütün
ağırlığı ilə dərk etdim. Və ondan əxz etdiyim keyfiyyətlərin təsirilə
pedaqoji cəmiyyət, konfrans və digər tədbirlərdə
ürəklə iştirak etməyə başladım.
...Professor Əhməd Seyidov ölümlə hələ
1966-cı ildə çarpışıb. Sümük
üzərində ağır cərrahi əməliyyatdan
sonra onun dili, demək olar ki, tutulmuşdu. Lakin o,
yanına gələnlərlə çətin də olsa
danışırdı: "Görürsən, Məryəm,
mən ömrümü yaşadım, heyif, işlər
qaldı, - dedi. Azca təbəssümlə davam etdi: -
Puşkin necə deyib? "Fəqət verilmişəm mən
başqasına, Sadiq qalacağam ömürlük ona!". Hə, indi mən xəstəliyə
"verilmişəm".
Əhməd müəllim bu "döyüşdən"
salamat çıxdı. İkinci dəfə ölüm onu evin
kandarında itələdi; professor yıxıldı. Beləcə ölümlə həyat arasında
döyüş başladı".
"...Sağlığında...
böyük pedaqoqun, görkəmli alimin qədir-qiymətini
sanki lazımi dərəcədə bilmədik, bu qeyri-adi
insanı adi insan kimi təsəvvür edirdik. Bunun
başlıca səbəbi professorun sadəliyi, səmimiliyi,
böyüklə böyük, kiçiklə kiçik kimi rəftarı
idi. O, insana qayğı ilə tələbkarlığı
elə əlaqələndirirdi ki, tabeliyində olanlar Əhməd
müəllimi təkcə bir rəhbər, müdir tək
deyil, hər şeydən əvvəl, sadə bir insan kimi dərk
edirdilər. Biz səhvə yol verəndə
professor əsəbiləşməzdi,
qışqırmazdı. "Bizim kənddə
bir kişi vardı..." sözləri ilə başlayan ibrətamiz
bir məsəl çəkməklə qüsurumuzu başa
salar, qəlbimizə toxunmadan bizi tərbiyə edərdi.
...Əhməd
müəllimlə iki il birlikdə işləmişəm:
o müdir idi, mən də müəllim. Təqaüdə
çıxmaq üçün ərizə verdikdə məni
öz yerinə məsləhət gördü. Rəhbərlik etiraz etmədi. ...Əhməd
müəllim gənclərə çox qayğı göstərir,
ümidverənlərin üzərində, necə deyərlər,
əsirdi. Çalışırdı ki,
onlar üçün şərait yaradılsın, onlara inam
göstərilsin.
Professor Ə.Y.Seyidovun
həyat və fəaliyyətinin, elmi
yaradıcılığının tədqiq olunması
lazım və vacibdir..." (Bəşir Əhmədov).
Bu müxtəlif imzalı, müxtəlif biçimli
xatirələrdə onu bir alim, bir pedaqoq və bir elmi rəhbər
kimi səciyyələndirən cəhətlər qələmə
alınmışdır.
Aspirantları namizədlik minimumuna hazırlayarkən hər
bir şəxsiyyəti və ayrı-ayrı problemləri ilk
mənbələrdən oxutdurar, sonra soruşub zaçot
yazardı. Nəzərdə tutulan bütün ədəbiyyat
üzrə zaçot verən aspirant imtahana hazır
sayılardı.
O,
aspirantı nəzəri cəhətdən hazırlamaqla
yanaşı, onları bir müəllim kimi də
yetişdirirdi. Aspirantlara mühazirə
oxumağa mövzular verir, özü də həmin mühazirələrə
əvvəldən axıra kimi qulaq asırdı. Seyidovun qarşısında mühazirə oxumaq
böyük məsuliyyət tələb edirdi.
Şəxsi keyfiyyətlərindən biri də onun sadəlik
və təvazökarlığı idi.
Professor Ə.Seyidov lovğa, özündən razı
adamları sevməzdi, belə adamlara qarşı amansız
idi. O deyərdi:
- Lovğalıq əclaflıq deyil, ancaq başabəladır.
Ə.Seyidov kiminsə dissertasiyasında öz əsərinin
adını yersiz görəndə əsəbiləşər
və həmin əsərin adını kitabiyyatdan
çıxartdırardı. Şərait
yaratmazdı ki, kimsə onu yerli-yersiz bu və ya digər yerlərdə
tərifləsin, belə süni təriflərin qəti əleyhinə
idi. O, bu sadəlik və təvazökarlığı
övladlarına, tələbələrinə də
aşılayırdı.
Əsl ata nümunəsi
O,
övladlarının tərbiyəsini həyatının
başlıca qayəsi bilmiş, özündən sonra
yurdunda qalıb çırağını söndürməyən
oğul və qızlar böyütmüşdür.
"Xatirələrə
qayıtmaq həm çətindir, həm də şirin. O,
dünənimdə qalmış həyatımın bir
parçasıdır", bu fikri haradasa oxumuşuq. Əhməd Seyidov haqqında sətirləri qələmə
alarkən lazım olacağını bilmirdik.
"Əziz
və mehriban oğul, Fikrət...", bu
cür müraciətlə qələmə alınmış
bir məktubun təəssüratındayıq. Ata
məktubudur, oğula yazılıb. Səliqəli,
narın xətlə dəftər vərəqinin hər iki
üzündəki sətirlərdə ata məhəbbəti
sənədləşib:
"...Fikrət,
qiyabi institutun xəttilə Salyana gedib qayıdandan sonra sənə
pul göndərəcəyəm... Fikrət, bir xahişim var:
siqareti burax. Özünə qarşı tələbkar
ol. Əxlaqi saflığını qoru.
İnsanlarla tanışlıqda ehtiyatlı
ol". 1952-ci ilin 12 fevralında qələmə
alınmış məktub iki baxımdan maraq doğurur.
Bir tərəfdən, Əhməd Yusif
oğlunu ata kimi duymaqda dəyərlidir.
O, hərbi
xidmətdə olan oğluna özünə qarşı tələbkar
olmasını tövsiyə edir, insanlarla münasibətdə
ehtiyatlı ol, - deyə xəbərdarlığını
bildirir.
Professor Fikrət Seyidovla söhbətdən: "...Atamın qəribə,
qeyri-adi səliqə-sahmanı vardı. Eyni
yolla, eyni yerlərdən keçməklə işə gedər,
eyni vaxtda yemək yeyərdi. Evə gələndən
sonra da işləməkdən yorulmazdı. Deyərdi
ki, bu xüsusiyyətləri Firudin bəydən
götürüb...
Bir xasiyyəti
vardı: qapıdan içəri girən kimi dəhlizdə
stul qoydurub əyləşərdi. Yıxılandan
sonra hərəkətləri
ağırlaşmışdı. Hamı
ilə söhbətləşər, hal-əhval tutardı.
Anam həmişə mətbəxdə
olardı. Atam onun kef-halını soruşandan sonra
gün ərzində baş verən hadisələrdən
söhbət açar, elə bil bir növ gördüyü işlər barədə
ömür-gün yoldaşına hesabat verərdi. Düzü, bu hərəkəti qardaşım
İsmayıla da, mənə də qəribə gələrdi.
Bir dəfə İsmayıl onun bu hərəkətinin
səbəbini soruşdu. Anam Abuhəyat
tibb institutunun ikinci kursundan çıxıb özünü ailəsinə
həsr etmişdi. Atam onun ailəcanlılığını
yüksək qiymətləndirirdi.
-
Bilirsinizmi, - dedi. Ananız
bütün günü evdə qalıb ailənin
qayğısını çəkir. Çöldən,
dünya hadisələrindən xəbərsiz olur. Halbuki o da başqa qadınlar, analar kimi səhər
gedib axşam qayıdar. Onun fədakarlığı
əvəzində mən mənəvi borcumdan
çıxıram. Qoy dünyadan bixəbər
olmasın. İkinci bir tərəfdən,
qadınlar həyata həm ağılın, həm də qəlbin
gözü ilə baxırlar. Mən
gördüyüm işlərə onun münasibətilə
sonradan özlüyümdə qiymət verirəm. Aspirantlarımı
onunla qiyabi də olsa
Anası
haqqında danışanda o boyda kişi
uşaqlaşardı. Ana məhəbbəti kimi
ikinci bir qüdrətli qüvvə tanımazdı.
Qəlbə
toxunmaqdan qaçardı, kimsəni incitməz, ədalətlə
iş görərdi. 50-ci illərin söhbətidir.
İsmayıllı rayonundan Tələt adlı
bir tələbə oxuyurdu institutda. Atam
onun kasıblığından xəbərdar idi. Tətildən tətilə, bayramlarda Tələt
Diyallıya qayıdanda atam mütləq onu yanına
çağırar, anasına hədiyyə,
şey-şüy alıb pay düzəldərdi. Görünür, özünün atasız
böyüdüyü illəri xatırlayardı, ana
qayğısı ilə oxuduğu seminariya dövrünü
yada salardı. Aspirantlarına əl
tutmaqla kifayətlənməzdi, ailə qayğılarından
xilas olmaqda köməyini əsirgəməzdi.
Ömrünün sonlarına yaxın kəndə daha
çox meyillənmişdi. Evi düzəltdirmişdi,
səliqə-sahman yaradılmışdı. - Gec-tez kəndə
gələcəksiniz, - deyirdi. - Torpağa elə
bağlanmışdı ki...". Fikrət müəllimin
kövrək xatirəsi burada bitir. (Çox təəssüf
ki, İsmayıl müəllimin atası ilə bağlı
xatirələrini qələmə almağa nə
ağrılarım, nə də vaxt imkan verdi).
***
Elə kənddə də əbədiyyətə
qovuşub Əhməd Yusif oğlu Seyidov. Bakıda
evi-eşiyi, alim oğulları, qızları olan ata-alim-baba nə
üçün kəndə dönmək istəyirdi? Bəlkə kəndin havası onu özünə
çəkirdi? Yoxsa şəhərin səs-küyündən
bezikmişdi? Düzü, bu sualları Fikrət
Əhməd oğluna vermədik. Kövrəkliyə
dözmədik.
Doğma yurda məhəbbətlə
1977-ci
ilin oktyabr ayının 31-i. 85 il əvvəl
bu kənddə Novruz bayramından on gün sonra bir ailəyə
sevinc gətirmiş Əhməd Yusif oğlu Seyidov
dünyasını dəyişdi. Bu da bir
alın yazıymış. 31 mart - 31
oktyabr... Onda bir ailə sevinmişdi, 5-10 qohum-əqrəba
gözaydınlığına gəlmişdi, bu hadisədən
olsa-olsa bir kənd əhli xəbər tutmuşdu. Onda, bir payız günündəsə Əhməd
Seyidovun ölümündən bir respublika xəbər tutdu.
Bu ölüm xəbəri Tacikistan, Özbəkistan,
Dağıstan, Kabardin-Balkar, Abxaziya, Gürcüstan və
Rusiyada neçə-neçə insan-alim ürəyindən
qopub gələn sözlərlə qarşılandı: - Təəssüf.
Böyük alim, insan sıramızdan getdi.
Azərbaycan pedaqoji ictimaiyyəti böyük alim itirdi...
Müxtəlif ünvanlı teleqramlar bir ünvana
yön aldı.
***
Bir
payız günü idi... 85 il əvvəl
Yusif Seyidovun qapısına gözaydınlığı ilə
beş-on nəfər gəlmişdi. Həmin payız
günüsə Əhməd Yusif oğlunu son mənzilə
yola salmaq üçün bir el
yığılmışdı, Azərbaycanın müxtəlif
guşələrindən olan yüzlərlə insan
böyük alimə, müdrik insana, həqiqi müəllimə,
humanist və xeyirxah bir şəxsiyyətə sonuncu borcunu
vermək üçün Qazaxın Aslanbəyli kəndinə
yığışmışdı... Gur insan
seli kənd yolu ilə burulub qəbiristanlığa
döndü. Orada - sükut və hikmət səltənətində,
köhnə qəbirlərdən birinin ayaq tərəfində
təzə məzar yeri görünürdü.
Ananın ayaqları altında az sonra
kiçik təpə yarandı. Ulu peyğəmbərin hikmətli
kəlamı yada düşür: "Cənnət ananın
ayaqları altındadır".
Ömrünü
ləyaqət və şərəflə, xeyirxahlıq və
müdrikliklə başa vurmuş İNSAN arzusuna yetdi;
ananın ayaqları altında əbədiyyətə
qovuşdu...
Axşam
düşürdü... İnsan axını
geriyə döndü. Göydə üzü cənuba
doğru bir dəstə durna qatarı
uçurdu. Kimsə daş çevirmişdi, ya
da nə hikmət idisə durnalar Hacı Mahmud Əfəndi
türbəsinin üstündə dövrə vurub kövrək-kövrək
qaqqıldaşıb, sonra da üzü cənuba, Məkkəyə,
Mədinəyə doğru uçdular.
Şamxəlil MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.8-9.