O müəllim
xoşbəxtdir ki..
O müəllim xoşbəxtdir ki,
öz şagirdlərinin
qəlbində xoş duyğularla xatırlanır. Öz
biliyini, ürəyinin hərarətini, gözünün nurunu böyük xeyirxahlıq və
qayğıkeşliklə dərs dediyi şagirdlərinin qəlbinə
hopdura bilir. Şagirdlərinin
uğuru ilə uşaq kimi sevinir, bu şərəfli yolda saç ağardır. Bax,
beləcə gənclikdən
müdriklik, ahıllıq
dövrünə qədər bir müqəddəs yol keçən mehriban və qayğıkeş
müəllimlər ən xoşbəxt insanlardır. Onlar dünya
görüşləri, dərin zəkaları, bilikləri və
zəngin həyat təcrübələri ilə hamıya
nümunə olur və
əməlləri ilə gənc nəslin
tərbiyəsində mühüm rol oynayırlar. Haqqında
söhbət açmaq istədiyimiz
belə insanlardan biri də 1981-ci ildən
Bakının Nizami
rayonundakı 129 nömrəli orta məktəbdə pedaqoji fəaliyyətə başlayan
və hazırda həmin
təhsil ocağında gənclərin
çağırışaqədərki
hazırlığı rəhbəri işləyən
İsfəndiyar Əliyevdir.
Səfalı
təbiəti, adı dillər əzbəri olan nemətləri,
sayılıb-seçilən insanları ilə tanınan Lənkəranın
Vilvan kəndində 1951-ci il fevralin 15-də anadan olub İsfəndiyar
İsa oğlu Əliyev. Hələ orta məktəbdə
oxuduğu illərdən hərbi və pedaqoji sahəyə
böyük maraq göstərib. Azərbaycan xalqının qəhrəmanlığını,
mərdliyini, igidliyini, cəsurluğunu əks etdirən çoxlu kitablar
oxuyub, kinofilmlərə tamaşa edib. Orta məktəbi
bitirdikdən sonra Almaniya Demokratik Respublikasında hərbi xidmətdə
olub. Elə orada hərb sənətinin sirlərinə mükəmməl
yiyələnıb. Vətənə zabit kimi dönüb. O,
dil öyrənmək arzusu ilə
Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə
daxil olub və oranı da müvəffəqiyyətlə
bitirib. Çalışdığı 129 nömrəli məktəbdə
eyni zamanda ingilis dili dərslərini də tədris edib. İsfəndiyar
müəllim otən bu 30 il ərzində əldə etdiyi
yüksək bilik və bacarığını yeniyetmələrdən
əsirgəməyib, onların vətənə layiqli, fiziki
cəhətdən sağlam, vətənpərvər gənc
kimi yetişməsinə çalışıb və bu sahədə
böyük uğurlar qazanıb.
Nümunəvi baza kabineti
İsfəndiyar
müəllimin rəhbərlik etdiyi gənclərin
çağırışaqədərki hazırlıq fənn
kabineti hələ 2005-ci ildən Nizami və Nərimanov rayonları
arasında baza kabineti kimi fəaliyyət göstərir. Bu,
respublikamızda ən nümunəvi baza-kabinetlərindən
sayılır. İ.Əliyevin uzun illər ərzində min
bir zəhmət bahasına, böyuk şövqlə, peşəsinə
sonsuz məhəbbətlə qurub-yaratdığı,
müasir tələblərə cavab verən bu baza kabinet məktəblilərin
ibtidai hərbi hazırlığının yüksək səviyyədə
təşkil olunmasına təminat verir. Onu da deyək ki, Heydər
Əliyev Fondunun dəstəyi ilə çap olunaraq kabinetə
hədiyyə edilmiş plakatlar və digər əyani vəsaitlər
də ilbəil yeniləşir və təkmilləşdirilir.
Fənn üzrə bütün yeniliklər məhz İsfəndiyar
müəllimin rəhbərlik etdiyi bu baza-kabinet vasitəsilə
şagirdlərə çatdırılır. Respublika və
rayon-daxili təhsil ocaqlarının arasında keçirilən
"Şahin", "Cəsurlar" hərbi idman
yarışlarında onun yetirmələrinin
qazandığı uğurlar bunu bir daha təsdiq edir.
Şagirdlər hərbi hissələrə aparılır
İ.Əliyev yetişməkdə olan gənc nəslə Vətənə məhəbbət, torpağa sevgi kimi ülvi hissləri təlqin etməklə, qəhrəman oğullarımızın timsalında mərdlik və qəhrəmanlıq hissləri aşılayır. Onun məktəbdə keçdiyi hərbi dərslər yalnız nəzəri biliklərin verilməsi, silah növləri, qumbaralar, minalar və zirehli texnikalar haqqında, Silahlı Qüvvələrimizin nizamnaməsi barədə məlumat verməklə bitmir. Eyni zamanda Nizami Rayon Hərbi Komissarlığı ilə rayon icra hakimiyyətinin birgə razılığı əsasında hər ilin payız aylarında şagirdlər hərbi hissələrə aparılır. Onlar burada əsgər və zabitlərlə görüşür, hərb sənətinin sirlərinə yiyələnirlər, zirehli texnika ilə yerindəcə, əyani şəkildə tanış olurlar. Bu barədə söhbət düşəndə İsfəndiyar müəllim deyir ki, silah növlərinin daim yeniləşdiyi və təkmilləşdiyi bir zamanda bu cür praktiki dərslər çox vacibdir. Gənclərin hərbi hazırlığının təkmilləşdirilməsi ilə yanaşı, onların dünya görüşlərinin formalaşmasına güclü təsir edir. Məhz hərbi biliklərin yüksək səviyyədə öyrənilməsi, aparılan dərslərin yüksək səmərəliliyi sayəsində İsfəndiyar müəllimin yetirmələri əldə etdikləri bilik və bacarıqları ilə Azərbaycan Silahlı Qüvvələrində nümunəvi xidmətlərinə görə fərqlənirlər.
Təşəkkür
məktublarının ünvanı...
Bəli, bu günlər Nizami rayon hərbi komissarı vəzifəsinin
icraçısı polkovnik-leytenant Azər Aslanovun respublika təhsil nazirinə,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdirinə və 129 nömrəli məktəbin direktoruna göndərdiyi təşəkkür məktubunun söz ünvanı ehtiyatda olan zabit İsfəndiyar Əliyevdir.
Həmin təşəkkür məktubunda onun gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında hərbi bilik
və bacarığını
əsirgəməyərək üzərinə düşən
vəzifəni layiqincə yerinə yetirməsi, gənclərin
çağırışaqədərki hazırlıq rəhbəri
kimi 129 nömrəli orta məktəbdə
çalışdığı 30 il ərzindəki səmərəli fəaliyyəti yüksək
qiymətləndirilir. İ.Əliyevin yeniyetmələrin RHK-da çağırış
məntəqəsinə təhkim edilməsində,
çağırışçıların sənədlərinin
vaxtında toplanıb verilməsindəki xidmətləri müsbət
dəyərləndirilir və məktubda o
da qeyd olunur
ki, İsfəndiyar müəllim
şagirdlər arasında C. Naxçıvanski adına hərbi
liseyə və ali hərbi
məktəblərə namizədlərin
seçilməsində güclü araşdırma aparır. Onun
yetirmələrinin çoxu
orduda nümunəvi xidmət edərək zabit peşəsini seçir.
Təşəkkür məktublarından da
göründüyü kimi,
İsfəndiyar müəllimin bu fədakar əməyi hədər
getməyib. Bütün bu uğurların
qazanılmasından söhbət
düşəndə o, bu
sahədə məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini Həqiqət Əliyevanın da böyük xidmətləri
olduğunu səmimiyyətlə
qeyd edir.
Onun
bu təhsil ocağında çalışdığı 30
ildə göstərdiyi xidmətləri istər hərbi
komissarlıq, istərsə də Təhsil Nazirliyi tərəfindən
dəfələrlə qiymətləndirilib. O, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin "Pedaqoji sahədə
səmərəli fəaliyyətinə və gənc nəslin
təlim-tərbiyəsində qazandığı uğurlara
görə" fəxri fərmanı, Respublika Təhsil
Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil
işçisi" döş nişanı ilə təltif
olunub.
Cəmisi
bir neçə gündən sonra - fevralın 15-də dostlar,
tanışlar, qohumlar, müəllim yoldaşları, sevimli
şagirdləri, oğlanları Taleh və Araz, nəvələri
Nihad və Murad İsfəndiyar müəllimin 60
yaşının işığına toplaşacaqlar. Ömür-gün
yoldaşı, Bakıdakı 10 nömrəli məktəbin
müəllimi Kifayət xanım da bu yubiley şərəfinə
gözəl bir süfrə açacaq. İsfəndiyar
müəllimin şəninə sağlıqlar deyiləcək...
Bəli,
60 yaş! Bu da
bir ömür. Bu müəllim ömrü
yaşayan kəs, sən müqəddəs işinə, əməlinə
görə xoşbəxtsən.
Əməlinə vurğun,
peşəsindən zövq
alan, niyyəti
mənzilindən bəlli
İsfəndiyar müəllim,
60 yaşın mübarək!
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.20.