Belə dərslikləri
təqdir edirik
Təhsil islahatının
mühüm istiqamətlərindən biri də yeni nəsil dərsliklərin
tərtib olunması və nəşr edilməsidir. Bu sahədə
görülən işlər təqdirəlayiqdir. Son illər
çap olunan onlarca dərslik və dərs vəsaitləri
öz məzmunu, tərtibatı, yeni texnologiyalarla səsləşməsi
baxımından pedaqoji ictimaiyyət tərəfindən
razılıqla qarşılanır. Məqalədə məhz
yeni nəsil dərsliklərindən biri olan,
"Altun-kitab" nəşriyyatının çap etdiyi V və
VI siniflər üçün
Azərbaycan dili dərslikləri haqqında fikirlərimizi
bölüşmək istəyirik.
Əvvəlcə
V sinif dərsliyi barədə (müəllifləri:
R.İsmayılov, X.Qasımova, F.Şahbazlı, Q.Əmircanova).
Öncə onu qeyd etmək istərdik ki, adıçəkilən
dərslik müasir tələblərə uygun
hazırlanmışdır. Belə ki, dərslikdə
interaktiv təlim üsullarının tətbiqinə, audio və
videomateriallarla işləməyə şərait yaradan tapşırıqlara, mövzulara
geniş yer ayrılmışdır.
Dərslikdəki
materiallar dörd bölmədə və qırx mövzuda əhatə
olunmuşdur. Hər mövzunun isə əsasən
üç mərhələdə öyrədilməsi nəzərdə
tutulur:
1.
Keçiləcək mövzuya hazırlıq
2.
Yeni biliklərin möhkəmləndirilməsi
3. Tətbiqi,
yəni çalışma mövzuları
Keçiləcək
mövzuya motivasiya xarakteri daşıyan hazırlıq mərhələsinin
hər bir fənnin tədrisində müstəsna rolu
vardır. Burada qoyulan tapşırıqlar dolayı yolla
şagirdin keçiləcək mövzu haqqında bildiklərini
yada salır və onları yeni mövzunun mahiyyəti barədə
düşünməyə vadar edir. Qazanılacaq bilik,
bacarıq və vərdişlərin əsası məhz bu mərhələdə
qoyulur. Bu həm də tətbiqinə
başlayacağımız kurikulumla səsləşmə deməkdir.
Mübaliğəsiz demək olar ki, müəlliflər ilk mərhələni
uğurlu hazırlamışlar. Dərslikdən verdiyimiz
aşağıdakı nümunə dediyimizə əyani
sübutdur.
Müəlliflər
sözün quruluşca növləri (səh.14) mövzusunun
hazırlıq hissəsində öncə "Qarabağ"
adının mənasını açıqlamağı
tövsiyə edirlər. Sonra "Bu adda neçə söz
var?", "Qara sözünün müxtəlif mənalarına
diqqət yetirin" kimi tələblər irəli
sürülür. Sonda isə belə bir
yekunlaşdırıcı sual qoyulur: "Qara rəngli
bağ ola bilərmi?".
Əlbəttə,
bu suallar şagirdləri düşünməyə vadar edir.
Onlar sərbəst şəkildə öz fikirlərini ifadə
edirlər və müəllimin köməyi ilə yekun qərara
gəlirlər.
Bu mərhələdən
sonra müəlliflər "Yadda saxla" rubrikasını tərtib
etmişlər. Həmin rubrikada nəzəri məlumatlar
öz əksini tapmışdır ki, onların da dili öz
sadəliyi ilə diqqəti cəlb edir. Bundan başqa, ənənəvi
nəzəri məlumatların bəzilərinə yeni
baxış da təqdirəlayiqdir.
Üçüncü
mərhələdə müəlliflər nəzəri məlumatın
tətbiqini düşünərək şagirdlər
üçün müxtəlif
çalışmalar, mətnlər, test tapşırıqları,
sxemlər, cədvəllər, diaqramlar tərtib etmişlər.
Ən xoşagələn yeniliklərdən biri, həm də
ən mühümü budur ki, interaktiv təlim
üsulları (debat, qruplarla iş, cütlüklərlə
iş, mətnlə iş və s.) birbaşa dərsliyə gətirilmişdir.
Çalışmalar
tərtib olunarkən inteqrasiyaya, nitq inkişafına xüsusi
diqqət yetirilmişdir.
İnkaredilməz
həqiqətdir ki, nitq təfəkkürlə, onun fəaliyyəti
ilə sıx bağlıdır və o, təfəkkür fəaliyyətinin
nəticəsi olan fikrin məzmununu ifadə edir. Nitqin məzmununu
isə istifadə olunan sözlər təşkil edir.
Danışıq zamanı sözdən məqamına görə
düzgün, yerli-yerində istifadə etmək natiqlik məharətinin
vacib şərtidir. Bu məharət isə, əsasən, məktəbdə,
xüsusən dil və ədəbiyyat dərslərində
formalaşdırılır.
Məlumdur
ki, nitqə gözəllik gətirən cəhətlərdən
biri emosionallıqdır, ifadəlilikdir. Nitqin
emosionallığı sözün kəsb etdiyi məna ilə,
cümlədə onun sıralanması ilə
bağlıdır. Bu da nitqə bədii çalar,
obrazlılıq gətirən məcaz növlərinə bələd
olmağı tələb edir.
Şagirdlərin
obrazlı nitqə yiyələnməsi üçün
mümkün olan bütün imkanlardan istifadə etmək
lazımdır. Belə imkanlardan biri də şifahi xalq
yaradıcılığı nümunələri üzərində
işdir. Şifahi ədəbiyyat xalqın söz xəzinəsidir,
nitq inkişafına onun qüvvətli təsiri inkaredilməzdir.
Məktəbdə dilin tədrisi prosesində şagirdlərin
nitqini inkişaf etdirmək məqsədilə bu nümunələrdən
istifadənin faydalılığını məktəb təcrübəsi
sübut edir.
Müəllim
şagirdə başa salmalıdır ki, şifahi xalq ədəbiyyatı
nümunələri cilalanmış, obrazlaşmış nitq
nümunəsidir. Bu nümunələrdə məcazilik
üzvi şəkildə birləşir. Həm də bu
nümunələr dil-nitq vahidi kimi təqdim olunur.
Yəni
şifahi xalq yaradıcılığı nümunələrinin
üslubu da nitqin inkişafına təsir göstərən
amildir. Belə nümunələr üzərində iş
prosesində, xüsusilə onların oxusu, yaxud söylənilməsi
zamanı hər birinin üslubu diqqət mərkəzində
saxlanılmalıdır.
Məhz
bu xüsusiyyətləri nəzərə alan müəlliflər
dərsliyi hazırlayarkən yalnız xüsusi mətnlərlə
kifayətlənməmiş, xalq
yaradıcılığının zəngin xəzinəsindən
də faydalanmışlar. Təəssüf
edirik ki, dərsliklərlə bağlı bəzi fikirlərdə
bu cür təqdimatlara düzgün yanaşılmır və
onları savadsız mülahizələrlə yozurlar.
Belə
ki, səhifə 17-də çalışma 7, səhifə
25-də çalışma 3, səhifə 53-də
çalışma 6, səhifə 89-da çalışma
5 və sair
tapşırıqları atalar sözü və məsəllər,
səhifə 18-də çalışma 9-da və səhifə
53-də çalışma 7-də isə
tapşırığı ağı, layla, tapmaca, nazlama və
bayatı üzərində icra etmək təklif olunur.
Bu isə
bəzi ziyalıların qeyd etdiyi kimi şagirdlərdə hər
hansı mənfi xüsusiyyətlər yaratmır, əksinə
onlarda xalq yaradıcılığına, söz xəzinəmizə
dərin məhəbbət aşılayır.
"Mətnlə
iş" rubrikasında verilmiş materiallar tarixi şəxsiyyətləri
- Xətib Təbrizi, Nəsirəddin Tusi, Mahmud Kaşğari,
Herodot, Ş.İ Xətai və başqalarını
şagirdlərə tanıdır, onlarda elmə, biliyə
maraq oyadır. Təqdim olunan testlər fakt
tapıntısından daha çox
düşündürücü xüsusiyyətə malikdir. Verilmiş
çaynvord və krossvordlar da mövzuların daha dərindən
mənimsənilməsinə, şagirdlərin dərslik
üzərində daha həvəslə işləmələrinə
kömək edir.
Dərslikdə
müəyyən mövzularla bağlı debatlar da
verilmişdir. Debatlar şagirdlərdə danışmaq, dinləmək,
fikri əsaslandırmaq, məntiqi və tənqidi təfəkkür
kimi qabiliyyətləri inkişaf etdirir. Əslində, dilin tədrisinin
məqsədi də budur. Debatlar zamanı sinif 2 qrupa
bölünür, hər bir qrupun özünün lideri olur. Qrup
üzvləri liderləri faktlarla təmin edirlər. Hər
bir qrupun cavabları müvafiq ballarla qiymətləndirilir. Bu
da şagirdlərdə dərsə qarşı daha
böyük maraq oyadır, onlarda müstəqil
düşünmə, fikrini ifadəetmə
bacarığı formalaşdırır.
Hər
bölmədə, yeri gəldikcə "Sözlük"
rubrikası altında sözlərin lüğəvi mənası
izah olunur. Məsələn: bəşəriyyət-insanlıq,
ünsiyyət-qarşılıqlı münasibət,
poliqlot-çox dil bilən adam və s. Müəlliflər hər
sözə diqqətlə yanaşmış, onları
çox məharətlə seçmiş, şagirdlərin
dünyagörüşünə və müasir
dövrün texnoloji yeniliklərinə uyğun olanları əhatə
etmişlər. Bu isə şagirdlərin söz
ehtiyatının zənginləşməsinə öz
töhfəsini verir.
Dərslikdə
müəyyən yerlərdə "Bilirsinizmi?"
başlığı altında verilən məlumatlar
şagirdlərin dünyagörüşünün genişlənməsində
mühüm rol oynayır. Bu mənada səhifə 21-də
"Bazar gününün tarixi", səhifə 44-də
"Ən qədim türk əlifbası", səhifə
58-də "Kenquru nə deməkdir?", səhifə 116-da
"Dünyanın ən iri quşu" və s. haqqında
verilən məlumatları nümunə göstərə bilərik.
"İsmailiyyə"
(s.31), "Opera teatrı" (s.108) kimi memarlıq abidələri,
elm, sənət məbədləri haqqındakı məlumatlar
da təqdirəlayiqdir.
Hər
bölmənin sonunda verilmiş "Ümumiləşdirici təkrar"
da şagirdlərin müstəqil şəkildə biliyini
qiymətləndirmək, onlarda özlərinə inam yaratmaq
üçün çox faydalıdır.
Struktur
baxımından VI sinif dərsliyi də (müəllifləri:
R.İsmayılov, F.Ellazov) müasir təlim metodlarına
uyğun olaraq hazırlanmışdır. V sinif dərsliyinin
varisliyi əsasında tərtib olunan bu dərslikdə
özünəməxsus cəhətlər diqqəti cəlb
edir. Müəyyən mövzuların hazırlıq mərhələsində
şagirdlərə BİBÖ (bilirəm, istəyirəm biləm,
öyrəndim) cədvəli təqdim olunur və şagirdlərə
bildiklərini və bilmək istədiklərini cədvəlin
müvafiq sütunlarına yazmaq tövsiyə olunur. Bunun
üçün istiqamətləndirilmiş suallar da
verilmişdir. Mövzu tədris olunduqdan sonra isə şagirdlərə
yeni öyrəndiklərini cədvəlin
üçüncü sütununda yazmaq tövsiyə olunur. Bu
cədvəl şagirdlərlə yanaşı, müəllimə
də öz işinin nəticələrini qiymətləndirməyə
kömək edir.
VI
sinif dərsliyindəki mətnlər öz rəngarəngliyi
ilə seçilir. Maraqlısı odur ki, mətnlər
seçilərkən fənlərarası inteqrasiyaya
xüsusi diqqət yetirilmişdir. Dərslikdə
ayrı-ayrı fənlərə: ədəbiyyata, tarixə,
coğrafiyaya, riyaziyyata, musiqiyə və s. kimi fənlərə
aid mövzular öz əksini tapmışdır. "Azərbaycanın
landşaftı", "Dahi bəstəkar", "Ay
adları", "Naftandazlar", "Küləklər",
"Naftalan", "Qopuz və saz", "Şirvanşah
I İbrahim", "Təqvimlər" və s. kimi mətnlər
dediyimizə əyani sübutdur.
Mətnlərdən
sonra verilən suallarda da bir orijinallıq, inteqrativlik diqqəti
cəlb edir. Səh. 116-da "Tarixdə il hesabları"
adlı kiçik mətn verilmişdir. Mətnə aid
suallardan biri belədir: Makedoniyalı İsgəndər e.ə.
356-cı ildə anadan olmuş və cəmi 33 il
yaşamışdır. Deyə bilərsinizmi onun
ölümündən neçə il sonra N.Gəncəvi
"İsgəndərnamə" poemasını
yazmışdır?
Şagirdlər
ədəbiyyat dərsliyindən bilirlər ki, "İsgəndərnamə"
poeması 1203-cü ildə yazılmışdır. Tarix dərsliyindən
də bilirlər ki, Makedoniyalı İsgəndər e.ə.
323-cü ildə vəfat etmişdir. İlləri
hesablayaraq belə bir qərara gəlirlər
ki, İsgəndərin ölümündən 1526 il sonra
"İsgəndərnamə" poeması
yazılmışdır. Göründüyü kimi,
şagirdlər yuxarıdakı suala cavab vermək
üçün ədəbiyyat, tarix və riyaziyyat fənlərindən
öyrəndikləri bilikləri səfərbər etməlidirlər.
"Məntiq"
rubrikasında müəlliflər daha diqqətli olmuşlar. Məntiqi
qanunauyğunluğun ən barizini, ən "dərinini"
seçib şagirdlərin diqqətinə
çatdırmışlar. Məntiqi çalışmalar
adi test tapşırıqlarından fərqlənir. Fərq
ondadır ki, test tapşırıqlarında düzgün
cavabı təyin etmək üçün əlamət
verilir. Məntiqi tapşırıqlarda isə şagirdlərə
düzgün cavabı tapmaq üçün əvvəlcə
məntiqi ardıcıllığı və əlaməti
tapmaq, sonra isə bu ardıcıllığı tamamlamaq və
qanunauyğunluğu pozan elementi aşkar etmək tövsiyə
olunur. Məsələn, dərsliyin 78-ci səhifəsindəki
6 nömrəli çalışmada hər bir sırada
morfoloji cəhətdən fərqli olan sözü tapmaq
tövsiyə olunur:
1.
ağıllı, ədəbli, kəndli, buludlu, qarlı
2.
şabalıdı, badamı, qızılı, yazı,
palıdı
Birinci
nümunədəki sözlərin hamısı -lı4, ikinci nümunədə isə
-ı4 şəkilçisi ilə düzəlmişdir. Şagirdlər
ilk olaraq ümumi əlaməti və məntiqi
ardıcıllığı, sonra isə bu
ardıcıllığı pozan elementi tapır. Məlim olur
ki, birinci nümunədə kəndli, ikinci nümunədə
isə yazı sözü əşya bildirdiyi
üçün sifətlərin cərgəsini pozur.
VI
sinfin dərsliyində özünə yer alan "Ümumi
müzakirə" rubrikası da diqqəti cəlb edir. Bu
rubrikada sinfin bütün şagirdləri iştirak edir, fikir
mübadiləsi aparılır,
mövqelər əsaslandırılır. Ümumi
müzakirə şagirdlərdə nitq qabiliyyətini,
kollektivlə işləmək bacarığını
inkişaf etdirir. Müzakirələr bəzən mübahisələrə
də səbəb ola bilir. Nəticədə şagirdlər
daha düzgün fikri qəbul edirlər.
Ümumiyyətlə,
biz dilimizi, ədəbiyyatımızı tədris edən bir
müəllim kimi belə dərslikləri təqdir edir və
onları hazırlayanlara razılığımızı
bildiririk.
Xəyalə QƏMBƏROVA,
Elçin MANAFOV
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.22.