"Pedaqoji
oçerklər: sələflərim və müasirlərim"
Azərbaycanda ibtidai təhsil
pedaqogikası və metodikası sahəsində korifeylik
qazanmış professor Yəhya Kərimovun hələ
neçə il əvvəl gənc alim Fərrux Rüstəmov
barədə söylədiyi fikir öz təsdiqini tapıb. Doğrudan
da, F.Rüstəmov bu gün pedaqoji elmimizin tədqiqi, təbliği,
eləcə də bu istiqamətdə mütəxəssis
hazırlığı sahəsində birinci sıradadır. Tarixi-elmi
dəyərlərə ehtiramla Ə.Seyidov, M.Mehdizadə,
M.Muradxanov, H.Əhmədov ənənələrini öyrənib
inkişaf etdirərək, pedaqoji fikir və düşüncənin
nəzəri məzmunu və təsir-əhatə dairəsini
genişləndirmək Fərrux müəllimə nəsib
olub.
Müasirlərindən
professor Ə.Ağayevin mətbu yazıda etiraf edib
vurğuladığı kimi, "Fərrux Rüstəmov Azərbaycanda
XX əsr pedaqogikaşünaslığının pioneri olaraq
da öndədir".
30-dan
artıq kitab və kitabçası, dərslik və dərs
vəsaiti, 500 elmi-pedaqoji və publisistik yazısı nəşr
və çap olunmuş pedaqoji elmlər doktoru, professor
F.Rüstəmov həm də 10 kitab tərtibçisidir,
onlarca əsərin elmi redaktorudur.
Azərbaycan
pedaqoji fikrinin böyük bir dövrünün, Şərq,
Qərb və Türk dünyası pedaqoji fikrinin inkişaf
tendensiyalarını, ayrı-ayrı ideya və
konsepsiyaların elmi-pedaqoji və tarixi-fəlsəfi şərhini
vermiş alim həm də ADPU-nun Pedaqoji fakültəsinin
dekanı, İbtidai təhsilin pedaqogikası
kafedrasının, "Pedaqoji təhsilin problemləri"
elmi-tədqiqat laboratoriyasının müdiri kimi bilik,
bacarıq və əməyini əsirgəmir. Qocaman ali
məktəbdə fəaliyyət göstərən ümumi
pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə
dissertasiya şurasının sədr müavinidir. Bu təqdimatın
qələmə alınmasının səbəbi budur ki,
F.Rüstəmovun fəaliyyəti çoxşaxəlidir. Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, akademik M.Mehdizadə, "Gənc
alimlər", "Qızıl qələm"
mükafatları laureatı olan Fərrux Abbas oğlu həm də
pedaqogika və metodika sahəsində məlum olan alimlər
haqqında dəyərli, məzmunlu məqalələr müəllifidir.
Professor
Fərrux Rüstəmovun "Elm
və təhsil" nəşriyyatında (2010)
buraxılmış "Pedaqoji
oçerklər: sələflərim və müasirlərim"
344 səhifəlik kitabı (elmi redaktorları professor H.Əhmədov,
professor İ.İsayev, rəyçilər professorlar R.Əliyev
və R.Hüseynzadədir) elm tariximizlə bağlı
araşdırmalar aparanlar üçün dəyərli mənbələrdəndir.
Ön
sözün müəllifi, professor Ə.Ağayevin qeyd etdiyi
kimi, F.Rüstəmovun "Pedaqoji oçerklər: sələflərim
və müasirlərim" kitabı xələflərinin və
müasirlərinin xidmətlərini oxucusuna təqdim edən
dəyərli mənbə və öyrənc dərsliyidir.
"Sələflərim"
adlandırılan hissədə Azərbaycan pedaqoji fikrinin
görkəmli nümayəndələri - Güney Qafqazda ilk
pedaqoji elmlər doktoru Ə.Seyidov, SSRİ PEA-nın akademiki
M.Mehdizadə, professorlar M.Muradxanov, B.B.Komarovski, Ə.Həşimov,
Y.Talıbov, dosent İ.Vəlixanlı və daha neçə
elm və təhsil nümayəndələrinin həyatı və
irsi barədə təsəvvür yaradan məzmunlu məqalələr
verilmişdir. Dünyasını dəyişmiş bu
insanlar haqqında yazılarda müəllifin bir soydaş
olaraq dərin ehtiramı, layiqli bir varis olaraq obyektiv dəyərləndirmə
yazı üslubu diqqəti cəlb edir. Bu baxımdan
dünyasını tez dəyişmiş T. Məmmədov, V.Səmədov,
B.Zərbəliyev haqqında qələm məhsulları
kövrək motivləri ilə oxucu qəlbində-yaddaşında
dərin iz buraxır.
Professor
F.Rüstəmov, onu tanıyanların da təsdiq etdiyi kimi, səmimi,
xeyirxah və təmənnasız insandır. Üstəlik
Fərrux Abbas oğlu həm də
böyük ürək sahibidir: soydaşlarının və
həmkarlarının, tanıdıqlarının
uğurlarına ürəkdən sevinir, lazım olanda
qayğı və köməyini əsirgəməyən bir
türk oğludur. Azərbaycanın tanınmış elm-təhsil
fədailəri (MEA-nın müxbir üzvü, professor Y.Məmmədov,
professor H.Əhmədov, professorlar A.Mehrabov, Y.Kərimov, Ə.Ağayev,
Ə.Paşayev, R.Mustafayeva, M.Həsənov, R.Hüseynzadə,
İ.İsayev və b.) haqqında qələm məhsulları
həmin insanların hər kəsə nümunə ola biləcək
həyat yolu, elm sahəsində tarixi xidmətləri barədə
yığcam, anlaşıqlı, zəngin informasiyalı
oçerklərdir.
Kitabla
tanışlıqdan doğan təəssüratlar olduqca zəngin
və dərindir. Bunlar ön sözdə
aşağıdakı fikirlərlə, demək olar ki,
üst-üstə düşür: bu kitabın məziyyətlərindən
biri də ayrı-ayrı simaların təqdimatı ilə XX
əsrdə və hazırda Azərbaycanda təhsil və təhsil
elminin inkişafı üçün edilən cəhdləri,
çalışmaları ortaya çıxarması və fərdlərdən
ümuminin xeyrinə alınan nəticələri göstərməsidir.
Professor
F.Rüstəmovun "Pedaqoji oçerklər: sələflərim
və müasirlərim" kitabı təhsil sahəsində
çalışanlar, elm tarixçiləri, bakalavr, magistrant
və pedaqoji ictimaiyyətin nümayəndələri
üçün, sözün həqiqi mənasında, dəyərli
ədəbiyyatlardandır.
Ş.MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.20.