Beynəlxalq instituta həsr
olunmuş tanıtma seminarı
Yanvarın 26-da Qafqaz Universitetində "Elektrik və
Elektronika Mühəndisləri İnstitutu (İEEE)
üzvü olmağın fayda və imkanları"
mövzusunda seminar keçirildi. Seminar iştirakçıları
öncə Qafqaz Universitetinin fəaliyyətindən, burada təhsil
almağın üstünlüyündən,
yaradılmış şəraitdən, təhsil
ocağının iş dünyası ilə əlaqələrindən
bəhs edən filmə baxdılar.
Universitetin rektoru, professor Ahmet Saniç
iştirakçıları salamladıqdan sonra seminarın
tanıtma məqsədi daşıdığını, bu
nüfuzlu təşkilata daxil olmağın hər kəs
üçün əhəmiyyət kəsb etdiyini bildirdi,
onun üzvləri qarşısında açdığı
imkanlardan danışdı. Bildirdi ki, bu elmi təşkilat
öz üzvlərinin mühəndislik və texnologiya
dünyasındakı mükəmməlliklə birgə
olmasını, eyni sahədə çalışan yerli və
beynəlxalq mütəxəssislərlə sıx təmas
qurmasını, öz elmi səviyyəsini
artırmasını təmin edir.
Seminarda Qafqaz Universitetinin kompüter mühəndisliyi
bölməsinin müdiri doktor Abzetdin Adamov İEEE haqqında
təqdimat etdi. Verilən məlumatdan aydın oldu ki, 1884-cü ildə
əsası qoyulmuş İEEE (Elektrik və Elektronika Mühəndisləri
İnstitutu) dünyanın bəşəriyyətə faydalı ən
böyük professional müasir texnologiya birliyidir. Dünyanın bir sıra tanınmış alimləri,
mühəndis və texnoloqları, ixtiraçıları bu
qurumun üzvü olmuşlar. Hazırda
dünyanın 170 ölkəsində fəaliyyət göstərən
İEEE öz sıralarında 400.000 üzvü birləşdirir.
O, üzvlərinin peşə maraqlarını dəstəkləyir,
texniki jurnal dərc edir, konfranslara sponsorluq köməyi göstərir,
texnoloji standartlar hazırlayır.
Qurumun məqsədləri, fəaliyyət istiqamətləri
haqqında da geniş açıqlama verən A.Adamov onun
texnoloji yeniliklərə təkan verdiyini, təhsil
resurslarını, karyera sahəsində rəhbərliyi təmin
etdiyini, texniki və sosial xarakterli yerli fəaliyyətləri
həyata keçirdiyini diqqətə çatdırdı.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.17.