İxtisasartırma, təkmilləşdirmə, dayaq məntəqələri: mexanizm problemlər

 

Azərbaycan Respublikasında həyata keçirilməkdə olan islahatlar tədrisin təşkili, müasir təlim metodlarının tətbiqi, yeni plan və proqramların, alternativ təlim metodlarının prosesdə istifadəsi, pedaqoji kadrların ixtisasının artırılması və tətbiqini zəruri edir. İslahatların bilavasitə siniflərdə, auditoriyalarda, təlim-tərbiyə müəssisələrində əsl daşıyıcıları olan müəllimlərin - pedaqoji kadrların ixtisaslarının artırılması və təkmilləşdirilməsi prosesi günün tələbidir. Həmin məqsədlə əlavə təhsilin  tədrisi metodikasının təkmilləşdirilməsi prosesi günün  tələblərinə cavab verməlidir. Əlavə təhsilin tədrisi metodikasının təkmilləşdirilməsi, müasir informasiya bankının yaradılması, beynəlxalq ekspertlərin tövsiyələrində  göstərilən yeni əlaqələndirmə, tənzimləmə, nəzarət mexanizmlərinin işlənib hazırlanması, əlavə təhsil şəbəkəsində, eləcə də strukturunda köklü dəyişikliklərin aparılması, bütün bunların reallaşdırılması üçün yeni normativ-hüquqi bazanın yaradılması və ya onun təkmilləşdirilməsi son dərəcə aktualdır.

 

Qeyd etmək lazımdır ki, həmin istiqamətdə artıq bəzi işlər görülmüşdür. Respublikanın bütün ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədrisə cəlb olunan müəllimlərin böyük əksəriyyəti xüsusi proqramlarla hazırlanmış, əlavə təhsil prosesini tənzimləyən normativ-hüquqi sənədlər işlənmiş, çoxsaylı xarici ölkələrin, beynəlxalq təşkilatların bu istiqamətdə təcrübəsi öyrənilmişdir.

Bütün bunlarla yanaşı, aparılmış təhlil göstərmişdir ki, keçən müddət ərzində pedaqoji kadrların əlavə təhsil şəbəkəsinə daxil olan tədris müəssisələrinin, eləcə də yerli təhsil orqanlarının bu istiqamətdə fəaliyyəti son dərəcə zəif olmuş, bir çox hallarda kollegiya qərarlarının, verilmiş müvafiq əmrlərin, təlimatların konkret müddəaları lazımi səviyyədə icra olunmamış, kifayət qədər məqsədyönlü iş aparılmamışdır. Elə buna görə də pedaqoji kadrların ixtisasartırma təhsilində yenə də köhnə mexanizmlərə üstünlük verilmiş, bəzi tədris müəssisələri tərəfindən "Sifariş-təklif" modelinə keçid üçün ən sadə cəhdlər belə edilməmiş, təkmilləşdirmə prosesi və dayaq məntəqələrinin təşkili ilə bağlı müvafiq təlimatlar, reqlamentləşdirici sənədlər icrasız qalmışdır.

Qeyd olunanları nəzərə alaraq, pedaqoji kadrların ixtisasartırma təhsili, müəllimlərin təkmilləşdirilməsi prosesində, eləcə də dayaq məntəqələri üzrə işin effektli təşkilinə nail olmaq üçün aşağıdakıları məqsədəmüvafiq hesab edirik.

1. Əlavə təhsilin problemləri üzrə Tədris-Koordinasiya Şurası bərpa edilsin. Həmin şura ölkəmizdə mövcud olan 24 əlavə təhsil müəssisəsi və struktur qurumlarının fəaliyyətinin əlaqələndirilməsi işini nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin rəhbərliyi altında Azərbaycan Müəllimlər İnstititunun bazasında həyata keçirsin.

2. Şuranın tərkibi əlavə təhsil müəssisələrinin rəhbər və elmi-pedaqoji işçilərindən, aidiyyəti nazirlik və müəssisələrin nümayəndələrindən formalaşdırılsın və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilsin.

3. Şuranın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardan ibarət olsun:

* əlavə təhsil müəssisələrinin fəaliyyətinin təhlili və onların işinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlamaq;

* əlavə təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlərin hazırlanmasında kömək göstərmək;

* əlavə təhsil pilləsində informasiya bankının formalaşmasını təmin etmək;

* ixtisasartırma və yenidənhazırlanma tədris planları, proqramlarının daim yeniləşdirilməsini, müasirləşdirilməsini təmin etmək, onların məzmun, forma, strukturuna rəy vermək;

* rəhbər, elmi-pedaqoji, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanma prosesinin təşkilində iştirak etmək, onların qiymətləndirilməsi üçün real təkliflər vermək;

* əlavə təhsil müəssisələrinin sahələrarası və bölgələrarası qarşılıqlı əlaqələrinin yaxşılaşdırılması üzrə təkliflər hazırlamaq, onların reallaşdırılması işində yaxından iştirak etmək;

* əlavə təhsil strukturlarının işinin öyrənilməsi məqsədilə yaradılmış komissiyaların işinə əməli kömək göstərmək;

* əlavə təhsilin elmi təminatı prosesində iştirak etmək;

* respublika əlavə təhsil strukturlarının işinin mütəmadi şəkildə təhlilini aparmaq, prosesin təkmilləşdirilməsi məqsədilə perspektiv fəaliyyət proqramlarının layihələrini təqdim etmək.

Azərbaycan Respublikasında təhsil sahəsində islahat proqramı qəbul edildikdən sonra təhsilin müxtəlif sahələrində olduğu kimi, əlavə təhsil sahəsində də yeniliklərin və innovasiyaların tətbiqi və əlavə təhsilin müasirləşdirilməsi sahəsində xeyli işlər görülmüşdür.

İxtisasartırma, təkmilləşdirmə, dayaq məntəqələri mexanizmi bu gün aktuallığı ilə seçilir. Son on ildə Azərbaycanda təhsillə bağlı 16 dövlət proqramı qəbul edilmiş və 28 adda innovasiyaların tətbiqinə nail olunmuşdur. Bütün yuxarıda qeyd olunan yeniliklərin istər rəhbər, istərsə də digər kateqoriyadan olan pedaqoji işçilərin öyrənməsinə böyük ehtiyac vardır. Bu zərurətdən Azərbaycan Respublikası Nazirlər Kabineti 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədlərin verilməsi Qaydaları" adlı mühüm sənəd qəbul etmişdir. Həmin dövlət proqramına uyğun olaraq Təhsil Nazirliyində müvafiq əmr hazırlanmış və əlavə təhsil müəssisələrinə göndərilmişdir.

Əlavə təhsil müəssisələri arasında sağlam rəqabət yaratmaq, bu yolla əlavə təhsilin keyfiyyətini yüksəltmək məqsədilə indiyədək ixtisasartırma fəaliyyəti ilə məşğul olmayan ali təhsil müəssisələrinin əlavə təhsil fakültələrində də ixtisasartırma təhsilinin təşkilinə nail olmaq yolu ilə bu sahədə müəyyən irəliləyişlər əldə etmək olar.

İxtisasartırma təhsilindən sonra keyfiyyət parametrləri səviyyəsinin izlənməsi məqsədilə mütəmadi şəkildə monitorinq aparılmalıdır. Bu yolla təkcə dinləyicilərin deyil, əlavə təhsil verən müəssisənin də məsuliyyətinin artırılmasına stimul yaradılır.

Nəzərə alınmalıdır ki, hər bir müəllimin öz pedaqoji fəaliyyəti dövründə mütəmadi olaraq professional və metodiki səviyyəsini yüksəltmək, peşə ustalığının elmi-nəzəri biliklərini artırmaq məqsədilə şəxsi tələbatlarına, ehtiyaclarına uyğun gələn tədris plan və proqramlar əsasında əlavə təhsil alması həmin təhsilin effektliyini artırar. Bunun üçün ən yaxşı dayaq məntəqələri mexanizmidir.

Müəllimlərin təkmilləşdirilməsi prosesi Təhsil Nazirliyinin "Dayaq məntəqələri mexanizminin tətbiqi barədə" əmri ilə təsdiq edilmiş dayaq məntəqələrində təşkil edilir. Müəllimlərin təkmilləşdirilməsi aşağıdakı vəzifələri yerinə yetirir:

* daimi özünütəhsil;

* pedaqoji, psixoloji, metodoloji, elmi yeniliklər, dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan, proqramlarında, texniki tədris vəsaitlərində olan yeniliklərlə operativ tanışlıq, bu sahədə öz həmkarları ilə təcrübə mübadiləsi;

* distant-məsafədən ötürmə vasitəsilə yeni materialların əldə olunması, bu istiqamətdə fikir mübadiləsinin aparılması;

* aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem mövzular ətrafında fikir mübadilələrinin, diskussiyaların təşkili;

* dərslərdə kollektiv iştirak, konkret metodikanın aprobasiyası, nəticələrin təhlili;

* kadr hazırlığı, ixtisasartırma və yenidənhazırlanma təhsilində tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik, dərs vəsaitlərinə əsaslandırılmış təkliflərin verilməsi;

* "öyrədəni öyrədən" statuslu müəllim və metodistlərlə işgüzar görüşlərin, "dəyirmi masa"ların, problematik diskussiyaların keçirilməsi, təhsil orqanları, tədris müəssisələri qarşısında müvafiq vəsatətlərin qaldırılması.

Bütün hallarda ixtisasartırmanın və təkmilləşdirmənin keyfiyyəti bu işləri ilkin fazada təşkil etməyə məsul olan yerli təhsil orqanlarının metodistlərindən, eləcə də əlavə təhsil müəssisələri metodistlərindən, onların hazırlıqlarından çox asılıdır. Ona görə də metodistlərin attestasiyasının keçirilməsi, vakant olan yerlərə metodistlərin müsabiqə yolu ilə işə qəbulu, eləcə də işləyən metodistlərin mütəmadi olaraq ixtisaslarının artırılması zəruridir.

 

 

Musa ƏHMƏDOV,

 

Rahim ƏZİZOV

 

Azərbaycan müəllimi.- 2011.- 4 fevral.- S.15.