Sintaktik təhlil ən yaxşı vasitədir
Müasir
təhsilin əsas məqsədi təlim-tərbiyə
prosesinin səmərəliliyini maksimum artırmaq, müstəqil
düşünən, tədris fənlərini dərindən
mənimsəyən və aldığı bilikləri tətbiq
etməyi bacaran, geniş dünyagörüşə malik
şəxsiyyətlər yetirməkdən ibarətdir. Bu isə
təhsil sistemində böyük dəyişikliklər etməyi,
dünya təhsil sisteminin mütərəqqi təlim
metodlarından yaradıcı şəkildə istifadəni tələb
edir.
Əgər
müəllim hər dərsə yaxşı
hazırlaşarsa, təlim metodlarından səmərəli
istifadə edərsə, tədris etdiyi fənni şagirdlərə
sevdirməyi bacararsa, əlavə mənbələrdən bəhrələnərsə,
şagirdlər əldə etdikləri bilikləri praktik
işlər zamanı tətbiq edərlərsə, onda təlimin
səmərəsindən danışmaq olar.
Bunun
üçün elmi hazırlıq da əsasdır.
Tədris
zamanı mövzuların şərhində daim diqqətli
olmağa və şagirdlərə düzgün məlumat
verməyə çalışıram.
Qeyd
etdiyim fikirlərin təsdiqi üçün "İsmin təsirlik
halı" mövzusunu daha münasib bilirəm. Çünki
bəzi hallarda təsirlik halın cümlədə rolu barədə
yanlış fikirlərə rast gəlinir. Belə hallarda
şagirdlərə izah edirəm ki, təsirlik hal cümlədə
vasitəsiz tamamlıq olur. Əlbəttə, bu zaman unutmaq
olmaz ki, təsirlik hal yalnız öz sualına cavab verəndə
(yəni kimi? nəyi? haranı? və nə?) müəyyən
və ya qeyri-müəyyən vasitəsiz tamamlıq olur.
Bu
növ tamamlıqlar hərəkətlə bilavasitə
bağlı olub, hərəkətin icrası nəticəsində
yaranan və yaxud dəyişikliyə uğrayan, ya da həmin hərəkətin təsirinə
məruz qalan obyekti ifadə edir. Azərbaycan dilində
xüsusi isimlər, şəxs əvəzlikləri, yer zərfləri
və s. həmişə müəyyən məfhum ifadə
edir və buna görə də vasitəsiz tamamlıq olanda hər
zaman hal şəkilçisi ilə işlənir. Məlumdur
ki, zərf adlıq və təsirlik halda isimləşir.
Adlıq halda mübtəda, təsirlik halda tamamlıq olur. Şagirdlərə
aşağıdakı cümlələri təhlil etdirirəm:
1) Mən
Türkiyəni, İranı, Gürcüstanı gəzmişəm.
2)
İçərini ələk-vələk elədilər.
Birinci
cümlədə xüsusi isimlər, ikinci cümlədə
isə zərf vasitəsiz tamamlıq vəzifəsində
işlənmişdir. Ancaq belə sözlər bəzi Azərbaycan
dili dərsliklərində yer zərfliyi kimi
götürülür. Belə məlumatlar şagirdləri
çaşdırır.
İsmin
təsirlik halı bəzən cümlədə nə zaman
sualına cavab verə bilər. Sözsüz ki, zaman mənası
bildirəndə təsirlik hal cümlədə zaman zərfliyi
olar.
Buna
görə də dərs prosesində çalışmalar
üzrə iş apararkən məsdər, feli bağlama tərkiblərindən
ibarət cümlələr sintaktik təhlil ediləndə
şagirdlərə diqqətli olmağı
tapşırıram.
Aşağıdakı
cümləni təhlil üçün seçirəm:
Vətəni
ürəkdən sevmək müqəddəs vəzifəmizdir.
Bu
cümlədə təsirlik hal məsdər tərkibinin daxilində
qalıb və onunla birlikdə mübtəda vəzifəsindədir.
Eləcə də feli sifət
və feli bağlama tərkibləri ilə ifadə olunan
cümlələrdə də belə hallar baş verə bilər.
Bu zaman sintaktik suala əsaslanmaq lazımdır.
Bir
sözlə, vasitəsiz tamamlıqların bir qrupu,
göründüyü kimi, hərəkətin maddi məkan
münasibətini ifadə edərkən onu cümlədəki
zərfliklə qarışdırmaq olmaz. Bu tamamlıqlar
lüğəti cəhətdən yer (məkan) məzmunu
bildirən isimlər, zərflər və söz birləşmələri
ilə ifadə olunur. Çox vaxt belə sözlər gəzmək,
dolanmaq, keçmək, dalaşmaq və s. kimi fellərə
aid olur.
Məsələn:
1)
Çöllərə düşdüyüm o vaxtdan bəri
Dolandım
dağları və meşələri.
2) Hər
halda şose yolunu keçin.
3)
Uzağı görə bilmirəm.
Məktəb
təcrübəsində belə hallarla rastlaşılır.
Yol verilmiş və texniki xətalar olan belə məlumatları
verərkən qeyri-dəqiqlikləri əvvəlcədən
aşkara çıxarır, dilimizin incəliklərini dəqiqliklə
çatdırmağa çalışıram. Bu işdə
sintaktik təhlil ən yaxşı vasitə olur.
Züleyxa ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.20.