"Öz sahəmi
ürəkdən sevirəm"
AMEA-nın Xarici dillər
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Səidə İbrahimova ilə söhbət
- Səidə xanım, hər bir
insanın həyatında aqibətin tələbi olur. Şübhəsiz
ki, dilçilik sahəsinə bağlanmağınız da təsadüfi
deyil, bir aqibət işidir.
- Mənim həyatımda bu sahəyə həmişə
böyük bir sevgi olub. Lap əvvəldən qət elədim
ki, bu sahəni seçirəm və seçimimdə də tərəddüd
eləmədim. Pedaqoji fəaliyyət həmişə mənim
üçün çox maraqlı olub. Orta məktəbdən
dil öyrənməyə qarşısıalınmaz
marağım yarandı. Bakıdakı 189 nömrəli məktəbi
rus dilində qurtarmağıma
baxmayaraq indiki Azərbaycan Dillər Universitetinin Qərbi Avropa
dilləri fakültəsinin fransız şöbəsinin Azərbaycan bölməsində oxudum və
oranı "əla" qiymətlərlə başa vurdum. Habelə
institutu bitirəndən sonra sərbəst şəkildə
ingilis dili ilə də məşğul olmağa
başladım. Onu da deyim ki,
ingilis dilində də fransız dilində olduğu kimi,
sərbəst şəkildə oxuyub-yazır, müqayisəli
şəkildə elmi araşdırmalar aparıram.
- Maraqlıdir, ingilis dilinin bu qədər
yayıldığı bir vaxtda nədən fransız dilini
seçdiniz?
-
Bütün hallarda fransız dili məni daha çox cəlb
eləyirdi. Düzdür, indi ingilis dili dünyada
çox yayılıb, ancaq fransız dilinin də
dünyanın aparıcı
dillərindən olması danılmazdır. Hələ
orta məktəbdən fransız dilini çox sevirdim.
Fransız ədəbiyyatına çox marağım
vardı.
- Deyirlər ki, neçə dil
bilirsənsə, o qədər də adamsan. Bu qənaəti necə qəbul edirsiniz?
- Yəni
çox dil bilmək insanın, hər şeydən əvvəl,
dünyagörüşünün zənginliyi deməkdir.
İnsanın zövqü hərtərəfli olur, dilini
öyrəndiyin xalqların mənəvi sərvətləri
ilə də yaxından
- Hərdən bəzilərinin
intuitiv imkanlarının zənginliyinin əlaməti kimi 5-10
və daha çox dil bilməsini, danışmasını az
qala möcüzə kimi təqdim edirlər. Ancaq məncə,
çox dil bilmək hələ hər şey demək deyil. Əsas
insanın həmin keyfiyyətini harada və necə
aşkarlamasıdır.
- Təbii,
razılaşmaq olar. Tutaq ki, kimsə həvəskar şəkildə
bir neçə dil öyrənib. O, dilin ümumi strukturunu
öyrənir. Adətən qohum dilləri öyrənmək
asan olur, sözlər bir-birinə oxşayır, çox
yaxın səslənir. Əgər kimsə müstəqil dil
öyrənmək istəyirsə, ya da öyrənibsə,
bu, yaxşı cəhətdir. Özündə dil öyrənmək
keyfiyyətini görən adam fikirləşir ki,
özümü sınayım, görək daha birini də
öyrənə bilərəmmi? Öyrənir, bu, o deməkdir
ki, özünə inanır. Bu, əzələ
nümayişi deyil. Məsələn, italyan, ispan və
fransız dilləri bir-birinə yaxın dillərdir. Bu dillərdən
birini öyrəndinsə, o birinə çox asan keçmək
olur. İngilis dilini də o qrupa daxil etmək olar,
çünki bu dilin əksər sözləri fransız
sözləridir. Ancaq dillə və dilləri müqayisə
ilə bağlı tədqiqat işi tamam başqadır. Burada daha dərin məsələlər
var. Alınan nəticələr təhsildə, təlimdə
tətbiq olunur. Şübhəsiz, bu, asan başa gəlmir.
Dillərin strukturunu müqayisə edirsən, maraqlı bir nəticəyə
gəlirsən. Beləcə, dili müqayisəli şəkildə
öyrədəndə, tərcüməni də
asanlaşdıra bilərsən. Qaldı dili məhz
danışmaq üçün öyrənməyə, onun da
xeyiri var ki, ziyanı yoxdur.
- Əgər rusların tərcümə
sahəsində olan işlərini nəzərdən
keçirsək, görəcəyik ki, onlar bu sahədə
necə böyük işlər görüblər. Türkiyə
türkcəsində də bu sahədə vəziyyət yaxşıdır. Bizdə tərcümə
sahəsində işlər müqayisədə necədir?
- Tərcümə
sahəsində görüləcək işlərimiz hələ
çoxdur. SSRİ dövründə Azərbaycanda rus dili Azərbaycan
dili ilə yanaşı işlənirdi. Rus dilində
bütün ədəbiyyat olduğuna görə
çoxları uşaqlarını rus dilində
oxutmağı üstün tuturdular.
SSRİ qapalı ölkə olduğuna görə xarici
dillərdə danışmağa o qədər də fikir
verilmirdi, əsas ünsiyyət
vasitəsi rus dili idi. Orta məktəbdə şagirdə 5-6
il ərzində xarici dil öyrədilirdi, ancaq o, adi
şifahi danışıqda sadə
fikri belə izah etməyə
çətinlik çəkirdi. Sonralar alimlərimiz xaricə
gedəndə başqa dilləri bilməməyin əziyyətini
çəkirdilər. Başqa ölkələrdən gələn
alimlər isə neçə dildə
danışırdılar. Rusların özləri də
bu vəziyyətdən
sıxılırdılar. İndi
xarici dildən dərs deyən müəllimlər xarici
ölkələrdə təkmilləşmə kursu
keçirlər. Ancaq bizim vaxtımızda belə şeylər
yox idi. Müəllim yalnız öz səyilə müəyyən
bir səviyyəyə gəlib çıxa bilirdi.
- Neçə il qabaq "Bir aya
xarici dil öyrədirik" elanları daha çox olurdu. Deyəsən,
indi bu populist elanların sayı azalmaqdadır. Necə
düşünürsünüz, prinsipcə belə tədris
mümkündürmü?
- Bir aya
dil öyrənmək məsələsinə heç vaxt inanmamışam, indi də
inanmıram. Məgər dil öyrənmək belə
asandır? Dili nə öyrənmək, nə də öyrətmək
o qədər də asan deyil. Ona zaman, həvəs və səy
lazımdır. Ayrı-ayrı mövzuları əzbərlətmək olar. Necə
ki, opera artistləri italyanca olan operanın sözlərini əzbərləyirlər, həm də
onun mənasını öyrənirlər. Bir aya o halda dili
qismən öyrənmək olar ki, həmin dilin bazası
passiv halda beyində olsun, o bazanı aktivləşdirəsən.
- Bu gün dil öyrənmək
imkanları necə, sizi qane edirmi?
-
İmkanlar yaranmaqdadır. İndi çoxlu xarici dili öyrədən
kurslar, tədris vəsaitləri -
kitablar, disklər və s. var. Mühit
olmadığı şəraitdə, şübhəsiz, dil
öyrətməyin çətinliyi müəllimin üzərinə düşür.
Müəyyən dil bazası yaranandan sonra həmin şəxsin
xaricə yolu düşərsə, dilöyrənməni təkmilləşdirmək
olar. Mən əsasən yaşlı insanlarla-aspirantlarla,
dissertantlarla işləmişəm. Onları namizədlik
imtahanını verməyə
hazırlaşdırırıq. Bilirsiniz, belə insanlarla
işləməyin metodikası ayrıdır. Yəni burada
"avtoritar" qaydada işləmək qətiyyən effekt
vermir. Çünki onlarla uşaqla davranan kimi davranmaq qəti
yolverilməzdir, hamısı müəyyən həyat təcrübəsi
olan insanlardır.
- Fransız dili ilə müqayisədə
bu gün ingilis dilinin mövqeyi daha da güclənməkdədir.
- Azərbaycanda
sovet dövründə fransız dili Bakıda da çox tədris
olunurdu. Bu gün dünyada ingilis dilinin mövqeyinin
güclənməsi fransızları da narahat etməkdədir.
Fransızlar hətta fransız dilinin təmizliyinin
qorunması ilə bağlı bir komitə yaradıblar ki, mümkün
qədər ingilis sözlərini işlətməsinlər.
Millət güclü olanda dilini yad sözlərdən tədricən təmizləyir, üstəlik
başqa xalqlar da məcbur olub onun sözlərindən istifadə
edirlər. Ümumiyyətlə, bu gün ingilis dilinin
dünyanın müxtəlif dillərinə, o cümlədən
bizim dilimizə təsiri də danılmazdır. Güclü
imkanları olan dillər çalışırlar ki, bu təsiri azaltsınlar, məhdudlaşdırsınlar.
- Siz müqayisəli dilçilik məsələləri
ilə məşğulsunuz. Bu sahədə
araşdırmalarınız sizi hansı qənaətlərə
gətirib çıxardı?
- Araşdırmalar daim insanı zənginləşdirir. Öz sahəmi ürəkdən sevirəm. Hər iki dilin zənginliklərinin, daxili imkanlarının müqayisəsi yeni-yeni axtarışlar üçün faktlar verir.
Adətən azərbaycanlılar başqa dilləri gözəl öyrənirlər. Ancaq məsələn, ruslar bizim dili yaxşı öyrənə bilmirlər. Dil öyrənməkdə əsas məsələ məqsəddir. Dilin çətin və ya asan olması məsələsini bir kənara qoymaq lazımdır. Hər şey öyrədəndən və öyrənəndən asılıdır. Bilməyəndə insan üçün hər şey çətindir. Biləndən sonra nəyi çətindir ki? Hər sahədə belədir.
Söhbəti qələmə
aldı: Elçin QALİBOĞLU
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.17.