"Yaşıl
paket" tədris komplekti əsasında keçilən
"açıq dərs"
İsmayılova Bahar
İsmayıl qızı
- Azərbaycan Respublikasının qabaqcil təhsil işçisi, ali
kateqoriyalı müəllim, respublika
üzrə "Ən yaxşı müəllim" və digər
müsabiqələrin
ilk qaliblərindən biri, Zaqatala humanitar
fənlər
gimnaziyasının, Azərbaycan Müəllimlər İnstitutu Zaqatala
filialının
riyaziyyat-informatika müəllimidir.
O, Zaqatala Tədris Mərkəzinin direktor
müavini olmaqla Təhsil
Nazirliyi və Bakı
Elmi-Tədris Mərkəzinin birgə
keçirdiyi ECDL "Avropa
səviyyəli
kompüter istifadəçisi", Təhsil
Nazirliyi və "İntel"
şirkətinin təhsildə İKT-nin
tətbiqi üzrə "İntel-Gələcək üçün təhsil" kurslarının təlimçisi olmuşdur. 2000-ci
ildə İT haqqında
ilk kitabı (84 səh.), 2005-ci ildə həmmüəllifi
olduğu "Kompüter aləmi"
(504 səh.) kitabı nəşr
edilmişdir. 2008-ci ildə Azərbaycan müəllimlərinin
XIII qurultayının və
bir sıra beynəlxalq konfransların nümayəndəsi olub. Məqalələri müxtəlif illərdə respublika
qəzetlərində,
"İT maqazine"
jurnalında çap
edilmişdir. Türk, rus, ingilis dillərini bilir.
Ailəlidir, iki övladı var.
İctimai televiziya tərəfindən
lentə alınan dərs
Əsl müəllim sinifdə, dərsdə "yanmalıdır". Müəllimlik elə bir zirvədir
ki, onu fəth etmək,
sözün əsl mənasında, müəllim olmaq hər
kəsə nəsib olmur. Bahar müəllim məhz bu zirvəni özünəməxsus şəkildə
fəth edən, öz dəst-xətti ilə
seçilənlərdəndir. O, həm təcrübəli
müəllim, həm də fəal təşkilatçıdır,
rayonumuzda yeni təlim metodlarının tətbiqinə təkan
verən bir çox işlərin
icraçılarındandır.
Onun
haqqında müəllim
yoldaşlarımdan, valideynlərdən həmişə
çox gözəl sözlər eşitmişəm:
"Bahar müəllim ilə söhbət edən insanın
işinə, dərsinə həvəsi daha da artır, o, həmişə doğru yol göstərir"... Novatorluq,
yaradıcılıq, daim axtarışda olmaq, müasir
dünyagörüşü, səmimi yoldaşlıq,
yorulmadan bu günlə ayaqlaşmaq səyləri... Bahar müəllimə xas olan səciyyəvi xüsusiyyətlərdəndir.
Bu
gün onun yetirmələrinin səsi dünyanın müxtəlif
ölkələrindən, təhsil ocaqlarından gəlir.
Bahar müəllimin Təhsil
Nazirliyinin, rayon rəhbərliyinin, Zaqatala Tədris Mərkəzinin dəstəyi
ilə rayonda təşkil etdiyi kurslar, ("45 müəllim",
"İntel-Gələcək
üçün təhsil"
və s.)
gördüyü bir çox işlər rayonumuzun müəllimləri
üçün hədiyyədir.
Azərbaycan
Respublikası Təhsil Nazirliyi
və Davamlı İnkişaf Cəmiyyəti ATƏT tərəfindən
"Yaşıl paket" tədris
komplekti əsasında
İctimai və regional TV şirkətləri ilə birlikdə
"açıq dərs"lər
hazırlayıb yaymağa dəstək almışdır. 6
mövzu üzrə 6
regionda: Bakı, Gəncə, Lənkəran, Quba, Mingəçevir
və Zaqatalada "acıq dərs"lər
keçilmişdir.
Bahar İsmayılovanın "Su və
insanlar" mövzusunda keçdiyi "açıq dərs"də "Yaşıl
paket" ekoloji layihəsini Azərbaycanda icra edən Davamlı
İnkişaf Cəmiyyətinin rəhbəri Fikrət
Cəfərov, İctimai TV-də "açıq dərs"
proqramının aparıcılarından biri
Orxan Hüseynli, rayon təhsil
şöbəsinin
müdiri Habil Qurbanov və
müəllimlər iştirak edirdilər. Rayonun müxtəlif məktəblərində fəaliyyət göstərən "Yaşıl patrul"
dəstələrini təmsil edən
18 nəfərdən ibarət, 3 qrupa
bölünmüş şagirdlərin tədqiqatçılıq qabiliyyətləri,
hazırcavablılığı, şagirdlərdən Eltac,
Nicat, İsa, Əzizə, Əsmər və Rahimin qrupla
birgə və fərdi hazırladıqları təqdimatlar, Nərminin
qrupunun
yazdığı
inşa, Zərifənin
"Global Classroom" saytı
vasitəsilə
bütün
dünyanın
uşaqlarına müraciəti, Saqibətin
apardığı təcrübə, suallara verilən
cavabların əhatəliliyi, dəqiqliyi, suyun həyatımızda
əvəzedilməz rolu, sudan qənaətlə istifadə
yolları və bunun vacibliyi, suyu çirkləndirən mənbələrin araşdırılması və dərsin
əvvəlindən şagirdlərin
qarşısında qoyulan
problemlərin həlli ilə bağlı hər
birimizin görə biləcəyimiz işlər
haqqında fikirlər çox
maraqlı və rəngarəng idi. Dərs İKT-nin tətbiqi ilə yeni təlim
üsullarına əsaslanaraq keçildi (film nümayişi,
qruplarla iş, diskussiya və s.). Şagirdlər kompüterlərdən
sərbəst istifadə etməklə araşdırmalar aparır, müəyyən
tapşırığı yerinə
yetirir və proyektorla
işlərini təqdim edirdilər. Dərsdə müəllim,
sözün əsl mənasında, "bələdçi",
"yol göstərən",
şagirdlər isə "tədqiqatçı", "yaradıcı" idi.
Bu dərs İKT-dən istifadə etməklə fənlərin inteqrativ tədrisinə ən gözəl nümunələrdən biri
idi. Müəllim şagirdlərlə birgə mövzu ilə
bağlı sadə, amma
maraqlı və çox
faydalı riyazi məsələ də həll
etdi, mövzunun mənimsənilməsində
şagirdlərin fizika, kimya, biologiya və s. fənlərin tədrisi
zamanı qazandıqları biliklərə də əsaslandı.
Təsadüfi
deyildir ki, Bahar müəllimin
ötən illərdə bir
şagirdi rayonda ilk dəfə olaraq informatikadan olimpiadanın respublika
turunun qaliblərindən olmuş, müəllim 2008-ci
ildə şagirdləri ilə
birgə "Yaşıl həftə" Ümumrespublika müsabiqəsində
II yeri qazanmış, 2009-cu ildə
3 nəfər şagirdi "Gənc kompüter
istedadı" müsabiqəsində III yeri tutmuşdur. Onlardan biri əlavə olaraq həm də "Ən gənc
iştirakçı"
nominasiyası ilə
mükafatlandırılmışdır. 2010-cu ildə müəllim Avropa İnnovativ Müəllimlər müsabiqəsinin Azərbaycan mərhələsində, həm də
"Elektron təhsil"
müsabiqəsində III yeri
qazanmışdır. Elə həmin
il şagirdi Validə Məhərrəmova
ilə birgə İREX (Beynəlxalq
Tədqiqatlar və Mübadilələr Şurası) təşkilatının
keçirdiyi müsabiqədə I yeri qazanmış, hər
ikisi netbukla
mükafatlandırılmışdır.
2010-cu il
5-7 iyul tarixində Qəbələ rayonunda Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
və BMT-nin Ətraf
Mühit
Proqramının birgə təşkilatçılığı ilə
"Bioloji müxtəliflik və
minilliyin inkişaf məqsədlərinə nail
olunması"
mövzusunda beynəlxalq konfrans
keçirilib. İyulun 7-də biomüxtəliflik üzrə Avropa
regionu nazirlərinin görüşündə Bahar
müəllim də
nümayəndə kimi iştirak
etmiş və təşkil edilmiş
beynəlxalq sərgidə "Təbiət məharətlə yaradılmış həyat
simfoniyasıdır!" layihəsi əsasında hazırladığı işlər (təqdimatlar, şəkillər, filmlər...) böyük marağa
səbəb olmuş və
yüksək qiymətləndirilmişdir.
Müəllimin şagirdlərindən riyaziyyat-informatika müəllimi işləyən və bu
istiqamətdə təhsil alanlar
az deyil. Bir
şagirdi - Ağabalayeva
Gülnar (Prezident təqaüdçüsü)
Qafqaz Universitetinin kompüter
mühəndisliyi
fakültəsində təhsil alır.
B.İsmayılovanın
Zaqatala Tədris Mərkəzinin dəstəyi ilə
hazırladığı
biaz.ucoz.net saytından rayonumuzun
müəllim və şagirdləri istifadə
edir, saytla işləmə bacarıqlarına yiyələnirlər.
Həyat QARDAŞOVA
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.16.