Azərbaycanın
Milli Qəhrəmanları
Rəhimov Koroğlu İsmayıl oğlu
1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Birinci sinfə Yaqublu kənd orta məktəbində gedən Koroğlu sonra ailələri ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalılar kəndinə köçüb. Orta təhsilini Həbil kənd orta məktəbində başa çatdıraraq, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb. 1974-cü ildə xidmətini Almaniya Demokratik Respublikasında başa çatdırdıqdan sonra yarımçıq qalan təhsilini davam etdirib. O, 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yollanıb. Goranboy rayonunun Buzluq, Çartaz və Erkəc kəndlərinin azad olunması uğrunda erməni işğalçılarına qarşı əzmlə döyüşüb.
K.Rəhimov
1992-ci il iyulun 3-də Ağdərə istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına həlak
olub.
Ailəli
idi. Üç övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203
nömrəli Fərmanı ilə Rəhimov Koroğlu
İsmayıl oğlu ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı
şəhərində Şəhidlər xiyabanında dəfn
olunub. Bakının Nərimanov rayonunda adına küçə
verilərək büstü qoyulub. Oğuz rayonunun Xaçmaz
kəndindəki uşaq bağçası onun adını
daşıyır.
Rəhimov Cavanşir İzzət
oğlu
1973-cü il iyunun 5-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. Ailə üzvləri ilə birlikdə Bakıya köçən Cavanşir Suraxanı rayonundakı 104 nömrəli orta məktəbi bitirdikdən sonra təhsilini texniki peşə məktəbində davam etdirib. O, idman ustası idi. 1992-ci ildə hərbi xidmətə çağırılaraq Azərbaycan Hərbi Hava Qüvvələrində qulluq edib. Burada hərbi vertolyotun bort atıcısı peşəsinin sirlərinə yiyələnib. 1992-ci ildə səmaya qalxan Cavanşir bir neçə dəfə uğurlu uçuş əməliyyatları həyata keçirərək işğalçı erməni döyüşçülərinə ağır zərbələr endirib. Kasapet yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə isə onun idarə etdiyi vertolyot düşmən tərəfindən vurulub və bu zaman Cavanşir taxıl zəmisinə düşüb. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gələrək, onu yaxınlıqdakı hərbi hissəyə aparıb. C. Rəhimov 1992-ci il sentyabrın 9-da Müdafiə Nazirliyinin əməkdaşları və qohumlarının iştirakı ilə Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan
Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 nömrəli
Fərmanı ilə Rəhimov Cavanşir İzzət oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakının
Suraxanı rayonundakı 146 nömrəli orta məktəb onun
adını daşıyır.
Qaraçuxur
qəsəbə parkında büstü qoyulub.
Rəfiyev Faiq Qəzənfər oğlu
1955-ci il fevralın
22-də Füzuli rayonunun
Sarıcıq kəndində anadan olub. 1972-ci ildə rayonun Qarakollu kənd orta məktəbini bitirib. Faiq 1973-1975-ci illərdə
Arxangelsk vilayətində
hərbi xidmətdə olub.
Ordudan tərxis olunduqdan sonra həmin vilayətin Plisetsk
rayonunda milis işçisi vəzifəsində çalışıb. Sankt-Peterburq şəhərində Ali
Hərbi Milis Məktəbinin
qiyabi şöbəsinə daxil olan Faiq
1984-cü ildə təhsilini başa çatdıraraq leytenant
rütbəsi alıb və sahə müvəkkili kimi fəaliyyətə
başlayıb. 1990-cı ilin 20 Yanvarında sovet ordusunun Azərbaycanda əliyalın xalqı qətlə
yetirərək görünməmiş faciə törətdiyini
eşidib Vətənə
qayıdaraq, Xocavənd rayonunda sahə müvəkkili
işləyib. Axullu, Tuğ,
Qaradağlı kəndlərinin
quduz erməni işğalçılarından
qorunmasında qəhrəmanlıq göstərib.
F.Rəfiyev
1992-ci il yanvarın 10-da düşmən gülləsinə
tuş gələrək dünyasını dəyişib.
Ailəli
idi. İki övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 nömrəli
Fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Doğulduğu
Sarıcıq kəndində dəfn olunub. Bakının
Lökbatan qəsəbəsindəki 166 nömrəli orta məktəb
onun adını daşıyır.
Rzayev Qasım Qara oğlu
1970-ci
il mayın 5-də Tovuz rayonunun Əlibəyli
kəndində anadan olub.1987-ci ildə orta məktəbi
bitirib, sonra sürücülük ixtisasına yiyələnib.
1988-ci ildə sovet ordusu sıralarında hərbi xidmətə
çağırılıb. Ukraynanın Nikopol şəhərində
hərbi hissədə artilleriya bölməsində xidmət
edib. Qasım 1990-cı ildə hərbi xidmətini başa
çatdıraraq Vətənə qayıdıb və
könüllü özünümüdafiə dəstəsinə
yazılıb. Muncuqlu, Koxa-Nəbi, Ağdam, Əlibəyli,
Hacallı kəndlərinin, eləcə də Tovuz rayonunun sərhədlərinin
qorunmasında xüsusi qəhrəmanlıq nümayiş
etdirib.
1992-ci
il mayın 14-də erməni qoşunları Tovuzun sərhəd
kəndlərinə hücuma keçərkən Q.Rzayev
özünü döyüş nöqtəsinə yetirərək
bu qeyri-bərabər vuruşda mərdlik göstərib, son dərəcə
gərgin gedən həmin döyüşdə qəhrəmancasına
həlak olub.
Ailəli
idi.
Azərbaycan
Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli
Fərmanı ilə Rzayev Qasım Qara oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Əlibəyli
kənd qəbiristanlığında dəfn olunub. Hacallı
kənd orta məktəbi Milli Qəhrəmanın adını
daşıyır.
Rzayev Rövşən
Abdulla oğlu
1969-cu il
oktyabrın 15-də Bakı şəhərinin Sahil qəsəbəsində
anadan olub. 1986-cı ildə 253 nömrəli orta
məktəbi bitirərək, Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. 1991-ci ildə təhsilini
başa vuraraq Orta Asiya və
Qazaxıstana təyinat alıb və daxili qoşunların
tərkibində tağım komandiri kimi fəaliyyətə başlayıb. 1992-ci ildə
Bakıya qayıdaraq 6500 nömrəli mühafizə
alayına komandir təyin
edilib. Rövşən Ağdam
rayonunun Papravənd, Pircamal,
Aranzəmin, Şelli, Naxçıvanik kəndləri
uğrunda döyüşlərdə
qəhrəmanlıq nümayiş
etdirib. Göstərdiyi fədakarlıga
görə 1993-cü ildə Ədliyyə Nazirliyinin
hərbi hissəsinin
qərargah rəisi vəzifəsinə təyin edilib. 1996-cı
ildə Ədliyyə Nazirliyi
Məhkəmə Qərarlarının
Baş İdarəsinin
mühafizə alayında qərargah rəisi olub. Sonralar isə Qobustan həbsxanasında mühafizə
bölüyünün komandiri
vəzifəsini daşıyıb.
R.Rzayev
1999-cu il yanvarın 8-də məhbus qiyamının
yatırılması zamanı qəhrəmancasına həlak
olub.
Ailəli
idi. İki övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 nömrəli
Fərmanı ilə kapitan Rzayev Rövşən Abdulla
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Sahil
qəsəbəsində dəfn olunub. Sahil qəsəbəsində
onun adını daşıyan parkda büstü qoyulub.
Milli Qəhrəmanlar Beynəlxalq
İnformasiya Mərkəzinin materialları əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-11
fevral.- S.24