Musiqi ilə rənglərin harmoniyası
Azərbaycanda musiqi
ifaçılığının digər növləri kimi
klarnet sənəti də böyük bir tarixi yol keçib.
Bu sənətin Şəmsi İmanov, Vəli Qədimov kimi
peşəkarları olub ki, zaman keçdikcə onların
ardıcılları yetişib. Sevindirici haldır ki, bu məktəbi
təmsil edən gənc ifaçılar sələflərinin
yolunu layiqincə davam etdirirlər. Belə ki, öz ifa
üslubları ilə həm milli koloriti qoruya bilir, həm də
klassik üslubları çox
düzgün mənimsəyirlər. Odur ki, Azərbaycan
ifaçıları dünyanın hansı ölkəsində
çıxış etsələr, vətənə
uğurla qayıdırlar.
Haqqında söhbət açacağımız Səddam
Novruzbəyovu başqa ifaçılardan fərqləndirən
əsas amil isə onun həm də rəssam olmasıdır.
İncəsənətin həm musiqi, həm də rəssamlıq
sahələrini öz yaradıcılığında birləşdirən
Səddam istedadlı
ifaçılardan biridir.
Səddam
hələ 3 yaşı olarkən qeyri-adi musiqi duyumu və
çəkdiyi rəsmlərlə yaşıdlarından fərqlənirdi.
Çox keçmir ki, 5 yaşlı Səddam Tofiq
İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin "Uşaq dünyası"
rəsm qalereyasının təşkil etdiyi müsabiqələrin
fəal iştirakçılarından birinə çevrilir.
2002-ci ildə Səttar Bəhlulzadə adına sərgi
salonunda ilk fərdi sərgisi
keçirilən Səddamın nümayiş etdirdiyi əsərlər
iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Görkəmli sənətkarımız Polad
Bülbüloğlu sərgidəki əsərlərdən
böyük zövq aldığını və rəsmlərdə
dərin fəlsəfi fikirlərin olduğunu nəzərə
çatdırmışdır. 2003-cü ildə "Raskras
Sayt Yukos", 2004-cü ildə isə Avstriya Hava Yolları,
Britaniya səfirliyi, MEXX və Rəssamlar
İttifaqının birgə layihəsi ilə keçirilən
"Bakı gələcəkdə" adlı rəsm
müsabiqələrində I yerə layiq görülən Səddamın
əsərləri xeyriyyə məqsədilə
satılmış, əldə olunan vəsaitdən uşaq
evlərinə ərzaq və geyim alınmışdır. Həyatını
vətənə, millətə qurban verməyə hazır
olan və dövlətimizin bayrağını daim ucalarda
görmək istəyən Səddam öz gizli dünyası
ilə ancaq boyalar və fırça vasitəsilə
paylaşır.
Musiqi
sahəsində ilk addımlarını Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində atan Səddam
hazırda Bakı Musiqi Akademiyasının IV kursunda klarnet
ixtisası üzrə təhsil alır. Klassik və sərbəst
caz improvizasiyalarına üstünlük verən Səddamın
ifası respublikamızın görkəmli musiqiçiləri
tərəfindən yüksək qiymətləndirilir. Xalq
artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət
Gənclər Simfonik Orkestrinin solisti olan Səddam Fransada
YUNESKO-nun konsert zalında keçirilən tədbirdə
orkestrin tərkibində çıxış etmişdir.
Bundan başqa, Səddam həmin orkestr ilə Belçika,
Almaniya, İtaliya və İsveçdə qastrol səfərlərində
olmuş, ölkəmizi layiqincə təmsil etmişdir.
Səddamın
dediklərindən: "İlk musiqi təhsilimi Fikrət Əmirov
adına 6 nömrəli incəsənət məktəbində
almışam. Məktəbin direktoru Nəriman müəllim
fərqli istedadımı görərək mənə klarnet
alətinin ifaçısı olmağı məsləhət
gördü. İlk vaxtlar klarnetə həvəs göstərməsəm
də indi sevinirəm ki, bu seçimi qəbul etmişəm.
İllər keçdikcə klarnetə sonsuz marağım və
həvəsim məni Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinə gətirdi. Sənətin sirlərini
daha dərindən öyrənmək və professional
olmağı qarşıma məqsəd qoymuşdum. Bunun
üçün var gücümlə
çalışırdım. Mənim bu səviyyəyə gəlib
çatmağımda müəllimlərimin rolu və zəhməti
danılmazdır. Klarnet müəllimim Əziz Qarayusiflinin
adını isə xüsusilə vurğulamaq istəyirəm.
Klassik musiqiyə həvəsi, ifa manerasını, alətin
incəliklərini mənə aşılamaqda onun
böyük zəhməti olmuşdur. Hər səhnəyə
çıxışım zamanı mənimlə bərabər,
bəlkə də məndən çox həyəcan
keçirən Əziz müəllimin məsləhətlərinə
qulaq asıram. Onun göstərdiyi diqqət və
qayğı məni daha da ruhlandırır, ciddi
çalışmağa, məsuliyyətli olmağa təhrik
edir. Bilirsiniz, bu sənətdə istedadla bərabər,
çoxlu əmək sərf etmək vacib amillərdəndir.
Bəlkə də rəssamlıqda mənim üçün
çalışmaq, əmək sərf etmək musiqidəki qədər çətin deyil. Hərdən
xəyala dalıram və "hansı sənəti daha
çox sevirəm" deyə düşünürəm".
Lakin bunu seçə bilmirəm. Həm rəssamlıq, həm
də musiqi həyatımın ayrılmaz hissələridir.
Klarnet ilə demək olar ki, hər gün məşğul
oluram və bu mənim işimdir. Lakin vaxtla əlaqədar hərdən
rəsm çəkmək mümkün olmur. Həmin vaxtlar elə
bilirəm ki, məndə nəsə çatmır. Bu
boşluğu doldurmaq üçün az müddət də
olsa rəngli fırçaları əlimə alır, qəlbimdən
keçənləri kağız üzərinə
köçürürəm. Ən çox sevdiyim payız fəslidir
və bu fəsli təsvir etməkdən çox zövq
alıram.
Yaşıdlarıma
dövlətimizin yaratdığı imkanlardan maksimum dərəcədə
istifadə etməyi və dövlətçilik naminə var
gücləri ilə çalışmağı tövsiyə
edərdim. Mən inanıram ki, bugünkü gənclik
sağlam düşüncəlidir və gələcəyə
ümidlərlə baxır. Sonda bizə göstərdikləri
diqqət və qayğıya görə ölkə Prezidenti
cənab İlham Əliyevə və YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığımı
bildirirəm".
Müəllimi
Əziz Qarayusiflinin dediklərindən: "Səddamla
görüşdüyümüz ilk gündə o mənə
çəkdiyi şəkillər və iştirak etdiyi sərgilər
haqqında həvəslə danışdı. Onun
danışığından hiss olunurdu ki, hələ gənc
olmasına baxmayaraq, yaradıcılığa və sənətə
böyük diqqət yetirir, sərbəst və məntiqli
fikirlər yürüdür. Səddamı dinlədikdə bu
sadə, uşaqqəlbli və bir az da dalğın gəncin
rəssamlığa sonsuz həvəsini duydum. Bir
anlığa qəlbimdən elə bir hiss keçdi ki, onunla
işləmək mənim üçün bir az çətin
olar. Çünki rəsm çəkərkən nə qədər
azad, sərbəst, özünə qapanırsansa, musiqidə
bir o qədər dəqiq və ciddi olmaq tələb olunur.
Lakin fikirləşdiyimin tam əksinə olaraq nəticə
gözlənilməz oldu. Klassik musiqiyə həvəs,
improvizə bacarığı, texnikası və öz üzərində
ciddi çalışmaq vərdişləri onunla işləməyi
asanlaşdırdı. Səddam xüsusi istedada malik olan
çalışqan gənclərimizdəndir. Onu da qeyd edim
ki, Səddamın Dövlət Gənclər Simfonik Orkestrində çıxış etməsi və
bir çox ölkələrdə qastrol səfərlərində
olması onun üçün vacib şərtlərdəndir.
Çünki dünya musiqi aləmi ilə canlı şəkildə
və yaxından tanış olur. Bu, onun üçün əlavə
stimuldur. Ona bu çətin və şərəfli sənət yolunda uğurlar arzulayıram.
Ümid edirəm ki, Səddam istər respublikamızda, istərsə də beynəlxalq aləmdə
öz dəst-xətti ilə tanınan musiqiçi
olacaq".
Bəli,
biz də Əziz müəllimin arzularına şərik
çıxır və inanırıq ki, Səddam və onun
kimi gənclər milli musiqimizi, zəngin mədəni irsimizi
dünyada layiqincə
nümayiş etdirəcəklər.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.24.